Məhkəmə qərarları › İş №2(078)-1277/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1277/2024

29.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1277/2024 29.10.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borca görə pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 24 dekabr 2023cü il tarixli N04659 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 356 (üç yüz əlli altı) manat, ödənilməmiş qalıq dəyər üçün 10 (on) faiz olmaqla ödənilməmiş 3 ay üzrə 106.8 (bir yüz altı manat səksən qəpik) manat pulun və 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə 492.8 (dörd yüz doxsan iki manat səksən qəpik) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Naxçıvan şəhəri, Ə.Qəmküsar küçəsində “X1” mağazası işlədir. Cavabdeh ilə aralarında bağlanmış 24 dekabr 2023-cü il tarixli N04659 nömrəli kredit müqaviləsi ilə 595 manat dəyərində bir ədəd Redmi Note 121 markalı mobil telefonunu kreditə verib. Cavabdeh öz xətti ilə yazılaraq və öz imzası ilə imzalanaraq bağlanmış N04659 nömrəli kredit müqaviləsinə görə ümumi məbləği 595 (beş yüz doxsan beş) manat, ilkin ödəniş məbləği 40 (qırx) manat, kreditin qalıq məbləği 555 (beş yüz əlli beş) manat olmaqla 11 (on bir) ay müddətində aylıq 50.46 (əlli manat qırx altı qəpik) manat olmaqla nağd və ya köçürmə yolu ilə ona qaytaracağını öhdəsinə götürmüşdür. Cavabdeh N04659 nömrəli kredit müqaviləsi üzrə ilk vaxtlar kredit borcunu ödəyərək ilkin ödəniş daxil olmaqla 595 (beş yüz doxsan beş) manat kredit borcundan 239 (iki yüz otuz doqquz) manat borcunu qaytarmışdır. Lakin kredit borcundan qalmış 356 (üç yüz əlli altı) manat pulu 2024cü ilin may ayından bu günədək geri qaytarmamışdır. Ona bir neçə dəfə borclu qaldığı pulun qaytarmasını desə də o, hər dəfəsində müxtəlif bəhanələrlə ödəməli olduğu borcunu geri verməkdən boyun qaçırmışdır. Yazılı şəkildə müraciət edərək ona olan kredit borcunu geri qaytarmasını xahiş etsə də o, yazılı müraciətinə heç bir münasibət bildirməmişdir. Cavabdeh N04659 nömrəli kredit müqaviləsinə görə razılığa əsasən cavabdehin ödəməli olduğu kredit borcunun yubadılmasına görə hər ay üçün 10 (on) faizi miqdarında kompensasiya (cərimə) hesablanacağını razılaşaraq öhdəsinə götürmüşdür. Cavabdehin 24 dekabr 2023-cü il tarixli, N04659 nömrəli kredit müqaviləsi üzrə 7 (yeddi) ay ərzində ödəməli olduğu kredit borcunu bu günədək ödəmədiyinə görə qalmış olan dəyərinin 10 (on) faiz olmaqla, ödənilməmiş 7 ay üzrə 356 (üç yüz əlli altı) manat pulun da ona ödənilməsini istəyir. İddiaçı sonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə baxışı iclasında iddianı müdafiə edərək iddia ərizəsi ilə eyni məzmunlu izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. 24 dekabr 2023-cü il tarixli N04659 nömrəli kredit müqaviləsindən aydın olur ki, həqiqətən həmin tarixdə İddiaçı ilə Cavabdeh arasında qeyd olunan müqavilə bağlanmış və müqavilənin şərtinə əsasən Cavabdeh dəyəri 595 (beş yüz doxsan beş) manat olan Redmi Note 121 markalı mobil telefon almış, 40 manat ilkin ödəniş apardıqdan sonra qalan 555 manat borcunu 11 ay müddətində, aylıq 50.46 manat olmaqla nağd və ya köçürmə yolu ilə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş ödəniş çeklərindən məlum olur ki, Cavabdeh 24 dekabr 2023-cü il tarixli N04659 nömrəli kredit müqaviləsi üzrə ilkin ödəniş daxil olmaqla 595 (beş yüz doxsan beş) manat kredit borcundan 239 (iki yüz otuz doqquz) manat borcunu qaytarmışdır. Müqavilə şərtlərində gecikdirilmiş hər ay üçün aylıq ödənişin 10% miqdarında cərimə pulu ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdeh xx.xx.2024-cü il tarixdə borcun qaytarılması ilə bağlı xəbərdarlıq göndərilmişdir. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsində göstərilir ki, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə qeyd edilən maddi hüquq normalarını hazırkı münasibətlərə tətbiq edərək hesab edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarətdir ki, kredit müqaviləsində müəyyən edilmiş mobil telefonu iddiaçı cavabdehin sərəncamına vermək öhdəliyini götürmüş, iddiaçı təşkilat müqavilə ilə götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etmiş, cavabdeh isə iddiaçının müqavilə üzrə götürmüş olduğu öhdəliyə münasibətdə üzərinə götürmüş olduqları öhdəliyi lazımınca icra etməmişdir. Belə ki, iddiaçı müqavilə üzrə öhdəliyi lazımınca yerinə yetirməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməmiş və buna görə də müvafiq məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçı Cavabdeh müqavilə üzrə ümumilikdə 106.8 (bir yüz altı manat səksən qəpik) manat cərimə borcunun tutulmasını xahiş etmişdir. Yuxarıda qeyd olunan normalar baxımından məhkəmə hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə pulu əsas borca münasibətdə tənasübsüz şəkildə yüksək olduğundan azaldılmalı, əsas borcun 5% miqdarında hesablanmaqla 17.8 manat məbləğində müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan təmin olunmalı, iş üzrə Cavabdeh 356 (üç yüz əlli altı) manat əsas borc və 17.8 (on yeddi manat səksən qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 373.8 (üç yüz yetmiş üç manat səksən qəpik) manat məbləğində pul alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası-Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq iddia qismən təmin olunduğundan İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2024-cü il tarixdə 16320 nömrəli qəbzlə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borca görə pul tələbinə dair iddiası qismən təmin edilsin. İş üzrə Cavabdeh 356 (üç yüz əlli altı) manat əsas borc və 17.8 (on yeddi manat səksən qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 373.8 (üç yüz yetmiş üç manat səksən qəpik) manat məbləğində pul alınaraq iş üzrə İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2024-cü il tarixdə 16320 nömrəli qəbzlə ödənilmiş 30 manat dövlət Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar