Məhkəmə qərarları › İş №2(078)-1290/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1290/2024

07.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1290/2024 07.11.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı 27 avqust 2024-cü ildə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh birgə nikahından doğulmuş övladı 18 sentyabr 2015-ci il təvəllüdlü övladı X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şərur Rayon Məhkəməsinin 2(110)- 465/2019 saylı, 02 dekabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilərək hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində müəyyən edilməklə Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, onunla Cavabdeh arasında bağlanmış nikah Şərur Rayon Məhkəməsinin 2(110)-465/2019 saylı, 02 dekabr 2019-cu il tarixli qətnaməsi ilə pozulmuş, bununla bağlı Şərur rayon Qeydiyyat Şöbəsinin akt qeydləri kitabında 08 yanvar 2020-ci il tarixdə 02 nömrəli qeydiyyat aparılmışdır. Məhkəmə tərəfindən nikahları pozularkən birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü oğlu X4 da onun yanında qalması müəyyən edilməklə, onun saxlanılması üçün cavabdehdən onun xeyrinə 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulması da qət olunmuşdur. Yuxarıda qeyd edilən qətnamənin qəbulundan beş ildən artıq vaxt keçir. Bu müddət ərzində də cavabdeh ona hər ay 120 (bir yüz iyirmi) manat məbləğində aliment ödəyir ki, bu da bəzən ardıcıl xarakter daşımır. Eyni zamanda ödənilən aliment məbləği hazırki şəraitdə də övladının tələbatını ödəmək üçün yetərli deyildir. Belə ki, cavabdehin ödədiyi alimentin miqdarı “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə 2024-cü ildə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumundan çox-çox aşağıdır. Eyni zamanda oğlu məktəbli olmaqla 4-cü sinif şagirdidir. Bu səbəbdən də məlum olduğu kimi digər məktəblilər kimi oğlu Fateh də məktəbdən kənar əlavə məşğələlərə də cəlb olunub ki, bu məşğələlər üçün hər ay 150-200 manata yaxın xərc çəkməli olur ki, bu xərclərin ödənilməsində cavabdeh ona heç bir köməklik göstərməyərək aylıq 120 manat ödəməklə öz vəzifəsini bitmiş hesab edir. Belə görünür ki, cavabdeh neçə müddətdir övladı ilə ünsiyyət saxlamayaraq onun tələbatını ödəmək və qayğılarını çəkmək niyyətində deyil. Buna görə də o məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilmiş aliment məbləğinin artırılaraq 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində təyin edilməsini istəyir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarına gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclası zamanı İddiaçı izahatında bir uşağı olduğunu, cavabdehin 120 manat aliment ödədiyini, həmin məbləğin artırılmasını istədiyini, uşağın 10 yaşı olduğunu, hazırlığa getdiyini, özünün də işlədiyini, 628 manat əmək haqqı aldığını, ancaq çatdıra bilmədiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İşin faktiki və mübahisəsiz halları bundan ibarətdir ki, iş üzrə tərəflər 13 oktyabr 2014-cü il tarixdə nikaha daxil olmuş, tərəflərin birgə nikahından 18 sentyabr 2015-ci il təvəllüdlü X6 adlı övladları doğulmuş, Şərur Rayon Məhkəməsinin 2(110)-465/2019 saylı, 02 dekabr 2019cu il tarixli qətnaməsi ilə iş üzrə tərəflər arasındakı nikah pozulmuş, 18 sentyabr 2015-ci il təvəllüdlü X6 anası İddiaçı yanında saxlanılmış, Cavabdeh hər ay sabit pul məbləğində 120 (bir yüz iyirmi) manat alimentin tutularaq 18 sentyabr 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün anası İddiaçı ödənilməsi qət edilmişdir. Yuxarıda sadalanan halların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iddia ərizəsinə əlavə olunmuş Şərur Rayon Məhkəməsinin 2(110)-465/2019 saylı, 02 dekabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı ilə Cavabdeh arasında 13 oktyabr 2014-cü il tarixdə nikahın bağlanması, həmin tarixdə bunun nikahın bağlanması haqqında akt qeydləri kitabında 299 nömrə ilə qeyd edilməsi; -iddia ərizəsinə əlavə olunmuş Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 11 iyun 2021-ci il tarixli, AZ-İV seriyalı, 596277 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin 18 sentyabr 2015-ci il təvəllüdlü X6 adlı övladlarının olması; -iddia ərizəsinə əlavə olunmuş Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 08 yanvar 2020-ci il tarixli, AZ-İ seriyalı, 221506 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən iş üzrə tərəflərin arasındakı nikahın pozulması və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 02 nömrə ilə qeyd aparılması; -iddia ərizəsinə əlavə edilmiş Şərur Rayon Məhkəməsinin 2(110)-465/2019 saylı, 02 dekabr 2019-cu il tarixli qətnaməsindən X5 ilə Cavabdeh arasındakı 13 oktyabr 2014-cü il tarixli 299 nömrəli nikahın pozulmasının, nikahın pozulmasından sonra 18 sentyabr 2015-ci ildə doğulmuş X4 anası X3 yanında qalmasının və Sabirabad rayon Qalaqayın kəndinə qeydiyyatda olan Cavabdeh hər ay sabit pul məbləğində 120 (bir yüz iyirmi) manat miqdarında alimentin alınaraq 11 iyul 2019-cu il tarixdən hesalanmaqla 18 sentyabr 2015-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün anası ünvan 1 ünvanında yaşayan X3 xeyrinə ödənilməsinin qət edilməsi aydın olur. Məhkəmə qeyd edir ki, Şərur Rayon Məhkəməsinin 2(110)-465/2019 saylı, 02 dekabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş hallar hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Hazırki mülki iş üzrə mübahisəli hal isə iddiaçının sabit pul məbləğində müəyyən edilmiş alimentin artırılmasını tələb etməsidir. Hazırki mübahisə üzrə iddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsidir. Həmin maddəyə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, aliment ödəməkdən azad edə bilər. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8- 2/2016 nömrəli qərarında qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddəsinin şərh edilməsinə dair” 27 iyul 2016cı il tarixli Qərarına əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Məhkəmə Şərur Rayon Məhkəməsinin 2(110)-465/2019 saylı, 02 dekabr 2019-cu il tarixli qətnaməsi ilə hər ay sabit pul məbləğində 120 (bir yüz iyirmi) manat miqdarında aliment müəyyən edildikdən sonra yetkinlik yaşına çatmayan uşağın böyüdükcə artan tələbatlarını, sosial-iqtisadi göstəricilərin dəyişilməsini, uşaqlar üçün yaşayış minimumunun artmasını, bu müddət ərzində cavabdehin bir uşaq üçün ödədiyi 120 (bir yüz iyirmi) manatdan başqa iddiaçıya uşağın tələbatlarının ödənilməsi üçün əlavə yardım etməməsini və iş materiallarına əlavə edilmiş telefonoqramda Cavabdeh iddia tələbini qəbul etdiyini, X1 üçün hər ay 235 (iki yüz otuz beş) manat aliment ödəməyə razı olduğunu bildirməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, hər ay sabit pul məbləğində 235 (iki yüz otuz beş) manat miqdarında aliment cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə qeyd olunan nəticəyə gələrkən uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, uşağın iddiaçının yanında qalmasını, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu vaxt ərzində iddiaçının üzərinə düşməsini iddiaçının diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hər bir uşaq üçün yaşayış minimumu kimi müəyyən edilən məbləğin- 235 (iki yüz otuz beş) manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsini məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 9-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən, valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2024-cü ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8- 2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin qanunun 9.4-cü maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Mülki Prosessual Məcəllənin 112.1 və 112.1.6-cı maddələrinə əsasən, ödəmənin azaldılması yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti – ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin artırılması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, iddianın qiyməti bu cür iddialarda ödəmənin artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edildiyindən, həmçinin iddia üzrə ödəmənin artırıldığı məbləğin bir il üçün nəzərdə tutulan miqdarı 1000 manatdan çox olduğundan, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 33.80 (otuz üç manat səksən qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; -Şərur Rayon Məhkəməsinin 2(110)-465/2019 saylı, 02 dekabr 2019-cu il tarixli qətnaməsi ilə 18 sentyabr 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli; -18 sentyabr 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat miqdarında sabit pul məbləğində aliment tutularaq uşağın anası İddiaçı ödənilməli; -miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalı; - Cavabdeh 33.80 (otuz üç manat səksən qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MülkiProsessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin olunsun. Şərur Rayon Məhkəməsinin 2(110)-465/2019 saylı, 02 dekabr 2019-cu il tarixli qətnaməsi ilə 18 sentyabr 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin. 18 sentyabr 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat miqdarında sabit pul məbləğində aliment tutularaq uşağın anası İddiaçı ödənilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 33.80 (otuz üç manat səksən qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar