Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1298/2023 19.10.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının dəyişdirilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı 04 sentyabr 2023-cü ildə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin 24 fevral 2016-cı il tarixli qətnaməsi ilə müəyyən olunan aliment miqdarının dəyişdirilərək Cavabdeh 22 aprel 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, o, Cavabdeh ilə 26 noyabr 2004-cü il tarixində rəsmi nikah qeydiyyatından keçməklə nikahlarını rəsmiləşdirmişdirlər. Onların birgə nikahlarından 22 aprel 2009-cu il təvəllüdlü X7 dünyaya gəlmişdir. Münasibətləri uyğun gəlmədiyindən Naxçıvan Şəhər Məhkəməsinin 24 fevral 2016-cı il tarixli qətnaməsi əsasında nikahları pozulmuş, uşaq onun yanında qalmaqla, azyaşlı uşağın saxlanılmasına 100 manat aliment müəyyən edilmişdir. Bu gün 100 manat aliment bir uşağı saxlamağa bəs etmir. 2023-cü il üçün uşaqların saxlanılması üçün minumum dolanacaq məbləği 220 manat müəyyən edilmişdir. Bu səbəbdən alimentin artırılmasını istəyir. Mediasiyaya müraciət etmiş, mediasiya prosesində cavabdeh iştirak etsə də razılığa gəlmədiyi üçün mediasiya tərəfindən arayış verilərək məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. İddiaçı məhkəmə iclasında Cavabdeh alimenti ara-sıra ödədiyini, ancaq hər ay ödəmədiyini, uşağın hazırlıqlarına 120 manat verdiyini, bundan əlavə uşağın geyimi, yemək xərcləri, yol xərclərinin də olduğunu, bunların hamısını özü təkbaşına qarşıladığını, 100 manat aliment aldığını, bu gün 100 manatın bir uşağı saxlamağa bəs etmədiyini, uşağın atası ilə arasının pisləşdiyini, uşağın atasından küsdüyünü, barışmaq üçün telefon aldığını, həmçinin kompüter də aldığını, 8 il ərzində uşağı saxlamaq üçün çox pul xərclədiyini, halhazırda Beynəlxalq banka 1000 manat, Naxçıvanbanka 3000 manat borcu olduğunu, arada verilən 100 manat alimentin və alınan kompüter və telefonun uşağın saxlanılmasında iştirak etmək olmadığını, uşağın saxlanması üçün kifayət etmədiyini, ehtiyaclarını ödəmədiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh uşağa baxmağın bir valideyn kimi onun borcu olduğunu bildiyini, 100 manatın uşağın saxlanılması üçün kifayət edən bir məbləğ olmadığını başa düşdüyünü, aliment daxil bu günə qədər uşağa 7000 (yeddi min) manat xərclədiyini, kompüter və telefon aldığını, sadəcə telefon və kompüterə 2700 manat pul verdiyini, maddi imkanının aşağı olduğundan hər ay alimenti ödəyə bilmədiyini, ödəməli olduğunu bildiyini, ancaq maddi vəziyyəti ilə əlaqədar olaraq ödəyə bilmədiyini, hazırda işdən çıxarıldığını bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İşin faktiki və mübahisəsiz halları bundan ibarətdir ki, iş üzrə tərəflər arasında 26 noyabr 2004-cü il tarixdə nikah bağlanmış, tərəflərin birgə nikahından 22 aprel 2009-cu il təvəllüdlü X7 adlı övladları doğulmuş, tərəflər arasındakı nikah Naxçıvan Şəhər Məhkəməsinin 24 fevral 2016-cı il tarixli, 2(079)-23/2016 nömrəli qətnaməsi əsasında pozulmuş və 22 aprel 2009-cu il təvəllüdlü X1 üçün 100 manat alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Yuxarıda sadalanan halların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iddia ərizəsinə əlavə edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 24 fevral 2016-cı il tarixli, 2(079)-23/2016 nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin 26 noyabr 2004-cü il tarixdə birgə nikaha daxil olması; -iş materiallarına əlavə olunmuş Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, AZ-İİ seriyalı, 337578 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin 22 aprel 2009-cu il təvəllüdlü X7 adlı övladlarının olması; -iş materiallarına əlavə olunmuş Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş 30 mart 2016-cı il tarixli, AZ-İ seriyalı, 174692 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin arasındakı nikahın pozulması və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 28 nömrə ilə qeyd aparılması; -iddia ərizəsinə əlavə edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 24 fevral 2016-cı il tarixli, 2(079)-23/2016 nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən X6 və Cavabdeh arasında Naxçıvan şəhər VVADQ şöbəsində 26 noyabr 2004-cü il tarixdə bağanmış və 358 nömrə ilə qeydə alınmış nikahın pozulmasının qət edilməsi; -iddia ərizəsinə əlavə edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 24 fevral 2016-cı il tarixli, 2(079)-23/2016 nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən tərəflərin birgə nikahdan doğulmuş uşaqları 22 aprel 2009-cu il təvəllüdlü X4 anası X3 yanında saxlanılmasının və 22 aprel 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh sabit pul məbləğində 100 (yüz) manat alimentin tutularaq X5 verilməsinin qət edilməsi aydın olur. Naxçıvan Şəhər Məhkəməsinin 24 fevral 2016-cı il tarixli, 2(079)-23/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hallar hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Hazırki mülki iş üzrə mübahisəli hal isə iddiaçının sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının artırılmasını tələb etməsidir. Hazırki mübahisə üzrə iddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsidir. Həmin maddəyə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8- 2/2016 nömrəli qərarında qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddəsinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarına əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Məhkəmə Naxçıvan Şəhər Məhkəməsinin 24 fevral 2016-cı il tarixli, 2(079)-23/2016 nömrəli qətnaməsi ilə hər ay sabit pul məbləğində 100 manat miqdarında aliment müəyyən edildikdən sonra yetkinlik yaşına çatmayan uşağın böyüdükcə artan təlabatlarını, sosialiqtisadi göstəricilərin dəyişilməsini, uşaqlar üçün yaşayış minimumunun artmasını, bu müddət ərzində cavabdehin bir uşaq üçün ödədiyi 100 (yüz) manatdan başqa iddiaçıya uşağın tələbatlarının ödənilməsi üçün əlavə yardım etməməsini, nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, hər ay sabit pul məbləğində 180 (yüz səksən) manat miqdarında aliment cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə qeyd olunan nəticəyə gələrkən uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, uşağın iddiaçının yanında qalması, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu vaxt ərzində iddiaçının üzərinə düşməsini iddiaçının diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hər bir uşaq üçün yaşayış minimumu kimi müəyyən edilən məbləğin (220 manatın) yarısından çoxunun - 180 (yüz səksən) manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsini məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 9-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2023-ci ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. İddiaçının tələbi aliment məbləğinin artırılaraq yaşayış minimumu həddində təyin olunması ilə bağlı olsa da, məhkəmə aliment məbləğinin artırılaraq yaşayış minimumu həddində yəni 220 manat məbləğində təyin edilməsinin qeyri mümkünlüyünü onunla izah edir ki, iddiaçı alimentin artırılmasını istədiyi sabit pul məbləğində alimentin miqdarı ilə bağlı öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdir, yuxarıda qeyd edilən maddi hüquq normalarının mahiyyətindən də aydın olduğu kimi uşaqlara münasibətdə valideynlər bərabər hüquq və vəzifələrə malikdir, yəni hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcləri ilə təmin edilməsində hər iki valideyn bərabər şəkildə öhdəlik daşıyır. Həmçinin məhkəmə qeyd olunan nəticəyə gələrkən alimentin iddiaçı tərəfindən tələb olunduğu miqdarda müəyyən edilməsi üçün işə baxılması zamanı əlavə əsasların (cavabdehin gəlirlərinin artması və s.) müəyyən edilməməsini, cavabdeh tərəfindən uşağa müxtəlif vaxtlarda kompüter və telefon alınmasını nəzərə alır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8- 2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Mülki Prosessual Məcəllənin 112.1 və 112.1.6-cı maddələrinə əsasən ödəmənin azaldılması yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti – ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi aliment miqdarının dəyişdirilməsi ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, iddianın qiyməti bu cür iddialarda ödəmənin artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edildiyindən, həmçinin iddia üzrə ödəmənin artırıldığı məbləğin bir il üçün nəzərdə tutulan miqdarı 1000 manatdan çox olduğundan, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 23 (iyirmi üç) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; -Naxçıvan Şəhər Məhkəməsinin 24 fevral 2016-cı il tarixli, 2(079)-23/2016 nömrəli qətnaməsi ilə 22 aprel 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən olunmuş alimentin miqdarı artırılmalı; -22 aprel 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq uşağın anası İddiaçı ödənilməli; -miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalı; - iddia qalan hissədə rədd edilməli; -Cavabdeh 23 (iyirmi üç) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmişhаllаrа və tərəflərin qаrşılıqlımünаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MülkiProsessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin olunsun. Naxçıvan Şəhər Məhkəməsinin 24 fevral 2016-cı il tarixli, 2(079)-23/2016 nömrəli qətnaməsi ilə 22 aprel 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən olunmuş alimentin miqdarı artırılsın. 22 aprel 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq uşağın anası İddiaçı ödənilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 23 (iyirmi üç) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-1298/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1298/2023
19.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver