Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1302/2021 15.11.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbi barədə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən e t d i m: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 01.09.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********71556 olan Samsung Galaxy A10 markalı telefon üçün 119.10 (yüz on doqquz manat, on qəpik) manat ödənilməmiş hissə, 11 (on bir) manat cərimə, 12.09.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********62877 olan Samsung Galaxy A71 markalı telefon üçün 1008 (min səkkiz) manat ödənilməmiş hissə, 100.9 (yüz manat, doxsan qəpik) manat cərimə, ümumilikdə 1239 manat borc və 32.39 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə iddia ərizəsi daxil olduqda hakim onun Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən məhkəmə aşağıdakıları qeyd edir. İddia ərizəsindən aydın olur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı ilkin olaraq ödənilməmiş borcun və həmin borcun ödənilməməsinə görə hesablanmış cərimənin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Halbuki tərəflər arasında bağlanmış 01.09.2020-ci il tarixli 21132044 nömrəli müqavilənin və 12.09.2020-ci il tarixli 21161168 nömrəli müqavilənin 3.11-ci bəndində göstərilir ki, müştəri 2.1-ci bənddə göstərilən mallardan biri və ya bir neçəsi ilə bağlı öz öhdəliklərini pozarsa hər hansı səbəbdən onu (onları) qaytararsa və ya başqa növ/model mala dəyişdirərsə bu zaman güzəştli şərtlərlə (ödənişsiz) əldə etmiş olduğu malı ABC-nin tələbi ilə saz və korlanmamış vəziyyətdə geri qaytarmalı, bu mümkün olmadıqda iş həmin malın bu müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq əlavədə qeyd olunmuş dəyərini tam şəkildə ödəməlidir. Qeyd olunan müqavilənin tələbindən də göründüyü kimi iddiaçı məhkəməyə malın dəyərinin tam şəkildə ödənilməsinin tələb edilməsi ilə bağlı müraciət etməzdən əvvəl ilkin olaraq cavabdehdən malın saz və korlanmamış vəziyyətdə ona qaytarılmasını tələb etməli, yalnız bu tələbi yerinə yetirdikdən sonra həmin mal cavabdeh tərəfindən ona qaytarılmadığı halda malın tam dəyərinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Göründüyü kimi əslində tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən belə aydın olur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə müraciət edərkən malın cavabdeh tərəfindən qaytarılmasını tələb etməsinə dair mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədi də həmin iddia ərizəsinə əlavə etməlidir. Lakin iddiaçı tərəfindən məhkəməyə göndərilmiş iddia ərizəsinə cavabdehə malın qaytarılması üçün müraciət edilməsini təsdiq edən hər hansı bir sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.6-cı maddələrinə görə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud həmin Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 vasitəsilə 25 oktyabr 2021-ci il tarixli, ********* nömrəli qəbzlə AZ21NABZ******************** nömrəli xəzinə hesabına ödənilmiş 32.39 (otuz iki manat otuz doqquz qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Həmçinin iddiaçıya izah olunmalıdır ki, ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267, 268 və 284-3.5-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbi barədə ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 vasitəsilə 25 oktyabr 2021-ci il tarixli, ********* nömrəli qəbzlə AZ21NABZ******************** nömrəli xəzinə hesabına ödənilmiş 32.39 (otuz iki manat otuz doqquz qəpik) manat məbləğində dövlət rüsumu ona qaytarılsın. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə izah olunsun ki, ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-1302/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1302/2021
15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver