Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-132/2024 11.01.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçının vəkil və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı 24 noyabr 2023-cü ildə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin 19 avqust 2019-cu il tarixli, 2(078)-517/2019 nömrəli qətnaməsi ilə Cavabdeh bir uşağın saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarını dəyişdirərək 20 oktyabr 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit məbləğdə 220 (iki yüz iyirmi) manat miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, onunla Cavabdeh arasında Naxçıvan şəhər Nikah Evində 12 iyul 2016-cı il tarixdə bağlanmış və 244 nömrə ilə qeydə alınmış nikah Naxçıvan Şəhər Məhkəməsinin 19 avqust 2019-cu il tarixli qətnaməsi ilə pozulmuş, 20 oktyabr 2017-ci il tarixdə doğulmuş oğlu X4 onun yanında qalması və onun yetkinlik yaşına çatana kimi saxlanılması üçün sabit məbləğində bir uşaq üçün 130 (bir yüz otuz) manat miqdarında alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Nikah pozulandan sonra 2020-ci ilin yanvar ayına kimi Cavabdeh alimentdən əlavə onlara bir neçə dəfəyə 250 manat pul göndərmişdir. Birdə 2020-ci ildə oğlunun xəstəxanada kiçik toyu olanda Arzu həmin vaxtı xəstəxanaya 150 manat və oğlu Raulun əlinə 100 dollar pul vermişdir. Bu ilin avqust ayında isə yenə Bakıya gələndə Raula 100 dollar pul vermişdir. Ayrıldıqları vaxtdan bu günə kimi cavabdehin alimentdən əlavə uşağına etdikləri bu sadaladıqları olmuşdur. Oğlu bu illər ərzində böyüyüb, Xırdalan şəhərində məktəbə gedir, xərcləri artıb. Ödənilən alimentlə onun təlabatlarını qarşılamaq olmur. Bildiyinə görə Cavabdeh mebel fabrikində işləyir, yüksək vəzifəsi var. İşi ilə əlaqədar tez-tez Bakı şəhərinə ezam olunur. Kifayət qədər əlavə gəlirləri olur. İstəsə övladına yüksək məbləğdə aliment ödəyə bilər. Mülki iş üzrə məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarında iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə İddiaçı vəkili və nümayəndəsi Vəkil iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İddiaçının vəkil və nümayəndəsi Vəkil tərəfindən məhkəməyə təqdim olunmuş İddiaçı tərəfindən göndərilmiş 08 yanvar 2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, o, İddiaçı Cavabdeh ilə xx.xx.2016-cı il də Naxçıvan şəhər Nikah evində rəsmi şəkildə ailə qurmuşdur. Bu nikahdan xx.xx.2017-ci ildə X11 adında bir oğlan övladları dünyaya gəlmişdir. Cavabdeh şəxs Cavabdeh ailə qurduqları ilk günlərdən ona müxtəlif yalanlar demiş, aldatmış, dəfələrlə xəyanət etmiş, aylarla ondan ayrı yaşamış, bir həyat yoldaşı kimi öz vəzifəsini heç cürə yerinə yetirməmişdir. Ona mənəvi və psixoloji travmalar yaşatmışdır. O ana olacağını öyrəndiyi ilk gündən bu günə qədər övladının qayğısına tək qalmışdır. Onun nə atası, nə də ki, qardaşı yoxdur. Himayəsində sağlamlığından əziyyət çəkən anası var. O özü tək işləyib həm anasına həm də azyaşlı övladına baxmağa çalışır. Aldığı aylıq maaş isə ay sonunadək ailəni güclə dolandırır. Demək olar ki, hər ay o iş yoldaşlarından borc almağa məcbur olur. Övladı Raul fiziki cəhətdən çox zəif uşaqdır, immunitet sistemi zəif olduğundan demək olar ki, hər ay xəstələnir və o məcbur qalıb onu ayda azı bir dəfə olsa da həkimə aparır. Uşaqda hər dəfə müxtəlif xəstəliklər çıxır. Tək köməksiz ana olaraq həm evin problemləri həm anasının xəstəliyi, onun müalicəsi həm də övladının sağlamlıq problemlərini maddi cəhətdən ödəyə bilmir. Uşağa aylıq 130 manat məbləğində aliment kəsilib və bu məvacib heç cür uşağın bir reseptini belə görmür. Övladı Raul 6 yaş 3 aylıq olmasına baxmayaraq hələ də gecələri uşaq bezindən istifadə edir. O dəfələrlə həkimlərə, nevrpatoloqlara müraciət etmişdir. Lakin faydası olmayıb. Keçən ilin mart ayında X8 mərkəzinə aparmış və orada uşaqda müxtəlif psixoloji xəstəliklər aşkarlanmışdır. Həm loqoped, defektoloq, psixoloq və bir çox mütəxəssislər “azı iki kurs müalicəsini almalıdır” demişdir. O 300 manatdandan artıq ödəniş etsə də bu məbləğ geri qalan seansları ödəməmiş və o bəhanə ilə övladının müalicəsini dayandırmalı olmuşdur. İsrarla “uşaq mütləq müalicə almalıdır” demişdirlər. Uşaqda kəkələmə, gecə yatağı islatma, əsəbilik, nevrozluq, qışqırma, cəmiyyətə adaptasiya olmama və bir çox problemlər var. Həm günümüzdə yayılan viruslarla bağlı müalicə olunması həm də uşağın psixoloji problemlərinə görə almalı olduğu müalicələri tək başına bir ana olaraq qarşılamaqda çətinlik çəkir, demək olar ki qarşılaya bilmir. Uşağın psixoloji problemlərinin də əsas səbəbi ata qayğısından məhrum olması ilə bağlıdır. Ata olaraq Cavabdeh demək olar ki, 6 ildə öz uşağı ilə 6 dəfə maraqlanmamışdır. O da işləmək məcburiyyətində olduğu üçün uşağa qayğı göstərməkdə əziyyət çəkir. Raul Rzazadə 2023-cü ildə 1-ci sinifə getmiş, bir dəfə olsun uşağa lazım olan məktəb ləvazimatlarının alınması ilə maraqlanmamış nə də ki, gəlib ata kimi yanında olmamış, heç telefon zəngi belə edib soruşmamışdır. Ata kimi uşağa indiyə qədər heç bir marağını və qayğısını göstərməmişdir. Uşağın nə günahı var ki, atasızlıqdan uşaq travma yaşayır və bu uşağın sağlamlığına da öz təsirini göstərir. Bir ana kimi tək bir qadın olaraq bir uşağa görə ödənilən alimentin tam kəsilməsində ona köməklik edilməsini xahiş edir. Cavabdeh işlədiyi işdə külli miqdarda faiz alır və maşını evinin şəraiti, Bakı şəhərinə tez-tez gedib gəlməyi, lüx yaşayış tərzi, bahalı geyimləri onun az maaş almadığının sübutudur. Əvvəllər o da Cavabdeh ilə bir yerdə işləmişdir və onun sənədlərdə göstərdiyi məbləğ başqa, işindən alıdığı faiz məbləği isə başqadır. Məktubla birgə uşağın müəyyən xəstəlik kağızlarını, ödəniş çəklərini də göndərmişdir. Uşağın hər gün xərci olur və o maddi baxımdan heç cürə dolana bilmir. Bir qadın, bir Azərbaycan anası kimi ona kömək edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh 11 dekabr 2023-cü il tarixdə məhkəməyə ərizə göndərərək ərizədə mülki iş üzrə məhkəmə iclasının 25 dekabr 2023-cü il tarixə saat 14:30-a təyin olunduğunu, həmin iddia ərizəsində iddiaçının ona qarşı alimentin artırılmasını tələb etdiyini, mebel fabrikində kompüter operatoru vəzifəsində işlədiyini və 345 manat əmək haqqı aldığını, bundan əlavə onun himayəsində iddia ərzisəsində qeyd olunan uşağından başqa bir övladının da olduğunu, onun da onun himayəsində olduğunu, bütün maddi ehtiyaclarının onun üzərində olduğunu, əməkhaqqının isə onunla yaşayan ailə üzvlərinə güclə çatdığını, ona görə də yuxarıda qeyd olunanları nəzərə alaraq iddianın rədd olunması və alimentin artırılmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddiaçının Bakı şəhərində işlədiyini, bu səbəbdən məhkəmə iclaslarında iştirakının mümkün olmadığını, 2019-2023-cü illər aralığında yəni 4 il ərzində cavabdehin alimentdən başqa uşağa cəmi 740 manat pul verdiyini, o da illərə bölündükdə cəmi 180-190 manat aralığında pul olduğunu, bundan başqa uşağın saxlanılmasında alimentdən başqa heç cür köməklik göstərmədiyini, cavabdehin məhkəməyə göndərdiyi ərizəyə əlavə olunmuş arayışda 345 manat əmək haqqı aldığı qeyd olunsa da elə az əmək haqqı alan şəxsin mülkiyyətində “Kia Optima” markalı avtomobilin olmasının mümkün olmadığını, iddiaçının göndərdiyi sənədlərdən də göründüyü kimi uşağın səhhətində problemlər olduğunu, iddiaçının təkbaşına bunu qarşılamağa maddi imkanının çatmadığını bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İşin faktiki və mübahisəsiz halları bundan ibarətdir ki, iş üzrə tərəflər arasında 12 iyul 2016-cı il tarixdə nikah bağlanmış, tərəflərin birgə nikahından 20 oktyabr 2017-ci il təvəllüdlü X11 adlı övladları doğulmuş, tərəflər arasındakı nikah Naxçıvan Şəhər Məhkəməsinin 19 avqust 2019-cu il tarixli, 2(078)-517/2019 nömrəli qətnaməsi əsasında pozulmuş, 20 oktyabr 2017-ci il təvəllüdlü X4 anasının yanında saxlanılması və onun saxlanılması üçün 130 manat alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Yuxarıda sadalanan halların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iddia ərizəsinə əlavə edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 19 avqust 2019-cu il tarixli, 2(078)-517/2019 nömrəli qətnaməsindən iş üzrə tərəflərin 12 iyul 2016-cı il tarixdə birgə nikaha daxil olması; -iş materiallarına əlavə olunmuş 5 saylı Bakı Asan Xidmət mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ-İV seriyalı, 397207 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin 20 oktyabr 2017-ci il təvəllüdlü X11 adlı övladlarının olması; -iş materiallarına əlavə olunmuş Naxçıvan şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 01 oktyabr 2019-cu il tarixli, AZ-İ seriyalı, 202540 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin arasındakı nikahın pozulması və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 26 nömrə ilə qeyd aparılması; -iddia ərizəsinə əlavə edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 19 avqust 2019-cu il tarixli, 2(078)-517/2019 nömrəli qətnaməsindən X5 və Cavabdeh arasında Naxçıvan şəhər Nikah Evində 12 iyul 2016-cı il tarixdə bağanmış və 244 nömrə ilə qeydə alınmış nikahın pozulmasının qət edilməsi; -iddia ərizəsinə əlavə edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 19 avqust 2019-cu il tarixli, 2(078)-517/2019 nömrəli qətnaməsindən tərəflərin birgə nikahdan doğulmuş uşaqları 20 oktyabr 2017-ci il təvəllüdlü X4 anası X2 yanında saxlanılmasının və Cavabdeh 20 oktyabr 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit məbləğdə bir uşaq üçün 130 (yüz otuz) manat alimentin tutularaq X2 xeyrinə ödənilməsinin qət edilməsi aydın olur. İş materiallarına əlavə olunmuş və cavabdeh tərəfindən məhkəməyə göndərilmiş "xxxx" MMC tərəfindən verilmiş 06 dekabr 2023-cü il tarixli, 68 nömrəli arayışda qeyd olunmuşdur ki, Cavabdeh "xxxx" MMC-də operator-kompüter vəzifəsində işləyir. Aylıq əmək haqqı 345 manatdır. İş materiallarına əlavə olunmuş və cavabdeh tərəfindən məhkəməyə göndərilmiş Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, AZ-İİİ seriyalı, 750322 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X6 08 iyun 2016-cı ildə Naxçıvan şəhərində doğulması, atasının Cavabdeh, anasının isə X3 olması aydın olur. İş materiallarına əlavə olunmuş Naxçıvan MR DİN X16 İdarəsi tərəfindən verilmiş 25 oktyabr 2023-cü il tarixli, 3-13-43-14/2-2102/2023 nömrəli məktubda qeyd olunmuşdur ki, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh adına xx.xx.2015-ci il tarixdə həsrət körpüsü kiçik müəssisəsinin 699624 nömrəli hesab arayışı əsasında 2012-ci il buraxılışlı, “Hyundai Elantra” markalı avtomobil qeydiyyata alınaraq **-CC-*** dövlət qeydiyyat nişanı verilmiş, xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyat nişanı dəyişdirilərək **-BA-*** dövlət qeydiyyat nişanı verilmiş, xx.xx.2019-cu il tarixdə isə alqı-satqı müqaviləsi əsasında satılaraq qeydiyyatından çıxarılmışdır. xx.xx.2019-cu il tarixdə Cavabdeh adına alqı-satqı müqaviləsi əsasında 2015-ci il buraxılışlı, “Kia Optima” markalı avtomobil qeydiyyata alınaraq **-BE-*** dövlət qeydiyyat nişanı verilmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh adına alqı-satqı müqaviləsi əsasında 2014-cü il buraxılışlı, “Qaz 330202” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmış, xx.xx.2022-ci il tarixdə isə alqı-satqı müqaviləsi əsasında satılaraq qeydiyyatından çıxarılmışdır. Hal-hazırda Cavabdeh adında 2015-ci il buraxılışlı, “Kia Optima” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatda durur. İş materiallarına əlavə olunmuş Narınc Psixologiya rəhbəri, klinik psixoloq Narınc Rüstəmova tərəfindən verilmiş 09 yanvar 2024-cü il tarixli arayışda qeyd olunmuşdur ki, xx.xx.2017-ci il təvəllüdlü X11, xx.xx.2023-cü il tarixində diaqnostika üçün mərkəzinin 9 mkr. filialına müraciət etmişdir. X11 xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə kimi mərkəzdə psixoloji və loqopedik seans keçmişdir. Mərkəzidə ödənilən ödənişlərin ümumi məbləği 220 manatdır. İş materiallarına əlavə olunmuş 23 oktyabr 2023-cü il tarixli qəbzdən görünür ki, 20 oktyabr 2017-ci il təvəllüdlü X11 23 0ktyabr 2023-cü il tarixdə “X13”də müayinədən keçmiş və buna görə 214 manat pul ödənmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 19 avqust 2019-cu il tarixli, 2(078)-517/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hallar hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Hazırki mülki iş üzrə mübahisəli hal isə iddiaçının sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının artırılmasını tələb etməsidir. Hazırki mübahisə üzrə iddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsidir. Həmin maddəyə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8- 2/2016 nömrəli qərarında qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddəsinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarına əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Məhkəmə Naxçıvan Şəhər Məhkəməsinin 19 avqust 2019-cu il tarixli, 2(078)-517/2019 nömrəli qətnaməsi ilə hər ay sabit pul məbləğində 130 manat miqdarında aliment müəyyən edildikdən sonra yetkinlik yaşına çatmayan uşağın böyüdükcə artan təlabatlarını, sosialiqtisadi göstəricilərin dəyişilməsini, uşaqlar üçün yaşayış minimumunun artmasını, bu müddət ərzində cavabdehin bir uşaq üçün ödədiyi 130 (yüz otuz) manatdan başqa iddiaçıya uşağın tələbatlarının ödənilməsi üçün əlavə yardım etməməsini, nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, hər ay sabit pul məbləğində 200 (iki yüz) manat miqdarında aliment cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə qeyd olunan nəticəyə gələrkən uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, uşağın iddiaçının yanında qalması, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu vaxt ərzində iddiaçının üzərinə düşməsini iddiaçının diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hər bir uşaq üçün yaşayış minimumu kimi müəyyən edilən məbləğin (220 manatın) yarısından çoxunun - 200 (iki yüz) manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsini məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 9-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2023-cü ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. İddiaçının tələbi aliment məbləğinin artırılaraq yaşayış minimumu həddində təyin olunması ilə bağlı olsa da, məhkəmə aliment məbləğinin artırılaraq yaşayış minimumu həddində yəni 220 manat məbləğində təyin edilməsinin qeyri mümkünlüyünü onunla izah edir ki, iddiaçı alimentin artırılmasını istədiyi sabit pul məbləğində alimentin miqdarı ilə bağlı öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdir, onun tərəfindən məhkəməyə təqdim edilən sənədlər isə iddia tələbinin təmin edilməsi üçün kifayət etmir, yuxarıda qeyd edilən maddi hüquq normalarının mahiyyətindən də aydın olduğu kimi uşaqlara münasibətdə valideynlər bərabər hüquq və vəzifələrə malikdir, yəni hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcləri ilə təmin edilməsində hər iki valideyn bərabər şəkildə öhdəlik daşıyır. Həmçinin məhkəmə qeyd olunan nəticəyə gələrkən alimentin iddiaçı tərəfindən tələb olunduğu miqdarda müəyyən edilməsi üçün işə baxılması zamanı əlavə əsasların (cavabdehin gəlirlərinin artması və s.) müəyyən edilməməsini və cavabdehin himayəsində başqa azyaşlı uşağının olmasını da nəzərə alır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8- 2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Mülki Prosessual Məcəllənin 112.1 və 112.1.6-cı maddələrinə əsasən ödəmənin azaldılması yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti – ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi aliment miqdarının dəyişdirilməsi ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, iddianın qiyməti bu cür iddialarda ödəmənin artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edildiyindən, həmçinin iddia üzrə ödəmənin artırıldığı məbləğin bir il üçün nəzərdə tutulan miqdarı 1000 manatdan çox olduğundan, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 24 (iyirmi dörd) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; -Naxçıvan Şəhər Məhkəməsinin 19 avqust 2019-cu il tarixli, 2(078)-517/2019 nömrəli qətnaməsi ilə 20 oktyabr 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən olunmuş alimentin miqdarı artırılmalı; -20 oktyabr 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq uşağın anası İddiaçı ödənilməli; -miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalı; - iddia qalan hissədə rədd edilməli; -Cavabdeh 24 (iyirmi dörd) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmişhаllаrа və tərəflərin qаrşılıqlımünаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MülkiProsessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin olunsun. Naxçıvan Şəhər Məhkəməsinin 19 avqust 2019-cu il tarixli, 2(078)-517/2019 nömrəli qətnaməsi ilə 20 oktyabr 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən olunmuş alimentin miqdarı artırılsın. 20 oktyabr 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq uşağın anası İddiaçı ödənilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 24 (iyirmi dörd) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-132/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-132/2024
11.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver