Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1324/2021 15.12.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun alınması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında baxaraq m ü ə y y ə n e t d i : İddiaçı Açıq Səhmdar Cəmiyyəti Naxçıvan Şəhər Məhkəməsinə ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı “Azər-Türk Bank" ASC-nin xeyrinə 1128.69 (bir min yüz iyirmi səkkiz manat, altmış doqquz qəpik) manat əsas, 34.72 ( otuz dörd manat, yetmiş iki qəpik) manat faiz, cəmi 1163.41 ( bir min yüz altmış üç manat, qırx bir qəpik) manat borcun, həmçinin ödənilmiş 32.04 (otuz iki manat, dörd qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 şəxsi (istehlak) məqsədləri üçün 24 ( iyirmi dörd ) ay müddətinə nağd şəkildə istifadə olunmaqla 3700 ( üç min yeddi yüz manat) manat məbləğində kredit verilmiş və bununla bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 14.11.2019-cu il tarixli ******* saylı Kredit Müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə 14.11.2019-cu il tarixli, 1023564/18261 saylı Zaminlik Müqaviləsinə əsasən Cavabdeh1 Bank qarşısında öhdəlikləri tam yerinə yetirilənədək Cavabdeh2 ona zamin durmuşdur. Zaminlik müqaviləsinin 1.1.-ci bəndinə görə, Borcalan Bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək Zaminlər, Borcalan ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Kredit Müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 14.10.2021-ci il tarixinə əsas borcu 1128.69 ( bir min yüz iyirmi səkkiz manat, altmış doqquz qəpik) manat, faiz borcu 34.72( otuz dörd manat, yetmiş iki qəpik) manat, cəmi 1163.41 (bir min yüz altmış üç manat qırx bir qəpik) manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq Cavabdeh1 götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehlərə göndərilmiş pretenziya (xəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Bununla da cavabdehlər, Kredit Müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməmiş və eyni zamanda hesablara, mühasibat uçotuna dəqiq və düzgün əməl etmədiyindən kredit Müqaviləsi üzrə yaranmış borcun tələb edilməsi zərurəti yaranmışdır. Hal-hazırda cavabdehlərin, Kredit Müqaviləsinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan əsas və ona hesablanmış faiz borcu 1163.41 (bir min yüz altmış üç manat qırx bir qəpik) manat təşkil edir ki, bu borcun da cavabdehlər tərəfindən ödənilməsi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, iddianın qiyməti beş min manatdan aşağı olduğundan mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat formasında baxılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddianı əsaslı sayıb təmin edərkən iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş və məhkəmə tərəfindən tədqiq olunmuş yazılı sübutlara istinad edir. İddia ərizəsinə əlavə edilən sənədlərdən aydın olur ki, iddiaçı öz tələbini əsaslandıran halları təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmənin yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə isə onu qeyd edir ki, iş materiallarında olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından aydın olur ki, iş üzrə cavabdeh Əkbərov X2 şəhəri, M.S.Ordubadi, ev 18 ünvanında, AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından aydın olur ki, iş üzrə cavabdeh Əhmədov X1 şəhər, Qoçüstü 6 (B bloku), m 37 ünvanında rəsmi qeydiyyatdadırlar. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hazırki mülki iş üzrə məhkəmə sənədləri, yəni iddia ərizəsinin surəti, məhkəmənin 17 noyabr 2021-ci il tarixli, 2(078)-1324/2021 nömrəli məhkəmə bildirişi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq rəsmi qaydada göndərilmiş və cavabdehlər sənədləri qəbul etmişlər. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən sonuncu qeyd edilən hal məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehlərə göndərilmiş bildirişdə cavabdehlərə iddiaçının tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra 10 iş günü müddətində bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunsa da, cavabdehlərin onlara qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamışdır. Məhkəmə cavabdehlərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətləri olmuş və İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında kredit və Cavabdeh2 ilə isə zaminlik müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 470.1-ci maddəsində qeyd edilir ki, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Mülki iş materiallarından aydın olur ki, tərəflər arasında borc (kredit) müqaviləsindən və zaminlik müqaviləsindən irəli gələn öhdəliklər mövcuddur. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında 14.11.2019-cu il tarixli ******* saylı kredit müqaviləsi imzalanmış və cavabdehə 3700 (üç min yeddi yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən isə Cavabdeh1 həmin müqavilə üzrə əldə etdiyi kredit məbləğini 14 dekabr 2019-cu ildən başlayaraq 14 noyabr 2021-ci ilədək hər ay 188.31 (yüz səksən səkkiz manat, otuz bir qəpik) manat, sonuncu ay isə yəni 14 noyabr 2021-ci il tarixdə 188.44 (yüz səksən səkkiz manat, qırx dörd qəpik) manat ödəməli olması aydın olur. Ərizəyə əlavə edilmiş 14.10.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 14.11.2019-cu il tarixli ******* saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-ə 1128.69 (bir min yüz iyirmi səkkiz manat, altmış doqquz qəpik) manat əsas, 34.72 ( otuz dörd manat, yetmiş iki qəpik) manat faiz, cəmi 1163.41 ( bir min yüz altmış üç manat, qırx bir qəpik) manat borcu mövcuddur. İddia ərizəsinə əlavə edilmiş 14 noyabr 2019-cu il tarixli məxaric orderindən görünür ki, 3663 (üç min altı yüz altmış üç) manat məbləğində pul həmin gün bank tərəfindən borcalana yəni cavabdehə ödənilmişdir və həmin məxaric orderi cavabdeh tərəfindən imzalanmışdır. İş materiallarından görünür ki, cavabdehlərə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq göndərilmişdir. Həm yuxarıda qeyd edilən maddi hüquq normasından (Mülki Məcəllə maddə 739), həm də müqavilə şərtlərindən aydın olur ki, tərəflər arasında olan razılaşma üzrə iddiaçının müqavilədə göstərilən kredit məbləğini cavabdehə verməsi, sonuncunun isə müqavilə ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri və sair haqları, gecikmə zamanı hesablanmış cərimə məbləğlərini ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçının müqavilədən irəli gələn öhdəliyini yerinə yetirməsi mülki iş materiallarına əlavə edilmiş kassa məxaric orderi ilə öz təsdiqini tapır. İddiaçı tərəfin tələbinin əsassızlığı və eyni zamanda İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 14.11.2019-cu il tarixli ******* saylı kredit müqaviləsi üzrə öz öhdəliklərini icra etməsinə dair sübutetmə vəzifəsi cavabdehin üzərinə düşsə də o, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddia ərizəsinə əlavə olunmuş 28 iyul 2021-ci il tarixli, 07/08-2549 nömrəli pretenziya məktubdan isə Cavabdeh1 və Cavabdeh2 müqavilədən irəli gələn öhdəliyini lazımi qaydada icra etməmələri və bununla bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə xəbərdarlıq göndərilməsi aydın olur. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının Cavabdeh1 qarşı olan kredit borcunun qaytarılmasına dair tələbi əsaslıdır. Məhkəmə iddiaçının Cavabdeh2 qarşı iddia tələbinə dair münasibətdə isə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsində öhdəliyin icrasının təmin edilməsinin üsullarından biri kimi zaminlik qeyd olunub. Həmin Məcəlləyə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472-ci maddəsi ilə müəyyən olunur ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 14 noyabr 2019cu il tarixli, 1023564/18261 nömrəli zaminlik müqaviləsində müqavilə tərəfləri iş üzrə əhəmiyyətli olan aşağıdakı şərtlər barədə razılığa gəlib: -müqavilənin 1.1-ci bəndinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 Vahid oğlu arasında 14.11.2019-cı il tarixində bağlanmış ******* nömrəli kredit müqaviləsi əsasında “Borcalan"-a veriləcək 3700 (üç min yeddi yüz) AZN məbləğində kreditlə əlaqədar olaraq “Borcalan” Bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək “Zamin”, “Borcalan” ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür; -zaminlik müqaviləsinin 3.1-ci bəndi ilə müəyyən edilir ki, zamin bank qarşısında borcalanın 14.11.2019-cu il tarixində bağlanmış kredit müqaviləsi üzrə banka olan kredit və faizləri məbləğində, həmçinin bu kreditlə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komissiya, dəbbə pulu, məhkəmə xərcləri və s. üçün məsuliyyət daşıyır. -müqavilənin 5.1-ci bəndinin tələbinə görə borcalan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin bank qarşısında bu müqavilənin 3-cü bəndində göstərilən məbləği bankın ilk tələbində heç bir iddia irəli sürmədən dərhal ödəməyi öz öhdəsinə götürür və “Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətində və digər banklarda hesablarında olan vəsaitin bank tərəfindən tutulmasına icazə verir. Tərəflər arasında bağlanmış müqavilənin mahiyyətindən aydın olur ki, Cavabdeh1 14.11.2019-cu il tarixli ******* nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh2 ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsində isə zaminliyə xitam verilməsinin əsasları qeyd olunmuşdur. Hazırki vəziyyətdə isə mülki iş materiallarından zaminliyə xitam verilməsinin əsasları müəyyən edilmədiyindən və Zaminlik müqaviləsinə əsasən Cavabdeh2 bank qarşısında Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşımaları nəzərdə tutulduğundan məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı irəli sürdüyü tələbi də əsaslı hesab edir. İddianın təmin edilməsi ilə bağlı məhkəmə istinad etdiyi maddi hüquq normalarına gəldikdə isə məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.3-cü maddəsinin tələbinə görə isə öhdəliklər haqqında ümumi müddəalar tənzimləyən Mülki Məcəllənin müvafiq fəslinin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair həmin Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinin tələbinə görə isə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 31.64 (otuz bir manat, altmış dörd qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia təmin olunmalı; -14.11.2019-cu il tarixli ******* saylı kredit müqaviləsi üzrə 1128.69 (bir min yüz iyirmi səkkiz manat, 69 qəpik) manat əsas, 34.72 ( otuz dörd manat, 72 qəpik) manat faiz, cəmi 1163.41 ( bir min yüz altmış üç manat, 41 qəpik) manat məbləğində borc cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməli; -iddia təmin olunduğundan onun verilməsi ilə bağlı olaraq iddiaçı tərəfindən ödənilmiş 31.64 (otuz bir manat, altmış dörd qəpik) manat miqdarında dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iş üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.2, 284-6.3, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət e t d i: İddia təmin edilsin. 14.11.2019-cu il tarixli ******* saylı kredit müqaviləsi üzrə 1128.69 (bir min yüz iyirmi səkkiz manat, altmış doqquz qəpik) manat əsas, 34.72 ( otuz dörd manat, yetmiş iki qəpik) manat faiz, cəmi 1163.41 ( bir min yüz altmış üç manat, qırx bir qəpik) manat məbləğində borc cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. İddia təmin olunduğundan onun verilməsi ilə bağlı olaraq iddiaçı tərəfindən ödənilmiş 31.64 (otuz bir manat, altmış dörd qəpik) manat miqdarında dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iş üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-1324/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1324/2021
15.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver