Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1332/2025 17.10.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə QƏTNAMƏ (Açar sözlər: nisyə alğı-satqı müqaviləsi üzrə pul tələbi) Naxçıvan Şəhər Məhkəməsinin hakimi Heydarov Aslan Nazim oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ödənilməmiş kredit borcuna görə 524 (beş yüz iyirmi dörd) manat, hər ay üçün 5 (beş) faiz olmaqla, ödənilməmiş 3 ay üzrə 78.60 (yetmiş səkkiz manat altmış qəpik) manat və iddia ərizəsi üçün dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə 632.60 (altı yüz otuz iki manat altmış qəpik) manat pulun ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, Naxçıvan şəhəri, Atatürk pr 9/11 də yerləşən “EMSAN" Cehiz evi mağazasını işlədir. Naxçıvan şəhəri, 20-ci məhəllə, döngə 5, ev 7-də, qeydiyyatda olan və orada yaşayan Cavabdeh ilə arasında bağlanmış 24 iyun 2024-cü il tarixli, EMS002070 nömrəli kredit müqaviləsi ilə 1310 (bir min üç yüz on) manat dəyərində bir ədəd KLİMA 24000 FUJİ markalı kredit vermişdir. Aralarında Cavabdeh öz xətti ilə yazaraq və öz imzası ilə imzalanaraq bağlanmış EMS002070 nömrəli kredit müqaviləsinə görə ümumi məbləği 1310 (bir min üç yüz on) manat, ilkin ödəniş məbləği 110 (bir yüz on) manat, kreditin qalıq məbləği 1200 (bir min iki yüz) manat olmaqla 11 (on bir) ay müddətində hər ay 109.09 (bir yüz doqquz manat sıfir doqquz qəpik) manat pulu ona qaytaracağını öhdəsinə götürmüşdür.
3. Cavabdeh EMS002070 nömrəli kredit müqaviləsi üzrə ilk vaxtları kredit borcunu ödəyərək ona olan ilkin ödənişlə birlikdə 786 (yeddi yüz səksən altı) manat borcunu qaytarmışdır. Lakin cavabdeh kredit borcundan qalmış 524 (beş yüz iyirmi dörd) manat pulu bu günədək geri qaytarmamışdır. Ona bir neçə dəfə borclu qaldığı pulun qaytarmasını desə də, o, hər dəfəsində müxtəlif bəhanələrlə ona ödəməli olduğu borcunu geri verməkdən boyun qaçırmışdır. Ona yazılı şəkildə müraciət edərək ona olan kredit borcunu geri qaytarmasını xahiş etsə də o, yazılı müraciətinə heç bir münasibət bildirməmişdir. Artıq bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
4. Qeyd edərək bildirir ki, cavabdeh ilə bağladıqları EMS002070 nömrəli kredit müqaviləsinə görə aralarındakı razılığa əsasən cavabdehin ona ödəməli olduğu kredit borcunun yubadılmasına görə hər ay üçün 5 (beş) faizi miqdarında kompensasiya (cərimə) hesablanacağını razılaşaraq öhdəsinə götürmüşdür. Bu səbəbdən də cavabdehin ona 24 iyun 2024-cü il tarixli, EMS002070 nömrəli kredit müqaviləsi üzrə 3 (üç) ay ərzində ödəməli olduğu 524 (beş yüz iyirmi dörd) manat kredit borcunu bu günədək ödəmədiyi hər ay üçün 5 (beş) faiz olmaqla, ödənilməmiş 3 ay üzrə 78.60 (yetmiş səkkiz manat altmış qəpik) manat pulun da ödənilməsini istəyir.
5. Hesab edir ki, artıq onun pozulmuş hüquqlarının bərpası məhkəmə qaydasında tənzimlənməli və tələbim tam təmin edilməklə, əsaslı məhkəmə qətnaməsi çıxarılmalı, cavabdeh tərəfindən verilməli olan pul tələbi təmin edilməli, tələb etdiyi kredit borcundan qalmış 524 (beş yüz iyirmi dörd) manat, hər ay üçün 5 (beş) faiz olmaqla, ödənilməmiş 3 ay üzrə 78.60 (yetmiş səkkiz manat altmış qəpik) manat pulun və 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən alınmaqla ona verilməsinə dair müvafiq məhkəmə aktı qəbul edilməlidir.
6. İddiaçı ərizəsinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 427.3, 442, 443.1,445.2.1 və 448.1-ci maddələrinə istinad edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Məhkəmə xx.xx.2025-ci il tarixdə daxil olmuş ərizə üzrə xx.xx.2025-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin Cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir.
Sübutların tədqiqi:
8. 24 iyun 2024-cü il tarixli EMS2070 nömrəli Müqavilədən aydın olur ki, İddiaçı ilə Cavabdeh arasında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən cavabdeh hissəhissə ödəmək şərtilə “24000 Fuji Klimanı” 11 aylıq müddətə 1310 manat dəyərində almışdır. Tərəflər müqavilə üzrə aylıq ödənişlərini hər ay 109.09 manat olmaqla 11 ay ərzində ödənilməsinə dair razılığa gəlmiş və müqaviləni imzalamışdırlar.
9. 24 iyun 2024-cü il tarixli 004102 nömrəli Kredit Çekindən məlum olur ki, iş üzrə Cavabdeh “24000 Fuji Klimanı” təhvil alaraq bu barədə müvafiq imza etmişdir.
10. İş materiallarında olan Ödəniş çeklərindən məlum olur ki, Cavabdeh 24 iyun 2024-cü il tarixdə 110 manat, 03 avqust 2024-cü il tarixdə 110 manat, 31 avqust 2024-cü il tarixdə 109 manat, 04 oktyabr 2024-cü il tarixdə 103 manat, 26 dekabr 2024-cü il tarixdə 160 manat, 30 dekabr 2024-cü il tarixdə 40 manat, 13 mart 2025-ci il tarixdə 100 manat və 15 iyun 2025-ci il tarixdə isə 54 manat məbləğində olmaqla ümumilikdə 786 manat ödəniş etmişdir.
11. 02 sentyabr 2025-ci il tarixli Xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh pretenziya göndərilmiş və borcun ödənilməsinə dair xəbərdarlıq edilmişdir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsi
12. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
13. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 14.Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 15.Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 16.Maddə 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 17.Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 18.Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 19.Maddə 442. öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 20.Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 21.Maddə 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Tətbiq edilən prosessual hüquq normaları:
Mülki Prosessual Məcəllə
22. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
23. Maddə 284-5.1. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir.
24. Maddə 284-5.2.Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.
25. Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
26. Maddə 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin, qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Məhkəmənin mövqeyi:
29. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir.
30. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia qismən təmin edilməklə Cavabdeh 24 iyun 2025-ci il tarixində 2070 nömrəli X1 Müqaviləsi üzrə 524 (beş yüz iyirmi dörd) manat əsas, 78.60 (yetmiş səkkiz manat altmış qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 602.60 (altı yüz iki manat, altmış qəpik) manat borc İddiaçı xeyrinə tutulmalıdır.
31. Belə ki, iş materiallarından göründüyü kimi, tərəflər mülki qanunvericiliyin müqavilə azadlığı prinsipləri çərçivəsində “24000 Fuji Klimanın” nisyə alqı-satqı müqaviləsini bağlamış və iddiaçı müqavilə öhdəliyini yerinə yetirərək, malı cavabdehə təhvil vemişdir. Lakin, cavabdeh müqavilənin şərtlərini lazımi qaydada yerinə yetirməmiş, müqavilədə nəzərdə tutulmuş ödəniş qrafiki əsasında ödənişlərini vaxtında yerinə yetirməmişdir.
32. Məhkəmə hesab edir ki, cavabdeh öhdəliyini lazımi qaydada yerinə yetirmədiyindən iddiaçı 524 AZN əsas borc tələb etməkdə haqlı olmuşdur.
33. Məhkəmə dəbbə puluna münasibətdə qeyd edir ki, İddiaçı xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə dəbbə pulu olaraq cavabdehdən 78.60 manat tutulmasını xahiş etmişdir.
34. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 78.60 manat məbləğində dəbbə pulu kreditorun həm əmlak, həm də bütun əsaslı mənafelərinə uyğundur, tənasübsüz surətdə yüksək deyil. Bu səbəbdən iddia həmin hissədə də təmin edilməlidir.
35. MPM Maddə 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir.
36. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə İddiaçı "xxxx" ASC-yə xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır.
37. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216, 284-1, 284-5, 284-6, 358.0.3-cü maddələrini rəhbər tutaraq
qətetdi:
İddia təmin edilsin. Cavabdeh 24 iyun 2025-ci il tarixində 2070 nömrəli Malın satın alması müqaviləsi üzrə 524 (beş yüz iyirmi dörd) manat əsas, 78.60 (yetmiş səkkiz manat altmış qəpik) manat gecikdirilmiş cərimə borcu olmaqla ümumilikdə 602.60 (altı yüz iki manat, altmış qəpik) manat borc İddiaçı xeyrinə tutulsun. İddiaçı "xxxx" ASC-yə xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Aslan Heydarov.