Məhkəmə qərarları › İş №2(078)-1353/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1353/2023

30.10.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1353/2023 30.10.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 1200 (min iki yüz) manat pulun və dövlət rüsumu olaraq ödədiyi 32 (otuz iki) manatın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq iddia ərizəsində bildirmişdir ki, o 2021-ci ildə əvvəldən tanıdığı Cavabdeh ilə söhbət edərkən Türkiyə Respulikasından malının gəldiyini buna görə də pula ehtiyacının olduğunu ona 1200 manat borc pul verməyini xahiş etmişdir. Onun atası ilə uzun illərdir dostluq etdiyi üçün etibar edib Sərxana 1200 manat borc pul vermişdir. Sərxan pulu alarkən yaxın vaxtlarda qaytaracağına söz vermişdi. Lakin verdiyi sözə əməl etmədi. Sərxan pulunu qaytarmadığına görə o Naxçıvan şəhər Polis İdarəsinə müraciət etmişdir. Sərxanı Polis İdarəsinə dəvət edib izahatını almışlar. Orada ona 1200 manat pul borcu olduğunu etiraf etmişdir. Lakin yenə də pulunu ödəmir. Onun pozulmuş hüquqlarının bərpasının məhkəmə qaydasında tənzimlənməli olduğunu və iddia tələbi tam təmin edilməklə, əsaslı məhkəmə qətnaməsi çıxarılmalı, cavabdeh tərəfindən ödənilməli olan pul tələbi təmin edilməli, tələb etdiyi 1200 manat borc məbləğinin cavabdehdən alınmaqla ona verilməsinə dair müvafiq məhkəmə aktının qəbul edilməli olduğunu hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı verdiyi pulu istədiyini, artıq pul istəmədiyini, 1200 manat pulu şəxsən cavabdehin özünə verdiyini, hətta ondan sonra da 1200 manat pul verdiyini, sonradan verdiyi pulu qaytardığını, birinci verdiyi pulu isə Türkiyə Respublikasından malının gəldiyini, kargoda olduğunu, onu götürmək üçün pul lazım olduğunu dediyi üçün ona 1200 manat pul verdiyini, Sərxanın pulu qaytaracağını dediyini, hər dəfə pulu istədikcə pulu başqasına verdiyini dediyini, axırda əsəbləşərək cavabında “mən pulu sənə vermişəm, başqasını tanımıram” dediyini, pulu başqasına verəcəyini ona demədiyini, sövdələşmənin onun özü ilə olduğunu, ümumilikdə Sərxana 2400 manat pul verdiyini, 1200 manatını qaytardığını, ona qalıq borcunun 1200 manat olduğunu, iddiaçıya pul verərkən faiz qaytarcağı barədə razılaşmadıqlarını, iddiaçıya sələmə pul vermədiyini, ondan sələm olaraq pul almadığını, pulunu qaytarmasını istədiyini bildirərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddiaçıdan həqiqətən də 1200 manat pul borca aldığını, ancaq həmin pulu dostuna verdiyini, hal-hazırda dostunun uşağı xəstə olduğu üçün pulu qaytara bilmədiyini, pulu götürdükdə iddiaçıya pulu özü üçün deyil dostu üçün götürdüyünü bildirmədiyini, iddiaçı ilə aralarında olan razılaşmaya əsasən pulu özünə götürdüyünü bildirdiyini, ancaq pulu götürüb özü istifadə etmədiyini, dostuna verdiyini, iddiaçının sələmə pul verdiyini, 1200 manat məbləğində pulu götürdüyünü inkar etmədiyini, özünün başqa borcunun da olduğunu, onu ödədiyini, həmin pulu iddiaçıya qaytarmadığını, hazırda bu pulu ödəməyə maddi imkanının olmadığını, dostunun da pulu ödəməyə imkanının olmadığını, iddiaçıya borcun götürülməsi ilə bağlı faiz ödədiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 25 iyul 2023-cü il tarixli, 3-13-43-6/2-A-81xx/xx/2023 nömrəli məktubda qeyd olunmuşdur ki, o xx.xx.2023-cü il tarixdə Naxçıvan şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək təxmini iki il bundan əvvəl, Sərxan adlı şəxsin ondan 1200 (bir min iki yüz) manat məbləğinə borca pul alaraq qaytarmadığını bildirmişdir. Onun ərizəsi əsasında araşdırma aparılan zaman məlum olmuşdur ki, ondan borca pul alan, ünvan 2 ünvanında yaşayan Cavabdehdur. Cavabdehlə əlaqə saxlamış və onu Naxçıvan şəhər Polis İdarəsinə dəvət edib izahatını almışlar. O borca pul aldığını səmimi etiraf etmiş və borcun qaytarmamasını maddi durumu ilə əlaqləndirmişdir. Əlavə tədbirlərin görülməsi daxili işlər orqanlarının səlahiyyətlərinə aid olmadığından aidiyyəti üzrə Məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarına obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Borcverən öz nizamnamə kapitalındakı payın (səhmin) alınması məqsədilə borc verə bilməz. Borcverən qarşısındakı borc öhdəliyinin icrasının təminatı kimi onun nizamnamə kapitalında olan pay (səhm) çıxış edə bilməz. Maddənin dispozisiyasından da göründüyü kimi sübutetmə yükü pulun verilməsinə münasibətdə iddiaçının, öhdəliyin icra edilməsinə yəni pulun qaytarılmasına münasibətdə isə cavabdehin üzərində düşür. Mülki işin məhkəmə araşdırması zamanı iş üzrə İddiaçı məhkəmə iclası zamanı verdiyi izahatında cavabdehə 1200 (min iki yüz) manat məbləğində borc pul verdiyini, cavabdehin həmin pulu qaytarmadığını bildirmişdir. İddia tələbinə münasibət bildirən iş üzrə Cavabdeh verdiyi izahatında iddiaçıdan 1200 (min iki yüz) manat məbləğində borc pul aldığını, onun qarşılığında iddiaçıya faiz ödəmək barədə razılaşdıqlarını, pulu özü üçün deyil dostu üçün götürdüyünü bildirmişdir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi cavabdeh iddiaçıdan həqiqətən də 1200 (min iki yüz) manat məbləğində borc aldığını inkar etmir. Məhkəmə cavabdehin iddiaçıdan 1200 (min iki yüz) manat məbləğində borc aldığını bildirməsinə dair etirafını həqiqətən də həmin məbləğdə pulun ona verilməsinin hazırda iddia tələbinin təsdiqi kimi qəbul edir. Çünki iş üzrə tərəflərin məhkəmədə verdiyi izahatından da görünür ki, 1200 (min iki yüz) manat məbləğində pulun iddiaçı tərəfindən cavabdehə verilməsi işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə iş üzrə cavabdehin verdiyi izahatında 1200 (min iki yüz) manat borcu aldığını bildirməsini borcun etirafı kimi qiymətləndirir və hesab edir ki, iş üzrə İddiaçı iddia tələbini sübutetmə vəzifəsindən azad edilməlidir. Borc məbləğinin qaytarılmadığını cavabdehin özü təsdiq etdiyindən məhkəmə mövcud tələbin təmin edilməsini qanuni və əsaslı hesab edir. Cavabdeh izahatında iddiaçıya faiz verdiyini, borc alarkən faiz ödəmək barədə razılaşdıqlarını qeyd etsə də bunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir, iddiaçı isə bu halları izahatında inkar etmişdir. Həmçinin məhkəmə cavabdehin diqqətinə çatdırır ki, iddiaçı ilə faiz ödənilməsi şərti ilə razılaşması sübuta yetirilmiş olsa belə cavabdehi 1200 (min iki yüz) manat məbləğində olan borcu qaytarmaq vəzifəsindən azad etmir. Məhkəmə cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinin tələbinə görə isə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, 1200 (min iki yüz) manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 32 (otuz iki) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; -1200 (min iki yüz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməli; -32 (otuz iki) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. 1200 (min iki yüz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. 32 (otuz iki) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar