Məhkəmə qərarları › İş №2(078)-1369/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1369/2023

15.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1369/2023 15.11.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y yə n e t d i : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan MR Ali Məhkəməsinin 2(108)-4/23 saylı, 24 yanvar 2023-cü il tarixli qətnaməsi ilə birgə nikahdan doğulmuş 10 aprel 2008-ci il təvəllüdlü X2, 01 aprel 2010-cu il tarixdə anadan olmuş X5 və 28 mart 2014-cü il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində hər biri üçün 80 manat məbləğində aliment təyin olunmuş məbləğin artırılaraq, hər uşaq üçün hər sabit pul məbləğində 220 manat təyin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı iddianı müdafiə edərək, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-12/2021 saylı, 16 aprel 2021-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarındakı 07 iyun 2007-ci il tarixdə Naxçıvan Şəhər Nikah Evində bağlanmış və 156 nömrə ilə qeydə alınmış nikahın pozulduğunu və birgə nikahdan doğulmuş 10 aprel 2008-ci il təvəllüdlü X2 onun, 01 aprel 2010-cu il tarixdə anadan olmuş X5 və 28 mart 2014-cü il tarixdə anadan olmuş X6 anasının yanında qalmasının qət edildiyini, həmin qətnamədən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə apellyasiya şikayəti verdiyini və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin qətnaməsi ilə uşaqların üçünün də ona verildiyini, bu qətnamədən cavabdehin şikayəti üzrə kassasiya qaydasında Ali Məhkəmədə baxıldığını və 2(102)-2106 saylı qərarla Naxçıvan MR Ali Məhkəməsinin qətnaməsinin qüvvədə saxlandığını, beləliklə, uşaqların üçünün də onun yanında saxlanıldığını, Naxçıvan MR Ali Məhkəməsinin 2(108)-4/23 saylı, 24 yanvar 2023cü il tarixli qətnaməsi ilə birgə nikahdan doğulmuş 10 aprel 2008-ci il təvəllüdlü X2, 01 aprel 2010-cu il tarixdə anadan olmuş X5 və 28 mart 2014-cü il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində hər biri üçün 80 manat məbləğində aliment təyin olunduğunu, hazırda uşaqların təhsil, qidalanma, geyim və repetitor xərclərini pensiyaçı olaraq qarşılaya bilmədiyini, Cavabdeh ilə birgə nikahdan olan üç övladının olduğunu, 2021-ci ilin mart ayında məhkəmə tərəfindən nikah pozulduqdan bir həftə sonra Cavabdeh məhkəmə tərəfindən onun himayəsinə verilmiş uşaqları ataraq yaşamaq üçün Bakı şəhərinə köçdüyünü, övladlarının təhsildən yayındırıldığını və baxımsız qaldığını xəbər alan kimi aidiyyəti orqanlara məlumat verib uşaqları himayəsinə götürdüyünü, ötən 3 il ərzində bir dəfə də olsun Cavabdeh könüllü uşaqların saxlanılması üçün ona dəstək olmadığını, məhkəmə tərəfindən uşaqların saxlanılması üçün hər uşağa 80 manat təyin olunmuş alimentin uşaqların saxlanmasında olan xərclərin beşdə biri olmadığını, Cavabdeh ali təhsilli olduğunu, uzun illər orta məktəbdə ingilis dili müəllimi işlədiyini, diaqnostik qiymətləndirmədən yüksək balla keçdiyini, əmək qabiliyyətli pedaqoq olduğunu, hazırda Bakı şəhəri, Nizami rayonunda yaşadığını, Bakı şəhərinin mərkəzində fərdi qaydada ingilis dili hazırlığı üzrə repetitorluq etdiyini və özünün məhkəmədə yazılı və şifahi bildirdiyinə görə SOCAR şirkətindən tərcümə işləri də qəbul edərək qeyri-rəsmi qazanc əldə etdiyini, paytaxt Bakı şəhərində hazırlığın 100 manatdan başladığını, məhkəmə tərəfindən də əmlak bölgüsü üzrə cavabdehin maddi durumunun da kifayət qədər yaxşılaşdırıldığını, Cavabdeh ona düşən payın əvəzini 150000 manat dəyərində qiymətləndirib vəkili vasitəsilə məhkəməyə təqdim etdiyini, bir valideyn kimi üzərinə düşən vəzifələri yerinə yetirməyə çalışdığını, lakin uşaqların saxlanması üçün xərclərin durmadan artdığını, bazarda ərzaq qiymətlərinin, təhsil üçün tələb olunan xərclərin, repetitor xərclərinin, uşaqların sağlamlığı üçün sərf olunan xərclərin durmadan artdığını, nikahın pozulması və yaşadıqlarından dolayı uşaqların hər birində yaranan xəstəliklərin (oğlu Manafın gözündə quruluq səbəbindən yaranan yaranın davamlı müalicəsi, qızı Fatimənin ağciyər allergiya səbəbindən çoxlu asqırma, ayaqlarında revmotizma və Raynaud sindromu xəstəliyindən əziyyət çəkməsi, qızı Aysunun da yastı pəncəlikdən əziyyət çəkməsi) davamlı müayinə və müalicəsi üçün olan xərclərini çatdıra bilmədiyini, uşaqların müalicəsi üçün xaricdə və ölkədə xərclədiyi 2340 manat pulun yarısının ödənilməsi üçün Cavabdeh qarşı əlavə xərc iddiası qaldırsa da, iddiasının rədd edildiyini, tək pensiyası ilə çatdıra bilmədiyini, çünki özünün də bu ilin fevral ayında varikozdan əməliyyat olunduğunu və fiziki olaraq əmək qabiliyyətini itirdiyini, qeyd olunan xərclərin qarşılanması üçün bankdan aldığı kreditləri ödəyə bilmədiyini, 2024cü ilin fevral-mart ayında növbəti müayinə və müalicə üçün Türkiyənin Ərzurum şəhərinə getməli olduqlarını, lakin hələ də ödədiyi borcların pul toplamağa və müalicəyə getməyə imkan vermədiyini, uşaqdan ayrı qalan valideyn Cavabdeh Bakı şəhərində yaşadığını, yaxşı gəlir əldə etdiyini, maddi durumunun yaxşı olduğunu, məhkəmə tərəfindən kifayət qədər mülkün ona pay ayrıldığını nəzərə alaraq, uşaqların saxlanması üçün alimentin artırılmasını xahiş etdiyini, uşaqların dövlətin himayəsində olduğunu, ölkədə kişi və qadın hüquq bərabərliyinin olduğunu, Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, uşaqlar üçün yaşayış minimumunun 220 manat məbləğində müəyyən olunduğunu, 2024-cü ilin yanvar ayından 235 manat məbləğində nəzərdə tutulduğunu nəzərə alıb, hər uşaq üçün simvolik rəqəm təyin olunmuş 80 manat alimentin artırılmasını, bunları nəzərə alaraq, Naxçıvan MR Ali Məhkəməsinin 2(108)-4/23 saylı, 24 yanvar 2023-cü il tarixli qətnaməsi ilə birgə nikahdan doğulmuş 10 aprel 2008-ci il təvəllüdlü X2, 01 aprel 2010-cu il tarixdə anadan olmuş X5 və 28 marı 2014-cü il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində hər biri üçün 80 manat məbləğində aliment təyin olunmuş məbləğin artırılaraq, hər uşaq üçün hər sabit pul məbləğində 220 manat təyin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı yazılı şəkildə məhkəməyə izahatını təqdim etmişdir. Cavabdeh məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxış iclasında iştirak etməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə baxış iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. İş materiallarına əlavə edilmiş: AZE 10429251 nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, iş üzrə tərəflərin 10 aprel 2008-ci il təvəllüdlü X8 adlı övladları vardır. AZ-İV seriyalı, 631222 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən, iş üzrə tərəflərin 01 aprel 2010-cu il tarixdə X9 adlı uşaqları doğulmuşdur. AZ-İV seriyalı, 631221 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən, iş üzrə tərəflərin 28 mart 2014-cü il tarixdə X10 adlı uşaqları doğulmuşdur. Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasının 24 yanvar 2023-cü il tarixli, 2(108)-4/2023 nömrəli qətnaməsinin surətinə əsasən, İddiaçı cavabdeh Nəsirova (Qəribova) Şəlalə Fəxrəddin qızına qarşı aliment tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, e-2(078)-764/2022 nömrəli qətnaməsindən İddiaçı vəkili X4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Naxçıvan Şəhər Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, e-2(078)-764/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilmiş, İddiaçı cavabdeh Nəsirova (Qəribova) Şəlalə Fəxrəddin qızına qarşı aliment tələbinə dair iddiası qismən təmin edilmiş, iddianın verildiyi 30 iyun 2022-ci il tarixdən hesablanmaqla, cavabdeh Nəsirova (Qəribova) Şəlalə Fəxrəddin qızından hər bir uşağa 80 (səksən) manat olmaqla, üç uşaq üçün ümumilikdə 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin hər ay tutularaq, birgə nikahdan doğulmuş 10 aprel 2008-ci il təvəllüdlü X2, 01 aprel 2010-cu il təvəllüdlü X5 və 28 mart 2014-cü il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə iddiaçının izahatına və toplanmış sübutlara hüquqi qiymət verərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İ bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair" 27 iyul 2016-cı il tarixli qərarına əsasən:

1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bu baxımdan uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Ona görə də, məhkəmənin qənaətinə görə bu məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarına da təsir etməlidir. Məhkəmə yuxarıda göstərilən qanunvericilik müddəalarının və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarının tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmaqla, əvvəlki qətnamə ilə müəyyən edilmiş məbləğ dəyişdirilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, uşaqlar böyüdükcə tələbatları artmışdır ki, bu da iş üzrə iddiaçının maddi vəziyyətinə digər yandan mənfi təsir edir. Məhkəmə bu nəticəyə gələrkən onu da nəzərə alır ki, uşaqların saxlanması üçün aliment tutulmasını tələb edən şəxs əvvəlcə müəyyənləşdirilmiş aliment məbləğinin dəyişdirilərək sabit məbləğdə artırılmasını xahiş edir. Ona görə də, aliment məbləği dəyişdirilməlidir. İddia qismən təmin edilərkən nəzərə alınmışdır ki, valideynlərin hər ikisi uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə hesab edir ki, iş üzrə yetkinlik yaşına çatmayan uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdehdən hər ay sabit pul məbləğində bir uşağa 150 (yüz əlli) manat olmaqla, üç uşağa görə cəmi 450 (dörd yüz əlli) manat miqdarında aliment tutulması məqsədə uyğundur. Yuxarıda göstərilən xüsusatlara görə iddia qismən təmin edilməli, Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasının 24 yanvar 2023-cü il tarixli, 2(108)-4/2023 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, 10 aprel 2008-ci il təvəllüdlü X2, 01 aprel 2010cu il təvəllüdlü X5 və 28 mart 2014-cü il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay sabit pul məbləğində bir uşağa 150 (yüz əlli) manat olmaqla, üç uşağa görə cəmi 450 (dörd yüz əlli) manat miqdarında aliment tutularaq, ataları İddiaçı ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə müvafiq olaraq iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edildiyinə və iddia da qismən təmin edildiyinə görə, iddianın təmin edilmiş hissəsinə mütənasib olan 45.20 (qırx beş manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq, dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq

q ə t e t d i:

İddia qismən təmin edilsin. Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasının 24 yanvar 2023-cü il tarixli, 2(108)-4/2023 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, 10 aprel 2008-ci il təvəllüdlü X2, 01 aprel 2010-cu il təvəllüdlü X5 və 28 mart 2014-cü il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay sabit pul məbləğində bir uşağa 150 (yüz əlli) manat olmaqla, üç uşağa görə cəmi 450 (dörd yüz əlli) manat miqdarında aliment tutularaq, ataları İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 45.20 (qırx beş manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar