Məhkəmə qərarları › İş №2(078)-1381/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1381/2021

03.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1381/2021 03.12.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair ərizəni ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək müəyyən etdim: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti kiçik iddialara dair işlərə sadələşdirilmiş icraat qaydasında ərizə ilə müraciət edərək 20.10.2020-ci il tarixli müqaviləsinə əsasən Apple watch markalı qol saatı üçün 921.6 (doqquz yüz iyirmi bir manat altmış qəpik) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə; 16.10.2020-ci il tarixli müqaviləsinə əsasən Acer markalı notebook üçün 1518.4 (bir min beş yüz on səkkiz manat qırx qəpik) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə borcu olmaqla ümumilikdə 2440 (iki min dörd yüz qırx) manat borc və ödənilmiş 44.4 (qırx dörd manat qırx qəpik) manat dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3-cü maddəsində kiçik iddialara dair işlərə sadələşdirilmiş icraat qaydasında verilən ərizənin forma və məzmunu öz əksini tapıb. Azərbaycan Respublikası MPM-in 152.1.6-cı maddəsinə görə müqavilə iləvə ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İş materiallarını araşdırarkən məlum olur ki, iddiaçı mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməmişdir. Belə ki, tərəflər arasında bağlanan 20.10.2020-ci il tarixli 21262809 nömrəli və 16.10.2020-ci il tarixli 21251544 nömrəli müqavilənin 3.11-ci maddəsində qeyd edilir ki, müştəri 2.1-ci bənddə göstərilən mallardan biri və ya bir neçəsi ilə bağlı öz öhdəliklərini pozarsa hər hansı səbəbdən onu (onları) qaytararsa və ya başqa növ/model mala dəyişdirərsə bu zaman güzəştli şərtlərlə (ödənişsiz) əldə etmiş olduğu malı "xxxx" MMC-nin tələbi ilə saz və korlanmamış vəziyyətdə geri qaytarmalı, bu mümkün olmadıqda isə həmin malın bu müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq əlavədə qeyd olunmuş dəyərini tam şəkildə ödəməlidir. Tərəflər arasında bağlanan müqavilədən aydın olur ki, iddiaçı təşkilat müqavilə şərtləri pozulduğu halda ilk olaraq malın korlanmamış və saz vəziyyətdə qaytarılmasını tələb edə bilər, bu mümkün olmadıqda isə malın dəyərinin ödənilməsini tələb edə bilər. Həmçinin iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 10-1.1-ci maddəsinin tələbinə uyğun tərtib edilməmişdir. Belə ki, MPM-in 10-1.1-ci maddəsinə görə elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.2-ci bəndinə görə məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 10-1.7-ci bəndinə görə “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Həmin Məcəllənin 10-1.8-ci bəndinə görə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir. Buna görə də məhkəmə belə hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Çünki, Mülki Prosessual Məcəllənin 284-3.5-ci maddəsi ilə müəyyən edilir ki, ərizənin həmin Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud həmin Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmçinin həmin maddədə o da qeyd edilir ki, ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Sözü gedən Məcəllənin 114.1 və 114.1.3-cü maddələrində həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılmalı olması nəzərdə tutulduğundan, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Mərkəzi Bankı Hökumət ödəniş portalı vasitəsi ilə 18.11.2021-ci il tarixli, ********* nömrəli qəbzlə ödədiyi 44.4 (qırx dörd manat qırx qəpik) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanları Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair ərizəsi geri qaytarılsın. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 18.11.2021-ci il tarixli, ********* nömrəli qəbzlə ödədiyi 44.4 (qırx dörd manat qırx qəpik) manat miqdarında dövlət rüsumu geri iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar