Məhkəmə qərarları › İş №2(078)-1410/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1410/2021

08.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1410/2021 08.12.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X2 qarşı subroqasiya qaydasında pul tələbinə dair ərizəni ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək müəyyən etdim: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh X1 QAZ 3302 markalı ** NT *** dövlət qeydiyyat nişanlı avtomobilin yararsız hala salınması nəticəsində İddiaçı Sığorta Şirkəti ASC-nə dəymiş ziyanın əvəzi olaraq 1585 (bir min beş yüz səksən beş) manat pulun və ödənilmiş 36.25 (otuz altı manat iyirmi beş qəpik) manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilibverilməməsini yoxlayır. İddia ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyü yoxlanılarkən müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu, 150-ci və 152-ci maddələrinin tələblərinə əməl edilmədən verilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 149.2-ci maddəsinə görə ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; Lakin iddia ərizəsinə nəzər salındıqdan aydın olur ki, iddiaçı ərizənin forma və məzmununa riayət etməmiş, cavabdehə dair məlumatlar natamam formada göstərilmiş, tələbin əsaslığını təsdiq edən sənədlər, tələbin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutlar siyahısı iddia ərizəsinin məzmununda göstərilməmişdir. Eyni zamanda iddia ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyü yoxlanılarkən müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 10-1.1-ci maddəsinin tələbinə uyğun tərtib edilməmişdir. Belə ki, MPM-in 10-1.1-ci maddəsinə görə elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.2-ci bəndinə görə məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 10-1.7-ci bəndinə görə “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Həmin Məcəllənin 10-1.8-ci bəndinə görə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir. Buna görə də məhkəmə belə hesab edir ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X2 qarşı subroqasiya qaydasında pul tələbinə dair ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Çünki, Mülki Prosessual Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmçinin həmin maddədə o da qeyd edilir ki, ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etməyə mane olmur. Sözü gedən Məcəllənin 114.1 və 114.1.3-cü maddələrində həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılmalı olması nəzərdə tutulduğundan, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Mərkəzi Bankı Hökumət ödəniş portalı vasitəsi ilə 30.11.2021-ci il tarixli ********* nömrəli qəbzlə ödədiyi 36.25 (otuz altı manat iyirmi beş qəpik) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanları Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X2 qarşı subroqasiya qaydasında pul tələbinə dair ərizəsi geri qaytarılsın. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Mərkəzi Bankı Hökumət ödəniş portalı vasitəsi ilə 30.11.2021-ci il tarixli ********* nömrəli qəbzlə ödədiyi 36.25 (otuz altı manat iyirmi beş qəpik) manat miqdarında dövlət rüsumu geri iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar