Məhkəmə qərarları › İş №2(078)-1412/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1412/2021

08.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1412/2021 08.12.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat barədə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04.07.2020-ci il tarixli müqaviləyə əsasən Headphones JBL markalı qulaqlıq və Xiaomi Mi band 4 markalı qol saatı üçün 61.7 (altmış bir manat, yetmiş qəpik) manat ödənilməmiş hissə, 6 (altı) manat cərimə, 30.06.2020-ci il tarixli müqaviləyə əsasən Gaming Headset markalı qulaqlıq və 3 ədəd Xiaomi Mi band 4 markalı qol saatı üçün 69.1 (altmış doqquz manat, on qəpik) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, 02.08.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********88231 olan Samsung Galaxy A51 markalı telefon üçün 605.6 (altı yüz beş manat, altmış qəpik) ödənilməmiş hissə, 60 (altmış) manat cərimə, ümumilikdə 802.4 (səkkiz yüz iki manat qırx qəpik) manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-4-cü maddəsinin tələblərinə əsasən iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilməlidir. Belə ki, iddia ərizəsi daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən zaman iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh qarşı məhkəməyə verilmiş iddia ərizəsinə əlavə olunmuş 04.07.2020-ci il tarixli, 21005652 nömrəli müqavilənin və 30.06.2020-ci il tarixli, 21000520 nömrəli müqavilənin iddiaçının nümayəndəsi tərəfindən imzalanmadığı və iddiaçının möhürü ilə təsdiq edilmədiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən yazılı müqavilənin bağlanması üçün müqavilə tərəflərinin hər ikisinin həmin müqaviləni imzalaması mütləq şərtdir. Hazırki vəziyyətdə qeyd olunan müqavilələr hər iki şəxs tərəfindən imzalanmadığı üçün həmin müqavilənin tərəflər arasında bağlanıb-bağlanmamasını, müqavilə üzrə hüquq münasibətlərinin yaranıb–yaranmadığını, cavabdehin qeyd olunan müqavilələr üzrə öhdəliyinin yaranmasını müəyyən etmək olmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-4.1 və 284-4.1.3-cü maddələrinin tələbinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. İş üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə izah edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 263, 264 və 284-4-cü maddələrini rəhbər tutaraq qərara aldım: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair ərizənin icraata qəbul edilməsindən imtina olunsun. Ərizə və ona əlavə olunmuş sənədlər iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə geri qaytarılsın. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə izah olunsun ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Bu qərardaddan şikayət verilə bilməz. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar