Məhkəmə qərarları › İş №2(078)-1420/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1420/2023

29.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1420/2023 29.09.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı İddiaçı Cavabdeh qarşı yol-nəqliyyat hadisəsi nəticəsində vətəndaşa və əmlaka dəymiş zərərin aradan qaldırılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh ciddi zərər vurduğu avtomaşınının qapılarının, sınmış şüşəsinin sıradan çıxmış detallarının yenisi ilə əvəz edilməsi, əsas hissə olan dayaq və qapı altının səriştəli ustalar tərəfindən keyfiyyətli şəkildə təmir edilməsi və avtomaşınının zərər gördüyü gündən təmir edilib qurtarana qədər taksi xidmətinə xərclədiyi pulların cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə iddia ərizəsi daxil olduqda hakim onun Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində iddia ərizəsinin forma və məzmunu öz əksini tapıb. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2 və 149.2.3-cü maddələrinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İddia tələbi dedikdə onun cavabdehi müəyyən hərəkətləri etməyə və müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə iddiaçının cavabdehə qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi konkret tələb başa düşülür. Bu tələb işdə iştirak edən şəxslər arasındakı mübahisəli hüquq münasibətlərindən irəli gəlir. İddiaçı tərəfindən məhkəməyə müraciət olunarkən hər bir halda tələb iddia ərizəsində konkret ifadə olunmalıdır. Həmçinin qeyd olunanlardan da göründüyü kimi iddia tələbi iddiaçının öz xeyrinə cavabdehdən istədiyi tələbdir. Hazırki iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə tanış olarkən müəyyən olunmuşdur ki, iddia ərizəsində iddiaçının tələbi konkret göstərilməmişdir. İddia ərizəsinin xahiş hissəsində iddiaçı Cavabdeh ciddi zərər vurduğu avtomaşınının qapılarının, sınmış şüşəsinin sıradan çıxmış detallarının yenisi ilə əvəz edilməsini, əsas hissə olan dayaq və qapı altının səriştəli ustalar tərəfindən keyfiyyətli şəkildə təmir edilməsini istəsə də, digər tərəfdən avtomaşınının zərər gördüyü gündən təmir edilib qurtarana qədər taksi xidmətinə xərclədiyi pulların cavabdehdən alınaraq ona verilməsini istədiyini qeyd etmişdir. Belə olan halda iddiaçının tələbinin konkret nədən ibarət olmasını müəyyən etmək olmur. Həmçinin avtomaşınının zərər gördüyü gündən təmir edilib qurtarana qədər taksi xidmətinə xərclədiyi pulların məbləğinin konkret olaraq nə qədər olduğunu göstərməmişdir. İddiaçı iddia ərizəsi verərkən tələbini konkret göstərməməklə iddia ərizəsinin qanunvericiliklə müəyyən olunmuş forma və məzmununa əməl etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1 və 152.1.1-ci maddələrinə müvafiq olaraq, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə iddia tələbinin konkret göstərilməsinin zəruriliyini həmçinin onunla əsaslandırır ki, iddia tələbi konkret göstərilmədikdə qeyd olunan iddianın qiymətini müəyyən etmək mümkün olmur və bunun nəticəsində də iddia tələbi üzrə nə qədər dövlət rüsumu ödənilməsi müəyyənəşdirilə bilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə tərəfindən iddia ərizəsinin icraata qəbul edilməsi zamanı yoxlanılmalı məsələlərdən biri də iddia ərizəsinə əlavə edilməli sənədlərin mövcud olub-olmamasıdır. Belə ki, həmin Məcəllənin 150-ci maddəsində iddia ərizəsinə əlavə edilməli sənədlər qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən bu sənədlərdən biri də dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəddir. Lakin hazırki iş üzrə məhkəməyə ünvanlanmış iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə tanış olarkən müəyyən olunmuşdur ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət rüsumunu ödənilməsini təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1 və 152.1.5-ci maddələrinə müvafiq olaraq, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı yol-nəqliyyat hadisəsi nəticəsində vətəndaşa və əmlaka dəymiş zərərin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı Cavabdeh qarşı yol-nəqliyyat hadisəsi nəticəsində vətəndaşa və əmlaka dəymiş zərərin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı izah olunsun ki, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar