Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1427/2024 27.11.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, 17 may 2024-cü il tarixli, EMS002002 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 497 (dörd yüz doxsan yeddi) manat, ödənilməmiş qalıq dəyər üçün 5 (beş) faiz olmaqla, ödənilməmiş 7 ay üzrə 173.95 (bir yüz yetmiş üç manat doxsan beş qəpik) manat pulun və 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə 700.95 (yeddi yüz manat doxsan beş qəpik) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini əsaslandıraraq qeyd etmişdir ki, Naxçıvan şəhəri, Atatürk prospekti 9/11-də yerləşən “EMSAN” cehiz evi mağazasını işlədir. Naxçıvan şəhərində qeydiyyatda olan Cavabdeh ilə aralarında 17 may 2024-cü il tarixli, EMS002002 nömrəli kredit müqaviləsi ilə 710 manat dəyərində bir ədəd Redmi Note 13 pro markalı mobil telefonunu kreditə vermişdir. Aralarında Cavabdeh öz xətti ilə yazılaraq və öz imzası ilə imzalanaraq bağlanmış EMS002002 nömrəli kredit müqaviləsinə görə ümumi məbləği 710 (yeddi yüz on) manat, ilkin ödəniş məbləği 71 (yetmiş bir) manat, kreditin qalıq məbləği 639 (altı yüz otuz doqquz) manat olmaqla 9 (doqquz) ay müddətində aylıq 71 (yetmiş bir) manat olmaqla nağd və ya köçürmə yolu ilə ona qaytaracağını öhdəsinə götürmüşdür. Cavabdeh EMS002002 nömrəli kredit müqaviləsi üzrə ilk vaxtlar kredit borcunu ödəyərək ona ilkin ödəniş daxil olmaqla 710 (yeddi yüz on) manat kredit borcundan 213 (iki yüz on üç) manat borcunu qaytarmışdır. Lakin cavabdeh kredit borcundan qalmış 497(dörd yüz doxsan yeddi) manat pulu 2024-cü ilin avqust ayından bu günədək ona geri qaytarmamışdır. Ona bir neçə dəfə özünə borclu qaldığı pulun qaytarmasını desə də, bu barədə yazılı ərizə göndərsə də o, hər dəfəsində müxtəlif bəhanələrlə ona ödəməli olduğu borcunu geri verməkdən boyun qaçırmışdır. Artıq bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdehlə bağladıqları EMS0G2002 nömrəli kredit müqaviləsinin 3.7.-ci bəndinə əsasən aralarındakı razılığa əsasən cavabdehin ona ödəməli olduğu kredit borcunun yubadılmasına görə hər ay üçün 5 (beş) faiz miqdarında kompensasiya (cərimə) hesablanacağını razılaşaraq öhdəsinə götürmüşdür. Bu səbəbdən də cavabdehin ona 17 may 2024-cü il tarixli, EMS002002 nömrəli kredit müqaviləsi üzrə 7 (yeddi) ay ərzində ödəməli olduğu kredit borcunu bu günədək ödəmədiyinə görə qalmış olan dəyərinin 5 (beş) faiz olmaqla, ödənilməmiş 7 ay üzrə 497 (dörd yüz doxsan yeddi) manat pulun da ona ödənilməsini istəyir. Hesab edir ki, artıq onun pozulmuş hüquqlarının bərpası məhkəmə qaydasında tənzimlənməli və tələbi tam təmin edilməklə, əsaslı məhkəmə qətnaməsi çıxarılmalı, cavabdeh tərəfindən ona verilməli olan pul tələbi təmin edilməli, tələb etdiyi kredit borcundan qalmış 497 (dörd yüz doxsan yeddi) manat, ödənilməmiş dəyər üçün 5 (beş) faiz olmaqla, ödənilməmiş 7 ay üzrə 173.95 (bir yüz yetmiş üç manat doxsan beş qəpik) manat pulun və 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən alınmaqla ona verilməsinə dair müvafiq məhkəmə aktı qəbul edilməlidir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarına gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə Cavabdeh iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında cavabdehlə aralarında 17 may 2024-cü il tarixdə müqavilə bağlandığını, Redmi Note 13 pro markalı mobil telefonu kreditlə cavabdehə verdiyini, bir neçə ay ödəniş etdiyini, sonradan ödəniş etmədiyini, cavabdehlə əlaqə saxladıqları, ödəniş etməyəcəyini dediyini, 710 manatdan cəmi 213 manat ödəniş etdiyini, 497 manat əsas borcu, 173.95 manat cərimə borcu qaldığını, iddia ərizəsində qeyd edilmiş 173.95 manat borcun cərimə borcu olduğunu, müqavilədə faiz nəzərdə tutulmadığını bildirərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən edir ki, İddiaçı ilə Cavabdeh arasında 17 may 2024-cü il tarixli, EMS002002 nömrəli Kredit Müqaviləsinin bağlanması, həmin müqaviləyə əsasən iddiaçının cavabdehə “Redmi Note 13 pro” markalı mobil telefonu satması, Cavabdeh isə malın dəyərini müqavilənin ödəniş şərtlərinə uyğun hissə-hissə ödəməyi öhdəsinə götürməsi işin mübahisəsiz halıdır. Bu halların mübahisəsiz olması mülki iş materiallarına əlavə edilmiş 17 may 2024-cü il tarixli, EMS002002 nömrəli Kredit Müqaviləsi ilə təsdiq olunur. İddiaçının cavabdehlə aralarında bağlanmış müqavilə üzrə Cavabdeh yaranmış borcun qaytarılmasını tələb etməsi isə işin mübahisəli halıdır. Məhkəmə iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə iddianı qismən əsaslı sayıb qismən təmin edərkən iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş və məhkəmə tərəfindən tədqiq olunmuş yazılı sübutlara istinad edir. İddia ərizəsinə əlavə edilən sənədlərdən aydın olur ki, iddiaçı öz tələbini əsaslandıran halları təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmənin yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə isə onu qeyd edir ki, iddia ərizəsinə əlavə edilmiş Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından aydın olur ki, iş üzrə cavabdeh Quliyev X1 şəhəri, Qaraxanbəyli kəndi, 7-ci küçə, döngə 1, ev 4 ünvanında qeydiyyatdadır. Cavabdeh hazırki mülki iş üzrə məhkəmə sənədləri, yəni hüquq və vəzifələrin izahına dair MPM-dən çıxarış, iddia ərizəsinin surəti, ona əlavə edilmiş sənədlər və işin məhkəmədə baxılmağa hazırlanması haqqında qərardad məhkəmə bildirişi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq 08 oktyabr 2024-cü il tarixdə rəsmi qaydada göndərilmişdir. Qeyd olunan məhkəmə sənədlərində cavabdehə iddia tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra bunu əsaslandıran dəlil və sənədləri iddiaçıya və məhkəməyə təqdim etməsi izah olunsa da, Cavabdeh ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətləri olmuş və onlar arasında alqı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, Cavabdeh ilə İddiaçı arasında 17 may 2024-cü il tarixli, EMS002002 nömrəli Kredit Müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, satıcı alıcıya əvvəlcədən razılaşdırılmış malları (“Redmi Note 13 pro” markalı mobil telefonu) satır. Alıcı isə həmin malı alır, müqavilədə nəzərdə tutulmuş müddətdə aldığı malın dəyərini ödəyir. Həmin müqavilənin 2.1, 2.2 və 2.3-cü bəndlərinə əsasən, kreditin ümumi məbləği 710 (yeddi yüz on) manat, ilkin ödənilən məbləğ 71 (yetmiş bir) manat, kreditin qalan məbləği 639 (altı yüz otuz doqquz) manatdır. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən, alıcı aldığı malın dəyərini 9 ay müddətində ayda 71 manat olmaqla nağd və ya köçürmə yolu ilə satıcıya ödəməyi öhdəsinə götürür. İş materiallarında olan 17 may 2024-cü il tarixli kredit çekindən görünür ki, Cavabdeh “Redmi Note 13 pro” markalı mobil telefonu 710 (yeddi yüz on) manat dəyərində almışdır. İş materiallarında olan 18 sentyabr 2024-cü il tarixdə Cavabdeh pretenziya məktubu göndərilmişdir. İş materiallarında olan 17 may 2024-cü il, 20 iyun 2024-cü il və 14 avqust 2024-cü il tarixli ödəniş çeklərindən görünür ki, Cavabdeh 3 ay ərzində hər ay müvafiq olaraq 71 manat ödəniş etmişdir. Tərəflər arasında olan razılaşmadan aydın olur ki, onlar arasında əşyanın dəyərinin hissə-hissə ödənilməsi şərti ilə alqı-satqı müqaviləsi bağlanılıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600-cü maddəsində nisyə satılmış əşyanın ödənilməsi qaydaları müəyyən edilmişdir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 601-ci maddəsinin tələbinə görə isə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə Mülki Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsi ilə həmçinin müəyyən edilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən də göründüyü kimi iş üzrə tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı qismində çıxış edən satıcı müqavilənin predmeti qismində avadanlığı cavabdehə təhvil verməyi, cavabdeh isə həmin müqaviləyə əsasən hər ay ödəniş cədvəli üzrə ödənişlər etməklə həmin malın dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Göründüyü kimi iddiaçı müqavilə üzrə öz öhdəliklərini icra edərək, müqavilənin predmeti olan avadanlığı cavabdehə təhvil vermiş, cavabdeh isə müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində avadanlığı əldə etməsinə, həmin malın dəyərini hissə-hissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, həmin malın dəyərini ödəməkdən yayınmışdır. Hazırda cavabdeh alqı-satqı müqaviləsi üzrə alınmış avadanlıq üçün müəyyən olunmuş ödəniş cədvəlinə uyğun ödəməli olduğu borc və müqaviləyə əsasən ona hesablanmış cərimə borcunu iddiaçıya ödəməkdən yayınmışdır. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçının cavabdehlə aralarında olan Kredit Müqaviləsindən irəli gələn öhdəliyini yerinə yetirməsi iddia ərizəsinə əlavə edilmiş sənədlərlə öz təsdiqini tapır. İddiaçı tərəfin tələbinin əsassızlığı və eyni zamanda tərəflər arasındakı Kredit Müqaviləsi üzrə öz öhdəliklərini icra etmələrinə dair sübutetmə vəzifəsi cavabdehin üzərinə düşsə də o bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəməyə təqdim olunmuş sübutlarla öz təsdiqini tapdığından bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. İddiaçının cavabdehdən cərimə tələbi ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 463.1-ci maddəsinə əsasən, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən, müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilənin 3.7-ci bəndinə əsasən, alınmış mal üçün ödənilməli olan pul məbləğinin hər gecikdirilmiş ayı üçün malın ödənilmədiyinə görə qalmış olan dəyərinin 5 (beş) faizi miqdarında kompensasiya (cərimə) ödənilir. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Lakin dəbbə pulunun miqdarına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 173.95 (yüz yetmiş üç manat doxsan beş qəpik) manat məbləğində dəbbə pulu əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən iddia həmin hissədə qismən təmin edilməli, tələb olunan cərimə (dəbbə pulu) 24.85 (iyirmi dörd manat səksən beş qəpik) manat məbləğədək azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 15 iyul 2014-cü il tarixli qərarında da Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (penya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. İddiaçı həmçinin məhkəmədə iddia qaldırılması üçün ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumunun da cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsaslanaraq məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 23.33 (iyirmi üç manat otuz üç qəpik) manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin edilməli; -17 may 2024-cü il tarixli, EMS002002 nömrəli müqavilə üzrə 497 (dörd yüz doxsan yeddi) manat əsas borc, 24.85 (iyirmi dörd manat səksən beş qəpik) manat dəbbə pulu olmaqla ümumilikdə 521.85 (beş yüz iyirmi bir manat səksən beş qəpik) manat məbləğində pul iş üzrə Cavabdeh alınaraq iş üzrə İddiaçı verilməli; -İddia qalan hissədə əsaslı olmadığından rədd edilməli; -iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat məbləğində dövlət dövlət rüsumunun 23.33 (iyirmi üç manat otuz üç qəpik) manat hissəsi Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. 17 may 2024-cü il tarixli, EMS002002 nömrəli müqavilə üzrə 497 (dörd yüz doxsan yeddi) manat əsas borc, 24.85 (iyirmi dörd manat səksən beş qəpik) manat dəbbə pulu olmaqla ümumilikdə 521.85 (beş yüz iyirmi bir manat səksən beş qəpik) manat məbləğində pul iş üzrə Cavabdeh alınaraq iş üzrə İddiaçı verilsin. İddia qalan hissədə əsaslı olmadığından rədd edilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 23.33 (iyirmi üç manat otuz üç qəpik) manat hissəsi Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-1427/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1427/2024
27.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver