Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1438/2025 12.11.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ (Açar sözlər: nisyə alğı-satqı müqaviləsi üzrə pul tələbi) Naxçıvan Şəhər Məhkəməsinin hakimi Heydarov Aslan Nazim oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İşin halları:
1. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 509 ( beş yüz doqquz) manat, hər ay üçün 5 ( beş) faiz olmaqla, ödənilməmiş 4 ay üzrə 101,80 ( yüz bir manat, səksən qəpik) manat və iddia ərizəsi üçün dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə 640,80 ( altı yüz qırx manat, səksən qəpik) manat pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, o, Naxçıvan şəhəri, Ə.Qəmküsar küçəsi, Bina 6-da yerləşən "Məişət Əşyaları” mağazasını işlədir. Naxçıvan şəhəri, H.Əliyev PR 13, ev 17-də qeydiyyatda olan və orada yaşayan Cavabdeh ilə arasında bağlanmış 15 Oktyabr 2024-ci il tarixli, N05404 nömrəli kredit müqaviləsi ilə 737 (yeddi yüz otuz yeddi) manat dəyərində Məişət əşyalarını kreditə vermişdir. Aralarında Cavabdeh öz xətti ilə yazılaraq və öz imzası ilə imzalanaraq bağlanmış N05404 nömrəli kredit müqaviləsinə görə ümumi məbləği 737 (yeddi yüz otuz yeddi) manat, ilkin Ödəniş məbləği 50 (alli) manat, kreditin qalıq məbləği 687 (altı yüz səksən yeddi) manat olmaqla 14 (on dörd) ay müddətinda hər ay 49.07 (qırx doqquz manat sıfır yeddi qəpik) manat pulu ona qaytaracağını öhdəsinə götürmüşdür.
3. Cavabdeh N05404 nömrəli kredit müqaviləsi üzrə ilk vaxtları kredit borcunu ödəyərək ona olan ilkin ödənişlə birlikdə 228 (iki yüz iyirmi səkkiz) manat borcunu İddiaçı qaytarmışdır. Lakin cavabdeh kredit borcundan qalmış 509 (beş yüz doqquz) manat pulu bu günədək iddiaçıya geri qaytarmamışdır. Cavabdeh bir neçə dəfə borclu qaldığı pulun qaytarmasını desədə, o, hər dəfəsində müxtəlif bəhanələrlə iddiaçıya ödəməli olduğu borcunu geri verməkdən boyun qaçırmışdır. Cavabdeh yazılı şəkildə müraciət edərək ona olan kredit borcunu geri qaytarmasını xahiş etsə də o, yazılı müraciətinə heç bir münasibət bildirməmişdir. Artıq bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
4. İddiaçı bildirir ki, cavabdeh ilə bağladığı N05404 nömrəli kredit müqaviləsinə görə aralarındakı razılığına əsasən cavabdehin ona ödəməli olduğu kredit borcunun yubadılmasına görə hər ay üçün 5 (beş) faizi miqdarında kompensasiya (cərimə) hesablanacağını razılaşaraq öhdəsinə götürmüşdür. Bu səbəbdən də cavabdehin ona 15 oktyabr 2024-cü il tarixli, N05404 nömrəli kredit müqaviləsi üzrə 10 (on) ay ərzində ödəməli olduğu 509 (beş yüz doqquz) manat kredit borcunu bu günədək ödəmədiyi hər ay üçün 5 (beş) faiz olmaqla, ödənilməmiş 4 ay üzrə 101.80 (bir yüz bir manat səksən qəpik) manat pulun da ona ödənilməsini istəyirəm.
5. Hesab edir ki, artıq onun pozulmuş hüquqlarının bərpası məhkəmə qaydasında tənzimlənməli və tələbinin tam təmin edilməklə, əsaslı məhkəmə qətnaməsi çıxarılmalı, cavabdeh tərəfindən ona verilməli olan pul tələbim təmin edilməli, tələb etdiyi kredit borcundan qalmış 509 (beş yüz doqquz) manat, hər ay üçün 5 (beş) faiz olmaqla, ödənilməmiş 4 ay üzrə 101.80 (bir yüz bir manat səksən qəpik) manat pulun və 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən alınmaqla ona verilməsinə dair müvafiq məhkəmə aktı qəbul edilməlidir.
6. İddiaçı ərizəsinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 443, 445.1, 465.2, 449.1, 449.4-cü maddələrinə istinad edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Məhkəmə xx.xx.2025-ci il tarixdə daxil olmuş ərizə üzrə xx.xx.2025-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin Cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir.
Sübutların tədqiqi:
8. İş materiallarında olan 15 oktyabr 2024-cü il tarixli, 5404 nömrəli müqavilədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında “Məişət əşyaları”nın nisyə satılması barədə müqavilə bağlanmışdır.
9. İş materiallarında olan 15 oktyabr 2024-cü il tarixli Müqavilədən görünür ki, tərəflər müqavilə üzrə aylıq ödənişlərin xx.xx.2025-ci ildən başlayaraq, 14 ay ərzində ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar.
10. İş materiallarında olan 15 oktyabr 2024-cü il tarixli 5404 nömrəli kredit çekindən görünür ki, iş üzrə Cavabdeh “Məişət əşyaları” nı tam qüsursuz şəkildə təhvil alaraq bu barədə müvafiq imza etmişdir.
11. İş materiallarında olan ödəniş çeklərindən görünür ki, Cavabdeh 15 oktyabr 2024cü ildə 50 AZN, 24 noyabr 2024-cü ildə 50 AZN, 16 dekabr 2024-cü ildə 50 AZN, 22 aprel 2025-ci ildə 38 AZN, 22 may 2025-ci ildə 40 AZN məbləğində ödəniş etmişdir.
12. 23 sentyabr 2025-ci il tarixli Xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh pretenziya göndərilmiş və borcun ödənilməsinə dair xəbərdarlıq edilmişdir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsi
13. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
14. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 15.Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 16.Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 17.Maddə 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 18.Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 19.Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 20.Maddə 442. öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 21.Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 22.Maddə 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
23. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 24.Maddə 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.
25. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
Tətbiq edilən prosessual hüquq normaları:
Mülki Prosessual Məcəllə
26. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
27. Maddə 284-5.1. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir.
28. Maddə 284-5.2.Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.
29. Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
30. Maddə 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin, qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Məhkəmənin mövqeyi:
33. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir.
34. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia qismən təmin edilməklə Cavabdeh 15 oktyabr 2024-cü il tarixli, 5404 nömrəli Malın satın alması müqavilələri üzrə 509 (beş yüz doqquz) manat əsas, 25,45 (iyirmi beş manat qırx beş qəpik) manat cərimə olmaqla, ümumilikdə 534,45 (beş yüz otuz dörd manat, qırx beş qəpik) manat borc İddiaçı xeyrinə tutulmalıdır.
35. Belə ki, iş materiallarından göründüyü kimi, tərəflər mülki qanunvericiliyin müqavilə azadlığı prinsipləri çərçivəsində “Məişət əşyaları”nı nisyə alqı-satqı müqaviləsini bağlamış və iddiaçı müqavilə öhdəliklərini yerinə yetirərək, malı cavabdehə təhvil vemişdir. Lakin, cavabdeh müqavilələrin şərtlərini lazımi qaydada yerinə yetirməmiş, müqavilədə Əlavəldə nəzərdə tutulmuş ödəniş qrafiki əsasında ödənişlərini vaxtında yerinə yetirməmişdir.
36. Məhkəmə hesab edir ki, cavabdeh öhdəliyini lazımi qaydada yerinə yetimədiyindən iddiaçı 15 oktyabr 2024-cü il tarixli, 5404 nömrəli Malın satın alması müqavilələri üzrə 509 (beş yüz doqquz) manat əsas borcunu tələb etməkdə haqlı olmuşdur.
37. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 3.7-ci bəndində nəzərdə tutulmuşdur ki, alınmış mal üçün ödənilməli olan pul məbləğinin hər gecikdirilmiş ayı üçün malın ödənilmədiyinə görə qalmış olan dəyirinin 5 faizi miqdarında kompensasiya (cərimə) ödənilir.
38. Yuxarıda qeyd olunan normalar baxımından məhkəmə hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu əsas borca münasibətdə tənasübsüz olduğundan azaldılaraq, əsas borcun 5% miqdarında 25,45 manat məbləğində müəyyən olunmalıdır. Tələb dəbbə pulunun qalan hissəsində rədd edilməlidir.
39. MPM Maddə 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir.
40. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə İddiaçı tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 Portalına xx.xx.2025-ci il tarixdə 11557 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 26,25 manat hissəsi Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır.
41. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216, 284-1, 284-5, 284-6, 358.0.3-cü maddələrini rəhbər tutaraq
qətetdi:
İddia qismən təmin edilsin. Cavabdeh 15 oktyabr 2024-cü il tarixli, 5404 nömrəli Malın satın alması müqaviləsi üzrə 509 (beş yüz doqquz) manat əsas, 25,45 (iyirmi beş manat qırx beş qəpik) manat cərimə olmaqla, ümumilikdə 534,45 (beş yüz otuz dörd manat, qırx beş qəpik) manat borc İddiaçı xeyrinə tutulsun. İddiaçı tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 Portalına xx.xx.2025-ci il tarixdə 11557 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 26,25(iyirmi altı manat, iyirmi beş qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Aslan Heydarov.