Məhkəmə qərarları › İş №2(078)-147/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-147/2025

18.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-147/2025 18.02.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə, iddiaçının vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 27 aprel 2017-ci il tarixli 2(078)-530/2017 nömrəli əmri ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək 21 fevral 2009-cu il təvəllüdlü X2 və 11 iyun 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər birinə 235 manat olmaqla iki uşağa görə 470 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, heç bir yerdə işləmir. İş axtarmaq üçün Bakı şəhərinə gəldikdən sonra isə həm qaraciyərində problem olduğunu, həm də kist əmələ gəldiyini öyrənmişdir. Həkimlər kistə görə davamlı müalicə almalı olduğunu və belə getsə əməliyyatın vacib olduğunu bildirdilər. Böyük oğlu Yusif hazırda texniki kollecdə təhsil alır. Hərbiyə vermək istədiyi üçün yoxlanışa gedən zaman ürəyində problem olduğunu öyrəniblər. Həkimlər onun da təcili əməliyyat olunmağını bildirdilər. Onun isə nə özünün, nə də övladının müalicəsini və əməliyyatını qarşılamaq üçün heç bir maddi imkanı yoxdur. Hal-hazırda anasının dəstəyi ilə dolanırlar. Cavabdehin isə Yusif ilə İbrahimə birlikdə ödədiyi 140 manat miqdarında aliment hazırkı dövrdə onların tələbatlarını qarşılamır və o, bunun öhdəsindən gəlməkdə bir qadın olaraq çətinlik çəkir. Hazırda hər bir əşyanın qiymətində davamlı artım müşahidə olunur və bu da bizim ailə büdcəsinə təsir edir. Bu səbəbdən də övladlarımın saxlanılmaları, inkişafları, təhsilləri və gələcəkləri üçün cavabdehin ödədiyi alimentin məbləğinin artırılmasını istəyir. İddiaçı nümayəndəsi Nümayəndə və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddia tələbinə Naxçıvan Şəhər Məhkəməsinin 27 aprel 2017-ci il tarixli 2(078)-530/2017 nömrəli əmri ilə müəyyən olunmuş alimentin tutulması qaydasının dəyişdirilərək bir uşaq üçün sabit pul məbləğində 235 manat olmaqla cəmi 470 manat alimentin Cavabdeh tutulub ona ödənilməsini xahiş etmişdir. Məhkəmənin 28 yanvar 2025-ci il tarixli qərardadı ilə ərizə nəzərə alınaraq iddia tələbinə dəqiqləşdirilmiş çərçivədə baxılmasına qərar verilmişdir. Məhkəmə iclası zamanı izahat verən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, məhkəmə əmri ilə 2 uşağa 250 manat aliment almışdır. Həmin vaxt aliment cavabdehin əməkhaqqısından tutulurdu. Hazırda cavabdeh işləmir. 2009-cu il və 2011-ci il təvəllüdlü uşaqların saxlanılmasında çətinlik çəkir. Səhhəti ilə əlaqədar özü işləyə bilmir. 2009-cu il təvəllüdlü övladı hərbiyə sənəd verən zaman ürəyi xəstə olması müəyyən edilmişdir. Başqa gəliri yoxdur. Ona xəstəliyi ilə bağlı yataq rejimi təyin olunduğuna görə işləyə bilmir. Övladı kollecdə ödənişli təhsili üçün 700 manat pul ödəyir. Özünün ata və anası ayrılmışdır və əlavə evə gəlir gəlmir. Övladı ürəyinə görə əməliyyat olunmalıdır. Ürəyindəki qüsura görə dərslərində çətinlik çəkir. Qeyd edilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə etdiyini, qızının izahatına əlavəsi olmadığını bildirmiş və iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı iddiaçının vəkili Vəkil izahatında iddianı müdafiə etdiyini, qızının izahatına əlavəsi olmadığını bildirmiş və iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbi ilə razılaşmır. Fövqəladə Hallar Nazirliyindən pensiyaya çıxmışdır. 442 manat pensiya alır. 470 manat aliment tələb edilir. 442 manat pensiya müqabilində necə 470 manat ödəcəyini bilmir. Əlilliyi yoxdur, lakin gözü 95% görmür. X8 mühafizə işləyirdi, 2 ay bundan əvvəl bağlandığına görə işdən çıxmışdır. Yoldaşı işləmir, atası 280 manat pensiya alır, anası pensiya almır. Ailəsi ilə bir yerdə yaşayır. Aliment ödəməyə etirazı yoxdur. Ancaq bu gün alimentdən ona 200 manat pul qalır. Bank krediti vardır, 4 nəfər onun öhdəliyindədir. Yoldaşı dəmir yolunda işləmir, analıq məzuniyyətinə çıxdığına görə əmək haqqı almır. Qeyd edilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmənin qiymətləndirməsi: İşin faktiki və mübahisələndirilməyən halları bundan ibarətdir ki, tərəflər xx.xx.2008ci il tarixdə Babək rayon Tumbul kənd İcra Nümayəndəliyində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, tərəflərlərin birgə nikahlarından 21 fevral 2009-cu il təvəllüdlü X5 və 11 iyun 2011-ci il təvəllüdlü X4 adlı övladları doğulmuşdur. Naxçıvam Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(078)-530/2017 saylı əmri ilə Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq, 21 fevral 2009-cu il təvəllüdlü X2 və 11 iyun 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı ödənilməsi, alimentin tutulması tarixinin əvvəli xx.xx.2017-ci il tarixdən hesablanması qət edilmişdir. Naxçıvam Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(078)-563/2017 saylı qətnaməsi ilə iddiaçı X3 ilə Cavabdeh arasında 17 aprel 2008-ci il tarixdə Babək Rayon Tumbul Kənd İcra Nümayəndəliyində bağlanmış nikahın pozulması və tərəflərin uşaqları 21 fevral 2009-cu il təvəllüdlü X2 və 11 iyun 2011-ci il təvəllüdlü X1 ananın yanında saxlanılması müəyyən edilmişdir. Hazırki mübahisə üzrə iddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsidir. Həmin maddəyə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 9-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmin Qanunun 13-cü maddəsində qeyd olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü ildə ölkədə uşaqlar üçün yaşayış minimumu 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə işin faktiki və hüquqi hallarını mülki işin materialları ilə qarşılıqlı və əlaqəli şəkildə araşdırıb onları qiymətləndirərək hesab edir ki, iddiaçının aliment miqdarının tutulması qaydasının dəyişdirilməsi tələbi ilə müraciət etməsi üçün əsası olmuşdur. Belə ki, iddiaçı iddia ərizəsi ilə 2017-ci ildə məhkəməyə müraciət edərkən aliment məhkəmə əmri ilə əmək haqqından tutulmuşdur. Hazırda cavabdehin iş yeri yoxdur və ona görə də alimentin tutulması qaydası sabit pul məbləğinə dəyişdirilməlidir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə Ailə Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: - tərəflərin maddi və ailə vəziyyəti; - diqqətəlayiq digər hallar; - uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Buna görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, musiqi ilə məşğul olub-olmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanılması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Aliment tələbinə dair işlərə baxılarkən aliment ödəməli şəxsin başqa uşağa görə aliment ödədiyi müəyyən edilərsə, yeni məhkəmə qərarının həmin alimentin məbləğinin aşağı düşməsinə səbəb ola biləcəyi və bununla da onun maraqlarına toxunduğu nəzərə alınaraq xeyrinə aliment ödənilən şəxs işdə iştirak etməyə cəlb olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli, 15 nömrəli Qərarının “8.4-1-ci bəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, məhkəmə 2024-cü ildə verilmiş ərizə üzrə iki uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti hər uşaq üçün 138 manat həddində müəyyən etmək istəyirsə, (bu iddiaya baxılarkən) həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,4 mislində (345 x 0,4 = 138 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər uşaq üçün 0,40 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir.) Beləliklə məhkəmə belə hesab edir ki, iddia ərizəsi ərizəsi 20 noyabr 2024-cü il tarixdə məhkəməyə təqdim edildiyindən müəyyən edilən alimentin miqdarı 2024-cü il üzrə ölkə üzrə minimum əmək haqqına münasibətdə müəyyən edilməli, sonrakı artımlar nəzərə alınmaqla həmin vaxt minimum əmək haqqının misli həddində təyin edilməlidir. 2024-cü il üzrə minimum əmək haqqı 345 manat müəyyən edilmişdir. Məhkəmə iddianın qalan hissəsini rədd edərkən cavabdehin kifayət qədər qazanc əldə etməsinə dair iddiaçının hər hansı sübut təqdim etmədiyini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə 21 fevral 2009-cu il təvəllüdlü X2 və 11 iyun 2011ci il təvəllüdlü X1 anası İddiaçı himayəsində yaşamasını, cavabdehin hazırda işsiz olmasını nəzərə aldıqda, alimentin tutulması qaydasının dəyişdirilərək cavabdehidən iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə minimum əmək haqqının 0.4 misli həddində sabit pul məbləğində aliment tutulmasını ağlabatan hesab edir. Məhkəmə alimentlə bağlı iddianın qalan hissəsini rədd edərkən uşaqların saxlanılmasının ailə qanunvericiliyi ilə hər iki valideynin vəzifəsi olmasını, alimentin tam həcmdə ödənilməsi üçün cavabdehin kifayət qədər gəliri olması ilə bağlı iddiaçı tərəfindən hər hansı sübut təqdim edilmədiyini nəzərə almışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli, 15 nömrəli Qərarının “8.11-1-ci bəndinə görə alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.” Buna görə də hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği ərizə daxil olduğu vaxtdan 20 noyabr 2024-cü il tarixdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Lakin həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə hesab edir ki, iddia tələbinin alimentin tutulması qaydasının dəyişdirilməsi nəzərə alınaraq Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. Nəticə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(078)-530/2017 saylı məhkəmə əmri ilə müəyyən edilmiş alimentin tutulması qaydası dəyişdirilsin. Cavabdeh 21 fevral 2009-cu il təvəllüdlü X2 və 11 iyun 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.4 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli 20 noyabr 2024-cü il tarixdən hesablansın. Qətnamə alimentə dair qalan hissədə rədd edilsin. İddia qalan hissədə rədd olunsun. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar