Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1485/2023 29.11.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində müəyyən edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 15 avqust 2014-cü il tarixli 2(078)-687/2014 nömrəli məkhəmə əmri ilə müəyyən edilmiş aliment miqdarının dəyişdirilərək Cavabdeh 09 avqust 2006-cı il təvəllüdlü X2 və 30 mart 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit məbləğdə bir uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla iki uşaq üçün ümumilikdə 440 (dörd yüz qırx) manat miqdarında aliment tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki və mübahisələndirilməyən halları bundan ibarətdir ki, Cavabdeh ilə İddiaçı 06 iyun 2005-ci il tarixdə Naxçıvan şəhər VVADQ şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və bu barədə nikah akt qeydləri kitabında 141 nömrə ilə qeyd aparılmışdır. Tərəflərin birgə nikahlarından 09 avqust 2006-cı il təvəllüdlü X5 və 30 mart 2010-cu il təvəllüdlü X3 adlı övladları vardır. Naxçıvan Şəhər Məhkəməsinin 15 avqust 2014-cü il tarixli 2(078)-687/2014 nömrəli məkhəmə əmri ilə Cavabdeh 14 avqust 2014-cü il tarixdən hesablanmaqla hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi aliment qismində tutularaq 09 avqust 2006-cı il təvəllüdlü X2 və 30 mart 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Məmmədova (Ələkbərova) Aysel Mənsur qızına ödənilməsi əmr edilmişdir. Məhkəmə iclası zamanı izahat verən İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, Cavabdeh ilə xx.xx.2005-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurub, birgə nikahdan xx.xx.2006-cı ildə X5 və xx.xx.2010-cu ıl tarixdə X4 adlı iki qız övladımı doğulmuşdur. Sonralar ailə münasibətləri pozulduğundan nikah ləğv edilmiş və uşaqlar onun yanında saxlanılmışdır. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli məhkəmə əmri ilə uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh aylıq qazancının üçdə bir hissəsi miqdarında aliment pulunun tutularaq ona ödənilməsi müəyyən edilmişdir. Cavabdeh 01 oktyabr 2023-cü il tarıxdək aliment pulunu ödəmişdir. Cavabdeh polis əməkdaşı olub və pensiyaya çıxmışdır. Bu gün cavabdeh tərəfindən ödənilmiş 236 manat aliment pulu uşaqların ehtiyaclarını qarşılamır. Cavabdehin maddi vəziyyəti yaxşıdır. O müəllim işləyir. 480 manat əmək haqqı alır, həmin pul uşaqları görmür. Böyük qızı 18 yaşını bir neçə aydan sonra tamamlayacaqdır. Cavabdeh həm pensiya alır, həm də əlavə olaraq alış-veriş mərkəzində nəzarətçi işləyir və 440 manatdan əmək haqqı alır. Onun aliment ödənilməsi üçün imkanı vardır. 9 ildir alimentdən başqa heç bir ödəniş etməyibdir. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında Cavabdeh izahatında iddianı qəbul etməyib bildirmişdir ki, iddiaçının tələb etdiyi aliment məbləği çox yüksəkdir. Onun aylıq gəliri ümumilikdə 1100 manatdır. Anasına məxsus evdə yaşayır. İkinci dəfə ailə qurub və ikinci evliliyindən də 2 övladı var. Qanunda əmək haqıqnın üçdə biri hissəsində aliment tutulmasından söz açılır. Ona görə də o ümumilikdə 250 manatdan artıq aliment ödəməyəcəkdir. Min bir home alışveriş mərkəzində nəzarətçi işləyir 400 manat əmək haqqı alır. Pensiyası 700 manatdır. Təzə işə düzəlibdir. 9 ildir iddiaçı ilə ayrılıbdır. Əvvəl əmək haqqı kartından 256 manat alimentə pul çıxılırdı. Pensiyaya çıxandan 235 manat çıxılır. İddiaçının hər bir şəraiti var. Onun borcları var, banka olan borcunu yeni bitiribdir. Əlavə birkart borcu vardır və Beko firmasından kreditə televizor götürüb, aylıq 54 manat ödəməsi vardır. Onun daha artıq aliment ödəmək imkanı yoxdur. Qanuni qərar qəbul edilməsini xahiş etmişdir Məhkəmənin qiymətləndirməsi: Hazırki mübahisə üzrə iddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsidir. Həmin maddəyə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 9-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmin Qanunun 13-cü maddəsində qeyd olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü ildə ölkədə uşaqlar üçün yaşayış minimumu 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə işin faktiki və hüquqi hallarını mülki işin materialları ilə qarşılıqlı və əlaqəli şəkildə araşdırıb onları qiymətləndirərək hesab edir ki, iddiaçıların alimentin tutulma qaydasının dəyişdirilməklə sabit pul məbləğində müəyyən edilməsi tələbi ilə müraciət etməsi üçün əsasları olmuşdur. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə Ailə Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: - tərəflərin maddi və ailə vəziyyəti; - diqqətəlayiq digər hallar; - uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Buna görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, musiqi ilə məşğul olub-olmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanılması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Aliment tələbinə dair işlərə baxılarkən aliment ödəməli şəxsin başqa uşağa görə aliment ödədiyi müəyyən edilərsə, yeni məhkəmə qərarının həmin alimentin məbləğinin aşağı düşməsinə səbəb ola biləcəyi və bununla da onun maraqlarına toxunduğu nəzərə alınaraq xeyrinə aliment ödənilən şəxs işdə iştirak etməyə cəlb olunmalıdır. Tərəflərin maddi vəziyyətini, eləcə də uşaqların tələbatlarının artmasının mübahisə doğurmadığını nəzərə aldıqda məhkəmə belə qənaətə gəlir ki, belə olan halda iddiaçının tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Məhkəmə qeyd edilənləri, 09 avqust 2006-cı il təvəllüdlü X2 və 30 mart 2010-cu il təvəllüdlü X1 hal-hazırda anası İddiaçı himayəsində yaşamasını, uşağın həyat şərtlərinə uyğun gündəlik tələbatlarını nəzərə alaraq Cavabdeh hər ay sabit məbləğdə bir uşaq üçün 200 (iki yüz) manat olmaqla iki uşaq üçün ümumilikdə 400 (dörd yüz) manat miqdarında alimentin müəyyən olunmasını ağlabatan hesab edir. Məhkəmə iddiaçının işlədiyini, uşaqları saxlamaq hər iki valideynin vəzifəsi olduğunu nəzərə alıb iddianın qalan hissəsinin rədd edilməsi nəticəsinə gəlir. Məhkəmə cavabdehin izahatında əlavə ikinci dəfə ailə qurması, iki övladının daha olması, kredit borcları olması, alimentin daha artıq məbləğdə ödənilməsi üçün maddi imkanı olmaması ilə bağlı bildirdiyi hallarla əlaqədar qeyd edir ki, işin yuxarıda şərh olunmuş halları və bu halların əsaslandırıldığı maddi hüquq normaları alimentin tutulma qaydasının dəyişdirilməsinə və sabit pul məbləğində müəyyən edilməsinə əsas verir. Belə ki, hazırda cavabdeh pensiya almaqla yanaşı ikinci iş yerinə malikdir və hazırki alimentin tutulması aliment ödənilən uşaqların mənafeyinin pozulması ilə nəticələnir. İstər alimentin miqdarı uşaqların əvvəlki təminat səviyyəsi üçün diqqətəlayiq deyildir, istərsə də artıq cavabdehin daimi iş yeri, sabit gəliri yoxdur. O pensiya almaqla yanaşı əlavə qazanc yerinə malikdir. Bu halda onun ikinci evliliyindən övladının olması, kredit borclarının olması aliment ödədiyi uşaqları üçün daha az məbləğdə aliment ödənilməsinə əsas vermir. Məhkəmə hesab edir ki, hazırki alimentin tutulmasının əvvəli iddiaçının bu barədə müraciət etdiyi vaxtdan hesablanmalıdır. Alimentin artırılması tələblərindən tutulmanın əvvəli qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanır. Ancaq hazırki tələb alimentin tutulması qaydasının dəyişdirilməsi tələbidir. Ona görə də alimentin tutulmasının əvvəli iddia ərizəsi ilə müraciət edildiyi vaxtdan- 11 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1 və 112.1.6-cı maddələrinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda- ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edildiyindən hazırki iş üzrə Cavabdeh iddianın təmin edilmiş hissəsinə uyğun olaraq (qiymətləndirilən iddialar üzrə iddia qiyməti 1000 manata qədər olduqda) 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddiaçı Cavabdeh qarşı alimentin sabit sabit pul məbləğində müəyyən edilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 15 avqust 2014-cü il tarixli 2(078)-687/2014 nömrəli məkhəmə əmri ilə müəyyən edilmiş alimentin tutulması qaydası dəyişdirilsin. Cavabdeh 11 oktyabr 2023-cü il tarixdən hesbalanmaqla hər ay sabit məbləğdə bir uşaq üçün 200 (iki yüz) manat olmaqla iki uşaq üçün ümumilikdə 400 (dörd yüz) manat miqdarında aliment tutularaq 09 avqust 2006-cı il təvəllüdlü X2 və 30 mart 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamə alimentə dair qalmış hissədə rədd edilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №2(078)-1485/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1485/2023
29.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver