Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-15/2021 10.02.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Cavabdeh və cavabdehin vəkili X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh vermiş olduğu 109000 (bir yüz doqquz min) manat puldan qaytarılmamış qalan 51850 (əlli bir min səkkiz yüz əlli) manat məbləğində borcun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh bir neçə ildir tanıyır, belə ki, cavabdeh övladı X2 ibtidai sinif müəlliməsi olduğu üçün aralarında rəfıqəlik münasibətləri yaranmış, mütəmadi gediş-gəliş formalaşmış, Afaq müəllimə olduğu üçün təhsil sahəsindən ona münasibətdə kifayət qədər anlayışlı idi və o da cavabdehi bu sahədə yetkin bir şəxs kimi tanımışdır. Dəfərlə görüşləri zamanı Afaq ona bildirmişdir ki, Bakı şəhərində bağça açmaq niyyətindədir, bu sahə kifayət qədər gəlirli sahədir və onun da pul qoyacağı təqdirdə yaxşı gəlir götürəcəklərini bildirmiş və bununla bağlı 2018-ci ilin sentyabr ayında Cavabdeh ondan 6000 manat pul istəmiş və aralarındakı razılaşmaya əsasən Afaq 2018-ci ilin dekabr ayında pulu qaytarmalı idi. Həmin vaxt onda pul olmadığı üçün o, rəfiqəsi Ayseldən həmin pulu alıb ünvan 1 mənzil 75 ünvanında Afaqa vermiş, sonra bununla əlaqədar müxtəlif vaxtlarda atası X1 vasitəsilə və birbaşa özü olmaqla rəfiqəsi Ayseldən aldığı və özünə məxsus puldan 2018-ci ilin noyabr ayının əvvəlində 1500 manat, noyabr ayının ortasında 3000 manat, dekabr ayının ortası 7000 manat, 2019-cu ilin yanvar ayında 8000 manat, fevral ayının ortasında 5000 manat, mart ayında 5700 manat, aprel ayının əvvəlində 6000 manat və 8950 manat, may ayında isə ardıcıl olaraq 3000, 1600, 15950, 1800, 3700, 7000 və 7800 manat, sonuncu dəfə isə iyun ayında 17000 manat olmaqla, ümumilikdə 109.000 manat pul vermişdir. Ərizədə qeyd edilmişdir ki, çoxsaylı təkidlərdən sonra Afaq ondan aldığı puldan 57150 (əlli yeddi min bir yüz əlli) manat qaytarmış və hazırda borcu 51850 (əlli bir min səkkiz yüz əlli) manat təşkil edir. Cavabdeh ona qarşı dələduzluq cinayət törətməsi qənaətinə gələrək hüquq mühafizə orqanlarına müraciət etmiş və ərizəsi ərazi aidiyyatı üzrə Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə göndərilmiş, Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin təhqiqatçısı Nicat İsmayıllı tərəfindən ərizəsi əsasında araşdırma aparılmış, toplanmış materiallar nəzərdən keçirilərək xx.xx.2019-cu il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, təhqiqat müddətində Cavabdeh izahatı alınmış və cavabdeh izahatında bildirmişdir ki, “O, ibtidai sinif şagirdlərinə dərslərində kömək edərək repetitorluq fəaliyyəti ilə məşğuldur. 2018-ci ilin sentyabr ayında Sovqat adlı xanım ona zəng edərək oğlu Mehdini onun yanına dərsə göndərmiş, beləliklə, aralarında səmimi münasibət yaranmış, 2018-ci ilin oktyabr ayında Vəfa adlı rəfiqəsi ondan 5000 manat borc pul istəmiş və həmin pulu Vəfaya vermiş, Vəfa aldığı 5000 manat pulu təxminən 15 gün sonra Nərimanov rayonu ərazisində yerləşən “Metropark”ın yanında ona qaytarmış və o, həmin pulu çantasına qoymuş, lakin həmin günü yaşadığı evdə pul naməlum şəraitdə itdiyini aşkar etmiş, bu zaman məcbur qalıb Sovqatdan borc pul istəmişdir və 2 aya qaytaracağına söz vermiş, Sovqat əlində o qədər pul olmadığını bildirərək tanışlarından faizə pul alaraq ona kömək edə biləcəyini bildirmiş, ailə üzvlərinə bildirməmək üçün bu addımı atmış, Sovqat ona pulu verəcəyi təqdirdə nə şirinliyi olacaq deyə soruşduqda razılaşmışdır ki, onun oğlu Mehdi bir tədris ili müddətində onun yanına pulsuz gələcəkdir. Pulu verdikdən 15 gün sonra Sovqat ondan pulu tələb etməyə başlamış, ailə üzvlərinin bilməsindən qorxaraq özünə məxsus olan qızıl-zinət əşyalarını lombarda qoyaraq 6200 AZN götürərək Sovqata vermiş, lakin Sovqat bununla razılaşmayaraq bunu borcun faizi olaraq qəbul etmiş və əlavə olaraq pul tələb etmiş, ailə üzvlərinin bu işdən xəbər tutmasından qorxduğu üçün razılaşmış, təxminən 15 gün sonra yaxın qohumunun toy mərasimində iştirak etmək üçün lombarda qoyduğu qızıl-zinət əşyalarını götürmək məcburiyyətində qaldığı üçün Sovqatdan yenə borc pul istəmiş və ondan 6000 AZN pul almış, aralarında olan razılaşmaya əsasən borcun ödənmədiyi hər aya görə məbləğin üzərinə 10% gəlməli olduğunu, beləliklə, bir neçə dəfə Sovqatdan aldığı borcu ödəmək üçün yenidən lombarda qoyduğu qızıl-zinət əşyalarını girovdan çıxarmaq üçün Sovqatdan borc almış, bu hadisə bir neçə dəfə təkrarlanmış və nəticədə məbləğ Sovqatın dediyinə görə 90.000 (doxsan min) AZN olduğunu bildirmiş, Sovqat hər dəfə bu barədə ailə üzvlərinə bildirəcəyi hədəsi ilə ondan bir neçə dəfə pul tələb etmiş, ümumi olaraq Sovqata 66.000 (altımış altı min) manat pul vermişdir”. İddiaçı ərizədə qeyd etmişdir ki, verilmiş izahatdan da göründüyü kimi borc qismində alınmış 6000 manatın əvəzi olaraq kiməsə 66000 AZN qaytarılması inandırıcı olmamaqla, mülki münasibət zamanı üzərinə düşən öhdəliyin icrasından yayınmaq məqsədi daşıyır və yuxarıda göstərilən münasibətlər tərəflər arasında whatsapp proqramı vasitəsilə olan danışıqlarda tam olaraq öz əksini tapmışdır, belə ki, bacısı Cavabdeh məxsus 055 ***-**-** nömrəli mobil telefonla whatsapp proqramı vasitəsilə sentyabr-oktyabr aylarında aralarında olan danışıqlar zamanı Afaq bildirir ki, “salam mən xırda-xırda irəliləyiş olaraq 26-sı veriləcək narahat olma”, növbət dəfə 26 sentyabrda pulun düzəlməsi barədə sualına cavab olaraq o bildirir ki, “kartdan çəkirəm. Çəkmişəm 17 min hələ. Bir günə pul düzəltmək olur ki düzəldim? Kartdan çəkirəm 1000-1000 çıxır ona görə bir neçə bankomatdan çəkirəm” və ardından bildirir ki, “31 min çıxıb, səhər də qalanı çıxır. Mən sözümün üstündə duran xanımam yalan yoxdur. Bu da pul” (3 bağlama pulun şəklini göndərir). Qeyd edilmişdir ki, Cavabdeh ilə aralarında uzun müddət whatsapp proqramı vasitsilə danışıqlar olmuş və onların kağız daşıyıcıda və audio surətləri çıxarılmışdır. Həmin danışıqlardan birbaşa olaraq Afaqın onun pulunu ələ keçirdiyi açıq-aydın görünür və şəxsi etibarlarından istifadə edərək ələ keçirdiyi pulu müxtəlif bəhanələrlə bu gün- sabah qaytaracağı barədə yalan vədlər verir. Cavabdeh təhqiqat orqanında vermiş olduğu izahatında ona borcu olmadığını bildirsə də, yanlışlığa yol vermiş, düzünü söyləməmişdir. Hal-hazırda cavabdehin ona 51.850 (əlli bir min səkkiz yüz əlli) manat borcu qalmaqdadır ki, bu borcun ödənilməsi üçün Afaq tərəfindən hər hansı təşəbbüs göstərilməmiş, əksinə, bütün hərəkətləri ilə borcu ödəməkdən yayınmağa çalışmışdır. Sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmə vəzifəsi öhdəlik daşıyan şəxsə aid olduğundan, borc alınmış 109.000 manat borcdan qalan 51.850 manat pulun və ya onun bir hissəsini qaytardığını sübut etmə vəzifəsinin cavabdehin üzərinə düşdüyünü bildirən İddiaçı mülki qanunvericiliyin müvafiq normalarına istinad edərək sonda iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə İddiaçı qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmişdir. İddia ərizəsinə əlavə edilmiş ərizədə İddiaçı Naxçıvan Muxtar Respublikasına gəlibgetməyi ilə əlaqədar yaranan çətinliklə bağlı tərəfindən verilmiş iddiaya dair mülki işə onun iştirakı olmadan, təqdim etdiyi və işdə olan mövcud sübutlarla baxılaraq qətnamə çıxarılmasını xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə mülki işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı izahatında Cavabdeh iddianı rədd edərək bildirmişdir ki, xx xxxxxxx 2018-ci il tarixdə rəfiqəsi Vəfa ondan 5000 manat borc istəmiş və həmin pulu Vəfaya vermiş, Vəfa aldığı 5000 manat pulu təxminən 15 gün sonra Nərimanov rayonu ərazisində yerləşən “Metropark”ın yanında ona qaytarmış və o, həmin pulu çantasına qoymuş, lakin həmin vaxt alış-veriş etdiyi üçün başı qarışdığından çantasını itirmişdir. Pulun itməsini ailəsinə deməyə qorxduğu üçün hazırlaşdırdığı şagirdi Mehdinin valideyni-iş üzrə İddiaçı müraciət edərək ona borcu qaytarmaq üçün bankdan x xxx 5000 manat pul götürməyi təklif etmiş, Sovqat da ona Bankdan pul götürməyin mümkün olmadığını, lakin faizə pul verən birini tanıdığını ona bildirmişdir. Həmin vaxt özünün pulu qaytaran zaman yəqin ki, 200-300 manat hörmət edəcəyini düşünmüş, Sovqat ona 5000 manat pul vermişdir. Sovqata bildirmişdir ki, pulu 2019-cu ilin fevral ayında qaytaracaqdır. Lakin sonra razılaşdıqları müddətdən tez, yəni 15 gün sonra Sovqatın ona zəng edərək “təcili pulu çatdır, üstündə də 1000 manat faiz ver” demiş, o, isə cavabında bu qədər faizi verə bilməyəcəyini ona bildirmişdir. Sovqat, Sovqatın bacısı və rəfiqəsi onun evinə gəlib şantaj edərək, hədə-qorxu gələrək məsələni həyat yoldaşına deyəcəkləri ilə hədələmiş, ailəsinin məsələdən xəbəri olmasından və ailədə söz-söhbət yaranacağından qorxduğu üçün qızıllarını lombarda qoyaraq 6000 min manat pul götürüb Sovqata vermişdir. 3 gün sonra qohumda toy olduğu və toyda qızılları taxacağı üçün məcbur qalıb lombarda qoyduğu qızılları götürməli olmuş, məsələni Sovqata demişdir. Sovqat isə ona “narahat olma, taparam” demiş, elə həmin gün ona 6000 manat pul vermişdir. Həmin pulu lombarda ödəyib qızıllarını götürmüşdür. Sovqat ona 5000 manat və 6000 manat olmaqla 2 dəfə pul vermiş, yuxarıda da qeyd etdiyi kimi həmin 5000 manatın üstünə 1000 manat da faiz qoyub Sovqata qaytarmışdır. Digər 6000 manatı isə bir ay sonra qaytaranda Sovqat ona “hər gün üçün borcun üstünə 10 % pul gəldi” demişdir. O isə cavabında “götürdüyüm 6000 manatı qaytarıram” desə də Sovqat ona “6000 manat borca əlavə olaraq 18000 manat faiz verməlisən” demişdir. Həmin pulu ödəyə bilməyəcəyini dediyində Sovqat ona qarşı şantaja, hədə-qorxuya keçmiş, ailəsini düşündüyündən və ailəsinin zərər görməsini istəmədiyindən tələb etdiyi 18000 manat faizi qaytarmaq üçün vaxt istəmişdir. 5 ay sonra Sovqatın tələb etdiyi 18000 manat faizi qaytaranda Sovqatın ona “sən nə danışırsan? 18000 manat faizin də faizi 90000 manat edir, sən mənə 90000 manat verəcəksən” demişdir. Bundan sonra çıxılmaz vəziyyətdə qalmış, hətta intihar etmək barədə də düşünmüşdür, çıxış yolu olaraq özünün qızıllarını və qayınanasının da qızıllarını lombarda qoymuş, əvəzində lombarddan hissə-hissə 66000 manat pul götürüb Sovqata vermişdir. Lakin Sovqat onun hədə-qorxudan qorxduğunu bildiyi üçün yenidən pul tələb etmiş, artıq dözə bilməyib “mənim imkanın yoxdur, nə istəyirsən elə” demişdir. Bu söhbətdən sonra elə həmin gün Sovqat Mersedes markalı avtomobillə yanında iki oğlan və bir qızla onun yaşadığı ünvana gəlib uca səslə səs-küy salaraq onu hədələmiş, həmin vaxt özü də dözə bilməyib həyat yoldaşına zəng edərək evə çağırmış, yoldaşına hər şeyi olduğu kimi danışmışdır. Çünki bu hədə-qorxunun bundan sonra da davam edəcəyini düşünmüşdür. Sovqat faizçidir, dələduzluqla məşğul olur, ümumiyyətlə ondan tələb etdiyi pul məbləğləri də fərqli olmuşdur. Belə ki, Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə şikayət etdiyi zaman ərizəsində 46000 manat yazsa da, məhkəməyə göndərdiyi iddia ərizəsində isə bunu 51000 manat kimi göstərmişdir. Sovqata görə demək olar ki, müflis olmuş, Sovqatdan aldığı 6000 manatın əvəzinə 66000 manat faiz vermişdir. Ümumiyyətlə iddiaçıya bir qəpik belə borcu yoxdur. İlkin olaraq o Sovqata 6000, sonra 13000, 17000 manat pul vermiş, həmin pullar 66000 borcun tərkibinə daxil deyildir. Həmin pulları da hesablayanda Sovqata 90000 manatdan artıq pul vermişdir. Həmin pulların 11000 manatı onun aldığı real borc, qalan məbəği faiz olmuşdur. Cavabdeh sonda qeyd olunanların nəzərə alınaraq iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı cavabdehin vəkili X5 hüquqlarını müdafiə etdiyi şəxsin izahatını təsdiqlədiyini, iddiaçı tərəfindən heç bir sübut olmadığını, verilən pulların faizə hesablandığını, bu pulları qızılları lombarda qoyaraq verdiyini, əlavəsinin olmadığını bildirib iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə cavabdeh tərəfin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan sənədlərdən, cavabdehin izahatından, iddia ərizəsindən, tərəflər arasında olan vatsapp yazılarından tərəflər arasında borc münasibətlərinin olması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddənin dispozisiyasından da göründüyü kimi sübutetmə yükü pulun verilməsinə münasibətdə iddiaçını, öhdəliyin icra edilməsinə yəni pulun qaytarılmasına münasibətdə isə cavabdehin üzərində düşür. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki işin məhkəmə araşdırması zamanı iş üzrə İddiaçı məhkəməyə ünvanladığı iddia ərizəsində cavabdehin ona ümumilikdə 51850 (əlli bir min səkkiz yüz əlli) manat borcu olduğunu, dəfələrlə cavabdehdən pulunu tələb etsə də, bu pulun geri qaytarılmadığını diqqətə çatdırmış və məhz bu xüsusatların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinə münasibət bildirən iş üzrə Cavabdeh istər Bakı şəhəri Xətai Rayon Məhkəməsinin məhkəmə tapşırığı ilə əlaqədar olaraq verdiyi izahatında, istər Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə verdiyi izahatında 6000 manat borc əvəzində 66000 manat faiz verdiyini, xx xxxxxx 2021-ci il tarixdə keçirilən məhkəmə baxış iclası zamanı vediyi izahatında Sovqatdan aldığı 11000 manatın əvəzinə ümumilikdə 90000 manatdan artıq faiz verdiyini, ümumiyyətlə iddiaçıya bir qəpik belə borcunun olmadığını bidlirmişdir. İş üzrə iddiaçı cavabdehin borcunu təsdiq edən whatsapp yazışmalarından çıxarışı iddia ərizəsinə əlavə etmişdir. Cavabdeh iddia tələbində göstərilən miqdarlarda pul məbləğinin ona verildiyini inkar etsə də öz izahatında bir dəfə 6000, bir dəfə 13000, bir dəfə 17000 pul verildiyini, daha sonra isə hissə-hissə olaraq bir dəfə 31000 manat bütövlükdə, xatırlamadığı digər hissələr şəklində 66000 manat Sovqata pul verdiyini, həmin pulun 11000 manatın borc, qalanının isə faiz olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, cavabdehin izahatı bir tərəfdən iddia ərizəsində göstərilən məbləğdə tərəflər arasında olan borc münasibətlərinin olduğunu təsdiq edir, belə ki, cavabdehin izahatında ümumi hesablamalarla iddiaçıya ümumilikdə 102000 manatdan artıq pul qaytardığını bildirmişdir. İddiaçı istər polis şöbəsinə verdiyini izahatında, istərsə də iddia ərizəsində cavabdehlə aralarında olan borc münasibətlərinin 109000 manat olduğunu, həmin pulun 57150 manatının cavabdehin qaytardığını, qalan pulun qaldığını bildirmişdir. Cavabdeh izahatında polis şöbəsində 66000 manat pul qaytardığını bildirmiş, məhkəmədə verdiyi izahatında isə əvvəl qaytardıqları pulları nəzərə almadığını, 66000 manatdan əlavə iddiaçıya 6000 manat, 13000 manat, 17000 manat pul verildiyini göstərmişdir. Cavabdeh və iddiaçının məhkəməyə təqdim etdiyi vatsapp yazılarından aydın olur ki, iddiaçı cavabdehdən dəfələrlə pulun qaytarılmasını tələb etmişdir. Lakin cavabdeh Cavabdeh izahatında pulun faizlə verildiyini, faizin də faizinin hesablandığını, iddiaçının onu şantaj edərək, hədə-qorxu gələrək pul tələb etdiyini, yoldaşının polis olduğunu, ona heç bir məlumat vermədiyini və yoldaşı bilmədiyi üçün iddiaçının hədə-qorxularına görə ona bu qədər pul ödədiyini bildirmişdir. Cavabdeh məhkəməyə dediklərinin təsdiqi üçün vatsapp yazıları təqdim etmişdir. Məhkəmə tərəfindən təqdim edilmiş sübut tədqiq edilmişdir. Təqdim edilən vatsapp yazılarında cavabdeh pulun hansı şəkildə verilməsindən asılı olmayaraq qaytaracağına razı olduğu qeyd edilmişdir. Məhkəmə tədqiq edilmiş bütün sənədləri qiymətləndirərək cavabdehin izahatını inandırıcı hesab etmir. Belə ki, cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarı xx xxxxxx 2019-cu il tarixdə qəbul edilmişdir. Həmin vaxt cavabdeh polis şöbəsinə çağırılaraq izahatı alınmışdır. İddia ərizəsi 2020-ci iliyin uyun ayında məhkəməyə daxil olmuşdur. Keçən bu müddət ərzində iddiaçı tərəfindən hədə-qorxu ilə pul tələb edilməsinə dair hər hansı hüquq-mühafizə orqanına şikayətin olub-olmaması barədə Cavabdeh məhkəmənin verdiyi suala cavabdeh olaraq bu günə qədər hər hansı orqana müraciət etmədiyini, bundan sonra müraciət edəcəyini bildirmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh və iddiaçı arasında pulun verilməsi və qaytarılması şərtləri barədə razılıq olmuş, həmin razılığa uyğun olaraq cavabdeh tərəfindən borc qaytarılmalı olsa da cavabdeh tərəfindən ümumi borcun bir hissəsi qaytarılaraq öhdəlik icra edilmiş, qalan borc məbləği qaytarılmadığından cavabdehin iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Cavabdeh ümumi hesblamalarla 102000 manatdan artıq iddiaçıya pul verdiyini bildirsə də iddiaçının iddia ərizəsində qaytarıldığını təsdiq ediyi 57150 manat puldan əlavə, hər hansı miqdarda pulun qaytarılması ilə bağlı məhkəməyə hər hansı mötəbər sübutlarını təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosessuаl Məcəllənin 14.2-ci mаddəsinin tələbinə görə məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Mülki Prosessuаl Məcəllənin 88-ci mаddəsinə əsаsən məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Beləliklə, məhkəmə işin yuxarıda qeyd olunan hallarını, iddia ərizəsini və ona əlavə edilmiş sübutları, cavabdehin izahatını və təqdim etdiyi sübutları, nəzərə alaraq hesab edir ki, tərəflər arasında borc münasibətlərinə dair hüquqi öhdəliklər yaranmışdır. Birinci tərəf olaraq iş üzrə İddiaçı ümumilikdə 109000 (bir yüz doqquz min) manat məbləğində borc pulu iş üzrə Cavabdeh verməklə üzərinə götürdüyü öhdəliyə əməl etmiş, lakin ikinci tərəf olaraq iş üzrə Cavabdeh götürdüyü öhdəliyi pozaraq iddiaçıya olan borcunun tam qaytarılmasını təmin etməmiş, iddiaçıya olan borcdan 51850 (əlli bir min səkkiz yüz əlli) manatını geri qaytarmamışdır. İş üzrə Cavabdeh onun tərəfindən alınmış pulun faizi ilə birlikdə yəni Sovqatdan aldığı 11000 manatın əvəzinə 66000 manat sonra, əvvəl isə 17000 manat, 13000 manat, 6000 manat faiz verdiyini iddia etsə də, tələblərinin və etirazlarının əsası kimi göstərdiyi faktları təsdiq edəcək sübut növü məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda məhkəmə cavabdehin qaytarılan pulların təsdiqi üçün mötəbər sübutlarını təqdim etməməklə yanaşı 11000 manat borc məbləğinə görə qeyd etdiyi məbləğdə faiz verməsini inandırıcı hesab etmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 209.1-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə cavabdehdən məhkəmə tədqiqatının materiallarını daha nə ilə tamamlamağı arzu etdiyini soruşsa da, cavadehin hər hansı başqa sübut növlərinin təmin olunmasına dair vəsatətləri olmamışdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin olunmalı, iş üzrə Cavabdeh 51850 (əlli bir min səkkiz yüz əlli) manat məbləğində pul alınaraq iş üzrə İddiaçı verilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası-Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq iddia təmin olunduğundan İddiaçı tərəfindən “xxxx” ASC Yasamal filialına xx xxx 2020-ci il tarixdə 28069 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı təmin edilsin. İş üzrə Cavabdeh 51850 (əlli bir min səkkiz yüz əlli) manat məbləğində pul alınaraq iş üzrə İddiaçı verilsin. İddiaçı tərəfindən “xxxx” ASC Yasamal filialına xx xxx 2020-ci il tarixdə 28069 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-15/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-15/2021
10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver