Məhkəmə qərarları › İş №2(078)-1505/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1505/2025

28.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1505/2025 28.11.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ (Açar sözlər: nisyə alğı-satqı müqaviləsi üzrə pul tələbi) Naxçıvan Şəhər Məhkəməsinin hakimi Heydarov Aslan Nazim oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İşin halları:

1. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2025-ci il tarixli, T011574 və xx.xx.2025-ci il tarixli T011589 nömrəli kredit müqavilələrinə əsasən, 2006 ( iki min altı) və 965 ( doqquz yüz altmış beş) manat, ödənilməmiş qalıq dəyər üçün 5 (beş) faiz olmaqla, ödənilməmiş 3 ay üzrə 300,90 (üç yüz manat, doxsan qəpik) və digər müqavilə üzrə ödənilməmiş 3 ay üzrə 144,75 ( yüz qırx dörd manat, yetmiş beş qəpik) manat pulun və 55 (əlli beş) manat dövlət rüsumunun, ümumilikdə 3471,65 (üç min dörd yüz yetmiş bir manat, altmış beş qəpik) manat pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Naxçıvan şəhər "PARK AVM" də yerləşən mağaza № 17 işlədir. Naxçıvan Şəhər, 1-ci küçə, ev 73-də qeydiyyatda olan Cavabdeh ilə arasında xx.xx.2025-ci il tarixli, T011574 nömrəli kredit müqaviləsi ilə 2177 manat dəyərində bir ədəd GENERAL MAX Klima, bir ədəd Samsung A56 markalı mobil telefonunu kreditə vermişdir. Aralarında Cavabdeh öz xətti ilə yazılaraq və öz imzası ilə imzalanaraq bağlanmış T011574 nömrəli kredit müqaviləsinə görə ümumi məbləği 2177 (iki min yüz yetmiş yeddi) manat, ilkin ödəniş məbləği 131.00 (bir yüz otuz bir) manat, kreditin qalıq məbləği 2046 (iki min qırx altı) manat olmaqla 17 (on yeddi) ay müddətində aylıq 120.35 (bir yüz iyirmi manat otuz beş qəpik) manat olmaqla nağd və ya köçürmə yolu ilə ona qaytaracağını öhdəsinə götürmüşdür.

3. Əlavə olaraq Naxçıvan şəhər, 1-ci küçə, ev 73-də qeydiyyatda olan Cavabdeh ilə aralarında xx.xx.2025-ci il tarixli, T011589 nömrəli kredit müqaviləsi ilə 1085 manat dəyərində bir ədəd Samsung A56 markalı mobil telefonunu kreditə vermişdir. Aralarında Cavabdeh öz xətti ilə yazılaraq və öz imzası ilə imzalanaraq bağlanmış T011589 nömrəli kredit müqaviləsinə görə ümumi məbləği 1085 (bir min səksən beş) manat, ilkin ödəniş məbləği 60.00 (altmış) manat, kreditin qalıq məbləği 1025 (bir min iyirmi beş) manat olmaqla 17 (on yeddi) ay müddətində aylıq 60.29 (altmış manat iyirmi doqquz qəpik) manat olmaqla nağd və ya köçürmə yolu ilə ona qaytaracağını öhdəsinə götürmüşdür.

4. Cavabdeh T011574 nömrəli kredit müqaviləsi üzrə ilk vaxtlar kredit borcunu ödəyərək ona ilkin ödəniş daxil olmaqla 2177 (iki min yüz yetmiş yeddi) manat kredit borcundan 171 (yüz yetmiş bir) manat borcunu ona qaytarmışdır. Lakin cavabdeh kredit borcundan qalmış 2006.00 (iki min altı) manat pulu bu günədək iddiaçıya geri qaytarmamışdır.

5. Cavabdeh T011589 nömrəli kredit müqaviləsi üzrə ilk vaxtlar kredit borcunu ödəyərək ona ilkin ödəniş daxil olmaqla 1085 (bir min səksən beş) manat kredit borcundan 120 (bir yüz iyirmi) manat borcunu ona qaytarmışdır. Lakin cavabdeh kredit borcundan qalmış 965 (doqquz yüz altmış beş) manat pulu bu günədək iddiaçıya geri qaytarmamışdır. Ona bir neçə dəfə iddiaçıya borclu qaldığı pulun qaytarmasını desədə, o, hər dəfəsində müxtəlif bəhanələrlə iddiaçıya ödəməli olduğu borcunu geri verməkdən boyun qaçırmışdır. Cavabdehə yazılı şəkildə müraciət edərək ona olan kredit borcunu geri qaytarmasını xahiş etsə də o, yazılı müraciətinə heç bir münasibət bildirməmişdir. Artıq bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

6. Qeyd edir ki, cavabdeh ilə bağladığı T011574 və T011589 nömrəli kredit müqavilələrinə görə aralarındakı razılığına əsasən cavabdehin ona ödəməli olduğu kredit borcunun yubadılmasına görə hər ay üçün 5 (beş) faizi miqdarında kompensasiya (cərimə) hesablanacağını razılaşaraq öhdəsinə götürmüşdür. Bu səbəbdən də cavabdehin ona xx.xx.2025-ci il tarixli, T011574 və xx.xx.2025-ci il T011589 nömrəli kredit müqavilələri üzrə 3 (üç) digər müqavilə üzrə 3 (üç) ay ərzində ödəməli olduğu kredit borcunu bu günədək ödəmədiyinə görə qalmış olan dəyərinin 5 (beş) faiz olmaqla, ödənilməmiş 3 və 3 ay üzrə 433.70 (dörd yüz otuz üç manat yetmiş qəpik) və digər müqavilə üzrə 180.84 (bir yüz səksən manat səksən dörd) manat pulun da ona ödənilməsini istəyir. Hesab edir ki, artıq onun pozulmuş hüquqlarının bərpası məhkəmə qaydasında tənzimlənməli və tələbinin tam təmin edilməklə, əsaslı məhkəmə qətnaməsi çıxarılmalı, cavabdeh tərəfindən ona verilməli olan pul tələbi təmin edilməli, tələb etdiyi kredit borcundan qalmış 2006.00 (iki min altı) və 965.00 (doqquz yüz altmış beş) manat, ödənilməmiş dəyər üçün 5 (beş) faiz olmaqla, ödənilməmiş 3 ay üzrə 300.90 (üç yüz manat doxsan qəpik) və digər müqavilə üzrə ödənilməmiş 3 ay üzrə 144.75(bir yüz qırx dörd manat yetmiş beş qəpik) manat pulun və 55 (əlli beş) manat dövlət rüsumunun cavabdehdən alınmaqla ona verilməsinə dair müvafiq məhkəmə aktı qəbul edilməlidir.

7. İddiaçı ərizəsinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 427.3, 442, 443.1, 445.2.1, 448.1-ci maddələrinə istinad edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Məhkəmə xx.xx.2025-ci il tarixdə daxil olmuş ərizə üzrə xx.xx.2025-ci il tarixdə Cavabdeh bildiriş göndərmişdir. Lakin cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir.

Sübutların tədqiqi:

9. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, T11574 və xx.xx.2025-ci il T11589 nömrəli müqavilələrdən görünür ki, İddiaçı ilə Cavabdeh arasında “Samsung A56” markalı telefon və “General Max 18000” kondisoner satılması barədə müqavilələr bağlanmışdır.

10. İş materiallarında olan xx.xx.2025-ci il kredit müqaviləsinə əsasən borclunun hər ay əsas məbləğ və faizlər də daxil olmaqla bərabər hissələrlə 120,35 AZN, xx.xx.2025ci il kredit müqaviləsinə əsasən borclunun hər ay əsas məbləğ və faizlər də daxil olmaqla bərabər hissələrlə 60,29 AZN ödəniş etməsi razılaşdırılmışdır.

11. İş materiallarında olan xx.xx.2025-ci il T11574 nömrəli müqavilə üzrə, xx.xx.2025-ci il tarixdə 131.00 AZN, xx.xx.2025-ci il tarixdə 40 AZN, xx.xx.2025-ci il T11589 müqavilə üzrə, xx.xx.2025-ci il tarixdə 60.00 AZN, xx.xx.2025-ci il tarixdə 60.00 AZN ödəniş etmişdir.

12. 10 oktyabr 2025-ci il tarixli Xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh pretenziya göndərilmiş və borcun ödənilməsinə dair xəbərdarlıq edilmişdir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsi

13.Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

14. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 15.Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 16.Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 17.Maddə 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 18.Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 19.Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 20.Maddə 442. öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 21.Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 22.Maddə 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

23. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 24.Maddə 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.

25. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

Mülki Prosessual Məcəllə

26.Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 27.Maddə 284-5.1. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 28.Maddə 284-5.2.Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 29.Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 30.Maddə 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin, qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. 31.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 32.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Məhkəmənin mövqeyi:

33.Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. 34.İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia qismən təmin edilməklə Cavabdeh xx.xx.2025-ci il tarixli T011574 saylı kredit müqaviləsinə əsasən 2006 manat əsas və 100.3 manat cərimə borcu, xx.xx.2025-ci il tarixli T011589 saylı kredit müqaviləsinə əsasən 965 manat əsas və 48,25 manat cərimə borcu olmaqla, cəmi 3119,55 (üç min yüz on doqquz manat, əlli beş qəpik) manat borc İddiaçı xeyrinə tutulmalıdır. 35.Belə ki, iş materiallarından göründüyü kimi, tərəflər mülki qanunvericiliyin müqavilə azadlığı prinsipləri çərçivəsində “Samsung A56” markalı telefon və “General Max 18000” kondisioneri nisyə alqı-satqı müqaviləsini bağlamış və iddiaçı müqavilə öhdəliklərini yerinə yetirərək, malı cavabdehə təhvil vemişdir. Lakin, cavabdeh müqavilələrin şərtlərini lazımi qaydada yerinə yetirməmiş, müqavilədə Əlavəldə nəzərdə tutulmuş ödəniş qrafiki əsasında ödənişlərini vaxtında yerinə yetirməmişdir. 36.Məhkəmə hesab edir ki, cavabdeh öhdəliyini lazımi qaydada yerinə yetirmədiyindən iddiaçı 2006 (iki min altı) və 965( doqquz yüz altmış beş) manat əsas borcu tələb etməkdə haqlı olmuşdur. 37.Yuxarıda qeyd olunan normalar baxımından məhkəmə hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu əsas borca münasibətdə tənasübsüz olduğundan azaldılaraq, əsas borcun 5% miqdarında 100.30 və 48.25 manat məbləğində müəyyən olunmalıdır. Tələb dəbbə pulunun qalan hissəsində rədd edilməlidir. 38.MPM Maddə 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 39.Məhkəmə həmçinin hesab edir ki, ərizə qismən təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə "xxxx" ASC-ə xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 55 (əlli beş manat) manat dövlət rüsumunun 49,42 (qırx doqquz manat, qırx iki qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır.

40. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216, 284-1, 284-5, 284-6, 358.0.3-cü maddələrini rəhbər tutaraq

qətetdim:

İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli T011574 saylı kredit müqaviləsinə əsasən 2006 manat əsas və 100,3 manat cərimə borcu, xx.xx.2025-ci il tarixli T011589 saylı kredit müqaviləsinə əsasən 965 manat əsas və 48,25 manat cərimə borcu olmaqla, cəmi 3119,55 (üç min yüz on doqquz manat, əlli beş qəpik) manat məbləğində borc İddiaçı xeyrinə tutulsun. İddiaçı tərəfindən "xxxx" ASC-ə xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 55 (əlli beş manat) manat dövlət rüsumunun 49,42 (qırx doqquz manat, qırx iki qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Aslan Heydarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar