Məhkəmə qərarları › İş №2(078)-153/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-153/2023

28.02.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-153/2023 28.02.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı X1 və Cavabdeh iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı X3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2300 (iki min üç yüz) manat pulun və ödənilmiş 44 (qırx dörd) manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı dindirilən iddiaçı X3 iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, Cavabdeh ilə tanış münasibətləri vardır və bir neçə dəfə cavabdehə özünə məxsus qızılları satmış və vaxtında pulunu almışdır. Ona görə də cavabdehə etibar etmişdir. xx.xx.2021-ci ildə cavabdeh ondan 2300 ( iki min üç yüz ) manat dəyərində 3 ədəd qızıl qolbaq almışdır. Həmin qızıl əşyalarını anasına verəcəyini bildirmişdir. Bundan əlavə gəlinlərinə 1 qızıl üzük almışdır. Cavabdeh bildirmişdir ki, anası pensiya aldığı zaman qızılların pulunu qaytaracaq. O da aralrında olan yaxşı münasibətə görə bir müddət cavabdehi gözləmişdir. Həmin müddət bir ildən artıq olmuşdur. Lakin borcundan bir manat belə olsun verməmişdir. Hər dəfəsində mənə müxtəlif bəhanələr gəlir. Cavabdehin qeyd etdiyi 350 manat dəyərində olan qızılı həqiqətən Coşqun adlı şəxsə vermişdir. Buna da səbəb cavabdeh olmuşdur. Cavabdeh ona zəng vurub iş yoldaşına qızıl lazım olduğunu, özünün ona zamin olduğunu bildirmişdir. Sonra da Coşqun adlı şəxsi evinə göndərmişdir ki, qızılı ona versin. O da qızılı cavabdeh dediyi, onu tanıdığı üçün həmin şəxsə vermişdir. Coşqun adlı şəxsi cavabdehin dediyi üçün qızıl verəndə tanımışdır. Cavabdeh olmasaydı əlbəttə tanımadığı şəxsə qızıl verəməyəcəkdi. İndi onun borcunu vermir. O da məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclası zamanı Cavabdeh iddianı qismən qəbul edərək məhkəməyə verdiyi izahatında bildirmişdir ki, həqiqətən də o iddiaçıdan qızıllar almışdır. Lakin maddi imkanı olmadığı üçün qızılların pulunu vaxtında qaytara bilməmişdir. İddiaçının özündən də dəfələrlə xahiş etmişdir ki, onu bir az zamanla gözləsin pulunu qaytaracaq. Ancaq iddiaçı onu gözləməyib və ona qarşı məhkəmədə iddia qaldırıb. 2300 manat borc qeyd edilib, lakin 350 manat pul ona aid deyil. Həmin pul onun tanışı olan Şahid aiddir. 350 manatlıq qızılı Coşqun Qızbəstidən alıb. Qızbəsti 350 manat pulu ondan deyil Coşqundan tələb etməlidir. Yerdə qalan borcunu etiraf edir. Hissə-hissə ödəyib qurtaracaq. İddiaçıya 1950 manat borcu vardır. Məhkəmə baxışı iclasında Şahid ifadəsində göstərmişdir ki, cavabdeh Ülviyyə xanımla birlikdə alver ediblər və tanışdırlar. O hazırda “Cahan Ticarət Mərkəzi”ndə satıcı işləyir. Ayda 450 manat əmək haqqı alır. O Ülviyyə xanımın vasitəsi ilə Qızbəsti xanımdan 1 ədəd qolbaq və boyunbağı almışdır. Ülviyyə xanıma pulunu hissə-hissə pul vermişdir, Ülviyyə xanım da Qızbəsti xanıma çatdırıb. Onlar borcu birlikdə Qızbəsti xanıma çatdırıblar. Hazırda da onun aldığı qızılın pulundan Qızbəsti xanıma 350 manat borcu qalır. Çalışıb tezliklə 2-3 ay içində hissı-hissə borcunu verib qurtaracaq. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatlarını, şahidin ifadəsini dinləyib, dinləyib, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarında olan sənədlərdən, cavabdehin izahatından, iddia ərizəsindən, tərəflər arasında olan vatsapp yazılarından tərəflər arasında borc münasibətlərinin olması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 576-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa yenidən hesablaşmaya səbəb olmur. Mülki işin məhkəmə araşdırması zamanı iş üzrə iddiaçı X3 Cavabdeh ona 2300 (iki min üç yüz) manat borcu olduğunu, dəfələrlə cavabdehdən pulunu tələb etsə də, bu pulun geri qaytarılmadığını diqqətə çatdırmış və məhz bu xüsusatların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşə məhkəmədə baxılan zaman Cavabdeh iddianı qismən qəbul etmişdir. Cavabdeh iddia tələbində göstərilən pul məbləğinin 350 manatından savayı diğər məbləğin həqiqətən verildiyini inkar etmir. Sadəcə olaraq 350 manat pulun onun tərəfindən deyil, Şahid tərəfindən alındığını bildirir. Onun bu fikri şahid tərəfindən təsdiq edilmiş, eyni zamanda iddiaı özü izahatında qeyd etmişdir həmin pul məbləğ hesabına alınan qızılın cavabdehin iş yoldaşıının aldığını cavabdeh ona bildirmişdir. Cavabdeh həmin şəxsə zamin olduğunu bildirdiyi üçün pulu ondan tələb etdiyini iddiaçı qeyd etmişdir. Məhkəmə bu halı tərəflərin izahatı ilə araşdırıb, cavabdehin 350 manat borcun onun tərəfindən ödənilməsi barədə iddia tələbinin həmin hissəsini əsaslı hesab etmir. Belə ki, cavabdeh sözügedən qızıl əşyasının özü üçün alınmadığını iddiaçıya bildirmiş və iddiaçı bu halı bildikdən sonra razılaşıb qızıl əşyasını vermişdir. Yəni cavabdeh üçüncü şəxsin qızıl əşyasını almasını iddiaçıdan gizlətməmişdir. Belə olan halda həmin şəxs qızıl əşyasını aldığından onun pulunu qaytarmasını öhdəliyi cavabdehin üzərinə qoyula bilməz. Bu hissədə iddia rədd edilməli, qlaan 1950 (bir min doqquz yüz əlli) manat pula münasibətdə iddia tələbi təmin edilməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosessuаl Məcəllənin 14.2-ci mаddəsinin tələbinə görə məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Mülki Prosessuаl Məcəllənin 88-ci mаddəsinə əsаsən məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Beləliklə, məhkəmə işin yuxarıda qeyd olunan hallarını, iddia ərizəsini və ona əlavə edilmiş sübutları, cavabdehin izahatını nəzərə alaraq hesab edir ki, tərəflər arasında alqısatqı müqaviləsinə dair hüquqi öhdəliklər yaranmışdır. Birinci tərəf olaraq iş üzrə iddiaçı X3 ümumilikdə 1950 (bir min doqquz yüz əlli) manat dəyərində qızıl əşyasını cavabdehə satmış, lakin ikinci tərəf olaraq iş üzrə cavabdeh götürdüyü öhdəliyi pozaraq iddiaçıya olan borcunu qaytarmamışdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı, iş üzrə Cavabdeh 1950 (bir min doqquz yüz əlli) manat məbləğində pul alınaraq iş üzrə iddiaçı X2 verilməlidir. İddia tələbi cavabdehə münasibətdə qalan hissədən rədd edilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası-Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq iddia qismən təmin olunduğundan iddiaçı X3 tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2022-ci il tarixdə 11430 nömrəli qəbzlə ödənilmiş 44 (qırx dörd) manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 37.30 (otuz yeddi manat otuz qəpik) Cavabdeh tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İş üzrə Cavabdeh 1950 (bir min doqquz yüz əlli) manat məbləğində pul alınaraq iş üzrə iddiaçı X2 verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İddiaçı X3 tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2022-ci il tarixdə 11430 nömrəli qəbzlə ödənilmiş 44 (qırx dörd) manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 37.30 (otuz yeddi manat otuz qəpik) manat Cavabdeh tutularaq iddiaçıya qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar