Məhkəmə qərarları › İş №2(078)-1531/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1531/2025

02.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1531/2025 02.02.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair ərizəsi üzrə QƏTNAMƏ (Açar sözlər: dəymiş ziyanın ödənilməsi tələbi) Hakim Heydarov Aslan Nazim oğlunun sədrliyi, Nuruyeva Zəhra Nuru qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6354.79 (altı min üç yüz əlli dörd manat yetmiş doqquz qəpik) manat vurulmuş ziyanın, dövlət rüsumu olaraq ödədiyi 127 (bir yüz iyirmi yeddi) manatın, vəkilə qonarar olaraq ödədiyi 270 (iki yüz yetmiş) manatın alınıb "Şahin-Şah” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 11 iyun 2025-ci il tarixdə Naxçıvan şəhəri Tumbul kənd sakini Cavabdeh idarə etdiyi VAZ 2107 markalı avtomaşın İddiaçınə məxsus olan BMW X7XDRİVE 401 HİBRİD MİNİK markalı avtomaşınla toqquşmuş Cavabdeh təqsirindən avtomaşına ziyan dəymişdir. Avtomaşın təmir olunması üçün Bakı şəhərinə aparılmış və İmprotex Motors müəssisəsində təmirə 7604.79 (yetmiş altı min dörd manat yetmiş doqquz qəpik) manat vəsait sərf olunmuşdur. Bundan başqa dəyişilən detalın plyonkasına 1200 (bir min iki yüz) manat xərc çəkilmişdir. Avtomaşının TİR avtomobili ilə Bakı şəhərinə aparılmasına və qaytarılmasına 1250 (bir min iki yüz əlli) manat xərclənmişdir. Avtombil üç ay ərzində təmirdə qalmasına görə ayda 500(beş yüz) manat olmaqla şirkətə 1500 (bir min beş yüz) manat maddi ziyan vurulmuşdur. Dəymiş ziyan 11554 (on bir min beş yüz əlli dörd) manat təşkil etmişdir. Ziyanın 5000(beş min) manatını "xxxx" qarşılamışdır. Qalıq məbləğ 6554 (altı min beş yüz əlli dörd manat təşkil edir. Cavabdeh sentyabr ayında cəmiyyətin hesabına 200 (iki yüz) manat köçürmüş, lakin haliyyədə ziyanı ödəməkdən boyun qaçırır. Cavabdeh cəmiyyətə məxsus avtomaşına dəymiş ziyanı ödəmir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. İddiaçı iddia tələbinin hüquqi əsası kimi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 425.1, 448.1, 1097.1-ci maddələrinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

4. 10.12.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil bildirdi ki, yol xərci ilə bağlı arayış mövcuddur. Sığorta tərəfindən ödənilən 5000 manat, cavabdeh tərəfindən isə sentyabr ayında 200 manat ödəniş olunmuşdur.

5. 10.12.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə bildirdi ki, həmin gün uşaq qorxmuş, onlarda nə desə razılaşmışdır. Ödəniş üçün imkanları az olduğundan razılığa gəlmək istəmiş, lakin razılıq olmamışdır. Uşağı işdən çıxartmaqla qorxudurlar. Avtomobilə ziyan dəydiyini qəbul edir. 5000 manatı sığorta ödəmişdir. Pulunu ödəmə ilə razılaşmır. Məhkəməyə getmədən aralarında razılaşma üçün oraya getmiş, lakin razılıq olmamışdır.

6. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək bildirdi ki, kifayət qədər sübutlar məhkəməyə təqdim edilmişdir. Avtonəqliyyat xərci də məhkəməyə təqdim olunmuşdur. Həmçinin cavabdeh tərəfindən sentyabr ayında 200 manat məbləğində olan ödəniş qəbzi də təqdim edilmişdir. 1250 manat tırla aparılması ilə bağlı arayış təqdim olunmuşdur. Həmin pul nağd şəkildə ödənilmişdir. 200 manat ödənişdən əlavə ödəniş olunmamışdır. Qanuni qərar verilməsini məhkəmədən xahiş etdi.

7. Məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə bildirdi ki, həmin maşının 5000 manatı sığorta tərəfindən ödənilmişdir. Oğlu hərbidə işlədiyindən burada deyil. Maşına dəyən ziyanı qəbul edir. Naxçıvanda ustaya aparıla bilərdi, lakin onlar Bakıya aparıblar. İmkanı ödəniş üçün yoxdur. Ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.

8. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclaslarına gəlməmiş və gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir.

9. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Sübutların tədqiqi:

10. İş materiallarında olan, İddiaçı tərəfindən verilmiş arayışa əsasən, BMW markalı, dövlət qeydiyyat nişanı ** AA *** nömrəli X7 modeli olan minik avtomobili Şahin-Şah MMC-yə məxsusdur və onun balansındadır.

11. İş materiallarında olan, "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 10000151 nömrəli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturaya əsasən,**-AA-*** nömrəli, BMW X7 markalı avtomobilin ehtiyat hissəsi və xidmət haqqı 7604.79 manat təşkil edir.

12. İş materiallarında olan, xx.xx.2025-ci il tarixli qəbzə əsasən "xxxx" ASC 5000 (beş min) manat məbləğində İddiaçınə ödəniş etmişdir.

13. İş materiallarında olan, xx.xx.2025-ci il tarixli İddiaçı tərəfindən yazılmış məktubda Şahin-Şah MMC-yə məxsus olan BMW X7 XDRİVE 40İ HİBRİD MİNİK markalı avto nəqliyyat vasitəsinin, sürücü X2 (Ş.V. AA5774973, S.V. BB222815), idarə etdiyi DAF markalı **-BG-*** / **- ZB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsilə İran İslam Respublikasının ərazisindən keçməklə Bakı şəhərinə aparılmasına etirazı yoxdur.

14. İş materiallarında olan, xx.xx.2025-ci il tarixli İddiaçı tərəfindən yazılmış məktubda Şahin-Şah MMC-yə məxsus olan BMW X7 XDRİVE 40İ HİBRİD MİNİK markalı avto nəqliyyat vasitəsinin, sürücü X3 (Ş.V. AA0043365, S.V. BD869203), idarə etdiyi MERSEDES BENZ markalı **-EH-*** / **-ZD-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsilə İran İslam Respublikasının ərazisindən keçməklə Naxçıvan şəhərinə aparılmasına etirazı yoxdur.

15. İş materiallarında olan,**********4 saylı qəbzə əsasən 03 sentyabr tarixində Cavabdeh 200 manat ödəniş etmişdir.

16. İş materiallarında olan, Naxçıvan Şəhər Məhkəməsinə ünvanlanmış məktubdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan BMW X7 X Drive 401 hibrid minik markalı **-AA-*** nömrəli nəqliyyat vasitəsinin avtoqəzadan sonra təmir üçün Bakı şəhərində “İmprotex Motors" X1 göndərilmiş və təmir olduqdan sonda geri qaytarılmışdır. Nəqliyat xərci gediş və qayıdış üçün kamaz sürücülərinə nağd şəkildə ödənilmişdir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

17. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

18. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

19. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

20. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

21. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

22. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

23. Maddə 1108.1.Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

24. Maddə 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

25. Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.

26. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

27. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

28. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

33. Maddə 78.2. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir.

34. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

37. Maddə 217.4. Hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

38. Maddə 217.3. Qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır.

Məhkəmənin mövqeyi:

39. Məhkəmə iddiaçının vəkili və nümayəndəsini, cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir.

40. Məhkəmə qeyd edir ki, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir.

41. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə tərəfindən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi həmin aktların ədalətli olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli Qərarı).

42. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir.

43. Məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır.

44. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

45. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 11 iyun 2025-ci il tarixdə Cavabdeh idarə etdiyi VAZ 2107 avtomobil ilə İddiaçı MMC-yə məxsus olan BMW X7XDRİVE 401 HİBRİD MİNİK markalı avtomobil ilə toqquşmuş, nəticədə İddiaçınə maddi ziyan dəymişdir.

46. Məhkəmə qeyd edir ki, Mülki hüququn ən vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir. Delikt öhdəliyi aşağıdakı xüsusiyyətlər ilə səciyyələnir: - qanundan əmələ gəlməsi; - həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi; - zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s.

47. Yuxarıda qeyd edilən maddələrin məzmunundan göründüyü kimi, şəxs törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və vurduğu zərərin əvəzini ödəməlidir.

48. Zərərçəkmişə dəymiş zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə ya mülkiyyət hüququ ilə sahiblik edən şəxsin, ya da nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

49. Məhkəmə hesab edir ki, baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirkar olması öz təsdiqini tapdığından həmin hadisə nəticəsində BMW X7XDRİVE 401 HİBRİD MİNİK markalı avtomobilə dəymiş ziyan Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir.

50. Ziyanın məbləğinə gəldikdə iddiaçının tələbi bir neçə hissədən ibarətdir. Sığorta tərəfindən qarşılanmayan hissə; Dəyişilən detal üçün plyonka çəkilməsinə xərclənən 1200 manat xərc; Avtomobilin Bakı şəhərinə aparılıb-gətirilməsinə görə 1250 manat xərc; Avtomobilin 3 ay təmirdə qalmasına görə 1500 manat ziyan; 270 manat vəkilə ödənilən qonarar.

51. Məhkəmə bildirir ki, iş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 10000151 nömrəli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaiməfakturasından görünür ki, iddiaçıya məxsus BMW X7XDRİVE 401 HİBRİD MİNİK markalı avtomaşının ehtiyat hissələri və onların dəyişdirilməsi və təmir üçün ümumi bazar dəyəri 7604.79 manat müəyyən edilmişdir. Həmin məbləğin 5000 (beş min) manat hissəsi "xxxx" ASC tərəfindən qarşılanmış, 200 manat isə cavabdeh tərəfindən ödəniş edilmişdir.

52. Məhkəmə dəyişilən detal üçün plyonka çəkilməsinə xərclənən 1200 manat xərcin tutulmasına dair iddia tələbinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən həmin avtomobilin qəzadan öncə plyonka üzlüyünün olub-olmaması barədə hər hansı sübut məhkəməyə təqdim edilməmiş, təqdim edilən 1200 manat pulun köçürülməsi barədə qəbzin məhz həmin avtomobilə plyonka çəkilməsinə aidiyyəti barədə də hər hansı mötəbər sübut mövcud olmamışdır.

53. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi dəyişilən detal üçün plyonka çəkilməsinə xərclənən 1200 manat xərcin tutulması hissəsində əsassız olduğundan təmin edilməməlidir.

54. Məhkəmə iddia tələbinin avtomobilin Bakı şəhərinə aparılıb-gətirilməsinə görə 1250 manat xərcin tutulması barədə dəlilinə münasibətdə qeyd edir ki, məhkəmə qəbul edir ki, Naxçıvan Muxtar Respublikası blokada vəziyyətində olduğundan avtomobilin Bakı şəhərinə aparılması ya 3-cü bir ölkənin ərazisindən tranzit keçməklə ya da ki, təyyarə vasitəsilə aparılması mümkündür. Lakin, iddiaçı məhkəməyə təqdim etdiyi arayışda nəqliyat xərcinin gediş və qayıdış üçün kamaz sürücülərinə nağd şəkildə ödənildiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, həmin sürücülərin şahid qismində dindirilməsi barədə məhkəməyə vəsatət verməmişdir. Məhkəmə qeyd edir ki, şəxsi münasibətlər və işgüzar əlaqələr vasitəsilə də avtomobilin Bakı şəhərinə hər hansı xərc çəkilmədən aparılması istisna edilmir. Həmin halı sübut etmk vəzifəsi iddiaçının üzərinə düşmüş, iddiaçı isə bu halı təsdiq edən sübutları təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir.

55. Məhkəmə avtomobilin 3 ay təmirdə qalmasına görə 1500 manat ziyan tələbinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən həmin ziyanın nədən ibarət olması və bu faktı təsdiqləyən hərhansı sübut məhkəməyə təqdim edilməmiş, iddiaçının nümayəndəsi məhkəmə iclasında tələbin həmin hissəsini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdir. Məhkəmə hesab edir ki, bu barədə hər hansı sübut təqdim edilmədiyindən iddia tələbi həmin hissədə də təmin edilməməlidir.

56. Məhkəmə iddiaçı tərəfindən hüquqi yardıma görə vəkilə ödənilmiş 270 manat qonararın cavabdehdən tutulmasına münasibətdə tələbinə dair aşağıdakıları qeyd edir.

57. İş materiallarına hüquqi yardım göstərilməsi haqqında müqavilə və həmin məbləğin ödənilməsi barədə ödəniş qəbzi iddia ərizəsinə əlavə edilməmiş, məhkəmə iclaslarında təqdim olunmamışdır.

58. Mülki prosessual Məcəllənin Maddə 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

59. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hüquqi yardıma görə vəkilə ödənilmiş 270 manat qonararın cavabdehdən tutulmasına dair ödəniş qəbzi təqdim olunmadığından iddia tələbi həmin hissədə də rədd edilməlidir.

60. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən yol nəqliyyat hadisəsi nəticəsində İddiaçınə məxsus avtomobilə dəymiş zərərə görə 2404.79 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir.

61. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

62. Məhkəmə dövlət rüsumu ilə bağlı isə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 127 manat dövlət rüsumunun 48.05 (qırx səkkiz manat, beş qəpik) manat hissəsi cavabdehdən tutulmalıdır.

63. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçınə məxsus avtomobilə dəymiş zərərə görə 2404.79 (iki min dörd yüz dörd manat, yetmiş doqquz qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 48.05 (qırx səkkiz manat beş qəpik) manat hissəsi Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Aslan Heydarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar