Məhkəmə qərarları › İş №2(078)-1538/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1538/2025

11.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1538/2025 11.02.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair ərizəsi üzrə QƏTNAMƏ (Açar sözlər: Vurulmuş ziyanın ödənilməsi tələbi) Hakim Heydarov Aslan Nazim oğlunun sədrliyi, Nuruyeva Zəhra Nuru qızının katibliyi, İddiaçı, Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh 11300 (on bir min üç yüz) manat ona vurulmuş ziyan və məhkəməyə müraciət etmək üçün ödədiyi 125 (bir yüz iyirmi beş) manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 11425 (on bir min dörd yüz iyirmi beş) manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, etibarnamə əsasında idarə etdiyi Hyundai Terracan minik markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq qərarına gəlmişdir. xx.xx.2025-ci tarixdə həmin avtomobili 13500 manata Naxçıvan şəhər sakini Cavabdeh satmağı barədə onun qardaşı Cavabdeh və dostu X5 iştirakı ilə razılığa gəldilər. Həmçinin aralarında olan razılığa əsasən Cavabdeh özünə məxsus OPEL minik markalı **-BN- *** dövlət qeydiyyat nişanlı avtomobili 2500 manata qiymətləndirərək iddiaçıya verdi ki, satdığı avtomobilin pulundan çıxsın, qalan 11000 (on bir min) manat pulu isə hər ay 600 manat olmaqla ona ödəsin. Eyni zamanda həmin avtomobilə dair ona baş etibarnamədə vermişdir.

3. Cavabdeh 2025-ci ilin avqust ayına qədər satdığı avtomobilin pulundan hissə-hissə ona 2200 (iki min iki yüz) manat ödəniş etsə də, artıq avqust ayında ödənişi dayandırdı. Cavabdeh Türkiyə Respublikasında yaşadığından onunla telefon əlaqəsi saxlayaraq avqust ayının ödənişini ödəməsini tələb etdiyi zaman, cavabdeh "avtomobilin onun xoşuna gəlmədiyini, geri qaytarmaq istədiyini" bildirsə də, iddiaçı buna etiraz edərək razılaşdıqları qaydada aylıq ödənişləri ödəməsini ona bildirmişdir. Lakin o, iddiaçıya avtomobilin pulunu ödəməyəcəyini bildirdi. Bundan sonra dəfələrlə də əlaqə saxlasa da onunla danışa bilməmişdir. Bundan sonra Naxçıvan Şəhər Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Cavabdeh Naxçıvan MR ərazisində yaşamadığından araşdırmanın aparılması mümkün olmadığından, eyni zamanda müraciətinin mülki xarakterli olması ilə əlaqədar məhkəməyə müraciət etməyi barədə X11 İdarəsi tərəfindən ona yazılı bildiriş verilmişdir.

4. Eyni zamanda qeyd edir ki, cavabdehdən aldığı OPEL minik markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili əsaslı təmir etdirərək 6000 manata X1. Cavabdeh ona aylıq ödənişləri ödəməkdən imtina etməklə yanaşı həmin avtomobilə dair verdiyi etibarnaməni də ləğv etdirdiyindən, X8 ilə münasibətləri pozulmuş, həmçinin o, iddiaçıdan avtomobilə ödədiyi pulunu da geri tələb edir. Belə olan halda haliyədə cavabdehdən ona satdığı avtomobilə görə ödəmədiyi 2500 (iki min beş yüz) manat pulu da tələb etmək məcburiyyətində qalmışdır. Həmçinin Cavabdeh iddiaçıya qarşı etdikləri barədə qardaşına və dostuna məlumat verdikdə onlar cavabdehi qınadılar və məhkəmədə gəlib bu faktı təsdiq edəcəklərini bildirdilər.

5. İddiaçı iddia tələbinin hüquqi əsası kimi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 4.1, 21, 600.2, 600.4, 600.1, 385.1, 425.1, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin sərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına, istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

6. X9 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur.

7. 19.01.2026-cı il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı bildirdi ki, sürücülüklə bağlı etibarnamənin müddəti bitmişdir. Etibarnaməni 4 aylıq vermişdir.Ona 2200 manat ödəniş olunmuşdur. 6000 manatı təsdiq edəcək sübutu yoxdur amma hansı mağazadan hissələri aldığını bilir. Cavabdeh dekabrda borcu tam bağlayacağını demişdir. Cavabdehin maşınına da 870 manat xərc qoymuşdur. Maşının hissələrini dəyişdirib yeniləmişdir.

8. 19.01.2026-cı il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh bildirdi ki, 2200 manat ödəniş etmişdir. Mülkiyyətinə verməyi də demişdir, lakin maşın xarab olduğundan istifadə etməmişdir. 4 gün müddətində maşının qüsurlu olduğunu görmüşdür. Həmçinin 1100 manat da ustaya ödəniş etmişdir.

9. 19.01.2026-cı il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 bildirdi ki, etibarnamə 2 ay çəkmədən ləğv edilmişdir. Hal-hazırda avtomobil ondadır. Maşını İddiaçı ilə barter etmişdirlər.

10. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, necə danışmışdırlarsa elə şəkildə də ödənilməsini istəyir. Cavabdeh Türkiyədə olsa da maşının ödənişini etməli idi. Maşını nağd pula yox barterlə satmışdır. O qəbzlərdə olan pulların bəzi hissəsi cavabdehin maşının hissələrinə xərclənmişdir. Maşının yağı, suyu, ustanın əl xərcinə ödənilmişdir. Cavabdeh ona 2200 manat ödəniş etmişdir. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

11. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh bildirdi ki, iddiaçıya verdiyi maşınını istəyir. Başqa heç nə istəmir. Çünki xarab maşını qapısına aparmışdır. 310 manat tək bir ustaya vermişdir. 1100 manat da bir ustaya ödəmişdir. 2200 manat da iddiaçıya ödəniş etmişdir. Ədalətli qərar verilməsini məhkəmədən xahiş etdi.

12. Məhkəmə baxış iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 bildirdi ki, etibarnamə ləğv olunub, lakin avtomobil ondadır. Ədalətli qərar verilməsini məhkəmədən xahiş etdi.

Sübutların tədqiqi:

13. İş materiallarında olan 05 sentyabr 2024-cü il tarixli Nəqliyyat vasitələrinə Sərəncam verilməsi haqqında Şəhadətnamənin surətindən görünür ki, “Hyundai Terracan” minik markalı, 2003-cü il buraxılışlı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 tərəfindən İddiaçı etibarnamə əsasında etibar edilmişdir.

14. İş materiallarında olan 08 sentyabr 2025-ci il tarixli Nəqliyyat vasitələrinə Sərəncam verilməsi haqqında Şəhadətnamənin surətindən görünür ki, “Hyundai Terracan” minik markalı, 2003-cü il buraxılışlı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 tərəfindən İddiaçı etibarnamə əsasında etibar edilmişdir.

15. İş materiallarında olan, 21 iyun 2025-ci il tarixli etibarnamə əsasında “Opel” minik markalı, 1998-ci il buraxılışlı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən X7 etibar edilmişdir.

16. İş materiallarında olan, 27 sentyabr 2025-ci il tarixli, 3-13-43-6/2-H-25717/2025 saylı Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən İddiaçı Mənsur oğluna ünvanlanmış məktubda Cavabdeh Türkiyə Respublikasında olduğu, həmçinin mülki mübahisə olduğundan məhkəməyə müraciət etməli olduğu bildirilmişdir.

17. İş materiallarında olan qəbzlərdən görünür ki, Cavabdeh tərəfindən İddiaçı xx.xx.2025-ci il tarixdə 435 manat, xx.xx.2025-ci il tarixdə 300 manat, xx.xx.2025-ci il tarixdə 600 manat, xx.xx.2025-ci il tarixdə 120 manat, xx.xx.2025-ci il tarixdə 290 manat, xx.xx.2025-ci il tarixdə 670 manat, xx.xx.2025-ci il tarixdə 450 manat məbləğində ödənişlər olunmuşdur. Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

18. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

19. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

20. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

21. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

22. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

23. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

24. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

25. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

26. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.

27. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.

28. Maddə 364.1. Etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər.

29. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

30. Maddə 650. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.

Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli qərardadı:

31. Qərardadın 13-cü bəndi. Məlum olduğu kimi məhkəmələrdə əqdə əsaslanan müxtəlif növ iddialara baxılır. Bu xarakterli mübahisələrin ortaq cəhəti irəli sürülən tələblərin və ya etirazların əsasını hər hansı əqdin təşkil etməsidir. Ona görə də, belə mübahisələr üzrə işin düzgün həlli üçün tərəflərin istinad etdikləri əqdin mövcud olub-olmaması, əqd bağlandığı halda isə onun etibarlı olub-olmaması mütləq qaydada müəyyən edilməlidir. Bunun üçün mülki prosesdə tətbiq edilən dispozitivlik, çəkişmə, hüquqi həqiqət kimi prinsip və şərtlər də nəzərə alınmaqla məhkəmənin həmin xüsusatlar üzrə araşdırma aparması zəruridir.

32. Qərardadın 14-cü bəndi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında (bundan sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarı) nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə mü-əyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hü-ququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.

33. Qərardadın 15-ci bəndi. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.

34. Qərardadın 17-ci bəndi. Nəzərə alınmalıdır ki, qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hallar istisna olmaqla əqdin etibarlılığı və ya etibarsızlığı məsələləri iddia tələbindən və məhkəmədən kənarda mövcud olan hüquqi hadisələrdir. Etibarsızlıq, əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Yəni, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir. Etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir. Qanunda bütün əqdlər üçün tələb olunan (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) və müəyyən növ əqdlər üçün tələb edilən (qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s.) etibarlılıq şərtləri nəzərdə tutulmuşdur.

35. Qərardadın 22-ci bəndi. Məhkəmə təcrübəsində bəzi hallarda “əqdi mübahisələndirmək” ifadəsi, “əqdin etibarsız sayılmasına dair iddia qaldırmaq” kimi başa düşülür. Prosessual anlamda bu, yanlış olmasa da, əqdlərin etibarsızlığı ilə bağlı qaydalar çərçivəsində (maddi hüquqi mənada) əqdi mübahisələndirmək məhkəmədə iddia qaldırmaq deyil, iradəsinin zədələnməsi ilə əqd bağlamış şəxsin həmin əqdlə bağlı olmadığına dair iradə ifadəsini məhkəmədənkənar qaydada müqavilənin qarşı tərəfinə bildirmək hüququdur (Mülki Məcəllə, maddə 337.2). Başqa sözlə, etibarsızlığın digər növlərində əqdin etibarsız hesab edilməsi (məsələn, səlahiyyətsiz təmsilçinin bağladığı əqdin etibarsız sayılması və s.) haqqında iddianın qaldırılması, onların mübahisə edilən əqdlər olması mənasına gəlmir. Bu baxımdan, maddi hüquqi mənada bir əqdin mübahisə edilən (mübahisələndirilən) sayılması üçün meyar onun etibarsızlığına dair iddianın qaldırılması deyil, etibarsızlığın yuxarıda sadalanan iradə zədələnməsi hallarından irəli gəlibgəlməməsidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

36. Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.

37. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

38. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

39. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

44. Maddə 78.2. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir.

45. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

46. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

48. Maddə 217.4. Hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

49. Maddə 217.3. Qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır.

Məhkəmənin mövqeyi:

50. Məhkəmə iddiaçını, cavabdehi və müstəqil tələb irəli sürməyən üçüncü şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

51. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı iddia tələbində nisyə alqı-satğı və əsassız varlanmanın müddəlarına istinad etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, mülki prosesdə tətbiq edilən “Məhkəmə hüququ bilir” prinsipi hakim və tərəflər arasında səlahiyyətlər bölgüsünü aparır. Tərəflər müəyyən iddianı əsaslandıran faktları, məhkəmə isə onları hüquqi qiymətləndirməni verməlidir. Bu prinsip kontinental hüquq ölkələrinin hüquq sistemində tətbiq olunmaqla məhkəmənin inkvizitor xarakterini bərqərar edir.

52. Bu səbəbdən də məhkəmə qeyd edir ki, hazırki mübahisənin hüquqi əsasını etibarsızlıqla bağlı hüquqi müddəlar yəni MM-nin 337.5-ci maddəsi təşkil edir.

53. İddiaçı tələbində etibarnamə əsasında cavabdehə hissəvi ödənişlə avtomobil satdığını lakin, cavabdehin həmin avtomobilin dəyərini ödəmədiyini bildirmişdir.

54. Bununla bağlı məhkəmə qeyd edir ki, ilk növbədə tərəflər arasında etibarlı alqı-satğı müqaviləsinin mövcud olub-olmamasına qiymət verilməlidir.

55. İş materiallarından və tərəflər arasında olan münasibətlərdən görünür ki, iddiaçı öz mülkiyyətində olmayan avtomobili etibarnamə əsasında cavabdehə vermiş və tərəflər həmin avtomobilin dəyərinin hissə-hissə ödənilməsi barədə razılığa gəlmişlər.

56. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamənin 1.3-cü bəndində göstərilmişdir ki, Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qeydiyyatı sahibinin (hüquqi və ya fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları (avtomobillərə iki ədəd, motosikl, traktor və qoşqulara bir ədəd) verilir.

57. Həmçinin, Mülki Qanunvericilikdə Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edildiyi təsbit edilmişdir. Yəni, avtomobil rəsmi reyestrdə qeydə alınmalı daşınar əşya olduğundan, həmin əşyaya mülkiyyət hüququ yalnız həmin qeydiyyatdan yaranır.

58. Göründüyü kimi tərəflər arasında “Hyundai Terracan” minik markalı, 2003-cü il buraxılışlı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin rəsmi alqı-satğısı aparılmamış, həmin avtomobil cavabdehin adına Dövlət qeydiyyatına alınmamışdır. Yəni, Qanunvericiliyin tələbləri yerinə yetirilmədiyindən, tərəflər arasında etibarlı hüquq münasibətləri yaranmamış, cavabdeh isə avtomobilin dəyərini ödəməmklə həmin avtomobili və istəmədiyini, dolyası yolla isə əqdi mübahisələndirdiyini iddiaçıya bildirməklə iradə ifadəsini qarşı tərəfə bildirmişdir.

59. Belə olan halda, tərəflər arasında əqd etibarsız olduğundan hər bir tərəf əqd üzrə aldıqlarını digər tərəfə qaytarmalıdır.

60. İşin hallarından görünür ki, “Hyundai Terracan” minik markalı, 2003-cü il buraxılışlı, **-BF- *** dövlət qeydiyyat nişanlı avtomobili cavabdehə verən zaman cavabdeh tərəfindən öz mülkiyətində olan “Opel” minik markalı, 1998-ci il buraxılışlı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili iddiaçıya vermiş və iddiaçı da həmin avtomobili müstəqil tələb irəli sürməyən üçüncü şəxsə vermişdir.

61. İddiaçı iddia tələbində cavabdehdən aldığı avotomobili təmir etdirərək müstəqil tələb irəli sürməyən üçüncü şəxsə 6000 manata satdığını bildirsə də, sonradan məhkəmə iclasında həmin iddiaçının həm də, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin verdi izahatlarla avtombilin satılmadığı tərəflər arasında barter edildiyi müəyyən edilmişdir.

62. Məhkməmə hesab edir ki, tərəflər arasında bağlanmış əqd etibarsız olduğundan, iddiaçı tərərfindən cavabdehə verilmiş “Hyundai Terracan” minik markalı, 2003-cü il buraxılışlı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehdən alınıb iddiaçıya qaytarılmalı, cavabdehin iddiaçıya verdiyi avtomobil isə müstəqil tələb irəli sürməyən üçüncü şəxsdən alınaraq cavabdehə qaytarılmalıdır.

63. Məhkəmə cavabdeh tərəfindən iddiaçıya ödənilmiş ödənişlərlə bağlı qeyd edir ki, təqdim edilmiş qəbzlərdən görünür ki, cavabdeh iddiaçıya ümumilikdə 2865 manat ödəniş etmişdir. İddiaçı həmin məbləğin 665 manatını avtomobilin təmirinə xərclədiyini bildirmiş, cavabdeh isə bu faktı qəbul edərək ödədiyi 2200 manatın ona qaytarılmasını xahiş etmişdir.

64. Məhkəmə qeyd edir ki, tərəflər arasında “Hyundai Terracan” minik markalı, 2003-cü il buraxılışlı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı etibarsız müqavilə bağlandığından, cavabdehin ödədiyi 2200 manat pul da iddiaçıdan alınıb cavabdehə qaytarılmalıdır.

65. Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır.

66. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən aldığı “Opel” minik markalı, 1998-ci il buraxılışlı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili təmir edərək müstəqil tələb irəli sürməyən üçüncü şəxsə 6000 manata satdığını bildirsə də, yuxarıda qeyd edildiyi kimi məhkəmə araşdırması zamanı avtombilin satılmadığı tərəflər arasında barter edildiyi müəyyən edilmişdir. Həmçinin, iddiaçı həmin avtomobili təmir etməsi və təmir çəkilən xərclər barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.

67. Bununla belə məhkəmə İddiaçı Cavabdeh qarşı “Opel” minik markalı, 1998-ci il buraxılışlı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri ilə bağlı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 “Opel” minik markalı, 1998-ci il buraxılışlı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin ondan alınmasına görə İddiaçı zərərin ödənilməsi barədə iddia qaldımaq hüquqları izah edilməlidir.

68. Məhkəmə həmçinin hesab edir ki, qətnamə eyni vaxtda icra olunmalıdır.

69. Məhkəmə qeyd edir ki, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir.

70. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə tərəfindən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi həmin aktların ədalətli olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli Qərarı).

71. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir.

72. Məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır.

73. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

74. Beləlkilə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, “Hyundai Terracan” minik markalı, 2003-cü il buraxılışlı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh alınaraq İddiaçı qaytarılmalı, “Opel” minik markalı, 1998-ci il buraxılışlı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 alınaraq Cavabdeh verilməli, Cavabdeh tərəfindən İddiaçı ödənilmiş 2200(iki min iki yüz) manat pul İddiaçı alınaraq Cavabdehn ödənilməli, qətnamə eyni vaxtda icra olunmalı, İddiaçı Cavabdeh qarşı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 İddiaçı zərərin ödənilməsi barədə iddia qaldımaq hüquqları izah olunmalıdır.

75. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

76. Məhkəmə dövlət rüsumu ilə bağlı isə hesab edir ki, ödənilmiş dövvlət rüsumu iddiaçının özünə aid edilməlidir.

77. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin.

1. “Hyundai Terracan” minik markalı, 2003-cü il buraxılışlı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh alınaraq İddiaçı qaytarılsın.

2. “Opel” minik markalı, 1998-ci il buraxılışlı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 alınaraq Cavabdeh verilsin.

3. Cavabdeh tərəfindən İddiaçı ödənilmiş 2200(iki min iki yüz) manat pul İddiaçı alınaraq Cavabdehn ödənilsin.

4. Qətnamə eyni vaxtda icra olunsun.

5. İddiaçı Cavabdeh qarşı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 İddiaçı zərərin ödənilməsi barədə iddia qaldımaq hüquqları izah edilsin.

6. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin.

7. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Aslan Heydarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar