Məhkəmə qərarları › İş №2(078)-1546/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1546/2024

09.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1546/2024 09.12.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X6 məhkəmə iclas katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müəyyən olunmuş alimentin məbləğinin dəyişdirilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, 06 iyun 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 110 manat miqdarında alimentin tutulması barədə Babək Rayon Məhkəməsinin 31 may 2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin dəyişdirilərək Cavabdeh hər ay sabit məbləğdə 235 (iki yüz otuz beş) manat alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini əsaslandıraraq bildirmişdir ki, Cavabdeh ilə 16 sentyabr 2011-ci ildə rəsmi nikah qeyd etdirərək evlənmişlər. Birgə nikahdan bir övladı- 06 iyun 2012-ci il təvəllüdlü X8 olmuşdur. Onun iddiasına əsasən Babək Rayon Məhkəməsinin 31 may 2020-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, Günayın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 110 manat miqdarında alimentin tutularaq ona ödənilməsi müəyyən edilmişdir. Qızı 7-ci sinifdə oxuyur. Cavabdeh tərəfindən ödənilən bu aliment uşağın günü-gündən artan tələbatlarını ödəmir. Qızı ödənişli fənn hazırlıqlarına gedir. Özü işləsə də aldığı əmək haqqı onun ancaq geyimi, qidası və məktəb ləvazimatlarını görür. Qalan tələbatlarını isə yeni ailə qurduğu şəxs çox çətinliklə ödəyir. Belə ki, yeni evliliyindən bir uşağı da olmaqla həmin şəxs də digər iki övladına aliment ödəyir. Cavabdeh isə Babək Rayon Energetika İdarəsində və Ə.Əliyev küçəsində yerləşən marketdə işçi olaraq işləyir. Toylarda isə nağara çalmaqla yüksək məbləğdə qazanc əldə edir. Cavabdeh hazırda subay olmaqla yeganə uşağı Günay olduğu halda hər ay 110 manat aliment ödəməklə kifayətlənir. Buna görə Babək Rayon Məhkəməsinin 31 may 2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin dəyişdirilərək cavabdehdən övladının saxlanılması üçün 235 manat aliment alınıb verilməsini istəyir. 28 noyabr 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclası zamanı iddiaçının nümayəndəsi X7 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ərizədə iddiaçının Cavabdeh qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək 06 iyun 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 110 manat miqdarında alimentin tutulması barədə Babək Rayon Məhkəməsinin 31 may 2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin dəyişdirilərək Cavabdeh hər ay sabit məbləğdə 235 (iki yüz otuz beş) manat alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiyini, hal-hazırda tələbi dəqiqləşdirərək 2(078)-76/2020 nömrəli, 31 may 2020-ci il tarixli icra sənədi üzrə barışıq sazişinə əsasən icraata xitam verildiyindən 06 iyun 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit məbləğdə 235 (iki yüz otuz beş) manat olmaqla alimentin tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2(078)-1546/2024 nömrəli qərardadı ilə, iddiaçının nümayəndəsi X2 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi təmin edilməklə, iddia tələbinə 06 iyun 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit məbləğdə 235 (iki yüz otuz beş) manat olmaqla alimentin tutularaq İddiaçı verilməsi həddində baxılması qərara alınmışdır. Mülki iş üzrə məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarında iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə İddiaçı nümayəndəsi X2 iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 izahatında qızının 2020ci ildə boşandığını, həmin vaxt uşağın saxlanılması üçün 110 manat aliment müəyyən edildiyini, özünün alimentin artırılması üçün mediasiyaya müraciət etdiyini, cavabdehin gəlmədiyini, sonra cavabdehin uşağı görmək üçün mediasiyaya müraciət etdiyini, o zaman 160 manat aliment ödənilməsində razılaşdıqlarını, cavabdehin 2024-cü ilin may ayına kimi 160 manat aliment ödədiyini, may ayından bu yana ümumiyyətlə ödəniş etmədiyini, ilk aliment tələbi üzrə icra üzrə icraata xitam verildiyini, ona görə də yenidən aliment müəyyən edilməsini istədiyini, uşağın 7-ci sinifdə oxuduğunu, 3 fəndən hazırlığa getdiyini, anasının da yenidən evləndiyini, həmin evlilikdən də bir uşağı olduğunu, uşağın saxlanılması üçün cavabdehin aliment ödəməsini istədiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki işin materiallarını tədqiq edərək məhkəmə müəyyən edir ki, tərəflər arasında 16 sentyabr 2010-cu il tarixdə Babək rayon Didivar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində nikah bağlanması, tərəflərin birgə nikahından 06 iyun 2012-ci il təvəllüdlü X8 adlı övladlarının doğulması, Babək Rayon Məhkəməsinin 31 may 2020-ci il tarixli, 2(079)-76/2020 nömrəli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulması və birgə nikahdan doğulan uşağın anasının yanında saxlanılması işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iş materiallarına əlavə olunmuş Babək Rayon Məhkəməsinin 31 may 2020-ci il tarixli, 2(079)-76/2020 nömrəli qətnaməsindən iş üzrə tərəflərin 16 sentyabr 2011-ci il tarixdə Babək rayon Didivar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində birgə nikaha daxil olması; -iş materiallarına əlavə olunmuş Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 13 avqust 2012-ci il tarixli, AZ-İİ seriyalı, 668906 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin 06 iyun 2012-ci il təvəllüdlü X8 adlı övladlarının olması; -iş materiallarına əlavə olunmuş Babək Rayon Məhkəməsinin 31 may 2020-ci il tarixli, 2(079)-76/2020 nömrəli qətnaməsindən X5 ilə Cavabdeh arasında 16 sentyabr 2011-ci ildə Babək rayon Didivar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində bağlanmış və nikahın bağlanılması haqqında akt qeydləri kitabında 11 nömrə ilə qeydə alınmış nikahın pozulmasının, 06 iyun 2012-ci il tarixdə anadan olan X4 anası X1 yanında qalmasının, mülki iş üzrə Babək Rayon Məhkəməsinin 25 fevral 2020-ci il tarixli 2(079)- 76/2020 nömrəli qərardadı ilə müəyyən edilmiş uşağın saxlanılması üçün müvəqqəti alimentin tutulmasının ləğv edilməsinin, həmin qərardad əsasında iddiaçı tərəfindən qətnamənin qəbul edildiyi, yəni 31 may 2020-ci il tarixədək ödənilmiş aliment məbləğinin nəzərə alınıb, 29 yanvar 2020-ci il tarixdən hesablanmaqla, 06 iyun 2012-ci il tarixdə anadan olan X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 110 (bir yüz on) manat miqdarında alimentin tutularaq uşağın anası X3 ödənilməsinin qət edilməsi; -iş materiallarına əlavə olunmuş Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 26 noyabr 2020-ci il tarixli, AZ-İ seriyalı, 221774 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən Cavabdeh ilə X5 arasındakı nikahın pozulması və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 54 nömrə ilə qeyd aparılması; -iş materiallarına əlavə olunmuş 23 dekabr 2022-ci il tarixli barışıq sazişindən Cavabdeh İddiaçı 06 iyun 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 2023-cü ilin yanvar ayından başlayaraq bir uşaq üçün hər ay 160 (yüz altmış) manat məbləğində aliment ödəyəcəyini öhdəsinə götürməsi barədə razılığa gəlmələri aydın olur. İş materiallarına əlavə olunmuş Babək Rayon İcra və Probasiya Şöbəsinin 09 sentyabr 2024-cü il tarixli icraata xitam verilməsi haqqında qərarının surətinə əsasən, Babək Rayon Məhkəməsi tərəfindən verilmiş 2(079)-76/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə tələbkar X5 xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək Cavabdeh ilə alarında razılaşma olduğunu bildirərək icra sənədi üzrə icraata xitam verilməsini xahiş etdiyindən icra sənədi üzrə icraata xitam verilmişdir. İşin məhkəmədə araşdırılması zamanı aşkarlanan hallardan və iddiaçının məhkəməyə təqdim etdiyi dəqiqləşdirmə ərizəsindən görünür ki, iş üzrə tərəflər arasında mediasiya prosesində barışıq sazişi bağlansa da sonradan tərəflər həmin barışıq sazişinin şərtləri ilə razılaşmamışlar, iddiaçı alimentin artırılması üçün məhkəməyə müraciət etsə də onların arasındakı barışıq sazişinin şərtləri tərəfləri qane etmədiyindən iddiaçının tələbi alimentin artırılması qismində yox aliment tələbi kimi nəzərə alınmalıdır. İşin mübahisəli halı isə iddiaçının tələb etdiyi alimentin miqdarı ilə bağlıdır. Belə ki, iddiaçı iddia ərizəsində övladı 06 iyun 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin tutulmasını tələb etmişdir. İşin bu mübahisəli halının həlli ilə bağlı məhkəmə istinad etdiyi maddi və prosessual hüquq normaları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddəsinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, hər ay 210 (iki yüz on) manat miqdarında sabit pul məbləğində aliment cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə qeyd olunan nəticəyə gələrkən uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, iş üzrə tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının da uşağın valideyni olaraq onu saxlamaq vəzifəsinin olmasını, bununla belə uşağın iddiaçının yanında qalmasını, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu vaxt ərzində iddiaçının üzərinə düşməsini iddiaçının diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hər bir uşaq üçün yaşayış minimumu kimi müəyyən edilən məbləğin yarısından çoxunun – yəni hər ay 210 (iki yüz on) manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsini məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 9-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən, valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2024-cü ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. İddiaçının tələbi bir uşaq üçün 235 (iki yüz otuz beş) manat məbləğində alimentin təyin olunması ilə bağlı olsa da, məhkəmə alimentin qeyd olunan məbləğdə təyin edilməsinin qeyri-mümkünlüyünü onunla izah edir ki, İddiaçı alimentin sabit pul məbləğində tutulmasının miqdarı ilə bağlı öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdir, həmçinin yuxarıda qeyd edilən maddi hüquq normalarının mahiyyətindən də aydın olduğu kimi uşaqlara münasibətdə valideynlər bərabər hüquq və vəzifələrə malikdir, yəni hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcləri ilə təmin edilməsində hər iki valideyn bərabər şəkildə öhdəlik daşıyır. Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, İddiaçı mövcud iddia tələbi ilə Naxçıvan Şəhər Məhkəməsinə 21 oktyabr 2024-cü il tarixdə müraciət etmişdir. Buna görə də alimentin tutulma müddəti iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən, alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin qanunun 9.4-cü maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Mülki işə baxılması zamanı isə cavabdehin dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə belə nəticəyə gəlir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu cavabdehdən tutulmalıdır. Mülki-Prosessual Məcəllənin 112.1 və 112.1.3-cü maddələrinə əsasən, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi aliment tələbi ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin iddia üzrə bir il ərzində ödəmənin məcmusu 1000 manatdan çox olduğundan, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 45.20 (qırx beş manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; -21 oktyabr 2024-cü il tarixdən hesablanmaqla, 06 iyun 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 210 (iki yüz on) manat miqdarında sabit pul məbləğində aliment tutularaq, uşağın anası İddiaçı ödənilməli; -Cavabdeh 45.20 (qırx beş manat iyirmi qəpik) manat miqdarında dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilməli; -iddia qalan hissədə rədd edilməli; -qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MülkiProsessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. 21 oktyabr 2024-cü il tarixdən hesablanmaqla, 06 iyun 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 210 (iki yüz on) manat miqdarında sabit pul məbləğində aliment tutularaq, uşağın anası İddiaçı ödənilsin. Cavabdeh 45.20 (qırx beş manat iyirmi qəpik) manat miqdarında dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunsun. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar