Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1550/2023 13.12.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pəncərənin cavabdehin öz hesabına sökülməsi və bağlanması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh məxsus yaşayış evinin onun mülkiyyətinə açılan pəncərələrinin cavabdehin öz hesabına sökülməsi və bağlanması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı dindirilən İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, qonşusu Cavabdeh təmir etdiyi binanın onun həyətinə baxan hissəsində 3 ədəd pəncərə qoyub. Binanın təmir-tikintisi vaxtı həmin 3 pəncərənin bağlanmasını tələb etmiş, onlar isə “gələcəkdə sizə heç bir narahatçılıq etməyəcəyik və əgər narahatçılıq etsək, o zaman bağladarsınız” cavabını vermişlər. Həyətində uşağı oynayır, qonağı gəlir və ya hər hansı bir iş görən zaman dəfələrlə qonşusu Cavabdeh istədiyi yerdən pəncərini açıb mənasız müdaxilələr, şərlər və tez-tez narahatçılıq edir. Hətta öz həyəti ola-ola ona “həyətimə baxan pəncərəyə güllü şüşə saldırım” demiş, lakin o bununla razılaşmamışdır. Cavabdeh öz pəncərəsinə güllü şüşə saldırdı, lakin buna baxmayaraq hələ də ona narahatçılıq yaradır. O, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Aparatının Şəhər Təsarufatı Memarlıq və Tikinti şöbəsinin böyük məsləhətçisi X1 şifahi şəkildə müraciət etmiş, C.Həşimov ünvana gələrək qonşusu Cavabdeh şifahi şəkildə məsələnin qanuni tərəfini izah versə də, cavabdeh bu günə qədər heç bir məhəl qoymayıb. Bu barədə o, Naxçıvan Şəhər İcra Hakimiyyətinə ərizə ilə müraciət etmiş, ona 11 oktyabr 2023-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisəli məsələlər məhkəmə qaydasında həll olunduğundan məhkəməyə müraciət etməlidir. O, dəfələrlə Sinandan neqativ halların aradan qaldırılmasını tələb etsə də o, buna əhəmiyyət verməmişdir. Buna görə də məcbur qalıb məsələnin həlli üçün məhkəməyə müraciət etmək qərarına gəlib. Məhkəmə tərəfindən verilən sualları cavablandıran iddiaçı bir daha qeyd etmişdir ki, o 2014-cü ildə evinə köçüb, cavabdeh isə 2021-ci ildə. Həmin evi dostu tikib, sadəcə dost olduğuna görə həyətinə yaxın tikib. Sonra dostu satmaq istəyəndə Sinanın qaynatası almaq istədi. Uzaq qoyum olduqlarından buna etiraz etmədi, Sonra Sinanın qayınatası bidirdi ki, evi Sinan bəyənib onlar almaq istəyirər. Ancaq onlara dedi ki, “evin pəncərələri mənim həyətimə baxır xahiş edirəm onları hörsünlər”, onlar da cavabında “narahat olmayın sizə heç bir maneçilik olmayacaq” deyib. Ancaq pəncərələri onun həyətinə açılır. O və ailə üzvləri çox rahatsız olur və sərbəst hərəkət edə bilmir. Ev 10 ildən artıq boş qalmışdı. O, sadəcə evin onun həyətinə baxan pəncərələrinin bağlanıb başqa tərəfədən açılmasını istəyir. Məhkəmə iclası zamanı dindirilən Cavabdeh iddianı rədd edərək verdiyi izahatında bildirmişdir ki, o, ünvan 1 ünvanında yaşayır. Həmin evi Qabil adlı şəxsdən alıb. Həmin şəxsi və Hidayət müəllimi də qaynatası tanıyıb və tanışçılıqla alıb. Evə 2021-ci ildə köçüb. Hazırda ailə üzvləri ilə həmin evdə yaşayır. Bildiyi qədər ilə Hidayət müəllim həm öz evinin tikintisini və onun evinin tikinti işlərini aparıb. Sonra da evi tikib qurtarıb və Qabil adlı şəxsə satıb. O evi alanda ev ancaq binanın tikintisindən ibarət idi. Evin fasadı vardı. Qalan evin bütün təmir işlərini o öz maddi imkanı hesabına edib. Həmin tikilini alanda onsuz da sözü gedən mübahisəli pəncərələr iddiaçının həyəti istiqamətdə qoyulmuşdu. O da eyni cür təmir edib pəncərə yerlərinə pəncərə və şüşə saldırıb. Hətta son dəfə pəncərəyə görünməyən şüşə saldırıb. Ancaq iddiaçı bununla da kifayətlənmir və hər dəfə hədələyici sözlərlə pəncərəni hörməyi və ya pəncərələri açmamağı israrla tələb edir. Ev onundur. Körpə uşağı var. Pəncərləri açıb evi havalandıra da bilmir. Ən azından qonşuluq münasiblərinə iddiaçı əməl etsin. Cavabdehə heç bir maneçiliyi olmadığı halda niyə həmin pəncərələri hörməlidir. Bəs hördüyü halda həmin pəncərələri hansı tərəfdən qoymalıdır?. Cavabdeh qeyd olunanların nəzərə alınaraq iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində ifadə verən X2 bildirmişdir ki, evi qardaşı oğlu alan zaman o evin düzgün tikilmədiyini bilirib. O, neçə illərdir tikinti işləri ilə məşğul olur. Bu işləri yaxşı bilir. Ancaq yenə də qonşu olacaqlar deyə heç bir problemin olmadığını düşünüb. O öz qardaşı oğlu Sinana dəfələrlə xəbərdarlıq edib ki, “əgər Hidayət müəllimlə hər hansı bir problem yaşasan heç vaxt özünə heç nə demə mənə bildir mən özüm Hidayət müəllimlə danışım”. Hətta bir dəfə Sinan ona zəng edərək “Bəs əmi gecə vaxtı həyətlərində səs-küy var. Evin divarına da baksetbol topu vururlar” demiş, o da Hidayət müəllimə zəng edib bu barədə bildirdiyində ondan çox kobud ifadələr eşitmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatını, şahidin ifadəsini dinləyib, həmçinin işin faktiki hallarını və toplanmış sübutları tədqiq edib, onları əlaqəli şəkildə qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. xx.xx.2021-ci il tarixdə tərtib edilmiş 15092 inventar nömrəli texniki pasportunun surətindən məlum olur ki, Naxçıvan şəhəri 21(İİ)-ci məhəllə, döngə 3, ev 13A İddiaçı adına qeydiyyata alınmışdır. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli “Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən məlum olmuşdur ki, Naxçıvan şəhəri, 21(İİ)-ci məhəllə, döngə 3-də mülkiyyətdə olan 0.025 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 53.64 kv.m yaşayış, 114.08 kv.m qeyri-yaşayış, 92.94 kv.m köməkçi sahədən ibarət 13A nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 18/9 nömrəli reyestr kitabının 1681 nömrəli vərəqində qeydiyyata alınmışdır. Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən 11 oktyabr 2023-cü il tarixdə cavab məktubunda qeyd edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisəli məsələlər məhkəmə qaydasında həll olunduğundan məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixdə tərtib edilmiş 15112 inventar nömrəli texniki pasportunun surətindən məlum olur ki, Naxçıvan şəhəri 21(İİ)-ci məhəllə, döngə 7, ev 46B Cavabdeh adına qeydiyyata alınmışdır. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli “Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən məlum olmuşdur ki, Naxçıvan şəhəri, 21(İİ)-ci məhəllə, döngə 7-də mülkiyyətdə olan 0.0350 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 254.70 kv.m olan 46B nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 135.4-cü maddəsinə görə əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təkisahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 560.1-ci maddəsinə görə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə görə digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Həmin Məcəllənin 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia təmin olunur, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələri əsaslıdırsa) rədd edilir. Qanunvericiliyə əsasən, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Nəzərə alınmalıdır ki, mülkiyyətə müdaxilə kimi təqdim edilən hərəkətin qanuni və ya qanunsuz olmasını müəyyən etmək üçün mühüm meyarlardan biri-mülkiyyətçinin iradəsidir. Bu baxımdan binanı torpaq mülkiyyətçisinin razılığı əsasında inşa və ondan istifadə edən şəxsin hərəkətləri mülkiyyətçiyə münasibətdə qanunsuz hesab edilmir və həmin şəxs vicdansız sahib də sayılmır. Bu razılıq açıq şəkildə bəyan edilə biləcəyi kimi, qapalı formada da ifadə oluna bilər (torpaq mülkiyyətçisinin tikilini inşa edəndən pul alması, onun köçərək həmin binada yaşamasına şərait yaratması və s.). Bununla belə, torpaq mülkiyyətçisi öz hüququna əsaslanıb verdiyi razılığı sonradan geri götürərək, tikililəri inşa etmiş şəxsin həmin tikilinin müəyyən formasını dəyişdirilməsini (hazırki işdə pəncərənin bağlanmasını) digər mülkiyyətçinin hüquqları ilə yanaşı tikilinin olduğu mülkiyyətçinin də qanuni mənafeləri nəzərə alınmalı, hər iki mənafe arasında ədalətli tarazlıq təmin olunmalıdır. Başqa sözlə, mülkiyyətin qorunmasına dair normalar nəzərə alınarkən, mülkiyyətçinin razılığına və rəftarına güvənərək müvafiq vəsait qoymaqla tikinti inşa etmiş şəxsin əmlak mənafeləri gözardı edilməməlidir. Hazırki işdə iddiaçının razılığı ilə qoyulmuş pəncərələrin sökülməsi nəticəsində qarşı tərəfin maddi zərərə düşəcəyi şübhəsizdir, eyni zamanda pəncərələr olan otaqların günəş işığını almasını təmin etmək məqsədilə həmin pəncərələr bağlandıqdan sonra başqa yerdən qoyulmasının mümkünsüzlüyü yerində baxış zamanı vizual şəkildə müşahidə edilmişdir. Yeri gəlmişkən, məhkəmə onu da vurğulayır ki, şəxsin əvvəl öz verdiyi razılığı, buna etimad etməklə qarşı tərəfin çəkdiyi xərci nəzərə almadan, yalnız özünün mülkiyyət hüququna istinadən pəncərənin sökülməsini tələb etməsi dürüstlük qaydasına da uyğun gəlmir. Belə ki, istər iddiaçının, istər cavabdehin izahatlarından məlum olmuşdur ki, hələ cavabdeh sözügedən fərdi yaşayış evini almazdan əvvəl iddiaçı həmin evin tikilməsini birbaşa olaraq görmüş, öz evi ilə həmin evin tikintisi eyni vaxtda başlamışdır. Evin cavabdehə satılması zamanı isə təmir işləri istisna olmaqla bütün tikinti işləri tamamlanmış və ev bu şəkildə cavabdeh tərəfindən satın alınmışdır. Pəncərə yerlərinin hansı istiqamətdə qoyulması iddiaçıya məlum olmuş və ev satılarkən bağlanmasını deyil, görünməyən (güllü) şüşə qoyulmasını tələb etmiş, cavabdeh tərəf onun tələbini yerinə yetirmiş və hər iki pəncərəyə görünməyən (güllü) şüşə salınmışdır. Bundan sonra isə iddiaçı cavabdehin həmin pəncərədən müdaxilələr etməklə onun mülkiyyət hüququnu pozduğunu bildirmiş, lakin bununla bağlı mötəbər sübutlarını təqdim etməmişdir. Məlum olduğu kimi, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Bu prinsipə uyğun olaraq, qanunverici mülkiyyətçinin öz hüquqlarından geniş istifadə səlahiyyətini hüquqdan sui-istifadə qadağası ilə məhdudlaşdırmışdır. Bu məhdudiyyət qanunda nəzərdə tutulmaqla yanaşı, yuxarıda qeyd edilən qanuni məqsədlərə xidmət edir. Çünki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kımı sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48.5-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri olan hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində öz hüquqlarını həyata keçirərkən ətraf təbii mühitə, başqa şəxslərin hüquqlarına və mənafelərinə zərər vurmamalıdırlar. Həmin Məcəllənin 58.1-ci maddəsində müəyyən edilmişdir ki, torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, təbiətin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Belə olan halda məhkəmə yuxarıda qeyd olunan normalar baxımından belə nəticəyə gəlmişdir ki, İddiaçı hazırki tələbi hüquqdan sui-istifadədir və onun mülkiyyətinə Cavabdeh məxsus evin pəncərəsindən müdaxilə olunmasını təsdiq edən halları iddiaçı sübut edə bilməmiş, mötəbər dəlillərini məhkəməyə təqdim etməmişdir. Beləliklə, bütün yuxarıda qeyd olunan xüsusatları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pəncərənin cavabdehin öz hesabına sökülməsi və bağlanması tələbinə dair iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia rədd edildiyindən iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 101 manat miqdarında dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı pəncərənin cavabdehin öz hesabına sökülməsi və bağlanması tələbi əsassız olduğundan rədd edilsin. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-1550/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1550/2023
13.12.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver