Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-157/2021 06.04.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı təşkilat ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 389F12 nömrəli xx xxxx 2008-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 10000 (on min) AZN, faiz borcu üzrə 179.11 AZN (bir yüz yetmiş doqquz manat on bir qəpik), Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən hesablanan 5697.61 AZN (beş min altı yüz doxsan yeddi manat altmış bir qəpik), cəmi 15876.72 AZN (on beş min səkkiz yüz yetmiş altı manat yetmiş iki qəpik) və ödənilmiş 30 (otuz) AZN dövlət rüsumunun və 1 (bir) AZN xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslanıdırlmışdır ki, İddiaçı ASC-nin 12 saylı filialı ilə Cavabdeh arasında bağlanmış 289F12 nömrəli xx xxxx 2008-ci il tarixli kredit müqaviləsinə əsasən illik 22%-lə 12 ay müddətinə 10000 (on min) AZN məbləğində kredit verilmişdir. Borcalan tərəfindən kredit borcunun və ona hesablanmış faizlərin ödənilməsi tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən müstəriyə təqdim edilmiş ödəniş cədvəli üzrə aparılmalıdır. Lakin Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yerinə yetirməkdən də imtina etmişdir. Beləliklə də Cavabdeh müqavilənin bu şərtini pozaraq ödəməli olduğu kredit və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. İddiaçı ASC-nin 12 saylı Filialı ilə Cavabdeh arasında bağlanmış 389F12 nömrəli xx xxxx 2008-ci il tarixli kredit müqaviləsinə əsasən xx xxxxxxx 2020-ci il tarixə cavabdehin banka olan əsas borcu 10000 (on min) AZN, faiz borcu üzrə 179.11 AZN (bir yüz yetmiş doqquz manat on bir qəpik), Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən hesablanan 5697.61 (beş min altı yüz doxsan yeddi manat altmış bir qəpik), cəmi 15876.72 AZN (on beş min səkkiz yüz yetmiş altı manat yetmiş iki qəpik) məbləğində borcu yaranmışdır. 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(81)-1404/2016 saylı qərarına əsasən İddiaçı ASC müflis elan edilmiş, iflas proseduruna başlanılmış və qərar dərhal icraya yönəldilmişdir. Həmin qərara əsasən Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçı təşkilat İddiaçı ASC-yə rəsmi qaydada məlumat verilmiş, lakin iddiaçı təşkilatın nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş, sonuncu dəfə Bankın nümayəndəsi xx.xx.2021-ci il tarixdə elektron qaydada ərizə göndərərək onların iştirakı olmadan işə baxılmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə işə iddiaçı təşkilat İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasların iştirak edən Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, o həqiqətən İddiaçı ASC-in 12 saylı Naxçıvan Filialı ilə 2008-ci il tarixdə kredit müqaviləsi bağlayaraq 10000 (on min) manat məbləğində kredit götürmüşdür. Krediti götürdükdən sonra ərinin ciddi xəstəliyi ilə əlaqədar onu xarici ölkələrdə müalicə etdirmiş və ərinin xəstəliyi və onun müalicəsi ilə əlaqədar olaraq Banka olan borcunu qaytarmamışdır. Götürülən borcdan ümumiyyətlə qaytarmamışdır. Hazırda yaşlıdır və pensiya alır. Bank vaxtında ondan pulunu tələb etməyibdir. Bankın ondan pul tələb etməsi üçün müddət keçibdir. Ona görə də müddətin tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iddia ərizəsini və iş üzrə toplanmış materialları, cavabdehin izahatını və cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsini nəzərdən keçirib, sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi iddia müddəti keçdiyindən rədd olunmalıdır. Mülki iş materiallarına əlavə olunmuş 389F12 nömrəli xx xxxx 2008-ci il tarixli Təminatsız kredit müqaviləsindən görünür ki, həqiqətən "İddiaçı" ASC ilə Cavabdeh arasında qeyd olunan kredit müqaviləsi bağlanmış və tərəflər üzərlərinə müqavilələrdən irəli gələn bir sıra öhdəliklər götürmüşlər. Müqavilənin şərtinə görə Bank Borcalana 12 ay müddətinə illik 22 % olmaqla 10000 AZN məbləğində kredit verilməsini öhdəsinə götürmüşdür. Borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş ləğv prosesində olan "İddiaçı" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx xxxxxxx 2020-ci il tarixli, **********411 nömrəli xəbərdarlıq məktubuna əsasən, cavabdehə xəbərdarlıq edildiyi, "İddiaçı" ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdehin öhdəliklərini qısa vaxtda tam yerinə yetirməli olduğu, əks təqdirdə müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün müvafiq məhkəməyə müraciət olunacağı göstərilmişdir. xx xxxxxxx 2020-ci il tarixli, **********393 nömrəli maliyyə arayışında cavabdehin Banka 389F12 nömrəli xx.xx.2008-ci il tarixli 8-21423-4 saylı kredit müqaviləsinə əsasən əsas borc 10000 (on min) AZN, faiz borcu üzrə 179.11 AZN (bir yüz yetmiş doqquz manat on bir qəpik), gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 5697.61 (beş min altı yüz doxsan yeddi manat altmış bir qəpik), ümumi borc 15876.72 AZN (on beş min səkkiz yüz yetmiş altı manat yetmiş iki qəpik) borcunun olduğu qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışa əsasən Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Plenumun istinad edilən qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İş materiallarında olan sənədlərdən görünür ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin icra müddəti xx xxxx 2009-cu ildə bitmişdir, iş materiallarında cavabdeh tərəfindən kredit ödənişi ödənilməsinə dair hər hansı sənəd əlavə edilməmişdir, eyni zamanda cavabdeh izahatında kredit müqaviləsi üzrə ümumiyyətlə ödəniş etmədiyini bildirmişdir. İddiaçı tərəfindən isə hazırkı iddia ilə məhkəməyə icra müddəti bitmiş müqavilə üzrə 11 ildən sonra xx xxxxxxx 2020-ci il tarixində müraciət etmişdir. Göründüyü kimi, qanunla nəzərdə tutulmuş 3 illik iddia müddəti iddiaçı tərəfindən ötürülmüşüdür. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır (MM-in 375.2-ci maddəsi). Cavabdeh də öz növbəsində işə baxılarkən iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsi xahiş etmişdir. Odur ki, məhkəmə iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsindən ibarət qənaətini qanuni və işin hallarına uyğun hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı ləğv prosesində olan "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılmasına dair iddia tələbi iddia müddəti keçdiyindən rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1(bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-157/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-157/2021
06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver