Məhkəmə qərarları › İş №2(078)-1640/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1640/2023

25.12.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1640/2023 25.12.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh tələb etdiyi 3300 (üç min üç yüz) manat borc məbləğinin, 53 (əlli üç) manat dövlət rüsumunun, ümumilikdə 3353 (üç min üç yüz əlli üç) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq iddia ərizəsində bildirmişdir ki, Cavabdeh sahibi olduğu “Alibaba” kafesində 2022-2023-cü illər aralığında ofisiant və kassir işləmişdir. İşlədiyi müddət ərzində Cavabdeh kafenin kirasını verə bilməmiş, zaman-zaman digər işçilərdən də borc pul alaraq kiranı ödəmişdir. Yenə çətinlikdə olduğu bir müddətdə onda pul olduğunu bildiyi üçün ondan borca pul istəmişdir. O isə əlində olan 3500 manat pulu kafenin kirasını ödəməsi üçün borc pul olaraq Hilala vermişdir. Hilal isə bir ay içində həmin pulu ona geri qaytaracağını bildirmişdir. Lakin bir ilə yaxın müddət keçməsinə baxmayaraq Cavabdeh həmin puldan yalnız 200 manat pulu ona qaytarmış, qalan 3300 manat borclu olduğu pulu bu günədək qaytarmamışdır. Ona dəfələrlə zəng edib himayəsində 2 azyaşlı uşağın olduğunu, onların bütün ehtiyaclarını özünün qarşıladığını və təbii olaraq da həmin pula ehtiyacı olduğumu bildirsə də, onu “mən onsuz dəfələrlə kimlərdənsə pul alıb geri qaytarmamışam, məni məcbur etmə ki, sənin pulunu da heç geri qaytarmayım” deyərək hədələmişdir. Hal-hazırda borc pul məbləğindən geri qalan 3300 manat pulunu və 53 manat dövlət rüsumunun, ümumilikdə 3353 (üç min üç yüz əlli üç) manat məbləğin Cavabdeh geri qaytarmasını istəyir. Artıq bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, artıq onun pozulmuş hüquqlarının bərpası məhkəmə qaydasında tənzimlənməli və iddia tələbi tam təmin edilməklə, əsaslı məhkəmə qətnaməsi çıxarılmalı, cavabdeh tərəfindən ödənilməli olan pul tələbi təmin edilməli, tələb etdiyi 3300 (üç min üç yüz) manat borc məbləğinin, 53 (əlli üç) manat dövlət rüsumunun cavabdehdən alınmaqla ona verilməsinə dair müvafiq məhkəmə aktı qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddiaçıdan 2000 manat bir dəfə, 1500 manat da bir dəfə pul aldığını, faizlə götürdüyünü, götürdüyü 2000 manata 200 manat faiz, 1500 manata 150 manat faiz ödədiyini, sonra pul ödəmədiyini, problemlərinin olduğunu, kiranı ödəmək üçün işçidən pul almadığını, başqa iş üçün pul lazım olduğunu, iddiaçının ona pulu təklif etdiyini, “bizim pul götürdüyümüz yer var oradan götürək” dediyini, 2000 manat bir dəfə 1500 manat da bir dəfə götürdüyünü, sadəcə götürdüyü 2000 manata 200 manat faiz, 1500 manata 150 manat faiz ödədiyini, qalan pulu ödəmədiyini, aralarında problemlər olduğunu, iddiaçının onunla bağlı polisə müraciət etdiyini, müraciətinə heç baxılmadığını, iddia ərizəsində iddiaçının 2 uşağının olduğunu qeyd etdiyini, bu halı bildiyini və nəzərə alaraq iddiaçının pulunu onsuzda qaytaracağını, pulu qaytaracağı ilə bağlı mesaj yazdığını, iddiaçının onun işçisi olduğunu, onunla birlikdə elə 6-7 nəfərə onun özünün əməkhaqqı verdiyini, iddiaçıya “bir balaca səbrli ol işə düzəlmişəm, pulunu qaytaracağam” dediyini, iddiaçının dediyi kimi 3500 manatı birdəfəyə götürmədiyini, 2000 manat və 1500 manat olmaqla hissə-hissə götürdüyünü, borcunu inkar etmədiyini, iddiaçıya hazırda 3300 manat məbləğində borcu olduğunu, həmin borcu qaytarmadığını bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyib, iş materiallarına əlavə olunmuş sübutları tədqiq edib və onlara obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə iddia tələbinin təmin edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İş üzrə Cavabdeh məhkəmə iclaslarında verdiyi izahatlarından görünür ki, cavabdeh iddiaçıya 3300 (üç min üç yüz) manat məbləğində borcu olduğunu və həmin borcu qaytarmadığını qəbul edir. Məhkəmə cavabdehin izahatında iddiaçıya 3300 (üç min üç yüz) manat məbləğində borcu olmasını bildirməsinə dair etirafını həqiqətən də iddia ərizəsində qeyd olunan məbləğdə pulun ona verilməsinin və iddiaçıya qaytarılmamasının yəni iddia tələbinin təsdiqi kimi qəbul edir və hesab edir ki, iddiaçı iddia tələbini sübut etmə yükündən azad edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Borcverən öz nizamnamə kapitalındakı payın (səhmin) alınması məqsədilə borc verə bilməz. Borcverən qarşısındakı borc öhdəliyinin icrasının təminatı kimi onun nizamnamə kapitalında olan pay (səhm) çıxış edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən tərəflərin hansı hüquqi münasibətdə olmalarının müəyyən edilməsi tələbinə müvafiq olaraq qeyd edir ki, yuxarıda qeyd olunan qanunvericilik normalarından da göründüyü kimi iş üzrə tərəflər arasında hər hansı yazılı müqavilə bağlanmamışdır. Göründüyü kimi tərəflər arasında yaranmış münasibətlərin əsasında duran hər hansı qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından əsassız varlanma hüquq münasibətlərindən irəli gələn münasibətlər mövcud olmuşdur. Belə ki, iddiaçı 3300 (üç min üç yüz) manat məbləğində pulu Cavabdeh verməsi ilə cavabdeh heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadan İddiaçı hesabına əsassız varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2 və 14.2.7-ci maddələrinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına daxildir. Mülki Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında heç bir müqavilə və ya qanuni əsas olmadan cavabdeh iddiaçının hesabına əsassız varlanmışdır. Cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə iddiaçının ona verdiyi pul məbləğini ona qaytarmalıdır. Məhkəmə baxışı zamanı isə cavabdeh məhkəmə iclaslarında iştirak etmiş, iddia tələbində göstərilən pul məbləğinin iddiaçıya qaytarılmasına dair sübutlarını məhkəməyə təqdim etməmiş, hətta məhkəmədə verdiyi izahatında qeyd olunan məbləğdə borcunun olduğunu və borcu qaytarmadığını qeyd etmişdir. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, 3300 (üç min üç yüz) manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 53 (əlli üç) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; -3300 (üç min üç yüz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməli; -53 (əlli üç) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. 3300 (üç min üç yüz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. 53 (əlli üç) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar