Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-174/2024 29.02.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi İddiaçı və iddiaçının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh ona olan 1818 (min səkkiz yüz on səkkiz) manat borcun və 39 (otuz doqquz) manat dövlət rüsumunun, ümumilikdə 1857 (min səkkiz yüz əlli yeddi) manatın alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq iddia ərizəsində bildirmişdir ki, Cavabdeh ilə Araz Futbol klubunda birlikdə işləmişlər. 2019-cu ilin axırında Əsgər ona evdəkilərin səhhəti ilə əlaqədar olaraq ona pul lazım olduğun demiş və ondan borc istəmişdir. O da Kapital bankdan 5300 (beş min üç yüz) manat kreditə pul götürüb 2400 (iki min dörd yüz) manatını Əsgərə vermişdir. Kapital banka ayda 216 (iki yüz on altı) manat ödəyəcəkdi. Əsgərlə aylıq ödənişi Əsgər ödəyəcəyi barədə razılaşmışlar. Amma Əsgər razılığa əməl etməmiş, o məcbur qalıb kredit ödənişini özü ödəmişdir. 2020-ci ilin aprel ayında Əsgərə bir daha artıq borcu ödəməli olduğunu bildirmişdir. Bununla bağlı Naxçıvan MR Daxili İşlər Nazirliyinə müraciət etmişlər. Onları da Əsgərgili də Daxili İşlər Nazirliyinə çağırmışlar. Əsgər orada ondan 2400 manat aldığını etiraf etmişdir. Ödəməyə imkanının çatmadığını demişdir. Hər ay nəyə gücü çatsa, verməsi barədə razılaşmışlar. Əsgər də aylıq 110 manat ödəyəcəyini demişdir. 2020-ci ilin may ayında o Kapital banka olan krediti tamamən ödəmiş, əlavə olaraq kreditə görə yaranan 258 (iki yüz əlli səkkiz) manat faizi də ödəmişdir. Əsgərin aylıq ona borcun hissə-hissə ödəyəcəyini düşünmüşdür. Bundan sonra Əsgərin anası ara-ara 50-60 manat ödəmiş, ümumilikdə 2021-ci ilin mart ayına qədər 840 (səkkiz yüz qırx) manat ödəmişdir. Bir neçə dəfə pulu qonşuları X3 ona verməsi üçün vermişdir. Ruzi onun iş yoldaşı idi. Bəzən pulu Əsgərin anası ona verirdi. Ruzi pulu ona aparırdı. 2021-ci ilin mart ayından ödənişi dayandırmışdır. O yenidən Daxili İşlər Nazirliyinə müraciət etmişdir. Onları yenidən Daxili İşlər Nazirliyinə çağırmışlar. Bu dəfə Əsgərin ata və anası getmişdir. Onlar aylıq hissə-hissə borcu qaytaracaqları barədə öhdəliyi öz üzərlərinə götürmüşlər. Lakin yenə ödəməmişlər. Bir neçə ay sonra onlar bir də Daxili İşlər Nazirliyinə müraciət etmişlər. Bu dəfə də Əsgərin ata-anası gələrək yenə də əvvəlki kimi, az-az ödəyəcəklərini demişlər. Amma onlara heç bir ödəniş olunmamışdır. Əsgərin anası sonuncu dəfə 2021-ci ilin mart ayında ona 40 manat vermişdir. Ondan sonra pul verməmişdir. Əsgərin ona ödənməmiş 1818 (min səkkiz yüz on səkkiz) manat borcu qalmışdır. İndiyə qədər bir neçə dəfə Əsgərdən aldığı pulu qaytarmağın tələb etsə də, Əsgər pulu qaytarmır. Hər dəfə yalan vədlər verir ki, “narahat olma ödəyəcəm”, amma ödəmir. O da məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. 29 fevral 2024-cü il tarixə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri barədə Cavabdeh mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh baxış iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə müvafiq olaraq məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı cavabdehin xahişi ilə 5300 manat kredit götürdüyünü, həmin kreditdən cavabdehə 2400 manat pul verdiyini, cavabdehin onun 840 manatını qaytardığını, 2400 manata nisbətdə 258 manat faiz ödədiyini, ümumi bankdan götürdüyü 5300 manat puldan ona 500 manat verdiklərini, qalanını Can Orxan və Əsgərin aralarında böldüklərini, Orxandan da pulu tələb etdiyini, onun pulu hissə-hissə qaytardığını, Can Orxanın hazırda Türkiyə Respublikasında olduğunu, burada olduğu vaxt pulun bir hissəsini ödədiyini, 2019-cu ildə kredit götürdüyünü, 2020-ci ilin may ayında krediti bağladıqlarını, 6 ay ərzində kreditin hamısını ödədiklərini, krediti götürərkən krediti onun götürəcəyinə ancaq aylıq ödənişi Əsgərin edəcəyi barəsində razılaşdıqlarını, ancaq Əsgərin buna əməl etmədiyini, cavabdehin 1900 manatı aldığını qəbul etdiyini, ancaq ona 2400 manat pul verildiyini, cavabdehin qəbul etmədiyi 500 manatın cavabdehə verilməsinə münasibətdə heç bir sübutu olmadığını bildirərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 bu hadisədən onun məlumatının olmadığını, 2020-ci ilin fevral ayında öyrəndiyini, öyrəndikdən sonra Orxan və Əsgərin birlikdə bunu etdiyini bildiyini, Orxangilə getdiyini, oradan Orxanı da götürüb Əsgərgilə getdiklərini, valideynlərinin də evdə olduğunu, oturub danışdıqlarını, bundan sonra Əsgərin anasının “məhkəməyə verin o yolla qaytarsın” dediyini, sonra Daxili İşlər Nazirliyinə müraciət etdiyini, polis əməkdaşlarının köməklik etdiyini, Orxan və Əsgərin valideynləri ilə birlikdə DİN-ə gəldiklərini, hətta orada Orxanın atasının ona 400 manat pul verdiyini, ödəyəcəkləri ilə bağlı öhdəlik götürdüklərini, bundan sonra Əsgərin anasının 2 dəfə 120 manat olmaqla pul verdiyini, ara-ara pul verdiyini, ümumilikdə Əsgərin anasının 840 manat pul ödədiyini, Əsgərlə özünün də danışdığını, ona “narahat olma dayı, sən yaxşı adamsan pulunu ödəyəcəyəm” dediyini, 5300 manat pula 680 manat faiz ödədiyini, beləliklə riyazi hesablamalara görə 2400 manata da 307 manat faiz ödəmiş olduğunu, bir neçə dəfə cavabdehə zəng vurduğunu, Naxçıvan şəhər Prokurorluğuna, Naxçıvan şəhər Polis İdarəsinə müraciət etdiyini, cavabdehin 1900 manatı qəbul etdiyini, ancaq ona 2400 manat pul verildiyini, cavabdehin qəbul etmədiyi 500 manata münasibətdə sübutu olmadığını bildirərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. 18 yanvar 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddiaçının iddia ərizəsində yazdıqlarının doğru olmadığını, iddiaçının götürdüyü 5300 manat kreditdən ona 1900 manat pul çatdığını, qalanını Can Orxan adlı şəxsə verdiyini, ona verilmiş 1900 manat puldan 840 manat pulu iddiaçıya qaytardığını, borcun qalan hissəsini isə qaytarmadığını, krediti iddiaçının adına götürdüklərini, həmin vaxt aylıq ödənişləri özünün ödəyəcəyini öhdəsinə götürdüyünü, ancaq aylıq ödənişləri ödəyə bilmədiyini, kredit borcunu iddiaçının ödədiyini, iddia ərizəsində göstərilən 258 manat faiz borcunu qəbul etdiyini, ancaq ödəməyə maddi imkanı çatmadığını, maddi imkanının aşağı olduğunu, işsiz olduğunu, iddiaçıdan sadəcə 1900 (min doqquz yüz) manat aldığını 2400 (iki min dörd yüz) manat almadığını bildirdi. İş materiallarına əlavə olunmuş ödəniş qrafikindən İddiaçı müqavilə üzrə əldə etdiyi kredit məbləğini xx.xx.2019-cu ildən başlayaraq xx.xx.2022-ci ilədək hər ay 216.09 (iki yüz on altı manat, doqquz qəpik) manat, sonuncu ay isə yəni xx.xx.2022-ci il tarixdə 220.16 (iki yüz iyirmi manat, on altı qəpik) manat ödəməli olması aydın olur. İş materiallarına əlavə olunmuş çıxarışdan görünür ki, İddiaçı 12 noyabr 2019-cu il tarixli müqavilə üzrə cəmi 6012.23 (altı min on iki manat iyirmi üç qəpik) manat ödəmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Borcverən öz nizamnamə kapitalındakı payın (səhmin) alınması məqsədilə borc verə bilməz. Borcverən qarşısındakı borc öhdəliyinin icrasının təminatı kimi onun nizamnamə kapitalında olan pay (səhm) çıxış edə bilməz. Maddənin dispozisiyasından da göründüyü kimi sübutetmə yükü pulun verilməsinə münasibətdə iddiaçının, öhdəliyin icra edilməsinə yəni pulun qaytarılmasına münasibətdə isə cavabdehin üzərində düşür. Mülki işin məhkəmə araşdırması zamanı iş üzrə İddiaçı məhkəmə iclası zamanı verdiyi izahatında 5300 (beş min üç yüz) manat kredit götürdüyünü cavabdehə 2400 (iki min dörd yüz) manat məbləğində pul verdiyini, cavabdehin 2400 (iki min dörd yüz) manat puldan 840 (səkkiz yüz qırx) manat pulunu qaytardığını bildirmişdir. İddia tələbinə münasibət bildirən iş üzrə Cavabdeh verdiyi izahatında iddiaçıdan 1900 (min doqquz yüz) manat məbləğində pul aldığını, 1900 (min doqquz yüz) manat məbləğində borcdan 840 (səkkiz yüz qırx) manatını qaytardığını, qalanını qaytarmadığını, iddiaçının ödədiyi 258 (iki yüz əlli səkkiz) manat faiz pulunu isə qəbul etdiyini, iddiaçıdan sadəcə 1900 (min doqquz yüz) manat aldığını 2400 (iki min dörd yüz) manat almadığını bildirmişdir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi cavabdeh iddiaçıdan həqiqətən də borc aldığını inkar etmir. Cavabdeh ona 2400 (iki min dörd yüz) manat deyil 1900 (min doqquz yüz) manat verildiyi qeyd edir. Cavabdeh həmçinin 1900 (min doqquz yüz) manat məbləğində borcdan 840 (səkkiz yüz qırx) manatını isə qaytardığını bildirir. Məhkəmə cavabdehin iddiaçıdan 1900 (min doqquz yüz) manat məbləğində pul aldığını, onun 840 (səkkiz yüz qırx) manatını ödədiyini bildirməsinə dair etirafını həqiqətən də həmin məbləğdə pulun ona verilməsinin hazırda iddia tələbinin 1060 (min altmış) manat hissəsinin təsdiqi kimi qəbul edir. Çünki iş üzrə tərəflərin məhkəmədə verdiyi izahatından da görünür ki, 840 (səkkiz yüz qırx) manat məbləğində pulun iddiaçıya ödənilməsi işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə iş üzrə cavabdehin verdiyi izahatında iddiaçıya 1900 (min doqquz yüz) manat məbləğində borcun 840 (səkkiz yüz qırx) manatını qaytardığını bildirməsini borcun həmin hissədə etirafı kimi qiymətləndirir və hesab edir ki, iş üzrə İddiaçı həmin hissədə iddia tələbini sübutetmə vəzifəsindən azad edilməlidir. Borc məbləğinin 1060 (min altmış) manat hissəsinin qaytarılmadığını cavabdehin özü təsdiq etdiyindən məhkəmə mövcud tələbin həmin hissəsinə münasibətdə tələbin təmin edilməsini qanuni və əsaslı hesab edir. Cavabdeh izahatında iddiaçıya qalan 258 (iki yüz əlli səkkiz) manat faiz borcunu qaytarmağa imkanının çatmadığını qeyd edərək həmin borcu da qəbul etmişdir. Belə olan halda məhkəmə iddiaçının tələbinin 258 (iki yüz əlli səkkiz) manat faiz borcunun qaytarılması hissəsinə münasibətdə də tələbin təmin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia tələbinin 1318 (min üç yüz on səkkiz) manat hissəsi öz təsdiqini tapdığından tələb həmin hissədə təmin edilməlidir. İddia tələbinin qalan hissəsi ilə bağlı isə məhkəmə qeyd edir ki, iddiaçı izahatında cavabdehə 2400 (iki min dörd yüz) manat pul verdiyini qeyd etsə də cavabdeh izahatında 1900 (min doqquz yüz) manat pul verdiyini bildirmişdir. İddiaçı qalan 500 (beş yüz) manat məbləğində pulu cavabdehə verdiyini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir, cavabdeh isə bunu izahatında inkar etmişdir. İddiaçı məhkəməyə verdiyi izahatında cavabdehin qəbul etmədiyi 500 manatın cavabdehə verilməsinə münasibətdə heç bir sübutu olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının Mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda qeyd olunan qanunvericilik normalarını nəzərə alan məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə əlavə olaraq 500 (beş yüz) manat məbləğində pul borc verilməsi məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən sübuta yetirilə bilmədiyindən iddia tələbi 500 (beş yüz) manata dair hissədə rədd edilməlidir. Məhkəmə cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə iddia qismən təmin edildiyindən iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 28.27 (iyirmi səkkiz manat iyirmi yeddi qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia qismən təmin olunmalı; -1318 (min üç yüz on səkkiz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməli; - iddia qalan hissədə rədd edilməli; - iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 28.27 (iyirmi səkkiz manat iyirmi yeddi qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. 1318 (min üç yüz on səkkiz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. İddianın təmin edilmiş hissəsinə uyğun olaraq 28.27 (iyirmi səkkiz manat iyirmi yeddi qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-174/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-174/2024
29.02.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver