Məhkəmə qərarları › İş №2(078)-1745/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1745/2025

23.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1745/2025 23.01.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ (Açar sözlər: nisyə alğı-satqı müqaviləsi üzrə pul tələbi) Naxçıvan Şəhər Məhkəməsinin hakimi Heydarov Aslan Nazim oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ödənilməmiş kredit borcuna görə 415 (dörd yüz on beş) manat, hər ay üçün 5 (beş) faiz olmaqla, ödənilməmiş 9 ay üzrə 186.75 (bir yüz səksən altı manat yetmiş beş qəpik) manat və iddia ərizəsi üçün dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə 631.75 (altı yüz otuz beş manat yetmiş beş qəpik) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, Naxçıvan şəhəri, Ə.Əliyev küçəsi, Gənclər Şəhərciyində yerləşən "SELİN HOME" Cehiz evi mağazasını işlədir. Naxçıvan şəhəri, Sabir 48, ev 6A-da, qeydiyyatda olub və orada yaşayan Cavabdeh ilə aralarında bağlanmış 15 may 2024-cü il tarixli, K00680 nömrəli kredit müqaviləsi ilə 2020 (iki min İyirmi) manat dəyərində 10 ədəd cehizlik əşyaları kreditə vermişdir. Aralarında Cavabdeh öz xətti ilə yazılaraq və öz imzası ilə imzalanaraq bağlanmış K00680 nömrəli kredit müqaviləsinə görə ümumi məbləği 2020 (iki min iyirmi) manat, ilkin ödəniş məbləği 150 (bir yüz əlli) manat, kreditin qalıq məbləği 1870 (bir min səkkiz yüz yetmiş) manat olmaqla 11 (on bir) ay müddətində hər ay 170.00 (bir yüz yetmiş) manat pulu iddiaçıya qaytaracağını öhdəsinə götürmüşdür.

3. Cavabdeh K00680 nömrəli kredit müqaviləsi üzrə ilk vaxtları kredit borcunu ödəyərək iddiaçıya olan ilkin ödənişlə birlikdə 1605 (bir min altı yüz beş) manat borcunu qaytarmışdır. Lakin cavabdeh kredit borcundan qalmış 415 (dörd yüz on beş) manat pulu bu günədək geri qaytarmamışdır. Ona bir neçə dəfə borclu qaldığı pulun qaytarmasını desə də, o, hər dəfəsində müxtəlif bəhanələrlə ödəməli olduğu borcunu geri verməkdən boyun qaçırmışdır. Ona yazılı şəkildə müraciət edərək ona olan kredit borcunu geri qaytarmasını xahiş etsə də o, yazılı müraciətinə heç bir münasibət bildirməmişdir. Artıq bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

4. Qeyd edir ki, cavabdeh ilə bağladığı K00680 nömrəli kredit müqaviləsinə görə aralarındakı razılığa əsasən cavabdehin ona ödəməli olduğu kredit borcunun yubadılmasına görə hər ay üçün 5 (beş) faizi miqdarında kompensasiya (cərimə) hesablanacağını razılaşaraq öhdəsinə götürmüşdür. Bu səbəbdən də cavabdehin iddiaçıya 15 may 2024-cü il tarixli, K00680 nömrəli kredit müqaviləsi üzrə 9 (doqquz) ay ərzində ödəməli olduğu 415 (dörd yüz on beş) manat kredit borcunu bu günədək ödəmədiyi hər ay üçün 5 (beş) faiz olmaqla, ödənilməmiş 9 ay üzrə 186.75 (bir yüz səksən altı manat yetmiş beş qəpik) manat pulun da ona ödənilməsini istəyir.

5. Hesab edir ki, artıq pozulmuş hüquqlarının bərpası məhkəmə qaydasında tənzimlənməli və tələbi tam təmin edilməklə, əsaslı məhkəmə qətnaməsi çıxarılmalı, cavabdeh tərəfindən ona verilməli olan pul tələbi təmin edilməli, tələb etdiyi kredit borcundan qalmış 415 (dörd yüz on beş) manat, hər ay üçün 5 (beş) faiz olmaqla, ödənilməmiş 9 ay üzrə 186.75 (bir yüz səksən altı manat yetmiş beş qəpik) manat pulun və 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən alınmaqla ona verilməsinə dair müvafiq məhkəmə aktı qəbul edilməlidir.

6. İddiaçı ərizəsinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 427.3, 442, 443.1, 445.2.1 və 448.1-ci maddələrinə istinad edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Məhkəmə xx.xx.2025-ci il tarixdə daxil olmuş ərizə üzrə xx.xx.2025-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin Cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Sübutların tədqiqi:

8. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, K00680 nömrəli müqavilədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında “Cehizlik setin” nisyə satılması barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən 11 ay müddətinə, aylıq 170 manat olmaqla 2020 manat məbləğində cehizlik set almışdır.

9. İş materiallarında olan 15 may 2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavədən görünür ki, məhsul alıcıya qüsursuz şəkildə təhvil verilmişdir.

10. İş materiallarında olan 15 may 2024-cü il tarixli ödəniş çekində 250 manat, 17 iyun 2024-cü il tarixli ödəniş çekində 135 manat, 17 iyul 2024-cü il tarixli ödəniş çekində 160 manat, 19 avqust 2024-cü il tarixli ödəniş çekində 100 manat, 18 oktyabr 2024-cü il tarixli ödəniş çekində 200 manat, 17 noyabr 2024-cü il tarixli ödəniş çekində 180 manat, 6 yanvar 2025-ci il tarixli ödəniş çekində 100 manat, 13 fevral 2025-ci il tarixli ödəniş çekində 100 manat, 17 aprel 2025-ci il tarixli ödəniş çekində 80 manat, 3 iyun 2025-ci il tarixli ödəniş çekində 100 manat, 31 avqust 2025-ci il tarixli ödəniş çekində 100 manat, 4 oktyabr 2025-ci il tarixli ödəniş çekində 100 manat məbləğində ödənişlər Cavabdeh tərəfindən olunmuşdur.

11. 28 noyabr 2025-ci il tarixli Xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh pretenziya göndərilmiş və borcun ödənilməsinə dair xəbərdarlıq edilmişdir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsi

12. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

13. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 14.Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 15.Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 16.Maddə 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 17.Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 18.Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 19.Maddə 442. öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 20.Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 21.Maddə 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

22. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 23.Maddə 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.

24. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

Tətbiq edilən prosessual hüquq normaları:

Mülki Prosessual Məcəllə

25. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.

26. Maddə 284-5.1. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir.

27. Maddə 284-5.2.Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.

28. Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

29. Maddə 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin, qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Məhkəmənin mövqeyi:

32.Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir.

33. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia qismən təmin edilməklə Cavabdeh xx.xx.2024-cü il tarixli K00680 nömrəli Kredit Müqaviləsi üzrə 415 (dörd yüz on beş) manat əsas borc, 20.75 (iyirmi manat, yetmiş beş qəpik) manat gecikdirilmiş dəbbə borcu olmaqla, ümumilikdə 435.75 (dörd yüz otuz beş manat yetmiş beş qəpik) manat borc İddiaçı xeyrinə tutulmalıdır.

34. Belə ki, iş materiallarından göründüyü kimi, tərəflər mülki qanunvericiliyin müqavilə azadlığı prinsipləri çərçivəsində “Cehizlik set” barəsində kredit müqaviləsini bağlamış və iddiaçı müqavilə öhdəliyini yerinə yetirərək, malı cavabdehə təhvil vemişdir. Lakin, cavabdeh müqavilənin şərtlərini lazımi qaydada yerinə yetirməmiş, müqavilədə nəzərdə tutulmuş ödəniş qrafiki əsasında ödənişlərini vaxtında yerinə yetirməmişdir.

35. Məhkəmə hesab edir ki, cavabdeh öhdəliyini lazımi qaydada yerinə yetimədiyindən iddiaçı xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 415 manat əsas borcu tələb etməkdə haqlı olmuşdur.

36. Məhkəmə dəbbə puluna münasibətdə qeyd edir ki, iddiaçı dəbbə pulu olaraq cavabdehdən 186.75 manat tutulmasını xahiş etmişdir.

37. Yuxarıda qeyd olunan normalar baxımından məhkəmə hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu əsas borca münasibətdə tənasübsüz olduğundan azaldılaraq, əsas borcun 5% miqdarında 20.75 (iyirmi manat, yetmiş beş qəpik) manat məbləğində müəyyən olunmalıdır. Tələb dəbbə pulunun qalan hissəsində rədd edilməlidir.

38. MPM Maddə 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir.

39. Məhkəmə həmçinin hesab edir ki, ərizə qismən təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə İddiaçı tərəfindən "xxxx" ASC-nə xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20.70 (iyirmi manat, yetmiş qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır.

40. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216, 284-1, 284-5, 284-6, 358.0.3-cü maddələrini rəhbər tutaraq

qətetdi:

İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli K00680 nömrəli Kredit Müqaviləsi üzrə 415 (dörd yüz on beş) manat əsas borc, 20.75 (iyirmi manat, yetmiş beş qəpik) manat gecikdirilmiş dəbbə borcu olmaqla, ümumilikdə 435.75 (dörd yüz otuz beş manat, yetmiş beş qəpik) manat borc İddiaçı xeyrinə tutulsun. İddiaçı tərəfindən "xxxx" ASC-nə xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20.70 (iyirmi manat, yetmiş qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Aslan Heydarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar