Məhkəmə qərarları › İş №2(078)-176/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-176/2023

23.05.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-176/2023 23.05.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq Cavabdeh 3500 (üç min beş yüz) manat pulun və ödənilmiş 55 (əlli beş) manat dövlət rüsumunun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən İddiaçı iddianı müdafiə edərək verdiyi ifadəsində bildirmişdir ki, qızı X3 Cavabdeh ilə 28 avqust 2009-cu il tarixdə nikahlarını rəsmiləşdirib ailə qurublar. X8 Yanarın atası X1 məxsus olan ünvan 1 ünvanına gəlin köçmüşdür. Həmin ev və 100 kv.metr torpaq sahəsi vərəsəlik qaydasında Yanarın adına keçmişdir. Lakin qalan torpaq sahələri isə Yanarın anasının və qardaşının payı bacısı Kübraya verilmişdir. Kübra isə həmin torpaq sahəsini bibisi oğlu Qəzənfərə satıb. Qəzənfər orada ev tikmək istədi, ona görə də Yanardan da vərəsəlik qaydasında əldə etdiyi 100 kv.metr torpaq sahəsini satın almaq istədi. Yanara “Həmin torpaq sahəsini sat mən alım, Qəzənfərə satma” demiş, Yanar da razılaşmışdır. Belə də razılaşmaya əsasən o, Yanara 3500 (üç min beş yüz) manat pul vermiş, Yanar da torpağı Qəzənfərə satmamışdı. Özündə 2000 manat var idi. 500 manat da Ordubad rayon sakini Aybəniz Hacıyevadan alıb, 1000 manatı da Sadiqov Vaqifdən alıb, toplam 3500 manat pulu Ordubad rayon sakini, Ordubad-Naxçıvan arası marşrut işləyən Vüsal adlı şəxsə vermiş, o da gətirib Naxçıvan şəhərində Avtovağzalda Yanara vermişdir. Lakin həmin vaxt münasibət yaxşı olduğuna görə adına rəsmiləşdirməmişdir. Dəfələrlə Yanara demiş, lakin pulu olmadığı üçün rəsmiləşdirə bilməmiş, daşınmaz əmlaka 80 manat pul keçirib forma 1 də almışdır. Məqsədi həmin torpaqda nə isə tikmək deyildi. Nəvəsi böyüyəndə keçirdəcəkdi onun adına. Naxçıvan şəhər Məhkəməsinin qətnaməsi ilə qızı Nərminlə Yanarın nikahları pozuldu. Nikah pozulandan sonra o, Yanardan torpağının sənədini istəmiş, o isə evi satıb pulunu verəcəyini demişdir. Həmin vaxtdan sonra da Yanardan bir neçə dəfə “Torpağın sənədini əgər verə bilmirsənsə pulumu qaytar” demiş, lakin Yanar nə sənədi vermiş, nə də ki, pulunu qaytarmışdır. Qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında Cavabdeh izahatında iddianı qəbul etməyib bildirmişdir ki, iddiaçının iddia ərizəsində qeyd etdikləri əsassızdır. İddiaçı 3500 manat pulu ona deyil qızı Nərminə verib. İddiaçının qızı Nərmin onun keçmiş həyat yoldaşı olub. Onlar hazırda rəsmi qaydada boşanıblar. Nərmin onun atasına məxsus olan evə gəlin gəlib. Boşandıqdan sonra da həmin evdən çıxmayıb və övladları ilə birlikdə həmin evdə yaşayır. Hazırda da evi tərk etməyib. Ev onun atasının adına olsa da, evin bütün təmir işlərinə Nərminlə birlikdə xərc qoymuşlar. Həmin 3500 manat pulu da iddiaçı qızı Nərminə verib ki, evin təmirinə xərcləsin. İddiaçı ona heç bir pul verməyib. Nərmin evin təmirinə çəkilmiş xərclə bağlı məhkəmədə iddia qaldırdı. Məhkəmə isə 10000 manata qədər çəkilmiş xərcin alınması barədə qərar verdi. O, sözügedən məhkəmə qərarından narazı qalaraq apellyasiya şikəyəti verib və hazırda iş Naxçıvan MR Ali Məhkəməsinin icraatındadır. İddianı qəbul etmir. İddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclası zamanı iddiaçı tərəfindən şahid qismində X3 ifadəsində bildirmişdir ki, Yanarla artıq rəsmi olaraq boşanmışdır. Onun hazırda yaşadığı ev qayınatasına məxsus olub. Həmin evin yanındakı həyəti Yanar satmaq istəyirdi. O da bunu anasına söyləmişdir. Anası Yanara bildirdi ki, əgər satacaqsa həmin həyəti anasına satsın. Yanar da razılaşdı. Anası pulu Ordubadlı sürücü ilə göndərdi. Yanarla avtovağzala getmişdir. Sürücü zərfi Yanara verdi. Yanar pulu evə gətirdi. Həmin pulu bacısının banka olan borcuna verdi, əvəzində bacısı miras evlə bağlı payından imtina etdi. Ev və torpaq Yanarın adına keçdi. Sədrlik edənin sualına cavab olaraq şahid bildirmişdir ki, Yanar anasına torpaq satanda onların ailə münasibəti yaxşı idi. Anası ondan soruşanda pulu neylədiniz? dedi ki, evin şiferini düzəldəcəklər. Ancaq anasına düzünü deməmişdir. Çünki anası ilə Yanar yola getmirdi, yenə savaşacaqdılar və ortada qalacaqdı. Yanar pulu bacısının banka olan borcuna verdi. Bacısı da notariusa getdi, Yanarın xeyrinə evdən imtina ərizəsi yazdı. Məhkəmə iclası zamanı şahid X2 ifadəsində bildirmişdir ki, Ordubad-Naxçıvan marşurutunda sürücü işləyir. Məleykə xala ona zərfdə pul verdi ki, Naxçıvana çatanda zərfdəki pulu onun kürəkəninə versin, üstünü də yazmışdı. O da Naxçıvan şəhərinə çatanda zərfi Məleykə xalanın kürəkəninə vermişdir. O Məleykə xalanın qızı ilə gəlmişdi. Ancaq zərfin içində olan pulun məbləğini bilmirdi. Məhkəmə iclası zamanı şahid X5 ifadəsində bildirmişdir ki, Məleykə xanımı tanıyır. Onun Culfa rayonu Yaycı kəndində dükanı var. Məleykə xanım bir gün ona dedi ki, şəhərdə torpaq almaq istəyir. Ona 1000 manat pul lazımdır. O da Məleykə xanıma 1000 manat pul vermişdir. Bildikləri bundan ibarətdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatını, şahidin ifadəsini dinləyib, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Belə ki, məhkəmə araşdırması zamanı iş üzrə İddiaçı verdiyi izahatında iddia tələbinin əsası kimi ünvan 1 ünvanında 100 kv.metr torpaq sahəsinin razılaşmalarına əsasən Yanardan 3500 manata aldığını, 3500 manat pulu Ordubad rayon sakini, Ordubad-Naxçıvan arası marşrut işləyən Vüsal adlı şəxsə verdiyini, onun da gətirib Naxçıvan şəhərində Avtovağzalda Yanara verdiyini qeyd etmiş, iddia tələbinin əsası kimi göstərdiyi bu faktları təsdiq edəcək mötəbər və təkzibedilməz sübutlarını məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Məhkəmə yuxarıda qeyd edilən halları hazırki iddia tələbinə tətbiq edilməsini zəruri hesab edir. Belə ki, tərəflər arasında torpaq sahəsinin alqı-satqı müqaviləsi bağlanmamışdır və bu hal işin mübahisəsiz halıdır. Cavabdeh iddiaçı tərəfindən ona pul verilmədiyini, iddiaçının qızına pul verdiyini, həmin pulu evin çəkilən xərcinə xərclədiyini bildirmiş, lakin bununla bağlı hər hansı sübut təqdim etməmişdir. İddiaçı tərəfindən dindirilən şahidin ifadəsinə nəzərə saldıqda şahidin ifadəsini mötəbər sübut növü kimi qəbul etmək olar. Ona görə ki, şahid ifadəsi konkretdir və pulun məhz cavabdehə verildiyini təsdiq edir. Belə olan halda iddiaçının cavabdeh verdiyi pul məbləği ilə bağlı torpaq sahəsinin alqı-satqı müqaviləsi həyata keçirilmədiyindən həmin pul məbləğinin qaytarılmasına münasibətdə iddia tələbinin qanuni əsasının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsində nəzərdə tutulmuş əsassız varlanma təşkil edir. Həmin Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Beləliklə, məhkəmə belə hesab edir ki, tərəflər arasında alqı-satqı müqaviləsi baş tutmamış və həmin müqavilənin icrasının həyata keçirilməsi üçün iddiaçının cavabdehə vermiş olduğu 3500 (üç min beş yüz) manat pul məbləği sonradan aradan qalmış əsasa söykənməklə hazırda Cavabdehdır və Cavabdeh qeyd edilən 3500 (üç min beş yüz) manat pul məbləğini İddiaçı qaytarmalıdır. Məhkəmə məhkəmə məsrəflərinə münasibətdə qeyd edir ki, iddia təmin edildiyindən İddiaçı tərəfindən “Kapital Bank”ın Naxçıvan Filialına 26 dekabr 2022-ci il tarixdə 30128 nömrəli qəbzlə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu Cavabdeh alınıb iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı təmin edilsin. Cavabdeh 3500 (üç min beş yüz) manat pul alınıb İddiaçı verilsin. İddiaçı tərəfindən “Kapital Bank”ın Naxçıvan Filialına 26 dekabr 2022-ci il tarixdə 30128 nömrəli qəbzlə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu Cavabdeh alınıb iddiaçıya qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi təqdim olunduğu gündən 1(bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar