Məhkəmə qərarları › İş №2(078)-180/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-180/2023

28.02.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-180/2023 28.02.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1500 (bir min beş yüz) manat pulun və ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, özünə şəxsi sedan avtomobil almaq istədiyi üçün yaxın dostlarına, qohumlarına xəbər etmişdir, yaxşı və sərfəli qiymətə avtomaşın satan olsa ona bildirmələrini demişdir. 2021ci ilin təxminən sentyabr ayında Naxçıvan Yol İdarəsində işləyən dostu X2 ona bildirdi ki, iş yoldaşı Zeynalın yaxşı bir "Ufan 820" markalı avtomaşını var satır, həmin maşınla işə gedib-gəlib, saf maşındı, almaq məsləhətdir. Nurətin vasitəçiliyi ilə Zeynalla görüşüb maşına baxıb ustada yoxlatdırmış, bəyənmiş və almaq qərarına gəlmişdir. Son qiymət olaraq 14500 (on dörd min beş yüz) manata alqı-satqıya razılaşmışlar. Razılaşdıqları “Lifan 820” markalı avtomaşın "Cahan” avto salonunda kreditdə idi, bu səbəbdən də Zeynal ona bildirdi ki, “kreditin vaxtından keçib, sən əlində nə pulun varsa ver, mən ödəyim kredit borcuna, onsuzda maşına ödəyəcəyin puldan çıxacağıq”. O da 1500 (min beş yüz) manat nağd pul Zeynala vermiş, aparıb maşının kreditinə ödəmişdir. Bir gün sonra maşını götürmüşdür. Həmin “Lifan 820" markalı avtomaşın dövlət qeydiyyat nişanı ** BG *** idi. Maşını Zeynaldan götürərkən razılaşmışdır ki, iki həftəyə kimi pulunu ödəyəcək. Onun şəxsi təsərrüfatı olduğu üçün İqtisadiyyat Nazirliyindən kredit götürüb ödəyəcəkdi. Kredit görürməsi alınmadığı üçün Zeynalla yenidən danışmışdır ki, krediti 2022-ci ilin yanvar ayında verəcəklər, ona görə maşının pulunu ödəyə bilmir, ya onları gözləsin həmin vaxtadək, yaxud da müştəri olarsa ona satsın, 1500 manatı həmin vaxt qaytarsın. Zeynal da bildirdi ki, nağd 12000 manat da versələr razılaşarlar, pulu olmadığına görə ala bilmədilər. O da maşını həmin gün aparıb Zeynalın qardaşına təhvil vermişdir. Atası həmin müddətdə rəhmətə getdiyindən krediti götürə bilməmişdir. Zeynala da bildirmişdir ki, pulu götürə bilmədiyi üçün maşını satıb onun 1500 manat pulunu qaytarsın. Zeynal həmin vaxt razılaşmışdır və danışıqlarından 1 ay sonra maşını satmışdır. Ona bu barədə nə xəbər verdi, nə də ki, pulunu qaytardı. Dəfələrlə pulunu tələb etsə də əvvəllər verəcəyini bildirsə də, sonradan inkar etməyə başladı və dedi ki, ümümiyyətlə vermir. O Zeynala 1500 manat pulu beh kimi verməmişdir. Maşının krediti olduğu üçün Zeynala 1500 manat pulu kömək üçün verdi ki, maşını kreditdən çıxarsın. Ona cavabdeh məhkəmədən əvvəl dedi ki, hazırda pulu yoxdur. Pulu olan kimi borcu qaytaracaq. Bununla bağlı o CD-diskdə səs yazısını məhkəməyə təqdim etmişdir. İddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçının iddiası əsassızdır. Onun mülkiyyətində “Lifan 820” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobil olub və həmin avtomobili 2021-ci ilin sentyabr ayında satmaq istəmişdir. Həmin vaxt iş yoldaşı olan Nurət ona yaxınlaşdı ki, dayısı Hacı onun satmaq istədiyi maşını oğluna almaq istəyir. Ona bildirmişdir ki, əgər almaq istəyirsə gəlib maşına baxsın istədiyi ustada yoxlatsın almaqda fikri qəti olarsa razılaşsınlar. Belə də oldu. Hacı oğlu indiki iddiaçı ilə birlikdə gəlib maşına Naxçıvan şəhərində yerləşən Avtovağzal deyilən yerdə baxdılar. Maşını 14700 manata razılaşmışlar. O maşını aparmış, gedərkən bildirmişdir ki, fikirini qətiləşdirib ona xəbər etsinlər. Səhəri görüşmüşlər və maşını 1-2 nəfər uştaya göstərmişlər, problem olmadığından 14700 manata razılaşmışlar. Hacı ona 1500 manat beh verdi ki, maşını alırlar, aparıb qoyacaqlar həyətlərinə, 1 həftədən sonra qalan pulunu da bankdan götürüb, verəcəklər və ondan sonra alqı-satqıya gedəcəklər. O maşını vermişdir, Haçı dayı özü sürüb evlərinə apardı. O da maşın sənədləşdirilməyə kimi sürülməsin deyə maşının pultunu istəmişdir. Lakin axşam Hacı ona zəng vurdu ki, “maşını göndərim gəlsin, sənədləşməyə kimi qalsın səndə, istəmirəm birdən oğlum götürüb sürər”. O da işdə olduğu vaxt Cabbar maşını gətirib qardaşı Məhərrəmə vermişdi. Onların dediyi kimi bir həftə gözləmişdir. Onlardan xəbər çıxmadığı üçün zəng edəndə, Hacı ona bildirdi ki, onlara 15 gün də vaxt versin. İqtisadiyyat Nazirliyindən pulu götürüb verib, maşını aparacaqlar. Bir həftədən sonra 1 ay da vaxt istəmişlər, o yenə də 1 ay gözləmişdir və beləliklə o Hacı kişidən aldığı 1500 manat behə görə 4 ay onları gözləmişdir. Artıq il dəyişdi, kredit götürə bilmədilər. Sonra da eşitmişdir ki, Hacı kişi rəhmətə gedib. Bir müddətdən sonra Cabbar verdikləri 1500 manat behi qaytarmasını dedi və o da bildirdi ki, behi verəndə 1 həftəyə razılaşmışlar, ancaq o yenə də aydan artıq müddətdə gözləmişdir. Beh müqaviləsinin şərtləri onlar tərəfindən pozulmuşdur, indi də pulu qaytarmır. Bu qədər gözlətdikləri üçün maşınların qiyməti düşdüyü üçün ucuz qiymətə maşını satmışdır. Onu gözlətməklə ziyana salmışlar. İndi məhkəməyə verib, ondan beh verdiyi pulu tələb edir. İddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında şahid X3 ifadəsində bildirmişdir ki, Cabbar onun həyat yoldaşının dayısı oğludur. Hacı dayı ona dedi ki, onlara rahat bir maşın tapsa almaq istəyirlər. O da Zeynalın maşınını onlara göstərmişdir. Gedib baxdılar və xoşları gəldi. Son qiymət olaraq 14500 manata razılaşdılar. Hacı dayıgil də Zeynala 1500 manat ilk başdan pul verdilər. Maşını da sürüb həyətlərinə apardılar. Rəhmətlik Hacı dayı bildirdi ki, kredit pul götürüb maşını alacaqlar. Üzün müddət pul tapa bilmədilər. Hacı dayı da rəhmətə getdikdən sonra Cabbar maşını aparıb Zeynalın özünə qaytardı. Zeynalın maşının kreditdə olduğunu bilmirdi, xəbərim yox idi. Əgər hər hansı bir əşya almaq üçün ilk başdan müəyyən miqdarda pul ödənilirsə bu sözsüz ki, beh kimi nəzərdə tutulur. Cabbargildə Zeynala ilk başda 1500 manat pulu verdilər. Dedilər ki, pul tapıb qalan pulu da ödəyəcəklər. Məhkəmə baxışı iclasında şahid X1 ifadəsində bildirmişdir ki, Cabbar qardaşının qaynıdır. Ümumiyyətlə tərəflər arasında olan maşınla bağlı razılaşmada və söhbətlərdə iştirak etməmişdir. Amma eşitmişdir ki, rəhmətlik Hacı dayıgil cavabdehə 1500 manat qabaqcadan pul veriblər. Sonra da alqı-satqı alınmadı və Cabbar maşını cavabdehə geri qaytarıb. Ancaq o cavabdeh Zeynala Cabbarın qohumu kimi bir neçə dəfə zəng edib demişdir ki, tərəflər razılığa gəlsinlər və cavabdeh Cabbara 1500 manatını qaytarıb versin. Zeynalda hər dəfə telefonda deyirdi ki, maddi imkanı yoxdur. Tezliklə çalışıb 1500 manatı qaytaracaq. Ancaq pulu qaytarmırdı. Axırıncı dəfə də Zeynala zəng edəndə artıq telefonları açmırdı. O bilir ki, beh müqaviləsi yazılı olur. Tərəf yazılı öhdəlik götürür ki, aldığı behi geri qaytaracaq. Tərəflər arasında şifahi müqaviləni pozan Cabbar olub. Çünki Cabbar maşını ala bilmədiyi üçün Zeynala təzədən geri qaytarıb. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatını dinləyərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən əsas tutulmalı qaydalar bunlardır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Həmçinin sübutların qiymətləndirilməsinin məzmunu onların mümkünlüyünü, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsindən ibarətdir. Məhkəmə sübutları müəyyən edərkən məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üçün sübutların mötəbərliyinin kifayət edilməsini qiymətləndirir. Nəzərə almaq lazımdır ki, tələbin qanuni əsası kimi bir neçə normanın yoxlanması istinsa deyil. Nəticə etibarı ilə onların hər birinini dispozisiya şərtləri yoxlanmaqla iddianın əsaslılığına qiymət vermək olar. Hər bir halda, tələbin uğurluluğu məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının müvafiq normanın dispozisiya şərtlərinə uyğun gəlib-gəlməməsindən asılı olacaq. Hazırkı işdə məhkəmələrin müəyyən etməli olduğu mühüm hal-İddiaçı ilə Cavabdeh arasında beh münasibətlərinin yaranıb-yaranmaması ilə bağlı məsələdir. Məhkəmə tərəflərin izahatlarında bildirdiyi hallarla əlaqədar hazırki tələbin qanuni əsasının tapılmasında beh münasibətlərinin tətbiq edilib-edilməməsi məsələsini araşdırır və bununla bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491.1-ci maddəsinə görə beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Həmin Məcəllənin 491.2-ci maddəsinə görə behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Həmin Məcəllənin 491.3-cü maddəsinə görə müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Həmin Məcəllənin 492.1-ci maddəsinə görə öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Həmin Məcəllənin 492.2-ci maddəsinə görə əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. İşin hallarından aydın olur ki, tərəflər arasında beh və ya ilkin alqısatqı müqaviləsi bağlanmamışdır. Odur ki, cavabdehin, onların arasında hər hansı məbləğdə beh münasibətlərinin yaranması barədə dəlilləri əhəmiyyətli sayıla bilməz, çünki yazılı beh müqaviləsi bağlanmamışdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarından da göründüyü kimi istər beh, istərsə də dövlət qeydiyyatına alınmalı olan daşınar əşyalarla bağlı ilkin müqavilə yazılı formada bağlanmalıdır və həmin formaya riayət edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. Belə olan halda tərəflər arasında gələcəkdə nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin bağlanması məqsədilə iddiaçı tərəfindən cavabdehə verilən (hansı ki pulun cavabdehə verilməsi işin mübahisəsiz halıdır) 1500 (bir min beş yüz) manat məbləğində pul beh kimi yox avans kimi qiymətləndirilməlidir. Avans anlayışının mülki qanunververicilikdə tənzimlənməsə də mülki hüquq ədədbiyyatında avans haqqında anlayış və onun behdən fərqli cəhətləri öz əksini tapmışdır. Avans və behin oxşar və fərqli cəhətlərini qarşılıqlı şəkildə əlaqələndirdikdə və bu fərqli cəhətləri ümumiləşdirdikdə belə aydın olur ki, avans əmlakın verilməsinə, xidmətlərin göstərilməsinə, yaxud iş görülməsinə yönələn müqavilə üzrə borclunun kreditora gələcəkdə həyata keçirəcəyi ödəniş hesabına verdiyi pul məbləği və ya maddi nemətdir, həmin müqavilə lazımınca icra edildikdə avans son ödəniş hesabına daxil edilir, müqavilə icra edilmədiyi halda isə geri qaytarılır. Belə ki, beh və avans hər ikisi ödəmə funksiyası yerinə yetirir. Beh yalnız öhdəlik icra edildikdə ödəmə funskiyasına malik olur, öhdəlik icra edilmədikdə isə cərimə funksiyası yerinə yetirir, yəni əsas öhdəliyin icra edilməməsi hər hansı tərəfin təqsirindən asılı olaraq bu halda beh haqqında müqavilə üzrə cərimənin qaytarılması, qarşı tərəfdə qalması və ya ikiqathesablanması ilə bağlı normalar qüvvəyə minir. Bundan fərqli olaraq əsas öhdəlik icra olunmadıqda avans cərimə funksiyası yerinə yetirmir, yəni geri qaytarılır. Hazırki tələbdə tərəfin həyata keçirəcəyi ödənişlər hesabına kontragentə verdiyi pul məbləğinin beh və ya avans olmasını sübut etmək lazımdır. Yaranan şübhələrə aydınlıq gətirmək üçün qanun prezumsiya müəyyən edir (Mülki Məcəllənin 491.3-cü maddəsi). Bu prezumsiyaya görə, əksi sübut olunana kimi, müqavilə üzrə verilən pul məbləği beh yox avans hesab edilir. Əgər həmin məbləğin beh kimi verilməsi sübut olunarsa onda o avans kimi ödənilmiş sayılmışr, yəni beh hesab olunur. Daha doğrusu, əksi sübut olunana kimi ödənilmiş məbləğ avans sayılır. Məhkəmə yuxarıda qeyd edilən halları hazırki iddia tələbinə tətbiq edilməsini zəruri hesab edir. Belə ki, tərəflər arasında beh müqaviləsi yazılı şəkildə bağlanmamışdır və bu hal işin mübahisəsiz halıdır. Cavabdeh iddiaçı tərəfindən ona verilən pul məbləğinin beh olduğunu bildirmiş, lakin bununla bağlı müqavilə təqdim etməmişdir. Belə olan halda iddiaçının cavabdeh verdiyi pul məbləği avansdır və tərəflər arasında avtomobilin alqısatqı müqaviləsi həyata keçirilmədiyindən həmin pul məbləğinin qaytarılmasına münasibətdə iddia tələbinin qanuni əsasının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsində nəzərdə tutulmuş əsassız varlanma təşkil edir. Həmin Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Beləliklə, məhkəmə belə hesab edir ki, tərəflər arasında gələcəkdə bağlanacaq alqı-satqı müqaviləsi baş tutmamış və həmin müqavilənin icrasının həyata keçirilməsi üçün iddiaçının cavabdehə vermiş olduğu 1500 (bir min beş yüz) manat pul məbləği sonradan aradan qalmış əsasa söykənməklə hazırda Cavabdehdır və Cavabdeh qeyd edilən 1500 (bir min beş yüz) manat pul məbləğini İddiaçı qaytarmalıdır. Məhkəmə məhkəmə məsrəflərinə münasibətdə qeyd edir ki, iddia təmin edildiyindən İddiaçı tərəfindən “Kapital Bank”ın Naxçıvan Filialına 06 yanvar 2023-cü il tarixdə 5493 nömrəli qəbzlə ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumu Cavabdeh alınıb iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsaslı olduğundan təmin edilsin. Cavabdeh 1500 (bir min beş yüz) manat pul alınıb İddiaçı verilsin. İddiaçı tərəfindən “Kapital Bank”ın Naxçıvan Filialına 06 yanvar 2023-cü il tarixdə 5493 nömrəli qəbzlə ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumu Cavabdeh alınıb iddiaçıya qaytarılsın. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar