Məhkəmə qərarları › İş №2(078)-209/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-209/2024

19.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-209/2024 19.02.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şərur Rayon Məhkəməsinin 05 sentyabr 2017-ci il tarixli 2(110)-667/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının artırılaraq Cavabdeh 15 may 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit məbləğdə 150 (bir yüz əlli) manat miqdarında alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin faktiki və mübahisələndirilməyən halları bundan ibarətdir ki, tərəflər 2011-ci il tarixdə qeyri rəsmi qaydada ailə qurmuşlar. Tərəflərin 15 may 2012-ci il təvəllüdlü X2 adlı övladı vardır. Kəngərli Rayon Məhkəməsinin 2(111)-138/2014 nömrəli, 19 sentyabr 2014cü il tarixli məhkəmə əmri ilə Cavabdeh aylıq qazancının və ya başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq 15 may 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilməsi əmr edilmişdir. Şərur Rayon Məhkəməsinin 05 sentyabr 2017-ci il tarixli 2(110)-667/2017 nömrəli qətnaməsi ilə xx.xx.2017-ci il tarixdən hesablanmaqla Cavabdeh hər ay sabit məbləğdə 60 (altmış) manat miqdarında alimentin tutularaq 15 may 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilməsi qət edilmişdir. İş üzrə İddiaçı məhkəmə baxışı iclasında verdiyi izahatında bildirmişdir ki, Cavabdeh ilə 2011-ci il tarixdə qeyri rəsmi qaydada ailə qurmuşlar. Onların 15 may 2012ci il təvəllüdlü X2 adlı övladı vardır. Yola gedə bilmədikləri üçün ayrılmışlar. Cavabdeh uşağın təlabatlarının qarşılanmasında iştirak etmədiyi üçün o, 2 dəfə aliment tələbi ilə bağlı məhkəməyə müraciət edib. Sonuncu dəfə Şərur Rayon Məhkəməsinin 05 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh hər ay sabit məbləğdə 60 (altmış) manat miqdarında alimentin tutularaq 15 may 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün ona ödənilməsi qət edilmişdir. Övladı böyüyür, uşağı 60 manata saxlayıb böyütməkdə maddi cəhətdən çox çətinlik çəkir. Cavabdeh 60 manat alimentdən başqa heç bir maddi köməklik etmir. Özü heç yerdə işləmir, uşağın ehtiyaclarını anası qarşılayır. 4 il əvvəl ikinci dəfə ailə həyatı qurub. Övladı nənə-babasına bağlı olduğundan Kəngərli rayonu Xok kəndində orta məktəbdə təhsil alır, lakin həftəsoonu onun yanında qalır. Övladı 4 fəndən hazırlığa gedir. 25 manat bir hazırlığına pul verir. Cavabdehin özü Şərur rayonunda mal bazarında işləyir, mal-qara təsərrüfatı vardır, atası ustadır. Onun kifayət qədər qazancı vardır. İddiaçı qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul etməyərək məhkəmə baxışı iclasında verdiyi izahatında bildirmişdir ki, ikinci dəfə ailə qurmuşdur, ikinci nikahından üç övladı doğulmuşdur. İİİ qrup əlildir. 150 manat pensiya alır. İşləyə bilmir. Keçmiş qətnamə ilə müəyyən olunmuş 60 manat alimenti belə ödəməkdə çətinlik çəkir. Buna görə də aliment məbləğinin artırılmasının qəti əleyhinədir. İkinci evlilikdən olan bir övladı xəstədir və pensiya alır. O mal bazarında işləmir. Keçən il yanğın olub və mal-qarası tələf olub. Atası ustadır, onun köməkliyi ilə ailəsini saxlayır. Özü 2 kiloqramdan artıq ağırlıq qaldıra bilmir. Övladına hər cür köməklik edir. İddiaçı ailə qurub uşaq nənə-baba ilə yaşayır. Ana uşağa baxmır. İddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin qiymətləndirməsi: Hazırki mübahisə üzrə iddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsidir. Həmin maddəyə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 9-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmin Qanunun 13-cü maddəsində qeyd olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü ildə ölkədə uşaqlar üçün yaşayış minimumu 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə işin faktiki və hüquqi hallarını mülki işin materialları ilə qarşılıqlı və əlaqəli şəkildə araşdırıb onları qiymətləndirərək hesab edir ki, iddiaçının aliment miqdarının artırılması tələbi ilə müraciət etməsi üçün əsası olmuşdur. Belə ki, 2017-ci il üçün yaşayış minimumu bir uşaq üçün 136.6 (bir yüz otuz altı manat altmış qəpik) manat məbləğində müəyyən edilmiş, həmin vaxt məhkəmə qətnaməsi ilə Cavabdeh hər ay sabit məbləğdə 60 (altmış) manat miqdarında alimentin tutulması müəyyən edilmişdir. 2017-ci ildən 7 ilə yaxın müddət keçdiyindən həmin müddət ərzində uşağın gündəlik həyat şərtlərinə uyğun tələbatlarının artmasının istisna olunmur. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə Ailə Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: - tərəflərin maddi və ailə vəziyyəti; - diqqətəlayiq digər hallar; - uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Buna görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, musiqi ilə məşğul olub-olmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanılması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Aliment tələbinə dair işlərə baxılarkən aliment ödəməli şəxsin başqa uşağa görə aliment ödədiyi müəyyən edilərsə, yeni məhkəmə qərarının həmin alimentin məbləğinin aşağı düşməsinə səbəb ola biləcəyi və bununla da onun maraqlarına toxunduğu nəzərə alınaraq xeyrinə aliment ödənilən şəxs işdə iştirak etməyə cəlb olunmalıdır. Tərəflərin maddi vəziyyətini, eləcə də uşaqların tələbatlarının artmasının mübahisə doğurmadığını nəzərə aldıqda məhkəmə belə qənaətə gəlir ki, belə olan halda iddiaçının tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Məhkəmə qeyd edilənləri, 15 may 2012-ci il təvəllüdlü X1 hal-hazırda anası İddiaçı himayəsində olmasını, uşaqların həyat şərtlərinə uyğun gündəlik tələbatlarını nəzərə alaraq Cavabdeh hər ay sabit məbləğdə 130 (bir yüz otuz) manat miqdarında alimentin müəyyən olunmasını ağlabatan hesab edir. Məhkəmə uşağın yaşının artmasını və ehtiyaclarının da təbii şəkildə artmasını nəzərə alır və aliment moqdarının 70 manat artırılmasını əsaslı hesab edir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş xx.xx.2013-cü il tarixdə Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən AZ-İ seriyalı 688826 nömrəli nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, Cavabdeh ilə Qonşuyeva (Kazımova) Fatma Nadir qzı arasında həmin tarixdə nikah bağlanmış və bu barədə 03 nömrəli akt qeydi icra edilmişdir. Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı 075979 nömrəli, xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 533400 nömrəli xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 959577 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən məlum olur ki, Cavabdeh ikinci nikahından xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 adlı övladları var. Naxçıvan MR ƏƏSMN tabeliyidə DSMF phş Şərur rayon şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 08/118 nömrəli arayışda qeyd edilmişdir ki, Cavabdeh Şöbədə qeydiyyatda durmaqla İİİ qrup əlil kimi xx.xx.2007-ci il tarixdən müddətsiz hər ay 150 manat sosial müavinət alır. Naxçıvan MR ƏƏSMN tabeliyidə DMA phş Şərur rayon şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 04/78 nömrəli arayışda qeyd edilmişdir ki, Cavabdeh Nazirliyin “Əmək və Məşğulluq” altsisteminə əsasən xx.xx.2024-cü il tarixinə qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Məhkəmə cavabdehin iddianın rədd edilməsi üçün gətidiyi həmin sübutlara ümumi qiymət verərək qeyd edir ki, aliment valideynin övladını saxlamaq öhdəliyidir və qanunverici bunu vəzifə olaraq müəyyən etmişdir. Uşağı onun yanında qalmayan valideyn işindən, maddi vəziyyətindən, ailə vəziyyətindən asılı olmayaraq yetkinlik yaşına çatana qədər övladını saxlamağa borcludur. Cavabdeh üçüncü qrup əlildir və bu əlillik dərəcəsində olması onun sağlamlığıan uyğun olan digər işlərdə işləməsinə maneə deyildir. Bunun əksinə olaraq uşaq yetkinlik yaşına çatmamışdır və tələbatlarını qarşılanması üçün valideynin maddi təminatına ehtiyacı vardır. Cavabdehin təqdim etdiyi sənədlər onu alimentin artırılmasına dair öhdəlik daşımasından azad etmir. Yaşayış minimumu iddia daxil olan zaman 220 manat müəyyən edilmişdir ki, həmin müəyyən edilmiş məbləğin 110 manat hissəsini cavabdeh həmin müddətdə ödəməli idi, lakin cavabdeh yaşayış minimumundan daha az hissəni bir neçə ildir ki, ödəməkdə davam etmişdir. Uşağın digər tələbatlarının iddiaçı tərəfindən qarşılanmasını nəzərə aldıqda məhkəmə onun həyat şəraitinə uyğun minimum tələbatlarını nəzərə alaraq 130 manat alimentin cavabdehdən tutulmasını qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə iddia tələbinin qalan hissəsini rədd edərkən uşaqların maddi tələbatının ödənilməsinin hər iki valideynin vəzifəsi olduğunu, həmçinin cavabdehin əlavə qazanc yerinin olmamasına dair iddiaçının sübutlar təqdim etmədiyini nəzərə almışdır. Hazırki iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. Belə olan təqdirdə məhkəmə hesab edir ki, artırılmış alimentin məbləği məhkəmənin hazırki iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1 və 112.1.6-cı maddələrinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda- ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edildiyindən hazırki iş üzrə 12x(130-60)=840 manat təşkil edir ki, buna görə də iş üzrə Cavabdeh iddianın təmin edilmiş hissəsinə uyğun olaraq qiymətləndirilən iddia üzrə 1000 manata qədər tələb üzrə 30 (otuz) manat dövlət rüsumunun tutulması əsası ilə 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. Şərur Rayon Məhkəməsinin 05 sentyabr 2017-ci il tarixli 2(110)-667/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş sabit məbləğdə aliment miqdarı dəyişdirilsin. Cavabdeh hər ay sabit məbləğdə 130 (bir yüz otuz) manat miqdarında aliment tutularaq 15 may 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilsin. Artırılmış alimentin məbləği məhkəmənin hazırki iş üzrə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar