Məhkəmə qərarları › İş №2(078)-21/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-21/2022

19.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-21/2022 19.04.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə iddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və cavabdehdən İddiaçı ASC-nin xeyrinə 13172.38 manat məbləğində əsas borcun, 1658.7 manat məbləğində faiz borcunun, 225.25 manat məbləğində cərimə borcunun, cəmi 15056.33 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini хаhiş etmişdir. İddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında 16 iyun 2020-ci il tarixli kredit müqaviləsi bağlandığını, həmin müqaviləyə əsasən bankın borcluya 36 ay müddətinə illik 23% olmaqla, 15000 manat məbləğində kredit verdiyini, hazırda cavabdehin ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayındığını, beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmədiyini, bunları nəzərə alaraq, Cavabdeh ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və cavabdehdən İddiaçı ASC-nin xeyrinə 13172.38 manat məbləğində əsas borcun, 1658.7 manat məbləğində faiz borcunun, 225.25 manat məbləğində cərimə borcunun, cəmi 15056.33 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini хаhiş etmişdir. İddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçı təşkilatın nümayəndəsi məhkəmə baxış iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə göndərərək, məhkəmə proseslərinin çox olması ilə əlaqədar prosesdə iştirak edə bilməyəcəklərini nəzərə alaraq məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsini və təqdim etdikləri sübutlar əsasında iddialarının təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclası iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. İddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə vəsatətlə müraciət edərək, iddiaçı "Bank of Baku” ASC-nin Cavabdeh qarşı iş üzrə 19 noyabr 2021-ci il tarixdə ekspertiza təyin edildiyini, Məhkəmə Ekspertizası Mərkəzinin 07 dekabr 2021-ci il tarixli, 349 nömrəli rəyi ilə razı olmadıqlarını, ekspert rəyində ekspertin cavabdehin 23 avqust 2021-ci il tarixə borcunun 12900.06 manat, faiz borcunun isə 1623.62 manat olduğunu və cərimə borcunun ümumiyyətlə hesablanmadığını qeyd etdiyini, ekspertin hesablanma apararkən düzgün nəticə vermədiyini, 314.52 manat cərimə borcunu ümumiyyətlə nəzərə almayaraq cavabdeh tərəfdən ödənilmiş məbləği əsas borcdan çıxdığını, nəticədə əsas borcun azaldığını, müqavilənin nağd pul verilməsi qaydasında "müştəri müqavilə üzrə ödəniş öhdəliklərinin ödəniş cədvəlinə əsasən vaxtında icra edilməməsinə görə 2 (iki) gündən sonra növbəti 88 (səksən səkkiz) gün ərzində, ödənişin hər gecikdirildiyi gün üçün gecikdirilmiş əsas borc məbləğinin 1 (bir) faizi həddində, kreditin valyutasından asılı olaraq 0.50 manatdan/ABŞ dollarından/Avrodan az olmamaq şərtilə banka cərimə ödəyir” hissəsinin qeyd olunduğunu, ekspertin bunu rəyin tədqiqi hissəsində qeyd etdiyini, təqdim etdikləri hesabdan çıxarışı nəzərə alaraq, bu iş üzrə qərar qəbul edərkən ekspertin rəyinin nəzərə alınmamasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, о, məhkəmə baxış iclaslarına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə müvafiq olaraq, məhkəmə baxış iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. İş materiallarına əlavə olunmuş: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (borcverən) ilə Cavabdeh (borcalan) arasında bağlanmış 16 iyun 2020-ci il tarixli, CC/65691/75/28 nömrəli Kredit Sazişinə əsasən, bank müştəriyə 36 (otuz altı) ay müddətinə illik 23% olmaqla, 15000 (on beş min) manat məbləğində kredit verir. Ödəniş cədvəlinə əsasən, Cavabdeh götürdüyü krediti faizləri ilə birlikdə 16 iyul 2020-16 may 2023-cü il tarixləri aralığında hər ay 580.65 AZN, 16 iyun 2023-cü il tarixdə isə 583.20 AZN olmaqla, cəmi 20905.95 AZN ödəməyi öhdəsinə götürmüşdür. 23 avqust 2021-ci il tarixli arayışa əsasən, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 13172.38 manat əsas, 1658.7 manat faiz və 225.25 manat məbləğində cərimə borcu vardır. Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 349 nömrəli, 24 dekabr 2021-ci il tarixli ekspert rəyinə əsasən, tədqiq olunmuş maliyyə arayışı, hesabdan çıxarış məlumatları və 16 iyun 2020-ci il tarixli, CC/65691/75/28 nömrəli kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə kredit üzrə 23 avqust 2021-ci il tarixə (maliyyə arayışının verilmə tarixi) olan əsas borcu 12900.06 (on iki min doqquz yüz manat altı qəpik) manat, faiz borcu 1623.62 (min altı yüz iyirmi üç manat altmış iki qəpik) manat təşkil edir. Tədqiq olunmuş hesabdan çıxarış məlumatlarında bank tərəfindən cərimə hesablanmadığı üçün hazırki tədqiqatla Cavabdeh cərimə hesablanmır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 11 mart 2022-ci il tarixli, 9/1073 nömrəli ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 16 iyun 2020-ci il tarixli, CC/65691/75/28 nömrəli kredit sazişinin şərtlərinə müvafiq olaraq Cavabdeh 23.08.2021-ci il tarixə (iddia tarixinə) banka olan borcu 15056.33 AZN məbləğində, o cümlədən, əsas borc üzrə 13172.38 AZN, faiz borcu üzrə 1658.70 AZN, cərimə borcu üzrə 225.25 AZN müəyyən olunur. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Kоnstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən, mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Mülki işin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsi bağlanılmış, cavabdeh öhdəliyini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmiş, nəticədə icranı gecikdirmişdir. Məhkəmə həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 11 mart 2022-ci il tarixli, 9/1073 nömrəli ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Məhkəmə tədqiq edilmiş iş materiallarını yuxarıda sadalanan maddi və prosessual normalarla əlaqəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, iddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 16 iyun 2020-ci il tarixli, CC/65691/75/28 nömrəli Kredit Sazişi ləğv edilməli, Cavabdeh 13172.38 (on üç min yüz yetmiş iki manat otuz səkkiz qəpik) manat məbləğində əsas borc, 1658.70 (min altı yüz əlli səkkiz manat yetmiş qəpik) manat məbləğində faiz borcu və 225.25 (iki yüz iyirmi beş manat iyirmi beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 15056.33 (on beş min əlli altı manat otuz üç qəpik) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 433.1-ci maddəsinə əsasən, borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 16 iyun 2020-ci il tarixli, CC/65691/75/28 nömrəli Kredit Sazişi ləğv edilsin. Cavabdeh 13172.38 (on üç min yüz yetmiş iki manat otuz səkkiz qəpik) manat məbləğində əsas borc, 1658.70 (min altı yüz əlli səkkiz manat yetmiş qəpik) manat məbləğində faiz borcu və 225.25 (iki yüz iyirmi beş manat iyirmi beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 15056.33 (on beş min əlli altı manat otuz üç qəpik) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar