Məhkəmə qərarları › İş №2(078)-211/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-211/2024

13.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-211/2024 13.06.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh1 qarşı dəymiş ziyanın ödənilməsi və mülkiyyətinə vurulan ziyanın qarşısının alınması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh1 qarşı dəymiş ziyanın ödənilməsi və mülkiyyətinə vurulan ziyanın qarşısının alınması tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, mülkiyyətinə vurulan 4000 (dörd min) manat ziyanın və dövlət rüsumu olaraq ödədiyi 61 (altmış bir) manatın alınaraq ona qaytarılması və mülkiyyətinə vurulan ziyanın qarşısının alınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini əsaslandıraraq bildirmişdir ki, 2022-ci ilin sentyabrın 27də ünvan 1 ünvanında yerləşən evini alqı-satqı müqaviləsi əsasında öz mülkiyyətinə keçirmişdir. Evi aldıqdan sonra evi aldığı Əliyev Mahirlə razılığa əsasən, 6 ay ərzində o həmin evdə qalacaqdı. Evi satın alanda ona evdə hər hansı problemin olduğu deyilməmişdir. 6 ay sonra, yəni 2023-cü ilin mart ayında evdə təmir işlərinə başlamışdır. Həmin vaxt Mahir ona “yuxarı qonşunun evindən evə su gəlir, bununla da bağlı bir neçə dəfə problemimiz olub” demişdir. Yuxarı qonşu Elvinlə danışarsa, yəqin ki, bu məsələni yoluna qoyarlar deyə düşünmüşdür. Elvin “narahat olmayın, düzəltmişəm, problem yaşanmayacaq” demişdir. Bununla belə yenə də ara-sıra qonşunun evindən sızmalar olmuşdur. 2023-cü ilin yayında qonşunun mətbəxindən sızmalar nəticəsində ev tamam yararsız hala düşmüşdür. Qonşuya yenə şikayət bildirmişlər, o mətbəxin də təmir işləri həyata keçirdi. Mətbəxdə olan problem aradan qaldırılmışdır. Yenə də bəzən sızmalar olmuşdur. Son vaxtlarda qonşunun hamamtualetindən olan hissədən evə su sızması nəticəsində evə tamamilə ziyan dəymişdir. Elvin hal-hazırda orda yaşamır, evi kirayə vermişdir. Bu problemi evə köçəndən bəri yaşayırlar. Qonşu Elvin problemi aradan qaldırmır və ona dəyən ziyanı ödəmir. Evin təmirinə 4000 (dörd min) manat xərc çəkmişdir, amma hal-hazırda ev yararsız hala düşmüşdür. Bununla bağlı 1 saylı Mənzil-İstismar İdarəsinə müraciət etmiş, Mənzil-İstismar İdarəsinin əməkdaşları gəlmiş və akt tərtib olunmuşdur. Aktda qeyd olunmuşdur ki, Atabəylər məhəlləsi, bina 3, mənzil 8 ünvanında yaşayan İddiaçı şikayətini nəzərə alaraq mənzilə baxış keçirmişlər. Baxış zamanı yuxarıda qeyd olunan mənzilə Atabəylər məhəlləsi, bina 3, mənzil 11-dən su axaraq maddi ziyan dəydiyi aşkar edilmiş, hamamda tavan və tək xətləri su sızması nəticəsində zərər görmüşdür. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-211/2024 nömrəli, 15 yanvar 2024-cü il tarixli qərardadı ilə Cavabdeh2 cavabdeh qismində mülki işə cəlb edilməsi qərara alınmışdır. 13 iyun 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı mülki-prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, 04 iyun 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək, növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının 04 iyun 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə təqdim etdiyi ərizəni nəzərə alaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. 13 iyun 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülki-prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasına gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehlərin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı 04 iyun 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək, iş üzrə təyin olunmuş ekspertiza nəticəsində verilmiş ekspert rəyində göstərilən 275 manat 80 qəpik məbləğində maddi zərər 04 iyun 2024-cü il tarixdə keçirilən məhkəmə iclası zamanı ona tam şəkildə ödənildiyindən, eyni zamanda cavabdeh tərəfindən aparılan təmir işləri nəticəsində artıq yaşadıqları evdə hər hansı bir su sızması olmadığından iş üzrə iddiadan imtina etdiyini, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. 04 iyun 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının iddiasından imtinasının nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının iddiadan imtina etməsi onun cavabdehə qarşı irəli sürdüyü maddi hüquqi tələbdən və bu tələbin məhkəmədə müdafiəsi hüququndan imtina etməsidir. Məhkəmədə mülki və ya kommersiya mübahisələrinə dair işlərin başlanması bir qayda olaraq, öz adından ərizə ilə məhkəməyə müraciət etmiş şəxsin bilavasitə iradəsinin ifadəsi olduğuna görə onun öz tələbindən imtina etməsi işin icraatının davam etdirilməsini lüzumsuz edir. Ona görə də, qanunvericilik iddiaçının iddiadan imtina etməsini bu imtinanın məhkəmə tərəfindən qəbul edildiyi təqdirdə iş üzrə icraata xitam verilməsinin əsası kimi nəzərdə tutur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda, məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Məhkəmə iddiadan imtinaya dair ərizəni araşdırıb hesab edir ki, iddiaçının iddia tələbindən imtina etməsi qanunazidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından həmin imtina məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0 və 261.0.4-cü maddələrinə əsasən, iş üzrə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2023-cü il tarixli, 6303 nömrəli qəbzlə ödənilmiş 61 (altmış bir) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.2-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə ünvan 2əşən mənzildən su sızmaları nəticəsində ziyan vurulduğundan və ünvan 2əşən mənzilin mülkiyyətçisi Cavabdeh2 olduğundan məhkəmə ekspertiza xərci ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, tikinti-texniki ekspertizasının aparılması üçün ekspertiza xərci olan 20 (iyirmi) manat Cavabdeh2 tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 262-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərarverdi: İddiaçı Cavabdeh1 qarşı dəymiş ziyanın ödənilməsi və mülkiyyətinə vurulan ziyanın qarşısının alınması tələbinə dair mülki iş üzrə İddiaçı iddiadan imtinası qəbul olunsun və iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2023-cü il tarixli, 6303 nömrəli qəbzlə ödənilmiş 61 (altmış bir) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün ekspertiza xərci olan 20 (iyirmi) manat Cavabdeh2 tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar