Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-23/2021 12.01.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə iddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə xx xxxxxx 2021-ci il tarixdə Naxçıvan şəhərində, Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx xxxxxx 2018-ci il tarixli Kredit Müqaviləsi üzrə 3013.47 manat əsas borc, 272 manat faiz borcu və 52.1 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 3337.57 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması və Cavabdeh ilə “xxxx” İKB ASC arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli Kredit Müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını хаhiş etmişdir. İddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məhkəmə baxış iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçı təşkilatın nümayəndəsi məhkəmə baxış iclaslarında iştirak etməmiş, nümayəndə vasitəsilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə baxış iclası iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. İddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxxxx 2018-ci il tarixli Kredit Müqaviləsinə əsasən «xxxx» İKB ASCdən illik 25 faizlə 36 ay müddətinə 4300 manat kredit götürdüyünü, lakin borclunun müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırdığını, xx xxxx 2020-ci ilədək Cavabdeh banka xx xxxxxx 2018-ci il tarixli Kredit Müqaviləsi üzrə 3013.47 manat əsas borc, 272 manat faiz borcu və 52.1 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 3337.57 manat borcunun olduğunu, xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehin borcu ödəməkdən boyun qaçırdığını, bunları nəzərə alaraq, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx xxxxxx 2018-ci il tarixli Kredit Müqaviləsi üzrə 3013.47 manat əsas borc, 272 manat faiz borcu və 52.1 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 3337.57 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması və Cavabdeh ilə “xxxx” İKB ASC arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli Kredit Müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını хаhiş etmişdir. Cavabdeh məhkəmə baxış iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, о, məhkəmə baxış iclaslarına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə müvafiq olaraq məhkəmə baxış iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. İş materiallarına əlavə olunmuş: «xxxx» İKB Açıq Səhmdar Cəmiyyəti (borcverən) ilə Cavabdeh (borcalan) arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, 6-Y-2-0-3635-18 nömrəli Kredit Müqaviləsinin 2.1, 2.2, 2.3 və 2.4-cü bəndlərinə əsasən, bu müqaviləyə əsasən kreditor borcalana 4300 (dörd min üç yüz) AZN məbləğində kredit verir. Bu müqaviləyə əsasən kredit borcalana istehlak məqsədilə verilir. Kredit 36 (otuz altı) ay müddətinə verilir. Kreditin istifadəsinə görə borcalan kreditora illik 25 faiz dərəcəsi ilə hesablanan məbləği ödəyir. Müqavilənin 2.5-ci bəndinə əsasən, gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün cərimə kimi illik 72 faiz dərəcəsi ilə dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora hesablanır. Həmin Müqavilənin 7.1, 7.1.1 və 7.1.2-ci bəndlərinin (müqavilənin 7-ci bəndi "Öhdəliklərin vaxtından əvvəl icra edilməsi tələbi" adlanır) tələbinə müvafiq olaraq, kreditor bu Müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən borcalan ona verilmiş krediti və hesablanmış faizi ödəniş qrafiki üzrə ödəmədikdə, borcalan tərəfindən ödənişlər 12 (on iki) ay ərzində 3 (üç) dəfədən və ya ardıcıl olaraq 2 (iki) dəfədən çox gecikdirildikdə, krediti hesablanmış faizi ilə birlikdə qaytarılmasını borcalandan tələb edə bilər. Kredit Müqaviləsinə əlavə olunmuş 1 saylı Əlavəyə (Ödəniş cədvəlinə) əsasən, Cavabdeh götürdüyü krediti faizləri ilə birlikdə xx xxxxxx 2018-xx xxxxxxx 2021-ci il tarixləri aralığında hər ay 170.97 AZN, xx xxxxxx 2021-ci il tarixdə isə 170.84 AZN olmaqla, cəmi 6154.79 AZN ödəməyi öhdəsinə götürmüşdür. xx xxxx 2020-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx xxxx 2020-ci il tarixə xx xxxxxx 2018-ci il tarixli Kredit Müqaviləsi üzrə 3013.47 AZN əsas borc, 272 AZN faiz borcu və 52.1 AZN cərimə borcu olmaqla, cəmi 3337.57 AZN borcu vardır. Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 171/20 nömrəli, xx xxxxxx 2020-ci il tarixli ekspert rəyinə əsasən, təqdim olunmuş maliyyə arayışı, hesabdan çıxarış məlumatları və xx xxxxxx 2018-ci il tarixli, 6-Y-2-0-3635-18 nömrəli Kredit Müqaviləsinin şərtlərinə əsasən Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx xxxx 2020-ci il tarixə (maliyyə arayışının verilmə tarixinə) əsas borcu 3021.62 (üç min iyirmi bir manat altmış iki qəpik) manat, faiz borcu 262.29 (iki yüz altmış iki manat iyirmi doqquz qəpik) manat təşkil edir. Ekspert rəyinə əsasən, bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında cərimə hesablanmadığından, hazırda cərimə hesablanmadığı qeyd edilmişdir. Məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normaların məzmunundan göründüyü kimi həmin normalar sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Məhkəmə hazırki mülki iş üzrə yuxarıda göstərilən maddi və prosessual qanunvericilik normalarına istinad edərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməklə, Cavabdeh xx xxxxxx 2018-ci il tarixli, 6-Y-2-0-3635-18 nömrəli Kredit Müqaviləsi üzrə iddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 3021.62 (üç min iyirmi bir manat altmış iki qəpik) manat əsas borc və 262.29 (iki yüz altmış iki manat iyirmi doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 3283.91 (üç min iki yüz səksən üç manat doxsan bir qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulmalı və iddiaçı təşkilat «xxxx» İKB Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, 6-Y-2-0-3635-18 nömrəli Kredit Müqaviləsi ləğv edilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, «xxxx» İKB Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, 6-Y-2-0-3635-18 nömrəli Kredit Müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Cavabdeh «xxxx» İKB Açıq Səhmdar Cəmiyyətindən 36 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 4300 manat məbləğində kredit almış, Cavabdeh aldığı krediti faizləri ilə birlikdə «xxxx» İKB Açıq Səhmdar Cəmiyyətinə ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 171/20 nömrəli, xx xxxxxx 2020-ci il tarixli ekspert rəyinə əsasən, təqdim olunmuş maliyyə arayışı, hesabdan çıxarış məlumatları və xx xxxxxx 2018-ci il tarixli, 6-Y-2-0-3635-18 nömrəli Kredit Müqaviləsinin şərtlərinə əsasən Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx xxxx 2020-ci il tarixə (maliyyə arayışının verilmə tarixinə) əsas borcu 3021.62 (üç min iyirmi bir manat altmış iki qəpik) manat, faiz borcu 262.29 (iki yüz altmış iki manat iyirmi doqquz qəpik) manat təşkil edir. Göründüyü kimi Cavabdeh üzərinə götürmüş olduğu krediti faizləri ilə birlikdə qaytarmaq öhdəliyini lazımınca icra etməmiş və iş üzrə tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə müvafiq olaraq da iş üzrə iddiaçının iş üzrə cavabdehdən vaxtından əvvəl borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 433.1-ci maddəsinə əsasən, borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Eyni zamanda MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. MM-in 449.1-ci maddəsində göstərilmiş faizlərin hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə isə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün məsələnin təhlili «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Nəzərə alınmalıdır ki, banklar müştərilərdən aldıqları vəsaiti müvafiq şərtlərlə geri qaytarmaq öhdəliyini öz üzərinə götürürlər. Bu öhdəliyin bank tərəfindən yerinə yetirilməməsi və ya gecikdirməklə yerinə yetirilməsi əhalinin bank sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər. Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Yuxarıda göstərilən prinsipi hazırki işə tətbiqi baxımından oxşar məsələlərin həlli zamanı bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığa nail olunmalıdır. Bu baxımdan MM-in 449.1-ci maddəsinə əsasən, faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülkihüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh xx xxxxxx 2018-ci il tarixli, 6-Y-2-0-3635-18 nömrəli Kredit Müqaviləsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 3021.62 (üç min iyirmi bir manat altmış iki qəpik) manat əsas borc və 262.29 (iki yüz altmış iki manat iyirmi doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 3283.91 (üç min iki yüz səksən üç manat doxsan bir qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulsun. «xxxx» İKB Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, 6-Y-2-0-3635-18 nömrəli Kredit Müqaviləsi ləğv edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №2(078)-23/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-23/2021
12.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver