Məhkəmə qərarları › İş №2(078)-242/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-242/2025

07.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-242/2025 07.04.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək uşağın saxlanılması üçün 235 (iki yüz otuz beş) manat Cavabdeh sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2004-cü il tarixdə nikaha daxil olmuşlar. Həmin nikahdan iki övladı- 25 avqust 2005-ci il təvəllüdlü X7 və 23 noyabr 2008-ci il təvəllüdlü X8 doğulmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(078)-04/2014 saylı qətnaməsi ilə nikahları pozulmuş, övladlarının onun yanında qalması və Cavabdeh 05 avqust 2013-cü il tarixdən başlayaraq hər ay işlədiyi təqdirdə aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında, işləmədiyi təqdirdə isə hər uşaq üçün 50 (əlli) manat olmaqla, ümumilikdə 100 (bir yüz) manat sabit məbləğdə 25 avqust 2005-ci il təvəllüdlü X5 və 23 noyabr 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün ona ödənilməsi qət edilmişdir. Cavabdehlə həmin vaxtdan etibarən heç bir əlaqələri yoxdur. Övladları ilə görüşmür, hətta onları tanımır. X3 artıq yetkinlik yaşına çatmışdır. Digər övladı xx.xx.2008-ci il təvəllüdlü X8 məktəblidir. Onun məktəb və gündəlik tələbatını qarşılamaq onun üçün çətindir. Buna görə də, aliment tələbi ilə məhkəməyə müraciət edir. Naxçıvan Şəhər Məhkəməsinin 12 fevral 2025-ci il tarixli qərardadı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə İddiaçı tərəfindən verilmiş iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi nəzərə alınmaqla, iddia tələbinə “Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(078)-04/2024 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının artırılaraq xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək uşağın saxlanılması üçün Cavabdeh sabit pul məbləğində 600 manat aliment tutularaq İddiaçı ödənilməsi” tələbi çərçivəsində baxılması qərara alınmışdır. Məhkəmə iclası zamanı izahat verən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki,övladının biri yetkinlik yaşına çatmışdır. əvvəl cavabdeh hər uşağa 50 manat aliment ödəmiş, daha sonra 130 manat aliment ödəmişdir. Aliment ödənişindən başqa uşaqların saxlanılmasına heç bir köməklik etməmişdir. Keçən ilin yay aylarında evlərini satarkən onlara evin qeydiyyatından çıxın sizə düşən pay veriləcək demişdilər. Onlar da evin qeydiyyatından çıxdıqdan sonra 20000 (iyirmi min) manat pul göndərmişdirlər. Lakin alimentlə onun heç bir əlaqəsi yoxdur. Çünki o evdən çıxarkən nə qızıllarını, nə də başqa əşyalarını götürməmişdir. Belə hesab etmişdir ki, onları nəzərə alıb bu pulu göndərmişdirlər. Bu gün cavabdeh Bakı şəhərində iki işdə işləyir, kifayət qədər gəliri var. O müəllimdir, əlavə uşaq hazırlığı ilə məşğul olur. Oğlunun təhsili üçün ödəniş ödəyir. Onların tələbatlarını ödəməkdə çətinlik çəkir. Bunların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarına gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə Cavabdeh iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmənin qiymətləndirməsi: İşin faktiki və mübahisələndirilməyən halları bundan ibarətdir ki, tərəflər 14 oktyabr 2004-cü il tarixdə Naxçıvan şəhər VVADQ şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, tərəflərin birgə nikahlarından 25 avqust 2005-ci il təvəllüdlü X7 və 23 noyabr 2008-ci il təvəllüdlü X8 adlı övladları doğulmuşdur. 25 avqust 2005-ci il təvəllüdlü X7 artıq yetkinlik yaşına çatmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 22 yanvar 2014-cü il tarixli, 2(078)-04/2014 nömrəli qətnaməsi ilə, X2 ilə Cavabdeh arasında 14 oktyabr 2004-cü il tarixdə Naxçıvan Şəhər VVADQ Şöbəsində bağlanmış 308 nömrəli akt qeydi pozulmuş, 25 avqust 2005-ci il təvəllüdlü X7 və 23 noyabr 2008-ci il təvəllüdlü X8 anaları X1 yanında saxlanılmış və Cavabdeh 05 avqust 2013-cü il tarixdən başlayaraq hər ay işlədiyi təqdirdə aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında, işləmədiyi təqdirdə isə hər uşaq üçün 50 (əlli) manat olmaqla, ümumilikdə 100 (bir yüz) manat sabit məbləğdə alimentin tutularaq 25 avqust 2005-ci il təvəllüdlü X5 və 23 noyabr 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün X1 xeyrinə ödənilməsi qət edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 15 may 2015-ci il tarixli 2(078)-414/2015 nömrəli qətnaməsinin surətindən aydın olur ki, həmin qətnamə ilə 22 aprel 2015-ci il tarixdən başlayaraq Cavabdeh bir uşaq üçün 90 (doxsan) manat olmaqla cəmi 180 (bir yüz səksən) manat sabit məbləğdə alimentin tutularaq 25 avqust 2005-ci il təvəllüdlü X5 və 23 noyabr 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə ödənilməsi müəyyən edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 22 fevral 2019-cu il tarixli, 2(078)-186/2019 nömrəli qətnaməsi ilə, Naxçıvan Şəhər Məhkəməsinin 15 may 2015-ci il tarixli 2(078)-414/2015 nömrəli qətnaməsi ilə müəyyən edilmiş sabit məbləğdə aliment aliment miqdarı dəyişdirilmiş, Cavabdeh 14 yanvar 2019-cu il tarixdən başlayaraq 25 avqust 2005-ci il təvəllüdlü X5 və 23 noyabr 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün bir uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, iki uşağa 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi müəyyən edilmişdir. Hazırki mübahisə üzrə iddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsidir. Həmin maddəyə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 9-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmin Qanunun 13-cü maddəsində qeyd olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci ildə ölkədə uşaqlar üçün yaşayış minimumu 246 (iki yüz qırx altı) manat məbləğində müəyyən edilmişdir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə Ailə Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: - tərəflərin maddi və ailə vəziyyəti; - diqqətəlayiq digər hallar; - uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Buna görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, musiqi ilə məşğul olub-olmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanılması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Aliment tələbinə dair işlərə baxılarkən aliment ödəməli şəxsin başqa uşağa görə aliment ödədiyi müəyyən edilərsə, yeni məhkəmə qərarının həmin alimentin məbləğinin aşağı düşməsinə səbəb ola biləcəyi və bununla da onun maraqlarına toxunduğu nəzərə alınaraq xeyrinə aliment ödənilən şəxs işdə iştirak etməyə cəlb olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə işin faktiki və hüquqi hallarını mülki işin materialları ilə qarşılıqlı və əlaqəli şəkildə araşdırıb onları qiymətləndirərək hesab edir ki, iddiaçının alimentin artırılması tələbi ilə müraciət etməsi üçün əsası olmuşdur. Belə ki, Naxçıvan Şəhər Məhkəməsinin 22 fevral 2019-cu il tarixli, 2(078)-186/2019 nömrəli qətnaməsi ilə, Cavabdeh 14 yanvar 2019-cu il tarixdən başlayaraq 25 avqust 2005-ci il təvəllüdlü X5 və 23 noyabr 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün bir uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, iki uşağa 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin vaxtdan keçən müddət ərzində uşaqlardan biri yetkinlik yaşına çatmış, əlavə olaraq cavabdehin gəlirində dəyişiklik olmuşdur. Belə ki, elektron məhkəmə informasiya sistemindən cavabdehin gəlir məlumatarından görünür ki, cavabdeh "xxxx" MMC-də təhlükəsizlik xidmətində patrul işləməklə 1355.43 manat və “X9” MMC-dən mühafizəçi işləməklə 555.43 manat əmək haqqı alır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, müəyyən olunmuş alimentin miqdarı artırılmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının “8.4-1-ci bəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Beləliklə məhkəmə belə hesab edir ki, iddia ərizəsi 17 dekabr 2024-cü il tarixdə məhkəməyə təqdim edilmişdir. Lakin iddiaçının tələbin həcminin artırılmasına dair ərizəsi 12 feral 2025-ci il tarixdə məhkəməyə təqdim edilmiş, həmin vaxt 2025-ci il üzrə minimum əmək haqqı 400 manat müəyyən edilmişdir. Məhkəmə alimentin tutulmasının əvvəlinin məhz 12 fevral 2025-ci il tarixdən hesablanmasını qanuni hesab edir. Göstərilənlərə əsasən məhkəmə 23 noyabr 2008-ci il təvəllüdlü X4 anası İddiaçı himayəsində yaşamasını, cavabdehin yüksək maaş almasını nəzərə aldıqda, alimentin artırılaraq, cavabdehdən iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə minimum əmək haqqının 1.0 misli həddində sabit pul məbləğində aliment tutulmasını ağlabatan hesab edir. Məhkəmə alimentlə bağlı iddianın qalan hissəsini rədd edərkən uşağın saxlanılmasının ailə qanunvericiliyi ilə hər iki valideynin vəzifəsi olmasını nəzərə almışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli, 15 nömrəli Qərarının “8.11-1-ci bəndinə görə alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.” Buna görə də, hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği artırılma barədə ərizə daxil olduğu vaxtdan 12 fevral 2025-ci il tarixdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1 və 112.1.6-cı maddələrinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda- ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edildiyindən hazırki iş üzrə Cavabdeh 52.4 (əlli iki manat qırx qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 22 fevral 2019-cu il tarixli, 2(078)-186/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Cavabdeh 23 noyabr 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.0 misli həddində sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli 12 fevral 2025-ci il tarixdən hesablansın. İddia qalan hissədə rədd olunsun. Cavabdeh 52.4 (əlli iki manat qırx qəpik) manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar