Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-252/2022 26.01.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, İddiaçı cavabdeh təşkilat Naxçıvan Muxtar Respublikası X1 publik hüquqi şəxsə qarşı ödənilmiş pul məbləğinin geri qaytarılması tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC ilə bağlanmış 10 oktyabr 2012-ci il tarixli 26F12 nömrəli kredit müqaviləsinə əsasən götürülmüş kreditin ödənilməsi istiqamətində Naxçıvan Muxtar Respublikasının X2 (indiki Naxçıvan Muxtar Respublikası X1 publik hüquqi şəxsi) ona təqdim etdiyi Azərbaycan Respublikası Baş İdarəsindəki AZ61NABZ******************** nömrəli hesablaşma hesabına ödədiyi 18244.27 (on səkkiz min iki yüz qırx dörd manat iyirmi yeddi qəpik) manat məbləğində pulun ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsinin məhkəmə icraatına qəbul edilib-edilməməsini araşdıraraq müəyyən etmişdir ki, ərizə verilərkən məhkəmə aidiyyət qaydaları pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Mülki Prosessual Məcəllənin 26.1-ci maddəsin əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18.09.2020-ci il tarixli 10 saylı qərarının 11-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Qeyd edilən Qərarın 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. İddia ərizəsinə əlavə edilən kredit müqaviləsindən aydın olur ki, müqavilə sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs İddiaçı ilə "xxxx" ASC arasında 10 noyabr 2012-ci il tarixdə bağlanmış, kredit verilməsində məqsəd bağçılığın inkişaf etdirilməsi olmuşdur. Elektron məhkəmə sistemindən çıxarışdan aydın olur ki, İddiaçı hazırda fəaliyyətini müvəqqəti dayandırmış 08.02.2011-ci il tarixdə ********** nömrəli vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. Məhkəmə İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs kimi kredit müqaviləsi imzalamasını, kreditin verilməsinin onun sahibkarlıq fəaliyyətindən irəli gəlməsini, eyni zamanda hazırda cavabdeh təşkilat olaraq qeyd etdiyi X1 publik hüquqi şəxsin fəaliyyət istiqamətini nəzərə alaraq hesab edir ki, hazırki iddia ərizəsinin ümumi məhkəmələrdə baxılması istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki mübahisə iddia tələbinin mahiyyətinə, hüquq münasibətlərinin xarakterinə və subyektlərin tərkibinə görə kommersiya mübahisəsidir və həmin mübahisəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxıla bilməz. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyin tələbinə əsasən əgər iş məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki prosessual qanunvericilikdə mübahisənin məhkəmə aidiyyətinə görə geri qaytarılması da Azərbaycan Respublikası MPM-in 152.1.3cü maddəsi ilə tənzimlənir. Məhkəmə iddia ərizəsinin geri qaytarılması barədə rüsumun qaytarılmasına münasibət bildirmir ona görə ki, iddia ərizəsi verilərkən iddiaçı tərəfindən dövlət rüsumu ödənilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı cavabdeh təşkilat Naxçıvan Muxtar Respublikası X1 publik hüquqi şəxsə qarşı ödənilmiş pul məbləğinin geri qaytarılması tələbinə dair ərizəsi geri qaytarılsın. İddiaçı həmin iddia tələbi ilə bağlı müvafiq kommersiya məhkəməsinə müraciət etmə hüququ izah olunsun. Qərardaddan şikayət, qərardad tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətində qərardadı qəbul edən məhkəməyə verilə bilər. Hakim: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-252/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-252/2022
26.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver