Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-281/2025 05.02.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı müəyyən olunmuş alimentin miqdarının artırılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı müəyyən olunmuş alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 2(078)-975/2023 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək 12 oktyabr 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat olmaqla sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, o, Cavabdeh ilə 12 yanvar 2018-ci il tarixdə Naxçıvan şəhər Nikah Evində nikahlarını rəsmiləşdirib ailə qurmuşlar. Onların həmin nikahdan 12 oktyabr 2018-ci il təvəllüdlü X2 adlı 1 nəfər övladları doğulmuşdur. Lakin o iddia ərizəsi ilə Naxçıvan MR Babək rayon Məhkəməsinə müraciət edərək Cavabdeh qarşı “Nikahın pozulması və aliment tələbi”nə dair iddia qaldırmışdır. Naxçıvan MR Babək Rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli, 2(079)-31/2020 nömrəli qətnaməsi ilə iddiası qismən təmin olunaraq onunla Cavabdeh arasında bağlanmış nikah pozulmuş, 12 oktyabr 2018-ci il təvəllüdlü X2 onun yanında saxlanılmış və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin 15 noyabr 2019-cu il tarixdən başlayaraq Cavabdeh alınıb onun xeyrinə ödənilməsi qət olunmuşdur. Cavabdeh Yağmura ödədiyi 100 manat sabit pul məbləğində aliment onun maddi tələbatını qarşılamadığından o, yenidən alimentin artırılması barədə iddia qaldırmış, Naxçıvan Şəhər Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 2(078)-975/2023 nömrəli qətnaməsi ilə iddiası qismən təmin olunaraq 12 oktyabr 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin 19 iyun 2023-cü il tarixdən başlayaraq Cavabdeh alınıb onun xeyrinə ödənilməsi qət olunmuşdur. Hazırda o, övladı ilə birlikdə Naxçıvan MR, Babək rayonu, Yarımca kəndində atasının evində yaşayır. Heç bir yerdə işləmir. Bu səbəbdən də maddi imkanı yaxşı deyil, aldığı aliment bu gün X1 təminatını ödəmir və tək qadın olaraq o, bunun öhdəsindən gəlməkdə çətinlik çəkir. Alimentin qət olunduğu tarixdən bu günədək hər bir əşyanın qiymətində davamlı artım müşahidə olunur və bu da onların ailə büdcəsinə təsir edir. Bu səbəbdən də övladının saxlanması, inkişafı və gələcəyi üçün cavabdehin ödədiyi alimentin məbləğinin artırılmasını istəyir. Məhkəmə hazırlıq iclası zamanı İddiaçı 160 manat aliment ödənildiyini, uşağın məktəbə getdiyini, təlabatının çox olduğunu, ehtiyaclarının artdığını, özünün çatdıra bilmədiyini, uşaqlar üçün yaşayış minumumunun artdığını, cavabdehin gəlirlərinin artması ilə bağlı heç bir sübutu olmadığını, uşaqlar üçün yaşayış minimumu artdığı üçün alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etdiyini bildirdi. Məhkəmə iclası zamanı Cavabdeh yaşadığı evin belə normal olmadığını, evdə hamamın da olmadığını, maddi imkanı olmadığını, özünün əməliyyat olunduğunu, ayağına mil qoyulmalı olduğunu, ancaq maddi imkanı olmadığı üçün qoydura bilmədiyini, uşağına ad günü keçirdiyini, hədiyyə də aldığını, ancaq iş olmadığını, kirayəyə avtomobil götürdüyünü, taksi sürücüsü işlədiyini, ondan da özünə heç gündə 3 manat pul qalmadığını, avtomobilin arendasının pulunu da çatdıra bilmədiyini bildirdi. İddia ərizəsinə əlavə edilmiş Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 04 yanvar 2019-cu il tarixli, AZ-İV seriyalı, 162200 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, iş üzrə tərəflərin 12 oktyabr 2018-ci il təvəllüdlü X2 adlı övladları var. İddia ərizəsinə əlavə edilmiş Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 08 aprel 2020-ci il tarixli, AZ-İ seriyalı, 221262 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, iş üzrə tərəflərin arasındakı nikah pozulmuş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 25 nömrə ilə qeyd aparılmışdır. İddia ərizəsinə əlavə edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 2(078)-975/2023 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh 19 iyun 2023-cü il tarixdən başlayaraq hər ay sabit məbləğdə 160 (bir yüz altmış) manat miqdarında alimentin tutularaq 12 oktyabr 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı qızma ödənilməsi və Cavabdeh iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 39.2 (otuz doqquz manat iyirmi qəpik) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Məhkəmə mülki işə əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, İddiaçı Cavabdeh qarşı müəyyən olunmuş alimentin miqdarının artırılması tələbinə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarının 1, 1.2 və 1.2.1.-ci bəndlərindən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında 8-ci bənd üzrə 8.4-cü bəndə “8.4-3. Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.” məzmununda 8.4-3-cü yarımbəndin əlavə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə yuxarıda qeyd edilənləri iş materialları ilə əlaqəli şəkildə tədqiq edərək belə qeyd edir ki, iddia ərizəsinin məzmunundan və iddiaçının məhkəmə iclasında verdiyi izahatından da görünür ki, iddiaçı sadəcə olaraq uşaqlar üçün yaşayış minimumun artmasını, mövcud qiymət artımlarını, uşağın təlabatlarının atmasını nəzərə alaraq aliment məbləğinin artırılmasını xahiş etmişdir ki, bu göstərilənlər alimentin artırılması barədə iddianın qaldırılması üçün əsas deyildir. Həmçinin iddiaçı məhkəmə iclasında verdiyi izahatında cavabdehin maddi vəziyyətində dəyişikiklik olmasına dair heç bir sübutu olmadığını bildirmişdir. İddiaçının qeyd etdiyi hallar alimentin indeksasiyasını ehtiva edir ki, həmin məsələ də icra icraatı qaydasında maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən həll edilməlidir. Bu səbəbdən də iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0 və 261.0.1-ci maddələrinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 262-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərarverdi: İddiaçı Cavabdeh qarşı müəyyən olunmuş alimentin miqdarının artırılması tələbinə dair mülki iş məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-281/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-281/2025
05.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver