Məhkəmə qərarları › İş №2(078)-289/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-289/2025

01.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-289/2025 01.08.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh vergi hesabatını vaxtında bəyan etmədiyinə görə ona vurmuş olduğu 13243 (on üç min iki yüz qırx üç) manat ziyanın və iş üzrə ödəmiş olduğu 130 (bir yüz otuz) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, Naxçıvan şəhəri, 11-ci məhəllə 2x ünvanında yerləşən yerləşən ərzaq mağazasını icarə müqaviləsi üzrə işlədir və mağazanın vergiləri tərəfindən ödənilir. Cavabdeh mühasib olaraq çalışmışdır. Lakin onunla əmək müqaviləsi bağlanmamış, əmək haqqını nəğd şəkildə almışdır. Valeh 2023-cü ilin oktyabr ayında işə qəbul olunmuşdur. O, işə qəbul olunandan sonra təqdim edilməli olan bəyannamələri vaxtına təqdim etmədiyi üçün o, əlavə vergiyə cəlb olunmuşdur. Ona hesablanmış əlavə vergilər Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarlarda öz əksini tapmışdır. Əlavə hesablanmış vergilər 2023-cü ilin oktyabr ayı üçün əlavə hesablanmış vergi və ya sığorta haqlarının məbləği- 2273,38 manat; 2023-cü ilin noyabr ayı üçün əlavə hesablanmış vergi və ya sığorta haqlarının məbləği- 1839.01 manat; 2024-cü ilin iyun ayı üçün əlavə hesablanmış vergi və ya sığorta haqlarının məbləği- 1026,64 manat və 2024-cü ilin avqust ayı üçün əlavə hesablanmış vergi və ya sığorta haqlarının məbləği- 8105,35 manat məbləğindədir. Vergi borcunun ödənilməsinə dair 16 oktyabr 2024-cü il tarixli bildirişdə göstərilmişdir ki, “Bildiririk ki, sizin 16 oktyabr 2024-cü il tarixinə dövlət büdcəsinə ümumilikdə 7,172.75 manat, o cümlədən vergilər üzrə 6,993.66 manat, maliyyə sanksiyaları üzrə 0,00 manat, faizlər üzrə 179.09 manat məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0.00 manat borcunuz vardır”. Cavabdeh 28 yanvar 2025-ci il tarixdə məhkəməyə etiraz ərizəsi göndərərək qeyd etmişdir ki, 14 yanvar 2025-ci il tarixli, 2(078)-289/2025 nömrəli məhkəmə bildirişinə əsasən İddiaçı barəsində qaldırdığı iddia ərizəsinə etiraz olaraq həmin şəxs İddiaçı Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndini pozaraq onunla əmək müqaviləsi bağlamamış, aralarında olan şifahi danışığa əsasən onun vergi bəyannamələrini tərtib etmişdir. İddiaçı ilə aralarında qarşılıqlı məsuliyyət və ya öhdəlik müəyyən edilməmişdir. Əlavə olaraq iddia ərizəsində qeyd edilən bütün iddialar yalan və heç bir həqiqəti əks etdirmir. Tərtib edilən bəyannamələr vaxtında təqdim edilmiş və bu əsasla heç bir maliyyə sanksiyasına məruz qalmamışdır. Vergi məcəlləsinin 57.1-ci maddəsinə əsasən vergi hesabatlarını əsas olmadan müəyyən edilən müddətdə təqdim edilməməsinə görə 40 (qırx) manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. İddiaçının ərizəsinə əlavə etdiyi borc bildirişində də açıq şəkildə görünür ki, maliyyə sanksiyasından borcu 0 (sıfır) manat olmuşdur. Sübut üçün onun vergi qeydiyyatında şəxsi hesab vərəqəsindən tarix və saatına qədər baxmaq olar. Onunla 2023cü ilin noyabr ayının 20-dən sonra razılaşmalarına baxmayaraq oktyabr və noyabr aylarında olan kameral vergi yoxlamasının onun günahı olduğunu iddia edir. Həmçinin iddiaçı vergi sistemi tərəfindən elektron kargüzarlıq ünvanına göndərilmiş uyğunsuzluq məktubunda qeyd olunan məbləğin faktiki qazancından ödəməli olduğu vergini qəbul etmək istəməmişdir. İddia ərizəsinə əlavə edilən kameral uyğunsuzluq haqqında xx.xx.2024-cü il tarixli, **********526400 nömrəli məktubda da açıq şəkildə qeyd edilir ki, İddiaçı qeyd edilən dövr ərzində post-terminal vasitəsilə aparılan əməliyyatları ilə kassa əməliyyatları arasında fərqlər mövcud olmuşdur. Yəni, malların təqdim edilməsi zamanı pos-terminal vasitəsilə nağdsız aparılan əməliyyatlar kassa aparatına tam məbləğdə işlənməmişdir. Nəticədə bank hesabına kassa aparatında qeyd olunan məbləğdən artıq vəsait daxil olmuşdur. Dəfələrlə kassa aparatı ilə pos-terminal vasitəsilə bank hesabına daxil olan məbləğlər arasında fərqlər yarandığını və vergi kameral yoxlaması zamanı uyğunsuzluq olacağı barədə məlumat vermişdir. Lakin əlavə vergi ödəməmək üçün ona kassa aparatının məlumatları əsasında hesabatı təqdim etməyini demişdir. Əlavə vergi kimi idda etdiyi məbləğ həmin bank hesabına daxil olmuş artıq vəsaitə görə vergi xidməti tərəfindən hesablanmışdır. Vergi məcəlləsinin 16.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Dəfələrlə qeyd edilməsinə baxmayaraq iddiaçı hesablanan vergiləri ödəməkdən imtina etdiyi üçün Vergi Məcəlləsinin 59.1 və 59.2-ci maddələrinə əsasən əlavə faiz hesablanmışdır. Qeyd edilənləri nəzərə alaraq vergi ödəyicisinin təqdim etdiyi mallar əsasında müəyyən edilmiş vergi məbləği və gecikdirilmiş ödəniş üçün əlavə hesablanan faizlər, iddiaçının dövlət vergi orqanı qarşısında olan öhdəliyidir. Ona qarşı qaldırılan bu iddia əsassız və qərəzlidir. İddiaçı məhkəmə iclası zamanı verdiyi izahatında iddia ərizəsində qeyd edilənləri təsdiq etdiyini, cavabdehin səhvinə görə ziyan dəydiyini, cavabdehlə rəsmi əmək müqaviləsi bağlamadıqlarını, əmək müqaviləsi bağlanılmadan da işçini işlətməyin mümkün ola biləcəyini bildiyi üçün əmək müqaviləsi bağlamadıqlarını, 2023-cü ilin noyabr ayından 2024-cü ilin sentyabr ayına qədər işlədiyini, Cavabdeh vergi ödənişi, pulların şirkətə ödənilməsi kimi rəsmi işlərinə baxdığını, onun səhvinin nəticəsində 13243 manat məbləğində cərimə edildiklərini, cavabdeh tərəfindən ona bəyannamədə yanlışlıq olması ilə bağlı heç bir şey deyilmədiyini, kassaya bütün məbləğlərin vurulduğunu, nəzarəti də başqa əməkdaşın həyata keçirdiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçının vəkili Nümayəndə məhkəmə iclası zamanı verdiyi izahatında iddiaçının cavabdehin hərəkətsizliyi nəticəsində bu borcların yarandığını düşündüyünü, iddia tələbini müdafiə etdiyini, Azərbaycan Respublikası Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş məktubdan da 2023-cü ilin oktyabr və noyabr ayları üzrə iqtisadi göstəricilər olduğu halda vergi ödəyicisi tərəfindən ƏDV bəyannamələrinin vergi orqanına göstəricilər olmadan təqdim olunduğunun qeyd edildiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı verdiyi izahatında rəsmi şəkildə iddiaçı ilə aralarında əmək müqaviləsi bağlanmadığını, özünün sadəcə bəyannamələri təqdim etdiyini, bəyannamələri kassanın vurduğu məbləğə uyğun olaraq tərtib etdiyini, bəyannamədə yanlışlıq olduğunu bilmədiyi üçün sahibkara bu barədə heç bir məlumat vermədiyini, bəyannamədə yanlışlıq olduğunu avqust ayında vergi orqanından gələn məktub əsasında bildiklərini, 2023-cü ilin noyabr ayından 2024-cü ilin oktyabr ayına qədər işlədiyini, işlədiyi dövr ərzində bütün aylar üçün bəyannamə təqdim etdiyini, 2 il bəyannamədə düzəliş edilə biləcəyini, bəyananmədə olan yanlışlığa görə heç bir sanksiya tətbiq olunmadığını, qeyd olunan məbləğlərin onsuz da ödənilməli məbləğ olacağını, özünün kassada nə göstərilibsə, ona uyğun bəyannamə tərtib etdiyini bildirərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində Vergi orqanından məktub gəldiyini, Cavabdeh da həmin məktubu rəhbərliyə göstərmədiyi üçün İddiaçı cərimələndiyini bildirdi. 30 iyun 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən mütəxəssis X2 əlavə dəyər vergisinin (ƏDV) əlavə yaranan dəyərə görə hesablanan istehlak vergisi növü olduğunu, əlavə dəyər vergisinin aylıq olduğunu, ardıcıl 12 aylıq dövriyyədə əgər məbləğ 200000 manatı keçərsə, bu zaman əlavə dəyər vergisinin qeydiyyatına dayanıldığını, əlavə dəyər vergisinin satış və alış zamanı arada yaranan əlavə dəyərə (ticarət əlavəsinə) görə dövlətə ödənilməli olan vergi borcu olduğunu, sahibkarlıqla məşğul olan şəxslərin hər bir ay üzrə bəyannamə təqdim edib həmin bəyannamədə əlavə dəyər vergisinin məbləğini göstərməli olduqlarını, əlavə dəyər vergisinin məbləğinin də dövlət büdcəsinə ödənilməli olduğunu, vergi orqanı tərəfindən kameral yoxlamalar aparıldığını, həmin yoxlamalar əsasında hüquqi şəxslərin əlavə dəyər vergisi borclarının müəyyən edildiyini və hüquqi şəxslərin əlavə dəyər vergisi borclarının olması barədə qərar qəbul edildiyini, həmin əlavə dəyər vergisi borcunu hər bir hüquqi şəxsin müvafiq aya görə növbəti ayın 1-dən 20-nə qədər ödəməli olduğunu, həmin tarix aralığında ödəməzsə, hər bir gecikdirilmiş gün üçün 0,1% əlavə vergi borcu yarandığını, həmin vergi borcunun ödənilməsinə dair də vətəndaşa bildiriş göndərildiyini, bəyannamədə əlavə dəyər vergisi borcunun yanlış (artıq, əskik və yaxud ümumiyyətlə göstərilməməsi) göstərilməsinə görə hüquqi şəxsə heç bir sanksiya tətbiq edilmədiyini, bəyannaməni vergi orqanına təqdim etmək vəzifəsinin birbaşa olaraq sahibkarlıq fəaliyyətini həyata keçirən şəxsin borcu olduğunu, hazırki iş üzrə əlavə dəyər vergilərinin gecikdirilməsinə görə hər hansı bir cərimə tətbiq edilmədiyini, qərarlarda qeyd olunan məbləğlərin iddiaçı tərəfindən ödənilməli olan əlavə dəyər vergisi üzrə məbləğlər olduğunu, cavabdehin nöqsanına görə yaranan cərimə məbləği olmadığını, şəxsin bunu müvafiq şirkətlər vasitəsilə və ya hər hansı başqa şəxslər vasitəsilə də apara biləcəyini, lakin VÖEN-i olan şəxsin vəzifəsi olduğunu bildirmişdir. İddia ərizəsinə əlavə edilmiş Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin 16 oktyabr 2024-cü il tarixli, **********4 nömrəli Vergi borcunun ödənilməsinə dair bildirişdən görünür ki, İddiaçı 16 oktyabr 2024-cü il tarixinə dövlət büdcəsinə ümumilikdə 7,172.75 manat, o cümlədən vergilər üzrə 6,993.66 manat, maliyyə sanksiyaları üzrə 0,00 manat, faizlər üzrə 179.09 manat məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0.00 manat borcu olduğu qeyd edilmiş və Vergi Məcələsinin 65.1-ci maddəsinə əsasən göstərilən borcların 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb olunmuşdur. İddia ərizəsinə əlavə edilmiş Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 06 dekabr 2023-cü il tarixli, **********775100 nömrəli qərardan görünür ki, Əlavə dəyər vergisi üzrə 2023-cü ilin oktyabr ayı üçün təqdim edilmiş bəyannamə, hesabat üzrə İddiaçı tərəfindən hesablanmış vergi və ya sığorta haqqı 0,00 manat, əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi və ya sığorta haqqı 0,00 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 2.273,38 manat, kameral yoxlama nəticəsində isə əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 2.273,38 manat, verginin azaldılmış məbləği və ya sığorta haqqı 0,00 manat, bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı 0,00 manatdır. 2023-cü ilin oktyabr ayı ərzində İddiaçı tərəfindən 18 faiz dərəcə ilə ƏDV tətbiq edilən təqdim edilmiş elektron qaimə-fakturaların dəyəri (ƏDV-siz) (0.00 manat) ilə onlayn kassa aparatı ilə müəyyən edilmiş 18 dərəcə ilə vergiyə cəlb edilən dövriyyənin (ƏDV-siz) (2285 manat) cəmi məbləği 2285 manat olmasına baxmayaraq həmin hesabat dövrü üzrə təqdim edilmiş bəyannamənin 301-ci sətrində "Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)" 0.00 manat göstərildiyindən 2285 manat kənarlaşma yaranmışdır. İddia ərizəsinə əlavə edilmiş Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 22 avqust 2024-cü il tarixli, **********991500 nömrəli qərardan görünür ki, Əlavə dəyər vergisi üzrə 2024-cü ilin iyun ayı üçün təqdim edilmiş bəyannamə, hesabat üzrə İddiaçı tərəfindən hesablanmış vergi və ya sığorta haqqı 389,81 manat, əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi və ya sığorta haqqı 0,00 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 1.416,45 manat, kameral yoxlama nəticəsində isə əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 1.026,64 manat, verginin azaldılmış məbləği və ya sığorta haqqı 0,00 manat, bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı 0,00 manatdır. Ödəyici üçün gələn sənəd ilə 2024-cü ilin iyun ayı ərzində nəzarət kassa apartı vasitəsi ilə aparılmış nağdsız ödənişlər barədə məlumatlarla, həmin dövr üzrə posterminallar vasitəsi ilə İddiaçı hesabına daxil olmuş məbləğ arasında kənarlaşmalar müəyyən olunmuşdur. İddia ərizəsinə əlavə edilmiş Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 15 oktyabr 2024-cü il tarixli, **********018000 nömrəli qərardan görünür ki, Əlavə dəyər vergisi üzrə 2024-cü ilin avqust ayı üçün təqdim edilmiş bəyannamə, hesabat üzrə İddiaçı tərəfindən hesablanmış vergi və ya sığorta haqqı -591,92 manat, əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi və ya sığorta haqqı 0,00 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 7.513,43 manat, kameral yoxlama nəticəsində isə əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 8.105,35 manat, verginin azaldılmış məbləği və ya sığorta haqqı 0,00 manat, bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı 0,00 manatdır. 2024-cü ilin yanvar - avqust aylarında Pos-terminal vasitəsilə İddiaçı bank hesabına mədaxil olunan məbləğ onlayn kassa aparatının “nağdsız” hissəsində öz əksini tapmamış və bəyannamədə əks etdirilmədiyi üçün kənarlaşma yaranmışdır. İddia ərizəsinə əlavə edilmiş Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 19 fevral 2024-cü il tarixli, **********454000 nömrəli qərardan görünür ki, Əlavə dəyər vergisi üzrə 2023-cü ilin noyabr ayı üçün təqdim edilmiş bəyannamə, hesabat üzrə İddiaçı tərəfindən hesablanmış vergi və ya sığorta haqqı 0,00 manat, əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi və ya sığorta haqqı 0,00 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 1.839,01 manat, kameral yoxlama nəticəsində isə əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 1.839.01 manat, verginin azaldılmış məbləği və ya sığorta haqqı 0,00 manat, bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı 0,00 manatdır. İş materiallarına əlavə edilmiş Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 28 oktyabr 2024-cü il tarixli, **********033000 nömrəli qərardan görünür ki, Əlavə dəyər vergisi üzrə 2024-cü ilin avqust ayı üçün təqdim edilmiş bəyannamə, hesabat üzrə İddiaçı tərəfindən hesablanmış vergi və ya sığorta haqqı -12.477.47 manat, əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi və ya sığorta haqqı 0,00 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı -3.878,47 manat, kameral yoxlama nəticəsində isə əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 8.599,00 manat, verginin azaldılmış məbləği və ya sığorta haqqı 0,00 manat, bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı 0,00 manatdır. İddiaçı tərəfindən təqdim edilmiş bəyannamənin 308-ci " VM 175.1-ci maddəsinə əsasən alınmış elektron qaimə-fakturalar (elektron vergi hesab-fakturalar) üzrə nağdsız qaydada ödənilmiş məbloğ" sətrində 20.189,31 manat ƏDV məbləği göstərilməsinə baxmayaraq, həmin bəyannaməyə əlavə edilmiş elektron qaimə-fakturalar (e-VHF) barədə məlumatın 308 kodlu sətri üzrə ödənilmiş ƏDV məbləğlərinin cəmi 11.590,31 manat göstərildiyi üçün kənarlaşma yaranmışdır. İş materiallarına əlavə edilmiş Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 30 oktyabr 2024-cü il tarixli, **********288400 nömrəli qərardan görünür ki, Əlavə dəyər vergisi üzrə 2024-cü ilin sentyabr ayı üçün təqdim edilmiş bəyannamə, hesabat üzrə İddiaçı tərəfindən hesablanmış vergi və ya sığorta haqqı -6.449.19 manat, əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi və ya sığorta haqqı 0,00 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 5.725,76 manat, kameral yoxlama nəticəsində isə əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 12.174,95 manat, verginin azaldılmış məbləği və ya sığorta haqqı 0,00 manat, bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı 0,00 manatdır. Onlayn kassa aparatında təqdim etmə zamanı debitor olmadığına görə uyğunsuzluq yaranmışdır. İddiaçı tərəfindən təqdim edilmiş bəyannamənin 308-ci "VM 175.1-ci maddəsinə əsasən alınmış elektron qaiməfakturalar (elektron vergi hesab-fakturalar) üzrə nağdsız qaydada ödənilmiş məbləğ" sətrində 11.069,29 manat ƏDV məbləği göstərilməsinə baxmayaraq, həmin bəyannaməyə əlavə edilmiş elektron qaimə-fakturalar (c-VHF) barədə məlumatın 308 kodlu sətri üzrə ödənilmiş ƏDV məbləğlərinin cəmi 7.962,62 manat göstərildiyi üçün kənarlaşma yaranmışdır. İş materiallarına əlavə edilmiş Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 29 noyabr 2024-cü il tarixli, **********098100 nömrəli qərardan görünür ki, Əlavə dəyər vergisi üzrə 2024-cü ilin avqust ayı üçün təqdim edilmiş bəyannamə, hesabat üzrə İddiaçı tərəfindən hesablanmış vergi və ya sığorta haqqı -7.870,75 manat, əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi və ya sığorta haqqı 0,00 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 9.570,25 manat, kameral yoxlama nəticəsində isə əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 17.441,00 manat, verginin azaldılmış məbləği və ya sığorta haqqı 0,00 manat, bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı 0,00 manatdır. 2024-cü ilin yanvar - avqust aylarında Pos-terminal vasitəsilə bank hesabına mədaxil olunan məbləğ onlayn kassa aparatının “nağdsız" hissəsində öz əksini tapmamış və bəyannamədə əks etdirilmədiyi üçün kənarlaşma yaranmışdır. İddiaçı tərəfindən təqdim edilmiş bəyannamənin 308-ci &qıiot;VM 175.1-ci maddəsinə əsasən alınmış elektron qaimə-fakturalar (elektron vergi hesab-fakturalar) üzrə nağdsız qaydada ödənilmiş məbləğ" sətrində 14.933,82 manat ƏDV məbləği göstərilməsinə baxmayaraq, həmin bəyannaməyə əlavə edilmiş elektron qaimə-fakturalar (e- VHF) barədə məlumatın 308 kodlu sətri üzrə ödənilmiş ƏDV məbləğlərinin cəmi 9.760,74 manat göstərildiyi üçün kənarlaşma yaranmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş 17 iyun 2025-ci il tarixli, 3-21-2-24/2-17721/2025 nömrəli məktubdan görünür ki, 2023-cü ilin oktyabr və noyabr ayları üzrə iqtisadi göstəricilər olduğu halda vergi ödəyicisi tərəfindən ƏDV bəyannamələri vergi orqanına göstəricilər olmadan təqdim edilmişdir. 2024-cü ilin iyun və avqust ayları ərzində bank hesabına daxil olan vəsait həmin dövrlər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində azaldılaraq göstərilmiş və həmçinin hesabat ayı ərzində dövriyyənin bir qismini debitor borclar sütununda əks olunduğu aşkarlanmışdır. (VM 166-cı maddəsinə əsasən vergi tutulan əməliyyatların aparıldığı vaxt nəzarət-kassa aparatı tətbiq edilməli olan fəaliyyət növləri üzrə ödənişlə (nağd və ya nağdsız) bağlı nəzarət-kassa aparatı çekinin vurulduğu tarix sayılır). Bu səbəblərdən də vergi orqanı tərəfindən yaranmış uyğunsuzluqlarla bağlı vergi ödəyicisinə uyğunsuzluq məktubu göndərilmiş, lakin vergi ödəyicisi yaranmış uyğunsuzluqlarla bağlı əsaslandırılmış yazılı izahat və zəruri olan sənədləri (məlumatları) vergi orqanına təqdim etmədiyindən vergi orqanı tərəfindən vergi ödəyicisinə xx.xx.2023, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərində əlavə hesablama aparılmışdır. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarlar vergi ödəyicisinin elektron qutusuna göndərilmişdir. İddiaçı vergi hesabatını vaxtında bəyan etmədiyinə görə ona vurduğu 13243 (on üç min iki yüz qırx üç) manat ziyanın Cavabdeh alınaraq ona ödənilməsini tələb etməsinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1 və 16.1.1-ci maddələrinin tələbinə görə, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindən biridir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən hesabat dövrü üzrə vergi tutulan və ya vergidən azad edilən (vergiyə cəlb edilməyən) əməliyyatlar aparan, vergitutma obyektləri olan vergi ödəyicisi tərəfindən vergi hesabatının əsas olmadan müəyyən edilən müddətdə təqdim edilməməsinə görə vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. Həmin Məcəllənin 166.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır: 166.1.1. bu Məcəllənin 16.1.8-ci maddəsində göstərilən, nəzarət-kassa aparatı tətbiq edilməli olan fəaliyyət növləri istisna olmaqla digər fəaliyyət növləri üzrə nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin onun bank və digər ödəniş hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt; 166.1.1-1. bu Məcəllənin 16.1.8-ci maddəsində göstərilən, nəzarət-kassa aparatı tətbiq edilməli olan fəaliyyət növləri üzrə ödənişlə (nağd və ya nağdsız) bağlı nəzarət-kassa aparatı çekinin vurulduğu tarix. Məhkəmə İddiaçı iddia ərizəsində və məhkəməyə verdiyi izahatlarında Cavabdeh təqdim edilməli olan bəyannamələri vaxtına təqdim etmədiyi üçün əlavə vergiyə cəlb olunduğunu, Cavabdeh vergi ödənişi, pulların şirkətə ödənilməsi kimi rəsmi işlərinə baxdığını, onun səhvinin nəticəsində 13243 manat məbləğində ona ziyan dəydiyini qeyd etsə də, həmin halın cavabdehin təqsiri ucbatından olmasını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin işin məhkəmədə araşdırılması zamanı da Cavabdeh təqsiri ucbatından iddiaçıya 13243 manat məbləğində zərər vurulması halı aşkar edilməmişdir. Cavabdeh də istər məhkəməyə göndərdiyi etiraz ərizəsində, istərsə də məhkəməyə verdiyi izahatlarında həmin halı təkzib etmişdir. X5 Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil, bəyannamələrə və büdcə proqnozunun icrasına nəzarət idarəsinin, bəyannamələrin təhlili və kameral vergi yoxlamalarına nəzarət şöbəsinin böyük dövlət vergi müfəttişi X2 tərəfindən 30 iyul 2025-ci il tarixdə verilmiş mütəxəssis məsləhətində qeyd edilmişdir ki, Əlavə dəyər vergisi (ƏDV) əlavə yaranan dəyərə görə hesablanan istehlak vergisi növüdür. ƏDV satış və alış zamanı arada yaranan əlavə dəyərə (ticarət əlavəsinə) görə dövlətə ödənilməli olan vergi borcudur. Sahibkarlıqla məşğul olan şəxslər hər bir ay üzrə bəyannamə təqdim edib həmin bəyannamədə ƏDV məbləğini göstərməlidirlər və ƏDV məbləği də dövlət büdcəsinə ödənilməlidir. Vergi orqanı tərəfindən kameral yoxlamalar aparılır. Həmin yoxlamalar əsasında hüquqi şəxslərin ƏDV borcları müəyyən edilir və hüquqi şəxslərin ƏDV borclarının olması barədə qərar qəbul edilir. Həmin ƏDV borcunu hər bir vergi ödəyicisi müvafiq aya görə növbəti ayın 1-dən 20-nə qədər ödəməlidir. Həmin tarix aralığında ödəməzsə, hər bir gecikdirilmiş gün üçün 0,1% əlavə vergi borcu yaranır. Həmin vergi borcunun ödənilməsinə dair vətəndaşa bildiriş göndərilir. 16 oktyabr 2024-cü il tarixli vergi borcunun ödənilməsinə dair **********4 nömrəli bildirişə əsasən ƏDV borcu 6.993,66 manat vergilər üzrə və 179,09 manat da gecikdirilmiş müddət üçün faiz borcunun olması göstərilmişdir. Hüquqi şəxs tərəfindən 06 dekabr 2023-cü il tarixli **********776100 nömrəli qərardan bəyannamədə 0,00 manat ƏDV göstərildiyi, 19 fevral 2024-cü il tarixli, **********454000 nömrəli qərardan 0,00 manat ƏDV göstərildiyi, 22 avqust 2024-cü il tarixli, **********991500 nömrəli qərardan 389,81 manat ƏDV göstərildiyi, 15 oktyabr 2024-cü il tarixli, **********018000 nömrəli qərardan -591,92 manat ƏDV göstərildiyi, 28 oktyabr 2024-cü il tarixli, **********033000 nömrəli qərardan -12.477.47 manat ƏDV göstərildiyi, 30 oktyabr 2024-cü il tarixli, **********288400 nömrəli qərardan -6.449,19 manat ƏDV göstərildiyi və 29 noyabr 2024-cü il tarixli, **********098100 nömrəli qərardan -7.870,75 manat ƏDV göstərildiyi məlum olur. Qeyd edilən qərarlardan iddiaçıya verginin yubadılmasına görə cərimə tətbiq edilməsi müəyyən edilməmişdir. Həmin məbləğlər ümumiyyətlə iddiaçı tərəfindən ödənilməli olan əlavə dəyər vergisinin məbləğləridir və gecikməyə görə hesablanan əlavə vergi məbləği deyildir. Aparılan kameral yoxlamaların nəticəsində isə real ƏDV məbləğləri müəyyən edilərək qərarlar qəbul edilib iddiaçıya göndərilmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən mütəxəssis Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil, bəyannamələrə və büdcə proqnozunun icrasına nəzarət idarəsinin, bəyannamələrin təhlili və kameral vergi yoxlamalarına nəzarət şöbəsinin böyük dövlət vergi müfəttişi X2 bəyannamədə əlavə dəyər vergisi borcunun yanlış (artıq, əskik və yaxud ümumiyyətlə göstərilməməsi) göstərilməsinə görə vergi ödəyicisinə heç bir sanksiya tətbiq edilmədiyini, bəyannaməni vergi orqanına təqdim etmək vəzifəsinin birbaşa olaraq sahibkarlıq fəaliyyətini həyata keçirən şəxsin borcu olduğunu, şəxsin bunu müvafiq şirkətlər vasitəsilə və ya hər hansı başqa şəxslər vasitəsilə də apara biləcəyini, lakin VÖEN-i olan şəxsin vəzifəsi olduğunu bildirmişdir. Məhkəmə iş materiallarına əlavə edilmiş sübutları, işdə iştirak edən şəxslərin izahatlarını, mütəxəssis məsləhətini, həmçinin mütəxəssisin məhkəmədə verdiyi izahatını birbiri ilə əlaqəli formada tədqiq edərək belə hesab edir ki, Cavabdeh təqsiri nəticəsində İddiaçı 13243 manat məbləğində ziyan vurulması barədə sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Həmçinin məhkəmədə aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, müvafiq qərarlarda göstərilən məbləğdə vergilər əslində iddiaçı tərəfindən gecikmə olub olmamasından asılı olmayaraq dövlət büdcəsinə ödənilməli olan vergilərdir. Qeyd edilən əlavə dəyər vergiləri hər hansı sanksiya və ya hesablanan əlavə cərimə qismində nəzərdə tutulmamışdır. Həmçinin məhkəmə qeyd edir ki, yaranmış 179 manat məbləğində faizə münasibətdə isə iddiaçı tərəfindən həmin faiz borcunun cavabdehin təqsiri nəticəsində yaranmasını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş, məhkəmə araşdırması zamanı da qeyd edilən halın əsaslı olması aşkarlanmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının Mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Həmçinin həmin Qərarda formalaşdırılmış hüquqi mövqeyə əsasən Mülki-Prosessual Məcəllənin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Bu zaman hakimin tərəflərlə apardığı müzakirə, iddianın uğurluluğu perspektivi barədə izahlar verməsi və bununla bağlı işin məhkəmədən kənar həlli (barışıq yolu ilə) istiqamətində müzakirələr aparması hakimin baxılan məsələyə dair yekun qərar üzrə fikir bildirməsi kimi qiymətləndirilməməli və hakimə etiraz üçün əsas olmamalıdır. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Qeyd edilən hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarlarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. İddiaçı isə 13243 (on üç min iki yüz qırx üç) manat məbləğində pulun Cavabdeh alınaraq ona verilməsi ilə bağlı iddia tələbinin əsaslılığını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, İddiaçı vurulmuş maddi ziyana görə 13243 (on üç min iki yüz qırx üç) manat məbləğində pulun Cavabdeh alınaraq ona verilməsi tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsaslanaraq məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia rədd edilməli olduğundan, iddiaçı tərəfindən ödənilmiş 130.6 (bir yüz otuz manat altmış qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilməli; -iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilsin. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar