Məhkəmə qərarları › İş №2(078)-302/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-302/2021

09.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-302/2021 09.03.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y yə n e t d i : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxxx 2011-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutulması barədə Naxçıvan Şəhər Məhkəməsinin xx xxx 2014-cü il tarixli, 2(078)-107/2014 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin dəyişdirilərək Cavabdeh hər ay sabit məbləğdə 175 (yüz yetmiş beş) manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı iddianı müdafiə edərək, Cavabdeh ilə xx xxxxxxx 2010-cu ildə rəsmi nikah qeyd etdirərək evləndiklərini, birgə nikahdan xx xxxxxxx 2011-ci il tarixdə X4 doğulduğunu, cavabdehlə Naxçıvan Şəhər Məhkəməsinin xx xxx 2014-cü il tarixli qətnaməsi ilə nikahlarının pozulduğunu, X1 üçün cavabdehdən hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq ona ödənilməsinin müəyyən edildiyini, cavabdehin ilkin olaraq uşağa yetəcək formada aliment ödədiyini, son iki ildir bu alimenti 50 manata endirdiyini, əvvəllər işlədiyi üçün buna əhəmiyyət vermədiyini, artıq iki ildir ki işləmədiyini, uşağın saxlanması üçün bu məbləğin kifayət etmədiyini, cavabdeh tərəfindən ona verilən 50 manat alimentlə övladını çox çətin şəraitdə yaşatdığını, oğlunun böyüdüyünü, onun günü-gündən tələbatlarının da artdığını, bildiyinə görə Kamalın sərbəst ticarətlə məşğul olaraq yüksək məbləğdə gəlir əldə etdiyini, onun aylıq qazancının müəyyən olunmasında çətinlik olduğunu, qətnaməyə əsasən ödənilən aliment məbləği ilə razı olmadığını, həmin qərara görə ödənilən məbləğin çox az olduğunu, onun 2021-ci ildə ölkədə uşaqlar üçün yaşayış minimumu olan 175 manat alimentlə Əlinin tələbatlarını qarşılamağa imkanının olduğunu, bunları nəzərə alaraq, xx xxxxxxx 2011-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutulması barədə Naxçıvan Şəhər Məhkəməsinin xx xxx 2014-cü il tarixli, 2(078)-107/2014 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin dəyişdirilərək Cavabdeh hər ay sabit məbləğdə 175 (yüz yetmiş beş) manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxış iclasında iştirak etməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə baxış iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. Cavabdeh məhkəməyə ərizə göndərərək, iddiaçının aliment məbləğinin artırılaraq hər ay 175 manat olmasını tələb etdiyini, indiyə kimi əvvəlki məhkəmə qətnaməsi ilə (Naxçıvan Şəhər Məhkəməsinin xx xxx 2014-cü il tarixli, 2(078)-107/2014 saylı qətnaməsi) müəyyən olunan 50 manat aliment məbləğini vaxtında icra etdiyini, bu günə hər hansı borc və ya gecikmə olmadığını, hazırda cəmi 250 manat əmək haqqı aldığını, başqa hər hansı gəlirinin olmadığını, tələb olunan alimenti ödəməyə maddi vəziyyətinin imkan vermədiyini, iddia tələbini qismən təmin edərək hər ay 100 manat aliment ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: Naxçıvan Şəhər Məhkəməsinin xx xxx 2014-cü il tarixli, 2(078)-107/2014 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh ilə Dostalızadə (Bayramova) Türkan Zahid qızı arasında Naxçıvan şəhər Qeydiyyat şöbəsində bağlanmış və xx xxxxxxx 2010-cu il tarixdə 366 nömrəli akt qeydi ilə qeydiyyata alınmış nikah qeydi pozulmuş, boşanmadan sonra xx xxxxxxx 2011-ci il tarixdə doğulmuş X6 anası Dostalızadə (Bayramova) Türkan Zahid qızının yanında saxlanmış, Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq xx xxxxxxx 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün anası Dostalızadə (Bayramova) Türkan Zahid qızına verilməsi və alimentin tutulması tarixinin əvvəlinin xx xxxxxx 2014-cü il tarixdən hesablanması qət edilmişdir. AZ-İ seriyalı, 151896 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətinə əsasən, Cavabdeh ilə X5 arasında olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 44 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına “Bayramova” soyadı verilmişdir. AZ-İİ seriyalı, 851670 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətinə əsasən, iş üzrə tərəflərin xx xxxxxxx 2011-ci il tarixdə X6 adlı uşaqları doğulmuşdur. “xxxx” MMC tərəfindən verilmiş 022/K nömrəli, xx xxxxxx 2021-ci il tarixli arayışa əsasən, Cavabdeh xx xxxxx 2020-ci ildən tarixdən bu günədək “xxxx” MMC-də mühafizəçi peşəsi üzrə işləyir və aylıq əmək haqqı 250 (iki yüz əlli) manat təşkil edir. Məhkəmə iddiaçının izahatına və toplanmış sübutlara hüquqi qiymət verərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İ bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair" xx xxxx 2016-cı il tarixli qərarına əsasən:

1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən, 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Ona görə də, məhkəmənin qənaətinə görə bu məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarına da təsir etməlidir. Məhkəmə yuxarıda göstərilən qanunvericilik müddəalarının və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarının tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, əvvəlki qətnamə ilə müəyyən edilmiş məbləğ artırılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, uşaq böyüdükcə tələbatları artmışdır ki, bu da iş üzrə iddiaçının maddi vəziyyətinə digər yandan mənfi təsir edir. Məhkəmə bu nəticəyə gələrkən onu da nəzərə alır ki, uşağın saxlanması üçün aliment tutulmasını tələb edən şəxs əvvəlcə müəyyənləşdirilmiş aliment məbləğinin dəyişdirilməklə alimentin sabit pul məbləğində müəyyənləşdirilməsini xahiş edir. Ona görə də, dəyişdirilən aliment məbləği sabit məbləğdə müəyyənləşdirilməlidir. İddia qismən təmin edilərkən nəzərə alınmışdır ki, valideynlərin hər ikisi uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə hesab edir ki, iş üzrə yetkinlik yaşına çatmayan uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləğində 120 (yüz iyirmi) manat miqdarında aliment tutulması məqsədəuyğundur. Yuxarıda göstərilən xüsusatlara görə iddia qismən təmin edilməli, Naxçıvan Şəhər Məhkəməsinin xx xxx 2014-cü il tarixli, 2(078)-107/2014 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, xx xxxxxxx 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 120 (yüz iyirmi) manat miqdarında aliment tutularaq anası İddiaçı ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyinə və iddia da qismən təmin edildiyinə görə iddianın təmin edilmiş hissəsinə münasib olan 20.60 (iyirmi manat altmış qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət e t d i:

İddia qismən təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin xx xxx 2014-cü il tarixli, 2(078)-107/2014 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, xx xxxxxxx 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 120 (yüz iyirmi) manat miqdarında aliment tutularaq anası İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 20.60 (iyirmi manat altmış qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar