Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-303/2023 15.03.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının dəyişdirilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Culfa Rayon Məhkəməsinin 26 yanvar 2018-ci il tarixli, 2(089)-07/2018 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək sabit pul məbləğində müəyyən olunmaqla Cavabdeh 24 mart 2006-cı il təvəllüdlü X2 və 26 dekabr 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, iki uşağa görə cəmi 440 (dörd yüz qırx) manat aliment tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki və mübahisələndirilməyən halları bundan ibarətdir ki, tərəflər 11 aprel 2005-ci il tarixdə Şərur rayon Dizə kənd İƏDN-də rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Tərəflərin 24 mart 2006-cı il təvəllüdlü X5 və 26 dekabr 2008-ci il təvəllüdlü X3 adlı övladları var. Tərəflər arasındakı nikah qeydi cavabdehin tələbi əsasında Culfa Rayon Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli, 2(089)-110/2018 nömrəli qətnaməsi ilə pozulmuş, boşanmadan sonra uşaqlar anasının yanında saxlanılmışdır. Culfa Rayon Məhkəməsinin 26 yanvar 2018-ci il tarixli, 2(089)-07/2018 nömrəli qətnaməsi ilə Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə iclası zamanı izahat verən İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, o, Cavabdeh ilə 11 aprel 2005-ci il tarixində nikaha girərək ailə qurmuş, onların nikahlarından 24 mart 2006-cı il təvəllüdlü X5 və 26 dekabr 2008-ci il təvəllüdlü X3 adlı övladları doğulmuşdur. Xasiyyətləri uyğun gəlmədiyindən nikahları cavabdehin tələbi əsasında Culfa Rayon Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli, 2(089)-110/2018 nömrəli qətnaməsi ilə pozulmuş, boşanmadan sonra uşaqlar onun yanında saxlanılmışdır. İddiaçı qeyd etmişdir ki, o, aralarındakı nikah qeydi pozulmadan əvvəl aliment tələbi ilə məhkəməyə müraciət etmiş və Culfa Rayon Məhkəməsinin 26 yanvar 2018-ci il tarixli, 2(089)-07/2018 nömrəli qətnaməsi ilə Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Həmin vaxt cavabdeh işləyirdi və yaxşı qazancı var idi. Hazırda Cavabdeh işləmir və aylıq gəliri müəyyən deyil. Cavabdehin əlavə iş yeri barədə şifahi məlumatı olsa da bununla bağlı məhkəməyə heç bir rəsmi sənəd təqdim edə bilmir. Hal-hazırda iki uşağı ilə birlikdə atası evində yaşayır. Övladları böyüyür və onların maddi tələbatları da günügündən artır. Uşaqların maddi tələbatları ödəməkdə çətinlik çəkir. Cavabdeh işdən çıxandan bəri 4 aydır bir uşaq üçün 85 manat olmaqla, 170 manat uşaqların saxlanılmasına pul ödəyir. Ödənilən aliment pulu ilə övladlarının qidalanma, təhsil, müalicə xərclərini qarşılamır. Uşaqların saxlanmasına müəyyən olunmuş aliment miqdarı sabit olmadığından cavabdeh qərəzli şəkildə bəzi aylarda pul ödəmir və aliment borcu yaranır. Cavabdeh polis orqanlarında işləyibdir və pensiyaya xidmət yaşı çatdığı üçün çıxıbdır. Onun hər hansı ciddi xəstəliyi yoxdur. Bakı şəhərində işləyir və dükan işlədir. Bunun üçün yetərli sübutu olmasa da indi hər kəsin istifadə etdiyi getcontact proqramından da onun adının mal gətirən, santexnik malları gətirən kimi qeyd edilmişdir. Rəsmi iş olmadığı üçün əlavə sübutu yoxdur. Əvvəl əmək haqqıdan tutulan aliment indi ödədiyindən artıq idi. Özü Arxiv İdarəsində işləyir və tutqusuz əmək haqqı 593 manat təşkil edir. İddiaçı qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, lakin o, xx.xx.2023-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq xəstə olduğu və vəkil ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini, mülki işin onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Bundan əlavə Cavabdeh məhkəmənin ünvanına iddiaya etiraz ərizəsi göndərərək iddianı qəbul etmədiyini, ürək xəstəsi olduğu üçün 46 yaşında təqaüdə çıxdığını, xx.xx.2022-ci il tarixdə ona yaşa görə 511.35 manat pensiya təyin edildiyini, 2023-cü ilin yanvar ayında pensiya artırılaraq 586.52 manat olduğunu, bunun də 1/3 hissəsini (195.5 manatını) aliment kimi iddiaçının kart hesabına ödədiyini, cavabdehin tələb etdiyi aliment məbləğini ödəyə bilməyəcəyini, buna maddi imkanının yol vermədiyini, özünün 2019-cu ildə ikinci dəfə ailə qurduğunu, ikinci nikahından bir övladının doğulduğunu, iddiaçının işlədiyini, əmək haqqının 600 manat məbləğində olduğunu, iki övladı üçün ödədiyi 195.50 manat aliment məbləği ilə birgə ailənin təxminən 800 manat məbləğində gəliri olduğunu, aliment ödədikdən sonra 391 manat məbləğində pensiya aldığını və xəstəliyi ilə əlaqədar heç bir yerdə işləmədiyini, bunların nəzərə alınaraq aliment miqdarının sabit məbləğdə müəyyən edilməməli olduğunu bildirib iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh etiraza əlavə olaraq müvafiq sənədləri əlavə etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Hazırki mübahisə üzrə iddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsidir. Həmin maddəyə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 9-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmin Qanunun 13-cü maddəsində qeyd olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü ildə ölkədə uşaqlar üçün yaşayış minimumu 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə işin faktiki və hüquqi hallarını mülki işin materialları ilə qarşılıqlı və əlaqəli şəkildə araşdırıb onları qiymətləndirərək hesab edir ki, iddiaçının aliment miqdarının artırılması tələbi ilə müraciət etməsi üçün əsası olmuşdur. Belə ki, 2018-ci il üçün yaşayış minimumu bir uşaq üçün 154 manat məbləğində müəyyən edilmiş, həmin vaxt məhkəmə qətnaməsi ilə Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimentin tutulması müəyyən edilmişdir. Aliment təyin edilən zaman Cavabdeh işlədiyi üçün əmək haqqının 1/3 hissəsi nəzərdə tutulmuşdur. 2018-ci ildən 5 il müddət keçmiş, həmin vaxt artıq əmək haqqı deyil cavabdehə pensiya təyin edilmiş və pensiya məbləğinin 1/3 hissəsinin tutulması saxlanılması üçün aliment ödəniləcək uşaqların saxlanılmasının əvvəlki təminatından aşağı olmuşdur. Hazırki vəziyyətdə uşaqların yaşının artması, onların hüquq və mənafeyinin daha yaxşı şəkildə müdafiəsini təmin etmək hər iki validyenin vəzifəsidir və bu müddət ərzində uşaqların gündəlik həyat şərtlərinə uyğun tələbatlarının artmasının istisna olunmur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixdə 3 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 315617 nömrəli nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, Cavabdeh ilə Quliyeva (Mirzəyeva) Gülnar Kamil qızı arasında həmin tarixdə nikah bağlanmışdır. Doğum haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh ikinci nikahından xx.xx.2019-cu il təvəllüdlü X4 adlı övladı var. Аzərbаycаn Respublikası ƏƏSM nazirliyinin tabeliyində DSMF phş-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixliarayışın surətindən məlum olmuşdur ki, Cavabdeh 586.52 manat məbləğində pensiya ödənilir. Cavabdeh iddiaçıya 15000 (on beş min) manat pul ödənilməsinə dair Şərur Rayon Məhkəməsinin qərardadını, xəstəliyi ilə bağlı epikrizləri və xəstəlik haqqında şəhadnaməni, yoldaşının işləməməsi barədə arayışı, aliment ödənişlərinə dair qəbzləri etiraza əlavə etmişdir. Məhkəmə cavabdeh tərəfindən iddiaya etirazla bağlı təqdim etdiyi sənədləri ümumiləşdirib hesab edir ki, həmin sənədlərin mövcudluğu alimentin sabit pul məbləğində təyin eidlməsini istisna etmir. Məhkəmə gəldiyi bu nəticəni aşağıdakılarla əsaslandırır. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə Ailə Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: - tərəflərin maddi və ailə vəziyyəti; - diqqətəlayiq digər hallar; - uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Buna görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, musiqi ilə məşğul olub-olmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanılması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Tərəflərin maddi vəziyyətini, eləcə də uşaqların tələbatlarının artmasının mübahisə doğurmadığını nəzərə aldıqda məhkəmə belə qənaətə gəlir ki, belə olan halda iddiaçının tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Məhkəmə qeyd edilənləri, 24 mart 2006-cı il təvəllüdlü X2 və 26 dekabr 2008-ci il təvəllüdlü X1 hal-hazırda anası İddiaçı himayəsində yaşamasını, uşaqların həyat şərtlərinə uyğun gündəlik tələbatlarını nəzərə alaraq Cavabdeh hər ay sabit məbləğdə bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, iki uşaq üçün ümumilikdə 300 (üç yüz) manat miqdarında alimentin müəyyən olunmasını ağlabatan hesab edir. Məhkəmə iddianın qalan hissəsini rədd edərkən cavabdehin öhdəliyində əlavə bir uşağının olmasını, eləcə də iddiaçının işləməsini, cavabdehin əlavə qazanc əldə etməsinə dair mötəbər sübut təqdim etmədiyini nəzərə alır. Məhkəmə hesab edir ki, hazırki alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1 və 112.1.6-cı maddələrinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda- ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edildiyindən iş üzrə Cavabdeh 56 (əlli altı) manat ((150+150)x12=3600 manat) dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. Culfa Rayon Məhkəməsinin 26 yanvar 2018-ci il tarixli, 2(089)-07/2018 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarı dəyişdirilərək sabit pul məbləğində müəyyən edilsin. Cavabdeh hər ay sabit məbləğdə bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, iki uşaq üçün ümumilikdə 300 (üç yüz) manat miqdarında aliment tutularaq 24 mart 2006-cı il təvəllüdlü X2 və 26 dekabr 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli hazırki qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İddia qalan hissədə rədd olunsun. Cavabdeh 56 (əlli altı) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №2(078)-303/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-303/2023
15.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver