Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-307/2022 26.05.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən е t d i: İddiaçı 11 fevral 2022-ci ildə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Abşeron rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli, 2(012)-1615/2020 saylı qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarının dəyişdirilərək 13 mart 2018-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh sabit məbləğdə hər ay 193 manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh ilə 27 may 2016-cı İl tarixdə nikahlarını rəsmiləşdirib ailə qurmuşlar, onların həmin nikahdan 1 nəfər övladı-13.03.2018-ci il təvəllüdlü X3 doğulmuşdur. Müəyyən səbəblərdən aralarında olan nikah Abşeron rayon Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli, 2(012)-4873/2018 saylı qətnaməsi ilə pozulmuşdur. Həmin qətnaməyə əsasən oğlu Əsədulla onun yanında saxlanılmış və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün 154 manat aliment qət olunmuşdur. İki ildən sonra Abşeron rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli, 2(012)-1615/2020 saylı qətnaməsi ilə alimentin məbləği dəyişdirilib, 170 manat müəyyən edilmişdir. Onun övladı balaca olduğundan heç bir yerdə işləyə bilmir. Hal-hazırda qiymətlər qalxdığından onun yeyib içməyini, geyimini və digər tələbatlarını ödəməkdə maddi baxımdan əziyyət çəkir. Ona görə də Cavabdeh tək övladı Əsədullanın yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin artırmasını istəyir. Tərəfindən mediasiyaya müraciət edilmiş, lakin heç bir müsbət nəticə alınmadığından məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Mülki iş üzrə məhkəmə baxış iclaslarının vaxtı və yeri barədə cavabdehə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında İddiaçı izahatında Cavabdeh ilə 27 may 2016-cı İl tarixdə nikahlarını rəsmiləşdirib ailə qurduqlarını, onların həmin nikahından 13.03.2018-ci il təvəllüdlü X2 doğulduğunu, aralarında olan nikahın Abşeron rayon Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli, 2(012)-4873/2018 saylı qətnaməsi ilə pozulduğunu, həmin qətnaməyə əsasən oğlu Əsədullanın onun yanında saxlanıldığını və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün 154 manat aliment qət olunduğunu, iki ildən sonra Abşeron rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli, 2(012)-1615/2020 saylı qətnaməsi ilə alimentin məbləğinin dəyişdirilib, 170 manat müəyyən edildiyini, onun övladı balaca olduğundan heç bir yerdə işləyə bilmədiyini, halhazırda qiymətlər qalxdığından onun yeyib içməyini, geyimini və digər tələbatlarını ödəməkdə maddi baxımdan əziyyət çəkdiyini, həmçinin oğlu xəstə olduğu üçün onun müalicəsinə pul lazım olduğunu, valideyn olaraq tək başına bu xərcləri qarşılaya bilmədiyini, cavabdehin uşaq üçün 193 manatı ödəməyə yetəcək qədər maddi imkanı olduğunu, cavabdehin atasının keçmiş hakim olduğunu, onun hazırda pensiya aldığını, məhkəmə tərəfindən müəyyən edilmiş alimentin cavabdeh tərəfindən ödənilmədiyini, Cavabdeh tək övladı Əsədullanın yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin artırmasını istədiyini, tərəfindən mediasiyaya müraciət edildiyini, lakin heç bir müsbət nəticə alınmadığından məhkəməyə müraciət etməyi tövsiyə olunduğunu bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İşin faktiki və mübahisəsiz halları bundan ibarətdir ki, tərəflərin birgə nikahlarından 13.03.2018-ci il təvəllüdlü X3 adlı övladı doğulmuş, tərəflər arasındakı nikah qeydi pozulmuş, Abşeron rayon Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli, 2(012)-4873/2018 saylı qətnaməsi ilə onların birgə nikahdan doğulmuş övladı X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 154 manat aliment ödənilməsi qət olunmuş, Abşeron rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli, 2(012)-1615/2020 saylı qətnaməsi ilə alimentin məbləği dəyişdirilib, 170 manat müəyyən edilmişdir. Yuxarıda sadalanan halların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iddia ərizəsinə əlavə olunmuş Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 14 dekabr 2018-ci il tarixli, AZ-İ seriyalı, 304444 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin nikahlarının ləğv edilməsi, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 14 dekabr 2018-ci il tarixdə 319 nömrə ilə qeydin aparılması; -iddia ərizəsinə əlavə olunmuş Gəncə Şəhər Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 08 may 2018-cu il tarixli, AZ-İİİ seriyalı, 982146 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin 13.03.2018-ci il təvəllüdlü X3 adlı övladlarının doğulması; - iddia ərizəsinə əlavə olunmuş Abşeron Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli, 2(012)-1615/2020 saylı qətnaməsinin təsdiq edilmiş surətindən Abşeron rayon Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli 2(012)-4873 saylı qətnaməsi ilə 13 mart 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 154 manat aliment təyin edilməsi; - iddia ərizəsinə əlavə olunmuş Abşeron Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli, 2(012)-1615/2020 saylı qətnaməsinin təsdiq edilmiş surətindən Abşeron rayon Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli 2(012)-4873 saylı qətnaməsi ilə 13 mart 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş 154 manat məbləğində alimentin məbləğinin artırılaraq Cavabdeh oğlu 13 mart 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 manat məbləğində alimentə görə pulun tutularaq Quluzadə (Rüstəmli) Ləman Neymət qızına verilməsinin qət olunması aydın olur. Məhkəmə qeyd edir ki, Abşeron Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli, 2(012)- 1615/2020 saylı və 26 sentyabr 2018-ci il tarixli 2(012)-4873 saylı qətnaməsi ilə müəyyən edilmiş hallar hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Hazırki mülki iş üzrə mübahisəli hal isə iddiaçının sabit pul məbləğində müəyyən edilmiş alimentin artırılmasını tələb etməsidir. Hazırki mübahisə üzrə iddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsidir. Həmin maddəyə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8- 2/2016 nömrəli qərarında qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddəsinin şərh edilməsinə dair” 27 iyul 2016cı il tarixli Qərarına əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Məhkəmə 2020-ci ildə 170 (yüz yetmiş) manat aliment müəyyən edildikdən sonra yetkinlik yaşına çatmayan uşağın böyüdükcə artan təlabatlarını, sosial-iqtisadi göstəricilərin dəyişilməsini, bu müddət ərzində cavabdehin iddiaçıya uşağın tələbatlarının ödənilməsi üçün əlavə yardım etməməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, hər ay 184 (bir yüz səksən dörd) manat sabit pul məbləğində aliment cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə qeyd olunan nəticəyə gələrkən uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, uşağın iddiaçının yanında qalması, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin, uşağın himayəsində olduğu vaxt ərzində iddiaçının üzərinə düşməsini, iddiaçının diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hər bir uşaq üçün yaşayış minimumu kimi müəyyən edilən məbləğin (193 manatın) yarısından çoxunun - 184 (bir yüz səksən dörd) manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsini məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 9-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2022-ci ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 193 (bir yüz doxsan) manat məbləğində müəyyən edilmişdir. İddiaçının tələbi aliment məbləğinin artırılaraq yaşayış minimumu həddində təyin olunması ilə bağlı olsa da, məhkəmə aliment məbləğinin artırılaraq yaşayış minimumu həddində yəni 193 manat məbləğində təyin edilməsinin qeyri mümkünlüyünü onunla izah edir ki, iddiaçı alimentin artırılmasını istədiyi sabit pul məbləğində alimentin miqdarı ilə bağlı öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdir, yuxarıda qeyd edilən maddi hüquq normalarının mahiyyətindən də aydın olduğu kimi uşaqlara münasibətdə valideynlər bərabər hüquq və vəzifələrə malikdir, yəni hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcləri ilə təmin edilməsində hər iki valideyn bərabər şəkildə öhdəlik daşıyır. Həmçinin məhkəmə qeyd olunan nəticəyə gələrkən alimentin iddiaçı tərəfindən tələb olunduğu miqdarda müəyyən edilməsi üçün işə baxılması zamanı əlavə əsasların (cavabdehin gəlirlərinin artması və s.) müəyyən edilməməsini nəzərə alır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8- 2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Mülki Prosessual Məcəllənin 112.1 və 112.1.6-cı maddələrinə əsasən ödəmənin azaldılması yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti – ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilməlidir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin artırılması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, iddianın qiyməti bu cür iddialarda ödəmənin artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edildiyindən, həmçinin iddia üzrə ödəmənin artırıldığı məbləğin bir il üçün nəzərdə tutulan miqdarı 1000 manatadək olduğundan, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 11.74 (on bir manat yetmiş dörd qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; - Abşeron Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli, 2(012)-1615/2020 saylı qətnaməsi ilə 13.03.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən olunmuş alimentin miqdarı artırılmalı; -13.03.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 184 (bir yüz səksən dörd) manat miqdarında sabit pul məbləğində aliment tutularaq uşağın anası İddiaçı ödənilməli; -miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalı; - iddia qalan hissədə rədd edilməli; - Cavabdeh 11.74 (on bir manat yetmiş dörd qəpik) manat miqdarında dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MülkiProsessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin olunsun. Abşeron Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli, 2(012)-1615/2020 saylı qətnaməsi ilə 13.03.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən olunmuş alimentin miqdarı artırılsın. 13.03.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 184 (bir yüz səksən dörd) manat miqdarında sabit pul məbləğində aliment tutularaq uşağın anası İddiaçı ödənilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 11.74 (on bir manat yetmiş dörd qəpik) manat miqdarında dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-307/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-307/2022
26.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver