Məhkəmə qərarları › İş №2(078)-309/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-309/2022

06.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-309/2022 06.06.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 800 (səkkiz yüz) manatın və iş üzrə ödəmiş olduğu 30 manat dövlət rüsumunun alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq bildirmişdir ki, yaxın bir nəfər tanışının vasitəsi ilə tanıdığı Naxçıvan şəhər sakini Cavabdeh özünü mebel ustası kimi tanıdıb, Naxçıvan şəhərində həmin fəaliyyətlə məşğul olduğunu bildirdi. İddiaçı da həmin vaxt mətbəx mebeli yığdırmaq istəyirdi, ona görə də İlkinlə 2021-ci ilin avqustunda 1200 (bir min iki yüz) manata razılaşıb, ona nəğd şəkildə 400 (dörd yüz) manat və hər birinin dəyəri, 160 (bir yüz altmış) manatdan olmaqla, 800 (səkkiz yüz) manat dəyərində 5 baş quzu verib. İlkin qazel markalı maşını yaşadığı Keçili kəndinə göndərərək yığıb aparıb. Lakin İlkin söz verdiyi vaxtda mətbəx mebelini hazırlayıb, gətirib təhvil vermədiyinə görə ona zəng vurub, dəfələrlə gedib, onun özü ilə görüşsə də hərdən bir bəhanə gətirib, bu gün səhərə salaraq hazırlayıb, gətirib mebeli verməyib. Sonra ona məlum olub ki, İlkin əvvəllər mebel ustası kimi fəaliyyət göstərsə də hal hazırda həmin işlə məşğul olmur. Çox get-gəldən sonra İlkindən 400 (dörd yüz) manat pulunu çox çətinliklə alsa da, lakin bu günə kimi qiymətləndirib ona verdiyi 5 baş quzunun dəyəri olan 800 (səkkiz yüz) manat pulunu ondan ala bilmir. O, İlkinə bu vaxta kimi dəfələrlə zəng etsə də onun telefonlarına cavab vermir. Özünün həmin pula çox böyük ehtiyacı var. İlkin birmənalı olaraq borcunu qaytarmaq istəmir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Hesab edir ki, artıq onun pozulmuş hüquqlarının bərpası məhkəmə qaydasında tənzimlənməli və iddia tələbi tam təmin edilməklə, əsaslı məhkəmə qətnaməsi çıxarılmalı, cavabdeh tərəfindən ödənilməli olan pul tələbi təmin edilməlidir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarında iştirak etməmiş, məhkəmə iclaslarında iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında izahat verən İddiaçı izahatında iddiasını müdafiə edərək yaxın bir nəfər tanışının vasitəsi ilə tanıdığı Naxçıvan şəhər sakini Cavabdeh özünü mebel ustası kimi tanıtdığını, Naxçıvan şəhərində həmin fəaliyyətlə məşğul olduğunu bildirdiyini, özünün də həmin vaxt mətbəx mebeli yığdırmaq istədiyini ona görə də İlkinlə 2021-ci ilin avqustunda 1200 (bir min iki yüz) manata razılaşdıqlarını, onun evinə mətbəx mebeli hazırlaması üçün ona nəğd şəkildə 400 (dörd yüz) manat verdiyini, sonra hər birinin dəyəri 160 (bir yüz altmış) manatdan olmaqla, 800 (səkkiz yüz) manat dəyərində 5 baş quzu verdiyini, həmin quzuları İlkinin göndərdiyi qazel markalı maşınla özünün yaşadığı Keçili kəndindən götürərək apardıqlarını, aralarındakı razılaşmaya əsasən İlkinin də 1200 (min iki yüz) manat pulun qarşılığında onun evinə mətbəx mebeli hazırlamağı öhdəsinə götürdüyünü, lakin İlkinin söz verdiyi vaxtda mətbəx mebelini hazırlayıb, gətirib təhvil vermədiyini, özünün ona zəng vurub, dəfələrlə gedib, onun özü ilə görüşdüyünü, mətbəx mebelini ona təhvil verməsini istədiyini bildirsə də İlkinin hərdən bir bəhanə gətirdiyini, bu gün səhər hazırlayıb verəcəyini bildirdiyini, lakin hələ bu günə qədər həmin mətbəx mebelini hazırlayıb ona təhvil vermədiyini, sonradan özünün İlkinin əvvəllər mebel ustası kimi fəaliyyət göstərsə də hal hazırda həmin işlə məşğul olmadığını öyrəndiyini, çox get-gəldən sonra İlkindən 400 (dörd yüz) manat pulunu çox çətinliklə alsa da, lakin bu günə kimi qiymətləndirib ona verdiyi 5 baş quzunun dəyəri olan 800 (səkkiz yüz) manat pulunu ondan ala bilmədiyini, İlkinə bu vaxta kimi dəfələrlə zəng etsə də onun telefonlarına cavab vermədiyini, özünün həmin pula çox böyük ehtiyacı olduğunu, İlkinin birmənalı olaraq nə mətbəx mebelini, nə də onda olan 800 (səkkiz yüz) manat pulu ona vermək fikrinin olmadığını, bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı ifadə verən şahid X4 ifadəsində iddiaçı ilə eyni kənddə yaşadığını, dəqiq tarixini xatırlamadığı gün iddiaçının onun yanında olduğu zaman cavabdeh İlkinlə telefonda danışdığını, iddiaçının evinə mətbəx mebeli hazırlaması üçün İlkinə ona verdiyi 400 manatdan əlavə 800 manat dəyərində 5 baş quzu verəcəyini bildirdiyini, həmin quzuları dağdan gətirmələri barədə sifariş verdiyini, gəlib həmin quzuları götürə biləcəyini bildirdiyini, cavabdehin isə ona maşın göndərib həmin quzuları götürəcəyini bildirdiyini, sonra elə həmin gün cavabdehin göndərdiyi qazel markalı maşının sürücüsünün gəlib hərəsinin dəyəri 160 (yüz altmış) manat qiymətində dəyərləndirilən 5 baş quzunu apardığını, sonradan Azadın həmin quzuları verməsinə baxmayaraq cavabdehin onun mətbəx mebelini hazırlamadığını ona dediyini bildirdi. Məhkəmə iclası zamanı ifadə verən şahid X5 ifadəsində iddiaçı ilə eyni kənddə yaşadığını, iddiaçının heyvanlarını saxlamaq üçün onunla aralarında razılıq olduğunu, dəqiq tarixini xatırlamadığı gün iddiaçının ona zəng edərək evinə mətbəx mebeli hazırlaması üçün İlkin adlı şəxslə razılaşdığını, ona 400 (dörd yüz) manat pul verdiyini, əlavə olaraq verəcəyi 800 manat pulun qarşılığında cavabdehlə aralarında olan razılaşmaya əsasən biri 160 (yüz altmış) manat olmaqla 5 baş quzu verəcəyini dediyini, ona görə də ona məxsus olan heyvanlardan 5 baş quzunu dağdan kəndə gətirməsini bildirdiyini, özünün də iddiaçının dediyinə əməl edərək 5 baş quzunu kəndə gətirdiyini, sonra həmin gün cavabdeh İlkinin göndərdiyi qazel markalı maşınla 800 manat dəyərində olan 5 baş quzunu apardıqlarını bildirdi. Məhkəmə iddiaçının izahatını, şahidlərin ifadələrini dinləyib, həmin izahat və ifadələri iş materiallarına əlavə olunmuş sübutlarla əlaqəli tədqiq edib və onlara obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə tərəfindən iddianın əsaslı sayılması ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlardır. Məhkəmənin iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanması ilə bağlı isə onu qeyd edir ki, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatından aydın olur ki, Cavabdeh ünvan 1 ünvanında rəsmi qeydiyyatdadır. Cavabdehə məhkəmə sənədləri, yəni iddia ərizəsinin surəti, məhkəmənin məhkəmə bildirişləri Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq onun qeydiyyatda olduğu ünvana rəsmi qaydada göndərilmişdir. Həmçinin cavabdehə telefonoqram verilmiş və ona sms bildiriş göndərilmişdir. Qeyd olunan məhkəmə sənədlərində cavabdehə iddia tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə və ya iddiaçıya təqdim etməsi izah olunsa da, Cavabdeh ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iddia tələbinin təmin edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir. Həmin məcəllənin 753.1-ci maddəsinə görə sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin məcəllənin 762-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır. Məcəllənin 769-cu maddəsinə görə əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Həmin məcəllənin 776-cı maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Əgər müqaviləyə əsasən iş hissə-hissə qəbul edilmişdirsə, qüsur barəsində tələb müddətinin axımı işin tam qəbul olunduğu gündən başlanır. Həmin məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan razılaşmadan aydın olur ki, onlar arasındakı razılaşmaya əsasən iddiaçı (sifarişçi) ona mətbəx mebeli hazırlanması üçün cavabdehə (podratçıya) 1200 (min iki yüz) manat məbləğində pul verməyi öhdəsinə götürmüş, cavabdeh (podratçı) isə həmin pul məbləğinin qarşılığında mətbəx mebeli hazırlayaraq iddiaçıya (sifarişçiyə) verməyi öhdəsinə götürmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı (sifarişçi) aralarındakı razılaşmaya əsasən qeyd olunan məbləğdə pulu cavabdehə (podratçıya) qabaqcadan vermiş, cavabdeh (podratçı) isə həmin məbləği alaraq onun qarşılığında mətbəx mebeli hazırlayaraq iddiaçıya verməyi öhdəsinə götürmüş, lakin həmin öhdəliyi icra etməyərək mətbəx mebelini iddiaçıya təhvil verməmişdir. Aparılmış məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı müqavilə üzrə öz öhdəliklərini icra edərək, müqavilə üzrə cavabdehə ödəməli olduğu məbləği cavabdehə ödəmiş, cavabdeh isə tərəflər arasındakı razılaşma üzrə müəyyən olunmuş şərtlər daxilində əşyanın dəyərinin qabaqcadan ödənilməsinə, həmin məbləğin qarşılığında əşyanı iddiaçıya verməsinə dair öhdəlik götürməsinə baxmayaraq, həmin əşyanı hazırlayıb iddiaçıya verməkdən yayınmışdır. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçının cavabdehlə aralarında olan podrat müqaviləsindən irəli gələn öhdəliyini yerinə yetirməsi mülki iş üzrə məhkəmə iclasında dindirilən şahidlərin ifadəsi ilə öz təsdiqini tapır. İddiaçı tərəfin tələbinin əsassızlığı və eyni zamanda tərəflər arasındakı podrat müqaviləsi üzrə öz öhdəliklərini icra etməsinə dair sübutetmə vəzifəsi cavabdehin üzərinə düşsə də o bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış şifahi podrat müqaviləsi üzrə iddiaçı üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirsə də cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş iddiaçıya verməli olduğu mətbəx mebelini ona təhvil verməmiş, onun verdiyi pulun da hamısını iddiaçıya qaytarmamışdır. Bu halda cavabdeh aradan qalxmış əsasla iddiaçının əmlakı hesabına varlanmışdır. Belə ki, Mülki Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuş olsa da, işin məhkəmədə araşdırılmış halları ilə müəyyən edilmişdir ki, hazırda həmin əsas aradan qalxmışdır. Cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə iddiaçının ona verdiyi pul məbləğinin ödənilməmiş hissəsini ona qaytarmalıdır. Məhkəmə baxışı zamanı isə cavabdeh iddia tələbində göstərilən pul məbləğinin iddiaçıya qaytarılmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, verilmiş iddia təmin edilməli, 800 (səkkiz yüz) manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; -800 (səkkiz yüz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməli; -30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. 800 (səkkiz yüz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar