Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-330/2022 22.04.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı X3 iştirakı ilə, X3 Cavabdeh qarşı sabit pul məbləğində müəyyən olunmuş alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən е t d i: X7 17 fevral 2022-ci ildə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli, 2(078)-1163/2017 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişdirilərək 11 sentyabr 2006-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh sabit məbləğində hər ay 193 (bir yüz doxsan üç) manat alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh ilə 18 iyun 2002-ci il tarixdə nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Birgə nikahlarından iki övladları-05 avqust 2003-cü il təvəllüdlü X10 və 11 sentyabr 2006-cı il təvəllüdlü X9 doğulmuşdur. Ailə həyatı qurduqları ilk vaxtlardan bir-birlərini yaxşı başa düşsələr də, daha sonra xarakterləri uyğun gəlmədiyinə görə onların arasında ailədaxili problemlər yaranmağa başlamış, daim aralarında mübahisələr olmuşdur və bunun nəticəsində onun müraciəti əsasında Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-163/2010 nömrəli qətnaməsi ilə aralarındakı nikah aktı pozulmuş övladları yetkinlik yaşına çatanadək onun himayəsinə verilmişdir. 2017-ci il tarixdə aliment miqdarının artırılması tələbi barədə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etmiş, məhkəmənin 29 noyabr 2017-ci il tarixli, 2(078)-1163/2017 nömrəli qətnaməsi ilə aliment miqdarı dəyişdirilərək hər uşaq üçün 100 manat olmaqla ümumilikdə 200 manatın cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi qət olunmuşdur. Hal-hazırda böyük övladı X10 yetkinlik yaşına çatmışdır. Hazırda övladı X9 böyüyüb və onun tələbatları artıb, cavabdehlə ayrı yaşadığı bu illər ərzində aliment ödəməkdən başqa bir ata kimi üzərinə düşən öhdəlikləri ümumiyyətlə yerinə yetirməyib, övladının saxlanılması üçün ona heç bir maddi köməklik göstərməyib. İddiaçı övladları ilə birlikdə valideyninin himayəsində yaşayır. Uşağın yaşı artdığı və həyat şəraiti ağırlaşdığı üçün günün tələbləri baxımından övladının tələbatlarını qarşılamaqda maddi cəhətdən çətinlik çəkir. Mülki iş üzrə məhkəmə baxış iclaslarının vaxtı və yeri barədə cavabdehə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclası zamanı izahat verən iddiaçı X7 izahatında Cavabdeh ilə 18 iyun 2002-ci il tarixdə nikah qeydiyyatından keçməklə ailə həyatı qurduqlarını, birgə nikahlarından iki övladlar 05 avqust 2003-cü il təvəllüdlü X8 və 11 sentyabr 2006-cı il təvəllüdlü X6 doğulduqlarını, ailə həyatı qurduqları ilk vaxtlardan birbirlərini yaxşı başa düşsələr də, daha sonra xarakterləri uyğun gəlmədiyinə görə onların arasında ailədaxili problemlər yaranmağa başladığnı, daim aralarında mübahisələr olduğunu, bunun nəticəsində də onun müraciəti əsasında Naxçıvan Şəhər Məhkəməsinin 2(078)- 163/2010 nömrəli qətnaməsi ilə aralarındakı nikah aktının pozulduğunu, övladlarının onun yanında saxlanmasının qət edildiyini, həmçinin onlar üçün aliment müəyyən edildiyini, 2017ci il tarixdə aliment miqdarının artırılması tələbi barədə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etdiyini, məhkəmənin 29 noyabr 2017-ci il tarixli, 2(078)-1163/2017 nömrəli qətnaməsi ilə aliment miqdarının dəyişdirilərək hər uşaq üçün 100 manat olmaqla ümumilikdə 200 manatın cavabdehdən alınaraq onun xeyrinə ödənilməsinin qət edildiyini, hal-hazırda böyük övladı X8 yetkinlik yaşına çatdığını, cavabdehin onun saxlanması üçün artıq aliment ödəmədiyini, hazırda övladı X6 böyüdüyünü, 10-cu sinifdə oxuduğunu, onun xərclərinin xeyli artdığını, hazırlıqlara getdiyini, universitet imtahanına hazırlaşdığını, onun təhsili üçün xərclərin cavabdehin verdiyi aliment hesabına cüzi bir hissəsini qarşılaya bildiyini, oğlunun qidalanmasının, geyiminin təhsili üçün digər xərclərin əsas hissəsinin özü tərəfindən qarşılandığını, özünün də maddi cəhətdən imkanının buna kifayət etmədiyini, qızının da hazırda universitetdə təhsil aldığını, onun da təhsili üçün kifayət qədər xərclər yarandığını, bütün bunları qarşılamaqda tək qadın olaraq çətinlik çəkdiyini, cavabdehlə ayrı yaşadığı bu illər ərzində cavabdehin aliment ödəməkdən başqa bir ata kimi üzərinə düşən öhdəlikləri ümumiyyətlə yerinə yetirmədiyini, övladının saxlanılmasında ona heç bir əlavə maddi köməklik göstərmədiyini, buna görə də övladının normal təhsil almasını təmin etmək üçün məcbur qalaraq aliment məbləğinin artırılması üçün məhkəməyə müraciət etdiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İşin faktiki və mübahisəsiz halları bundan ibarətdir ki, tərəflər 18 iyun 2002-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, onların birgə nikahından 05 avqust 2003cü il təvəllüdlü X10 və 11 sentyabr 2006-cı il təvəllüdlü X9 adlı övladları doğulmuşdur. Tərəflər arasındakı nikah qeydi Naxçıvan Şəhər Məhkəməsinin 23 noyabr 2010-cu il tarixli, 2(078)- 163/2010 nömrəli qətnaməsi ilə pozulmuş, nikah pozulduqdan sonra 05 avqust 2003-cü il təvəllüdlü X10 və 11 sentyabr 2006-cı il təvəllüdlü X1 Aybəniz Vəli qızının yanında saxlanılmış, onların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh oğlundan hər ay, aylıq qazancının 1/3 hissəsinin aliment qismində tutulması qət edilmiş, Naxçıvan Şəhər Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli, 2(078)-1163/2017 nömrəli qətnaməsi ilə aliment miqdarı dəyişdirilərək hər uşaq üçün 100 manat olmaqla ümumilikdə 200 manatın cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Yuxarıda sadalanan halların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: - iddia ərizəsinə əlavə edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 23 noyabr 2010-cu il tarixli, 2(078)-163/2010 nömrəli və 29 noyabr 2017-ci il tarixli, 2(078)-1163/2017 nömrəli qətnamələrinin surətindən tərəflər arasında 18 iyun 2002-ci ildə nikahın bağlanması; - iddia ərizəsinə əlavə olunmuş Bakı şəhəri Nəsimi rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 922936 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin 11 sentyabr 2006-cı il tarixdə X9 adlı övladlarının olması; - iddia ərizəsinə əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin 23 noyabr 2010-cu il tarixli, 2(078)-163/2010 saylı və 29 noyabr 2017-ci il tarixli, 2(078)-1163/2017 nömrəli qətnamələrinin surətindən iş üzrə tərəflər arasında 18 iyun 2002-ci il tarixdə bağlanmış nikahın pozulması, nikahın pozulmasından sonra iş üzrə tərəflərin uşaqları - 05 avqust 2003-cü il təvəllüdlü X10 və 11 sentyabr 2006-cı il təvəllüdlü X6 anası X3 yanında saxlanılması, onların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh oğlundan hər ay, aylıq qazancının 1/3 hissəsinin aliment qismində tutularaq X3 xeyrinə ödənilməsinin qət olunması; -iddia əizəsinə əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli, 2(078)-1163/2017 nömrəli qətnaməsinin surətindən Naxçıvan Şəhər Məhkəməsinin 23 noyabr 2010-cu il tarixli, 2(078)-163/2010 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının dəyişdirilərək hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, 05 avqust 2003-cü il təvəllüdlü X8 və 2006-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmas üçün Cavabdeh hər ay sabit pul məbləğində bir uşağa 100 (yüz) manat olmaqla iki uşağa görə cəmi 200 (iki yüz) manat alimentin tutularaq X5 verilməsi qət edilmişdir. - iddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş AZ-İ seriyalı, 167646 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflər arasında nikahın pozulması, bu barədə 24 yanvar 2011-ci il tarixdə akt qeydləri kitabında 15 nömrə ilə qeyd edilməsi aydın olur. Məhkəmə qeyd edir ki, Naxçıvan Şəhər Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli, 2(078)-1163/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hallar hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Hazırki mülki iş üzrə mübahisəli hal isə iddiaçının sabit pul məbləğində müəyyən edilmiş alimentin artırılmasını tələb etməsidir. Hazırki mübahisə üzrə iddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsidir. Həmin maddəyə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8- 2/2016 nömrəli qərarında qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddəsinin şərh edilməsinə dair” 27 iyul 2016cı il tarixli Qərarına əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Məhkəmə 2017-ci ildə bir uşaq üçün 100 (yüz) manat olmaqla, iki uşaq üçün ümumilikdə 200 (iki yüz) manat aliment müəyyən edildikdən sonra yetkinlik yaşına çatmayan uşağın böyüdükcə artan təlabatlarını, sosial-iqtisadi göstəricilərin dəyişilməsini, bu müddət ərzində cavabdehin uşaq üçün ödədiyi 100 (yüz) manatdan başqa iddiaçıya uşağın tələbatlarının ödənilməsi üçün əlavə yardım etməməsini, həmçinin hazırda uşağın universitet imtahanlarına hazırlanmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə qeyd olunan nəticəyə gələrkən uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, uşağın iddiaçının yanında qalması, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu vaxt ərzində iddiaçının üzərinə düşməsini iddiaçının diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hər bir uşaq üçün yaşayış minimumu kimi müəyyən edilən məbləğin (193 manatın) yarısından çoxunun - 140 (bir yüz qırx) manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsini məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 9-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2022-ci ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 193 (bir yüz doxsan) manat məbləğində müəyyən edilmişdir. İddiaçının tələbi aliment məbləğinin artırılaraq yaşayış minimumu həddində təyin olunması ilə bağlı olsa da, məhkəmə aliment məbləğinin artırılaraq yaşayış minimumu həddində yəni 193 manat məbləğində təyin edilməsinin qeyri mümkünlüyünü onunla izah edir ki, iddiaçı alimentin artırılmasını istədiyi sabit pul məbləğində alimentin miqdarı ilə bağlı öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdir, yuxarıda qeyd edilən maddi hüquq normalarının mahiyyətindən də aydın olduğu kimi uşaqlara münasibətdə valideynlər bərabər hüquq və vəzifələrə malikdir, yəni hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcləri ilə təmin edilməsində hər iki valideyn bərabər şəkildə öhdəlik daşıyır. Həmçinin məhkəmə qeyd olunan nəticəyə gələrkən alimentin iddiaçı tərəfindən tələb olunduğu miqdarda müəyyən edilməsi üçün işə baxılması zamanı əlavə əsasların (cavabdehin gəlirlərinin artması və s.) müəyyən edilməməsini nəzərə alır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8- 2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Mülki Prosessual Məcəllənin 112.1 və 112.1.6-cı maddələrinə əsasən ödəmənin azaldılması yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti – ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin artırılması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, iddianın qiyməti bu cür iddialarda ödəmənin artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edildiyindən, həmçinin iddia üzrə ödəmənin artırıldığı məbləğin bir il üçün nəzərdə tutulan miqdarı 1000 manatdan 10000 manatadək olduğundan, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 13.40 (on üç manat qırx qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; -Naxçıvan Şəhər Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli, 2(078)-1163/2017 nömrəli qətnaməsi ilə X6 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən olunmuş alimentin miqdarı artırılmalı; -11 sentyabr 2006-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 140 (bir yüz qırx) manat miqdarında aliment tutularaq uşağın anası Mustafayeva Aybəniz Vəli qızına ödənilməli; -miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalı; - iddia qalan hissədə rədd edilməli; -Cavabdeh 13.40 (on üç manat qırx qəpik) manat miqdarında dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MülkiProsessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin olunsun. Naxçıvan Şəhər Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli, 2(078)-1163/2017 nömrəli qətnaməsi ilə X6 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən olunmuş alimentin miqdarı artırılsın. 11 sentyabr 2006-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 140 (bir yüz qırx) manat miqdarında aliment tutularaq uşağın anası Mustafayeva Aybəniz Vəli qızına ödənilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 13.40 (on üç manat qırx qəpik) manat miqdarında dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-330/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-330/2022
22.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver