Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-345/2023 30.03.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı 07 fevral 2023-cü il tarixdə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 520 (beş yüz iyirmi) manat əsas borcun, gecikdirilmiş dəbbə pulu olan 782 (yeddi yüz səksən iki) manat pulun 200 (iki yüz) manatını, nəticə etibarı ilə ümumilikdə 720 (yeddi yüz iyirmi) manat pulun və bundan əlavə iddia qaldırmaq üçün ödənilən 30 manat dövlət rüsumunun alınaraq İddiaçı qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini əsaslandıraraq qeyd etmişdir ki, iddiaçı fərdi sahibkar İddiaçı hüquqi şəxs yaratmadan fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Fəaliyyət sahəsi mobil telefonların və onların aksesuarlarının alqı-satqısıdır. O hazırki iddia üzrə Cavabdeh ilə 10 iyun 2022-ci il tarixində 63 nömrəli “Mal satınalması müqaviləsi” bağlamışdır. Həmin müqaviləyə əsasən Cavabdeh “Xiaomi Redmi 10C’ markalı telefonu 6 aylıq kreditlə 620 manat dəyərində almışdır. 620 (altı yüz iyirmi) manat borc hazırkı vaxtadək onun tərəfindən müqavilə üzrə 100 manat ödəniş edilmiş və borclu olduğu 520 (beş yüz iyirmi) manat borcunu ödəməkdən imtina edir. Onu da qeyd etmək lazımdır ki, cavabdehin yuxarıda qeyd olunan 10 iyun 2022-ci il tarixində 63 nömrəli “Mal satınalması müqaviləsi”dən yaranan 520 (beş yüz iyirmi) manat əsas borcu vardır. Bundan əlavə müqaviləyə qoşma Əlavə 1-ə, Müqavilənin ödəniş şərtləri 3.3 bəndinə və xx.xx.2023-cü il tarixli dəbbə pulunun hesablanma arayışına əsasən hər gecikdiriİmiş gün üçün ödənilməli olan 2%, yəni ümumilikdə cərimə olaraq ödənilməli 782 ( yeddi yüz səksən iki) manatın 200 (iki yüz) manatını, həmçinin 30 (otuz) manat dövlət rüsumunun da cavabdehdən alınıb ona qaytarılmasını istəyir. O, telefon satışı ilə məşğul olaraq özü üçün maddi qazanc əldə edir və qanuni formada sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Yəni vaxtında ödənilməyən ödənişlər onun üçün maddi zərərlərə gətirib çıxarmışdır. Hazırkı vəziyyətdə də cavabdehə satdığı telefonun vaxtında ödənilməyən pulları onun maddi itkilərə məruz qalmağına səbəb olmuşdur. Cavabdehə yox, başqa şəxsə həmin telefonu satsaydı o, maddi itkilərlə qarşılaşmayacaqdı. Həmçinin borcun ödənilməsi ilə bağlı cavabdehə tərəfindən dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunmuş və borc pulun ödənilməsi ondan tələb edilmişdir. Lakin o borcun ödənilməsindən imtina etmişdir. O, buna görə ciddi maddi itkilərlə qarşılaşmışdır. O, Naxçıvan şəhərində nüfuza və hörmətə malik olan bir şəxs kimi tanınır. Onun geniş müştəri dairəsi vardır. O, müştərilərinin yanında kifayət qədər inam və etibara, həmçinin nüfuza və hörmətə malikdir. Satıcı-alıcı münasibətlərinin kəskinləşməsi, münasibətlərin pozulması və mübahisənin məhkəməyə daşınması heç də yaxşı hal deyildir. Lakin bu şəraitin yaranmasında cavabdehin yaratdığı səbəb və şərait dayanır. Əgər cavabdeh borcu vaxtında ödəsəydi məsələ də bu səviyyəyə gəlib çıxmaya bilərdi. 30 mart 2023-cü il tarixə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri barədə cavabdehə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasları zamanı İddiaçı iddia ərizəsinə uyğun izahat verməklə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. 09 mart 2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında izahat verən Cavabdeh izahatında iddiaçı ilə həqiqətən də aralarında nisyə alqı-satqı müqaviləsi bağlandığını, iddiaçı tərəfindən ona Xiaomi Redmi 10 C markalı mobil telefonun verildiyini, bunun qarşılığında özünün həmin telefonun dəyərini 6 ay müddətində ödəməyi öhdəsinə götürdüyünü, telefonun məbləğindən 100 manat ödədiyini, lakin işdən çıxdığından maddi cəhətdən imkanı çatmadığından ilkin ödənişdən başqa iddiaçıya pul ödəmədiyini, borcunu ödəməkdən yayınmaq niyyəti olmadığını, imkanı olan kimi pulu ödəyəcəyini bildirdi. Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən edir ki, İddiaçı ilə Cavabdeh arasında 10 iyun 2022-ci il tarixində 63 nömrəli “Mal satınalması müqaviləsi” bağlanması, həmin müqaviləyə əsasən iddiaçının cavabdehə “Xiaomi Redmi 10C’ markalı telefonu 6 aylıq kreditlə 620 (altı yüz iyirmi) manat dəyərində satması, Cavabdeh isə malın dəyərini müqavilənin ödəniş şərtlərinə uyğun hissə-hissə ödəməyi öhdəsinə götürməsi işin mübahisəsiz halıdır. Bu halların mübahisəsiz olması mülki iş materiallarına əlavə edilmiş 10 iyun 2022-ci il tarixində 63 nömrəli “Mal satınalması müqaviləsi” ilə təsdiq olunur. İddiaçının cavabdehlə aralarında bağlanmış müqavilə üzrə Cavabdeh yaranmış borcun qaytarılmasını tələb etməsi isə işin mübahisəli halıdır. İşin mübahisəli halını məhkəmə təqdim edilmiş sübutlarla, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək bildirir ki, iddiaçının tələbini əsaslandıran hallar iş materialları ilə qismən öz təsdiqini tapdığından, onun tələbi əsaslı sayıldığı hissədə təmin olunmalıdır. Məhkəmə tərəfindən iddianın qismən əsaslı sayılması ilə bağlı istinad etdiyi sübutlar iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim edilmiş yazılı sübutlardır. Məhkəmənin yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə isə onu qeyd edir ki, iş materiallarında olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından aydın olur ki, iş üzrə Cavabdeh ünvan 1 ünvanında rəsmi qeydiyyatdadır. Cavabdeh hazırki mülki iş üzrə məhkəmə sənədləri, yəni hüquq və vəzifələrin izahına dair MPM-dən çıxarış, iddia ərizəsinin surəti, ona əlavə edilmiş sənədlər və işin məhkəmədə baxılmağa hazırlanması haqqında qərardad məhkəmə bildirişi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq 13 fevral 2023-cü il tarixdə rəsmi qaydada göndərilmişdir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən sonuncu qeyd edilən hal məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi hesab edilir. Qeyd olunan məhkəmə sənədlərində cavabdehə iddia tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra bunu əsaslandıran dəlil və sənədləri iddiaçıya və məhkəməyə təqdim etməsi izah olunsa da, Cavabdeh ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətləri olmuş və onlar arasında alqı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. İş materiallarına əlavə olunmuş 10 iyun 2022-ci il tarixli 63 nömrəli “Mal satınalması müqaviləsi”dən aydın olur ki, həqiqətən həmin tarixdə İddiaçı ilə Cavabdeh arasında qeyd olunan müqavilə bağlanmış və müqavilənin şərtinə əsasən iddiaçı tərəf Cavabdeh dəyəri 620 (altı yüz iyirmi) manat olan “Xiaomi Redmi 10C’ markalı mobil telefonu vermişdir. Müqavilənin şərtinə əsasən Cavabdeh 100 (bir yüz) manatı nağd şəkildə əvvəlcədən ödəmiş və bundan sonra qalan 520 (beş yüz iyirmi) manat isə 10 iyul 2022-ci il tarixdən başlayaraq hər ay 86.66 (səksən altı manat altmış altı qəpik) manat olmaqla 6 ay müddətinə qaytarılması ilə bağlı öhdəlik götürmüşdür. 04 yanvar 2023-cü il tarixli arayışdan cavabdeh tərəfindən bu günə kimi malın dəyərinin ödənilməsi ilə bağlı ilkin ödənişdən başqa heç bir ödəniş və ya köçürülmə olmaması, Cavabdeh gecikdirilən pul öhdəliyi üzrə 520 (beş yüz iyirmi) AZN əsas borc, 782 (yeddi yüz səksən iki) AZN dəbbə pulu, ümumilikdə 1302 (min üç yüz iki) AZN məbləğində ödənilməmiş borcunun mövcud olması aydın olur. İş materiallarından görünür ki, cavabdehə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq göndərilmişdir. Tərəflər arasında olan razılaşmadan aydın olur ki, onlar arasında əşyanın dəyərinin hissə-hissə ödənilməsi şərti ilə nisyə alqı-satqı müqaviləsi bağlanılıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600-cü maddəsində nisyə satılmış əşyanın ödənilməsi qaydaları müəyyən edilmişdir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 601-ci maddəsinin tələbinə görə isə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə Mülki Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsi ilə həmçinin müəyyən edilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən də göründüyü kimi iş üzrə tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı qismində çıxış edən satıcı müqavilənin predmeti qismində avadanlığı cavabdehə təhvil verməyi, cavabdeh isə həmin müqaviləyə əsasən hər ay ödəniş cədvəli üzrə ödənişlər etməklə həmin malın dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Göründüyü kimi iddiaçı müqavilə üzrə öz öhdəliklərini icra edərək, müqavilənin predmeti olan avadanlığı cavabdehə təhvil vermiş, cavabdeh isə müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində avadanlığı əldə etməsinə, həmin malın dəyərini hissə-hissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, həmin malın dəyərini ödəməkdən yayınmışdır. Hazırda cavabdeh alqı-satqı müqaviləsi üzrə alınmış avadanlıq üçün müəyyən olunmuş ödəniş cədvəlinə uyğun ödəməli olduğu borc və müqaviləyə əsasən ona hesablanmış cərimə borcunu iddiaçıya ödəməkdən yayınmışdır. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçının cavabdehlərlə aralarında olan şifahi alqı-satqı müqaviləsindən irəli gələn öhdəliyini yerinə yetirməsi iddia ərizəsinə əlavə edilmiş sənədlərlə və cavabdehin məhkəmə iclasında verdiyi izahatı ilə öz təsdiqini tapır. İddiaçı tərəfin tələbinin əsassızlığı və eyni zamanda tərəflər arasındakı nisyə alqı-satqı müqaviləsi üzrə öz öhdəliklərini icra etmələrinə dair sübutetmə vəzifəsi cavabdehin üzərinə düşsə də o bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, məhkəmə iclasında iştirak edərək borcunun olduğunu qəbul etmişdir. Məhkəmə cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəməyə təqdim olunmuş sübutlarla öz təsdiqini tapdığından bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinin tələbinə görə isə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. İddiaçının cavabdehdən cərimə tələbi ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilənin 3.3-cü bəndinə əsasən kredit ödənişinin gecikdirilməsi halında alıcı satıcıya hər gecikdirilən gün üçün müqavilə üzrə aylıq ödənişin 2%-i miqdarında dəbbə pulu ödəməlidir. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Lakin dəbbə pulunun miqdarına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 200 (iki yüz) manat məbləğində dəbbə pulu əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən iddia həmin hissədə qismən təmin edilməli, tələb olunan cərimə (dəbbə pulu) 50 (əlli) manat məbləğədək azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 15 iyul 2014-cü il tarixli qərarında da Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (peniya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. İddiaçı həmçinin məhkəmədə iddia qaldırılması üçün ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsaslanaraq məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 23.75 (iyirmi üç manat yetmiş beş qəpik) manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin edilməli; -iş üzrə Cavabdeh 10 iyun 2022-ci il tarixli, 63 nömrəli müqavilə üzrə 520 (beş yüz iyirmi) manat əsas borc, 50 (əlli) manat dəbbə pulu olmaqla ümumilikdə 570 (beş yüz yetmiş) manat məbləğində pul alınaraq iş üzrə İddiaçı verilməli; -İddia qalan hissədə əsaslı olmadığından rədd edilməli; -iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 23.75 (iyirmi üç manat yetmiş beş qəpik) manat hissəsi Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. İş üzrə Cavabdeh 10 iyun 2022-ci il tarixli, 63 nömrəli müqavilə üzrə 520 (beş yüz iyirmi) manat əsas borc, 50 (əlli) manat dəbbə pulu olmaqla ümumilikdə 570 (beş yüz yetmiş) manat məbləğində pul alınaraq iş üzrə İddiaçı verilsin. İddia qalan hissədə əsaslı olmadığından rədd edilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 23.75 (iyirmi üç manat yetmiş beş qəpik) manat hissəsi Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-345/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-345/2023
30.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver