Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-348/2021 22.06.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə İddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 23 sentyabr 2019-cu il tarixli, 005-RND- 0041-19 saylı kredit müqaviləsinin ləğv edilməsi və Cavabdeh əsas borcu 1897.34 (bir min səkkiz yüz doxsan yeddi manat, otuz dörd qəpik) manat, faiz borcu 92.73 (doxsan iki manat, yetmiş üç qəpik) manat, həmçinin ərizəyə görə ödənilmiş 30.40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumunun, ümumilikdə 2020.47 (iki min iyirmi manat, qırx yeddi qəpik) manat borcun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bank Olmayan Kredit Təşkilatı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tələbini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh 24 (iyirmi dörd ay) müddətinə qaytarılmaq şərti ilə 6000 (altı min) manat məbləğində kredit verilmiş və bununla bağlı Bank Olmayan Kredit Təşkilatı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 10 aprel 2018-ci il tarixli, 005-NGD-0141-18 saylı Kredit Müqaviləsi bağlanmışdır. Cavabdeh qeyd edilən kredit müqaviləsi üzrə “Borcalan” qismində müəyyən edilmiş öhdəliklərini lazımınca icra edə bilməməsi səbəbindən qalıq borcunun restruktruzasiya edilməsinə dair Cəmiyyətə müraciət etmişdir. Həmin müraciət əsasında Cavabdeh ilə Bank Olmayan Kredit Təşkilatı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti arasında 23 sentyabr 2019-cu il tarixli 005-RND-0041-19 saylı Kredit Müqaviləsi bağlanmış və ona 18 (on səkkiz) ay müddətinə 10 aprel 2018-ci il tarixli, 005-NGD-0141-18 saylı Kredit Müqaviləsi üzrə olan borcunun bağlanması üçün 2970 (iki min doqquz yüz yetmiş) manat məbləğində kredit verilmişdir. Kredit Müqaviləsinin 2.1.1-ci bəndinə əsasən “Borcalan” tərəfindən Müqaviləyə və onun əlavələrinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə və ya vaxtında ödəmədikdə “Borcverən” kreditin vaxtından əvvəl tam ödənilməsini tələb edə bilər. Kredit Müqaviləsinin 2.4.5-ci bəndinə əsasən kredit ödəməkdə problemlər yarandıqda borclu özünün şəxsi əmlakı hesabına borcun ödənilməsini təmin etməlidir. Hal-hazırda Kredit Müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh Bank Olmayan Kredit Təşkilatı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə 08.02.2021-ci il tarixə əsas borcu 1897.34 (bir min səkkiz yüz doxsan yeddi manat, otuz dörd qəpik) manat, faiz borcu 92.73 (doxsan iki manat, yetmiş üç qəpik) manat, cərimə borcu 0.00 (sıfır manat, sıfır qəpik) manat olmaqla ümumi borcu 1990.07 (bir min doqquz yüz doxsan manat, yeddi qəpik) manat təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, iddiaçı tərəfindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə 04 sentyabr 2020-ci il tarixli, 10548/20 saylı pretenziya (xəbərdarlıq) məktubu göndərilmişdir. Göründüyü kimi cavabdeh müqavilə şərtlərini pozmuş və vurduğu zərər nəticəsində Bank Olmayan Kredit Təşkilatı “xxxx” Qapalı Səhmdar Cəmiyyətini müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaçının nümayəndəsi X3 02 aprel 2021-ci il tarixdə teleqram ilə məhkəməyə müraciət edərək teleqramda Cavabdeh qarşı iddia tələbləri üzrə 02.04.2021-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasında iştirak edə bilməyəcəklərindən, mülki işə onların iştirakı olmadan baxıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin iddiaçının nümayəndəsi X3 22 iyun 2021-ci il tarixdə də eyni məzmunlu teleqramla məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 02 aprel 2021-ci il tarixdə və 22 iyun 2021-ci il tarixdə məhkəməyə göndərdiyi teleqramları nəzərə alan məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən edir ki, Bank Olmayan Kredit Təşkilatı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 23 sentyabr 2019-cu il tarixli, 005-RND-0041-19 nömrəli kredit müqaviləsinin bağlanması, həmin müqaviləyə əsasən cavabdehlə “Bank Olmayan Kredit Təşkilatı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin illik 29.39 faiz dərəcəsi ilə 2970 (iki min doqquz yüz yetmiş) manat məbləğində kredit verilməsi barədə müqavilə tərəflərinin razılığa gəlməsi işin mübahisəsiz halıdır. Bu halın mübahisəsiz olması mülki iş materiallarına əlavə edilmiş 23 sentyabr 2019cu il tarixli, 005-RND-0041-19 nömrəli kredit müqaviləsi ilə təsdiq olunur. İddiaçının cavabdehlə aralarında bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh yaranmış borcun qaytarılmasını tələb etməsi isə işin mübahisəli halıdır. İşin mübahisəli halını məhkəmə təqdim edilmiş sübutlarla, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək bildirir ki, iddiaçının tələbini əsaslandıran hallar iş materialları ilə öz təsdiqini tapdığından, onun tələbi əsaslı sayılaraq təmin olunmalıdır. Məhkəmə tərəfindən iddianın əsaslı sayılması ilə bağlı istinad etdiyi sübutlar isə ekspert rəyi və iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim edilmiş digər yazılı sübutlardır. Məhkəmənin iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanması ilə bağlı isə onu qeyd edir ki, Naxçvan şəhər Polis İdarəsi tərəfindən verilmiş AZ seriyalı, 13449153 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, həmçinin Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatından aydın olur ki, cavabdeh Əliyeva X4 şəhəri, Çənlibel məhəlləsi, ev 3, mənzil 10 ünvanında rəsmi qeydiyyatdadır. Cavabdehə məhkəmə sənədləri, yəni iddia ərizəsinin surəti, məhkəmənin 01 mart 2021-ci il tarixli məhkəmə bildirişi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq onun həm qeydiyyatda olduğu ünvana, həm də faktiki olaraq yaşadığı Bakı şəhəri, ünvan 2 ünvanına rəsmi qaydada göndərilmişdir. Qeyd olunan məhkəmə sənədlərində cavabdehə iddia tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunsa da, Cavabdeh ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamışdır. Bundan əlavə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə cavabdehin mobil telefon nömrəsinə SMS göndərilməsinə, həmçinin ona telefonoqram verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.5-ci maddəsi və “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 240-cı bəndinə əsasən yuxarıda qeyd edilən hallar məhkəmə sənədinin rəsmi qaydada verilməsi hesab edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Mülki işin mübahisəli halının hüquqi həllinə gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətlərində olmuş və onlar arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İş materiallarına əlavə olunmuş Bank Olmayan Kredit Təşkilatı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 23 sentyabr 2019-cu il tarixli, 005-RND-0041-19 nömrəli kredit müqaviləsi imzalanmış və cavabdehə 18 (on səkkiz) ay müddətinə, illik 29.39 faiz dərəcəsi ilə, 005-NGD-0141-18 saylı müqavilə əsasında ayrılmış öhdəliyi bağlamaq üçün 2970 (iki min doqquz yüz yetmiş) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən isə Cavabdeh həmin müqavilə üzrə əldə etdiyi kredit məbləğini 23 oktyabr 2019-cu ildən başlayaraq 23 mart 2021-ci ilədək hər ay 204 (iki yüz dörd) manat, sonuncu ay isə yəni 23 mart 2021-ci il tarixdə 204.62 (iki yüz dörd manat, altmış iki qəpik) manat ödəməli olması aydın olur. Həm Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsindən, həm də tərəflər arasında bağlanmış müqavilədən aydın olur ki, razılaşma üzrə iddiaçının müqavilədə göstərilən şərtlərlə kredit məbləğini cavabdehə verməsi, sonuncunun isə ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri və gecikmə zamanı hesablanmış cərimə məbləğlərini ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçının müqavilədən irəli gələn öhdəliyini yerinə yetirməsi mülki iş materiallarına əlavə edilmiş hesabdan çıxarışla öz təsdiqini tapır. Həmçinin bu fakt ekspert rəyində də qeyd edilmişdir. İddiaçı tərəfin tələbinin əsassızlığı və eyni zamanda Bank Olmayan Kredit Təşkilatı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 23 sentyabr 2019-cu il tarixli, 005-RND-0041-19 nömrəli kredit müqaviləsi üzrə öz öhdəliklərini icra etməsinə dair sübutetmə vəzifəsi cavabdehin üzərinə düşsə də o, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddia ərizəsinə əlavə olunmuş 04 sentyabr 2020-ci il tarixli, 10548/20 nömrəli pretenziya məktubundan isə Cavabdeh müqavilədən irəli gələn öhdəliyini lazımi qaydada icra etməməsi və bununla bağlı Bank Olmayan Kredit Təşkilatı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə xəbardarlıq göndərilməsi aydın olur. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin iddiaçı qarşısında öz öhdəliyini lazımınca icra etməməsi öz təsdiqini tapdığından məhkəmə iddiaçının tələbini bu hissədə əsaslı qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Borcun məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, bunun hesablanması xüsusi bilik tələb etdiyindən məhkəmə tərəfindən 15 aprel 2021-ci il tarixdə 2(078)-348/2021 nömrəli qərardadla məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş və ekspertizanın keçirilməsi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 31 may 2021-ci il tarixli, 128 nömrəli ekspert rəyində isə kreditor və borc alan arasında bağlanmış 23 sentyabr 2019-cu il tarixli, 005-RND-0041-19 saylı kredit müqaviləsi üzrə yaranan öhdəliklərin kreditor tərəfindən tam icra edildiyi, lakin cavabdeh tərəfindən müqaviləyə əməl edilmədiyi, 23 sentyabr 2019-cu il tarixli, 005-RND-0041-19 saylı kredit müqaviləsi üzrə 1897.34 (bir min səkkiz yüz doxsan yeddi manat, otuz dörd qəpik) manat əsas borc və 92.73 (doxsan iki manat, yetmiş üç qəpik) manat faiz borcunun düzgün hesablanmadığı, iş materiallarından və birinci ikinci sualların nəticələrindən, cədvəl məlumatlarından, Cavabdeh tərəfindən Bank Olmayan Kredit Təşkilatı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə ödənilmiş pul vəsaitinə dair hesabdan çıxarış məlumatları və 23 sentyabr 2019-cu il tarixli, 005-RND-0041-19 nömrəli kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh Bank Olmayan Kredit Təşkilatı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə 08 fevral 2021-ci il tarixə (maliyyə arayış verildiyi tarixə) kredit üzrə əsas borcun 1941.85 (bir min doqquz yüz qırx bir manat, səksən beş qəpik) manat, faiz borcunun isə 205.40 (iki yüz beş manat, qırx qəpik) manat təşkil etməsi qeyd olunmuşdur. Ekspert rəyi iş materiallarında olan digər sübutlarla əlaqəli şəkildə tədqiq edilmiş, onun mötəbərliyini şübhə altına alan hər hansı bir hal olmadığından məhkəmə belə qənaətə gəlmişdir ki, o sübut kimi qəbul ediləndir. Ekspert rəyi ilə əsas və faiz borcunun iddiaçının tələb etdiyi məbləğdən artıq olması müəyyən edilmişdir. Bununla əlaqədar olaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Eyni zamanda həmin maddə ilə o da müəyyən olunur ki, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Hazırki vəziyyətdə isə iddia tələbindən kənara çıxmaq üçün müstəsnalıq mövcud deyil. Bu səbəbdən də yuxarıda qeyd edilən məbləğlə bağlı əsas və faiz borcuna münasibətdə iddia tələbi əsas götürülməlidir. Hazırki mülki iş üzrə isə cavabdehin müqavilədən irəli gələn öhdəliklər üzrə əsas borcu icra etməməsi sübuta yetirilir. Bu səbəbdən də qeyd edilən maddi hüquq normasını tələbini rəhbər tutan məhkəmə iddiaçının bu tələbini də əsaslı sayır. Məhkəmə iddiaçının iddia tələbində qeyd etdiyi müqavilənin ləğv ediməsinə dair hissədə isə hesab edir ki, müqavilə ləğv edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış 23 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə öhdəliklərini icra etmədikdə və ya lazımi qaydada icra etmədikdə borcverən borcalanı 1 (bir) təqvim ayı əvvəlcədən yazılı xəbərdar etməklə bu müqaviləni birtərəfli qaydada ləğv edə və kreditin (əsas məbləğ, hesablanmış faizlər, cərimə və s.) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İddia ərizəsinə əlavə edilmiş 04 sentyabr 2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən müqavilənin ləğv edilməsi üçün cavabdehə lazımi qaydada məlumat verilmiş cavabdeh isə ona verilmiş xəbərdarlıqdan 30 gün keçməsinə baxmayaraq müqavilənin ləğv edilməsinə dair imtinasını iddiaçı tərəfə göndərməmişdir. Bununla da məhkəmə qeyd edir ki, Bank qanunvericiliyin yuxarıda göstərilən tələbinə uyğun olaraq müqavilənin ləğv edilməsi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edildiyindən iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia təmin olunmalı; - Bank Olmayan Kredit Təşkilatı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 23 sentyabr 2019-cu il tarixli, 005-RND-0041-19 saylı kredit müqaviləsi ləğv edilməli; - 23 sentyabr 2019-cu il tarixli, 005-RND-0041-19 saylı kredit müqaviləsi üzrə 1897.34 (bir min səkkiz yüz doxsan yeddi manat, otuz dörd qəpik) manat əsas borc, 92.73 (doxsan iki manat, yetmiş üç qəpik) manat məbləğində faiz borcu, ümumilikdə 1990.07 (bir min doqquz yüz doxsan manat, yeddi qəpik) manat məbləğində pul Cavabdeh tutularaq Bank Olmayan Kredit Təşkilatı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli; - 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq Bank Olmayan Kredit Təşkilatı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət e t d i: İddia təmin edilsin. Bank Olmayan Kredit Təşkilatı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 23 sentyabr 2019-cu il tarixli, 005-RND-0041-19 saylı kredit müqaviləsi ləğv edilsin. 23 sentyabr 2019-cu il tarixli, 005-RND-0041-19 saylı kredit müqaviləsi üzrə 1897.34 (bir min səkkiz yüz doxsan yeddi manat, otuz dörd qəpik) manat əsas borc, 92.73 (doxsan iki manat, yetmiş üç qəpik) manat məbləğində faiz borcu, ümumilikdə 1990.07 (bir min doqquz yüz doxsan manat, yeddi qəpik) manat məbləğində pul Cavabdeh tutularaq Bank Olmayan Kredit Təşkilatı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq Bank Olmayan Kredit Təşkilatı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-348/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-348/2021
22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver