Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-366/2022 20.06.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən 27000 (iyirmi yeddi min) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, o, 2021-ci ilin aprel ayının 20-si Naxçıvanda şəhərində Cavabdeh MMC-nin həmin tarix üzrə direktor vəzifəsində çıxış edən və məsul şəxsi Sənan Haxverdiyev, özünü həmin şirkətin tikinti işiəri üzrə məsul şəxsi və eyni zamanda şirkətin hüquqşünası kimi təqdim edən, Şıxmahmud kəndində yaşayan X1 və X2 ilə tanış olmuş, onlar dələduz olmadıqlarını MMC olmaları ilə, dövlət qeydiyyatında olmaları ilə, vergilərini vaxtında ödəmələrini iddia etmələri ilə və müqavilə üzərində şirkətə məxsus möhür olması ilə dövlətin və onun etibarından sui-istismar edərək inandırmış, buna görə də o, şirkətin təklif etdiyi şərtlərlə tanış olduqdan sonra aralarında fərdi yaşayış evinin tikintisinə dair 28 aprel 2021-ci ildə üzərində Naxçıvan Cavabdeh MMC-nə məxsus möhür və Sənan Haxverdiyevə məxsus imza olan xidmət müqaviləsi bağlamışdır. Müqavilənin şərtlərinə görə ödəniləcək olan ümumi məbləğin 40 faizi əvvəlcədən ödənilərək xx.xx.2021-ci ildə fərdi yaşayış evinin tikintisi tam başa çatdırılaraq ona (müştəriyə) təhvil verilməli idi. Yerdə qalan qalıq pul isə (borc pul) müqavilə bağlandığı vaxtdan 36 ay müddətində hər ay eyni məbləğdə tərəfindən ödənilməli idi. Şirkətlə iki mərtəbəli fərdi yaşayış evinin tikintisi üçün 85.000 (səksən beş min) manata razılaşmışlar (hansı ki bunun üçün ümumi məbləğin 40 faizi, yəni 34200 (otuz dörd min iki yüz) manat onun tərəfindən nağd qaydada ödənilmişdir). Bundan sonra 2021-ci ilin may ayının 5 də müqavilədə göstərilmiş fərdi yaşayış evinin tikintisinə başlamış lakin başladıqları tarixdən iş ləng getməyə başlamış, işin səbəb göstərilmədən tez-tez dayanması və həmin şirkətdəki ustaların və fəhlələrin maaşını ala bilməməsindən şübhələnərək növbəti ay üçün ödəməli olduğu aylıq ödənişi ödəməməyə qərar verərək bunu şirkətə bildirmiş və bütün bunları səbəb göstərərək müqaviləni pozmaq istədiyini bildirən iddiaçı qeyd etmişdir ki, yalnız bünövrəsi hazır olduqdan sonra müqavilənin şərtini pozaraq ona xəbər verilmədən tikinti dayandırılmışdı. İş dayandırıldığı təqdirdə Rövşən adlı şəxs telefon zəngi vasitəsilə və üzüzə dəfələrlə pul ödəməyini kobud şəkildə tələb etmiş, dəfələrlə Sənan, Rövşən və Yalçın adlı şəxslərə müqavilə üzrə götürdükləri öhdəlikləri icra etmələri ilə bağlı şifahi və yazılı xəbərdarlıq etsə də, onlar müxtəlif bəhanələrələ onu aldatmış və materialların olmadığını bildirmişlər. Bundan sonra o, həmin şəxslərin eyni şərtlərlə başqa şəxsləri də aldatdığını eşitmişdir. Rövşən və Sənan adlı şəxs tikintinin davam edəcəyinə, nəzərdə tutulmuş evin hazırlanıb təhvil veriləcəyinə dair söz vermiş və hətta özlərinin cavabdehlik daşıdığını iddia etmişlər. Lakin bundan sonra yenə də heç nə düzəlməmişdir. Yalçın, Rövşən və Sənan adlı şəxslərin ona ev tikmək adı altında pul aldıqlarını, həmin şəxslər müqaviləni pozmağa razı olsa da ödədiyi məbləği geri qaytarmaqdan boyun qaçırdıqlarını, artıq şirkətə gəlməməklə yanaşı zənglərinə də cavab verməməyə başladıqlarını, bu hadisənin ondan savayı başqa şəxslərin də başına gəldiyini gördükdən sonra əslində həmin şəxslərin məqsədinin ev tikmək deyil, dələduzluqla onun pulunu ələ keçirməyə çalışdıqlarına əmin olduğunu, halhazırda həmin şirkətin fəaliyyət göstərmədiyini, özünün də pula ehtiyacı olduğundan məcbur qalıb məhkəməyə müraciət etmişdir. İddiaçı sonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdeh təşkilat Cavabdeh MMC-nə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq təşkilatın nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə cavabdeh təşkilat Cavabdeh MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Hazırki halda iddia tələbinin qanuni əsası podrat müqaviləsidir. Podrat müqaviləsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 753.1-ci maddəsinə görə sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 769-cu maddəsinə görə əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Məhkəmə aşağıdakı əsalara görə hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin olunmalıdır. Mülki işin məhkəmə araşdırması zamanı iş üzrə İddiaçı istər məhkəməyə ünvanladığı iddia ərizəsində, istərsə də məhkəmə iclası zamanı verdiyi izahatında hazırda cavabdehin ona ümumilikdə 27000 (iyirmi yeddi min) manat borcu olduğunu, dəfələrlə cavabdehdən pulunu tələb etsə də, bu pulun geri qaytarılmadığını diqqətə çatdırmış və məhz bu xüsusatların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Yuxarıda da qeyd olunduğu kimi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli 01 nömrəli xidmət müqaviləsindən məlum olur ki, həmin tarixdə İddiaçı ilə Cavabdeh MMC arasında sözügedən müqavilə imzalanmış, müqaviləyə əsasən İddiaçı Cavabdeh MMC-nə fərdi yaşayış evinin tikintisi üçün 85000 manat pul ödəməyi, cavabdeh şirkət isə razılaşmaya uyğun olaraq yaşayış evini razılaşdıqları şəkildə xx.xx.2021-ci il tarixdə təhvil verəcəyi ilə bağlı öhdəlik götürmüşdür. Müştərinin ödəniş cədvəlindən görünür ki, İddiaçı Cavabdeh MMC-nə xx.xx.2021-ci il tarixdə 19800 manat, xx.xx.2021-ci il tarixdə 14200 manat, xx.xx.2021-ci il tarixdə isə 200 manat ödəmişdir. Bu fakt 028252, 028201 və 028253 nömrəli Cavabdeh MMC-nin rəsmi möhürü ilə təsdiq olunmuş kassa mədaxil orderlərində də öz əksini tapmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı Cavabdeh MMC-nə xəbərdarlıq məktubu göndərilmişdir. Mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertin 07 iyun 2022-ci il tarixli 116 nömrəli rəyindən aydın olmuşdur ki, Naxçıvan şəhəri, 6-cı məhəllə döngə 1 ev 59E ünavnında yerləşən fərdi yaşayış evinin bünövrəsinin tikilməsinə (təmir və usta birlikdə) xərclənmiş vəsait təqribən 5887.13 (beş min səkkiz yüz səksən yeddi manat on üç qəpik) manat məbləğində olduğu müəyyən edilmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçı və cavabdeh arasında podrat münasibətində irəli gələn mübahisə yaranmışdır. Podratçı işinin yerinə yetirilməsinə görə sifarişçidən tələb etdiyi 34200 manat pulu almış, lakin razılaşmada nəzərdə tutulan müddətdə sifarişi yerinə yetirməmiş və işi sifarişçiyə təhvil verməmişdir. Ümumilikdə cavabdeh tərəfindən mübahisəli evdə aparılan təmir işlərinin hər biri ayrılıqda göstərilməklə dəyərinin nə qədər təşkil etməsi barədə məhkəmə tikinti-texniki eksperti qarşısında sual qoyulmuş, ekspert tərəfindən verilmiş rəydən aydın olmuşdur ki, görülən bütün işlərin ümumi dəyəri usta xərci ilə birlikdə 5887.13 manat məbləğində təşkil edir. İddiaçı isə izahatında verdiyi pulun müqabilində görülən işlərin dəyərinin çıxılmaqla qalan məbləği deyil, sadəcə olaraq 27000 (iyirmi yeddi min) manat tələb etdiyini bildirmişdir. Məhkəmə ekspert rəyini sübut qismində qiymətləndirir və hesab edir ki, rəydə cavabdeh olaraq podratçı tərəfindən görülmüş işlərin dəyəri qiymətləndirilmişdir. Müəyyən edilmişdir ki, Cavabdeh MMC İddiaçı aldığı 34200 manat pul miqdarında yalnız 5887.13 (beş min səkkiz yüz səksən yeddi manat on üç qəpik) manat dəyərində iş görmüşdür. Belə olan halda iddiaçının tələb etdiyi 27000 (iyirmi yeddi min) manat məbləği iddiaçıya qaytarmalıdır. Məhkəmə hazırki vəziyyətdə iddia tələbindən kənara çıxılmasını nəzərdə tutan mülki prosessual qanunvericilikdə göstərilən müstəsna halın mövcud olmamasını nəzərə alaraq iddia tələbi həcmində işə baxılmasını və iddiaçının tələb etdiyi 27000 (iyirmi yeddi min) manat dəyərində pulun Cavabdeh MMC-dən alınaraq iş üzrə İddiaçı verilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-in 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh MMC-nə qarşı pul tələbinə dair iddiası təmin edilsin. İş üzrə Cavabdeh MMC-dən 27000 (iyirmi yeddi min) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-366/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-366/2022
20.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver