Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-367/2023 06.06.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ona məxsus olan “Cehvrolet Malibu” markalı **-BK-*** dövlət nömrə nişanlı avtomobilə vuruğu zərərə görə 1465 (bir min dörd yüz altmış beş) manat və dövlət rüsumu 34.65 (otuz dörd manat altmış beş qəpik) alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən İddiaçı izahatında iddianı müdafiə edərək bildirmişdir ki, o, “Chevrolet Malibu” marka 1**-BK-*** dövlət nömrə nişanlı avtomobilin sahibidir. Adına Naxçıvan MR Daxili işlər Nazirliyinin Dövlət Yol Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, BD273265 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi vardır. O, xx.xx.2022-ci il tarixdə saat 16:00 radələrində idarə etdiyi “Chevrole Malibu” markalı, **-BK-*** dövlət nömrə nişanlı avtomobillə Naxçıvan şəhərində yerləşən avtomobil ehtiyyat hissələrinin satışını həyata keçirən ərazidə hərəkətdə olarkən ünvan 1 ünvanında yaşayan Cavabdeh “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmaqla idarə etdiyi VAZ 2107 markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomobili ilə onun avtomobilini vurması nəticəsində avtomobilə maddi zərər yetirmişdir. Hadisə yerinə gəlmiş Naxçıvan MR DİN-nin Naxçıvan Şəhər İdarəsinin Yol Patrul Xidmətinin əməkdaşları yol nəqliyyat hadisəsi baş verdiyi əraziyə baxış keçirmiş, müvafiq sənədləşmə aparmış və Cavabdeh “Yol hərəkəti haqqında” Azərbaycar Respublikası Qanununun 77-ci maddəsinin İİİ hissəsinin (Eyni əhəmiyyətli yolların kəsişdiy yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir) tələblərini pozduğunu və bu səbəbdən yol nəqliyyat hadisəsinin baş verməsi faktını müəyyən etmiş, Cavabdeh Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün inzibati məsuliyyətə cəlb edilmişdir. Müvafiq inzibati qayda pozuntusunu törətdiyi ilə bağlı, habelə dəymiş ziyanın sığorta şirkəti tərəfindən ödənilməsi üçün şəxsi avtomobilini sığortalamaması səbəbindən Cavabdeh avtomobili YPX-nin duracağına qoyulmuşdur. Bununla bağlı zəruri sənədləşmələr aparılacağı, törədilən qayda pozuntusuna görə nəzərdə tutulan cərimənin və yol-nəqliyyat hadisəsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş ödənişlərin həyata keçirilməsinin vacibliyi YPX əməkdaşları tərəfindən Cavabdeh şifahi şəkildə diqqətinə çatdırılmışdır. Lakin xx.xx.2023-cü il tarixdə müvafiq cəriməni ödədikdən və şəxsi avtomobilini YPX duracağından apardıqdan sonra, ona vurduğu ziyanı ödəməklə bağlı dəfələrlə Cavabdeh müraciət etsə də o, hər dəfə də biri-biri ilə zidd olan müxtəlif bəhanələr gətirmiş, sonradan isə qəti olaraq hər hansı bir ödənişi etməyəcəyini bildirmiş və təqsirli olaraq ona vurduğu ziyanı ödəməkdən açıq-aşkar imtina etmişdir. Cavabdeh ona vurmuş olduğu maddi ziyanın cavabdeh tərəfindən təqsirli olaraq törədildiyi Naxçıvan MR DİN-nin Naxçıvan Şəhər İdarəsinin Yol Patrul Xidməti tərəfindən tərtib edilmiş protokol, qərar, sxem və hadisənin video görüntüsüdə öz əksini tapmışdır. O, 09 yanvar 2023-cü il tarixdə avtomobilini Naxçıvan şəhərində yerləşən servisə aparmış, orada ustalar tərəfindən avtomobilinə baxış keçirilmiş və təmiri xərcinin 1465 (min dörd yüz altmış beş) manat olduğu bildirilmişdir. Artıq dəfələrlə mübahisəni öz alararında həll emək və məhkəməyə verməmək barədə qarşı tərəfə müraciət etsə də heç bir nəticəsi olmamışdır. Hazırda iş məhkəmədə olduğu üçün maşını təmir edə bilmirdir, lakin ekspertiza aparıldıqdan sonra maşınını təmir etdirmişdir. Maşının sıradan çıxan hissələri yararsız olduğundan təmir edən ustalar tərəfindən atılmışdır. Sadəcə cavabdehin ona vurduğu ziyanıın ödəməsini istəyir. İddiaçı sonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı izahat verən Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının iddiası əsassızdır. Belə ki, həqiqətən də yol nəqliyyat hadisəsi baş vermişdir. Onun avtomobili və iddiaçının avtomobili ciddi xəsarət almışdır. Hadisə vaxtı yol patrol xidməti tərəfindən ona İXM 327.2-ci maddəsi ilə yerində protokol tərtib edildi. Ona hətta 60 manat cərimə təyin edildi. O, maşının təmirinə 1600 manat xərc çəkib. Hətta inzibati protokoldan şikayət vermək istəmiş, lakin hadisə 2022-ci ilin dekabr ayında baş vermiş və protokol ona çox gec təqdim edildiyi üçün o, şikayət verə bilməmişdir. Lakin o soruşaraq dəqiqləşdirib ki, hadisə vaxtı hər iki sürücü yol hərəkəti qaydalarını pozduğu üçün xərc ikisinə də aiddir. Ona görə də o, iddiaçıya dəymiş zərəri qarşılamayıb. Ancaq inzibati protokol yalnız hadisə vaxtı ona tətbiq edilib. Qarşı tərəfə protokol nəyə görəsə verilmədi və onu təqsirli bildilər. Qeyd etdiklərinə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış sübutları, eyni zamanda işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Mülki hüququn vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir və pozulmuş hüquq və mənafelərin bərpası məqsədini daşıyır. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108-ci maddəsi ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə vurulmuş zərərə görə məsuliyyəti müəyyən edir. Bu Məcəllənin 1108.3-cü maddəsində yüksək təhlükə mənbələrinin (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) qarşılıqlı təsiri nəticəsində dəymiş zərərin əvəzinin ümumi əsaslarla onların sahiblərinə ödənilməsi nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 aprel 2022-ci il tarixli Plenum Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə yüksək təhlükə mənbəyinin sahibinin üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyi hüquq nəzəriyyəsində “təhlükə məsuliyyəti” adlandırılır. “Təhlükə məsuliyyəti” anlayışı cəmiyyətdə elm və texnikanın, sənayenin inkişafı nəticəsində insanların qanunla qorunan mənafelərinin pozulma riskinin də artması ilə əlaqədar formalaşmışdır. Obyektiv, fiziki xüsusiyyətlərindən irəli gələrək ətrafdakılara zərər yetirmək təhlükəsi, ehtimalı yüksək olan əşya, habelə fəaliyyət növü sahibləri təqsirsiz olsalar belə, bu fəaliyyətdən, əşyanın istifadəsindən irəli gələn zərərlərə görə məsuliyyət daşıyırlar. Qanunverici ətrafdakılar üçün təhlükəli olan əşyanın sahibinin və ya fəaliyyət növü ilə məşğul olan şəxsin bu təhlükədən məlumatlı olmasına baxmayaraq, riski öz üzərinə götürərək əşyadan istifadə etməsi və ya fəaliyyət növü ilə məşğul olması səbəbindən üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyinin də onun üzərinə qoyulmasını məqsədəmüvafiq hesab etmişdir. Yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir. Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. O da nəzərə alınmalıdır ki, zərər yüksək təhlükə mənbəyinin fəaliyyəti zamanı məhz onun təhlükəli xüsusiyyətlərindən irəli gələrək baş vermiş olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Qeyd edilən mülki prosessual normaların və maddi hüquq normalarının hazırki mübahisəyə tətbiqi nəticəsində müəyyən edilir ki, hazırki mübahisədə ona maddi zərərin dəyməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İş materiallarında oolan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən aydın olur ki, ** BK *** qeydiyyat nişanlı Chevrolet markalı, Malibu minik modelli, sedan tipli, istehsalat tarixi 2017, ban nömrəsi 1G1ZD5ST8JF104307 olan qara metallik nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir. İPX ******* nömrəli xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan aydın olur ki, Cavabdeh yol nişanı tələblərinin pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. TP ******* nömrəli xx.xx.2022-ci il tarixli inzibati tənebh vermə haqqında Qərardan aydın olur ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 60 manat miqdarında cərimə edilmişdir. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx.xx.2022-ci il tarixli 1048 nömrəli aktdan aydın olur ki, Cavabdeh sərxoşluq əlaməti müəyyən olunmamışdır. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx.xx.2022-ci il tarixli 1049 nömrəli aktdan aydın olur ki, İddiaçı sərxoşluq əlaməti müəyyən olunmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 548496 nömrəli avto servis tələb formunda ** BK *** qeydiyyat nişanlı Chevrolet Malibu markalı nəqliyyat vasitəsinin sıradan çıxan hissələri üçün aşağıdakılar qeyd olunub:
1. bufer ön komplekt-1ədəd-120 manat;
2. sol dumannı komplekt-1 ədəd-80 manat;
3. üst radiator barmaqlığı-1 ədəd-70 manat;
4. alt radiator barmaqlığı-1 ədəd-120 manat;
5. su çiləyən baçoku-1 ədəd-80 manat;
6. rol air bag-1ədəd-250 manat;
7. qoruyucu qutusu qapağı-1 ədəd-35 manat;
8. bufer alt köpüyü-1 ədəd-70 manat;
9. boya və ləvazimat-1 ədəd-100 manat;
10. malyar və dəmirçi işi-1 ədəd-400 manat;
11. kompyuter diaqnostika-1 ədəd-20 manat;
12. ön ətəklikləri-1ədəd-120 manat. Mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 07 mart 2023-cü il tarixli 2(078)- 367/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, 19 aprel 2023-cü il tarixli 343 nömrəli məhkəmə rəyindən qeyd olmuşdur ki, nəzəri hesablama yolu ilə iş materialının 10-cu səhifəsində olan usta Raminin iştirakı ilə X1 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 548496 nömrəli nöqsan aktı məlumatlarına əsasən 2017-ci il buraxılışlı “Chevrolet Malibu minik” markalı, sedan tipli, qara metallik rəngli, mühərrikin iş həcmi 1490 kv.sm, ban nömrəsi 1G1ZD5ST8JF104307 olan **-BK-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir: 1.Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 1275 manat. O cümlədən -Dəyişilməli hissələrin qiyməti-925 manat; -Təmir-bərpa işlərinin qiyməti-350 manat. 2.Dəyişilməli hissələrin qiymətinə aşınma (925-3%-6 dəfə) tətbil edilməklə 1120.5 manat. O cümlədən: -Dəyişilməli hissələrin qiyməti-770.5 manat; -Təmir-bərpa işlərinin qiyməti-350 manat. Zədələnmiş nəqliyyat vasitəsinin ehtiyat hissələrinin (bufer ön komplekt, sol dumannı komplekt, üst radiator barmaqlığı, alt radiator barmaqlığı, su çiləyən baçoku, rol air bag, qoruyucu qutusu qapağı, bufer alt köpüyü, ön ətəklikləri) istifadəyə yararlı olubolmaması ekspert əmtəəşünasın səlahiyyətlərinə aid olmadığı üçün həmin sual üçün tədqiqat aparılmamışdır. Məhkəmə yuxarıda sadalanan hüquq normalarını iş materiallarında olan sübutlarla əlaqəli şəkildə təhlil edir və belə nəticəyə gəlir ki, iş üzrə mötəbər və təkzibedilməz sübutlara əsaslanaraq iddia təmin edilməlidir. Məhkəmə iş üzrə əhəmiyyət kəsb edən sübutları tədqiq edir və belə hesab edir ki, bu halda sübutun qiymətləndirilməsi meyarları nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 aprel 2022-ci il tarixli Plenum Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi təqsirindən asılı olmayaraq həmin mənbəyin fəaliyyəti nəticəsində vurulmuş zərərin əvəzini ödəməyə borcludur. Bu qaydadan bəzi istisnalar mövcuddur: - ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi başqa şəxslərin qanunsuz hərəkətləri nəticəsində (nəqliyyat vasitəsini qaçırma və s.) mənbənin onun sahibliyindən çıxdığı halda vurulmuş zərərə görə məsuliyyət daşımır; - dəymiş zərər zərərçəkmişin qəsdi nəticəsində yaranmış olarsa, onun əvəzinin yüksək təhlükə mənbəyinin sahibi tərəfindən ödənilməsi vəzifəsi yaranmır; - ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi zərərin qarşısıalınmaz qüvvənin (fövqəladə və qaçınılmaz hallar (Mülki Məcəllənin 379.1.1-ci maddəsi) təsiri nəticəsində vurulduğunu sübut etdikdə məsuliyyətdən azad edilir. İşə məhkəmədə baxılarkən baş vermiş yol nəqliyyat-hadisəsində Cavabdeh təqsirli olması iş materiallarında olan inzibati xəta haqqında protokolla təsdiq olunur. İş materiallarında olan qüsur aktı və ekspert rəyi ilə həmin yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus avtomobilə ziyan dəyməsi və ziyanın məbləği öz təsdiqini tapır. Cavabdeh tərəfindən ziyanın ödənilməsini istisna edən yuxarıda qeyd edilmiş üç şərtin heç biri işə baxılarkən müəyyən edilməmişdir. Belə olan halda məhkəmə cavabdehin iddiaçıya məxsus olan avtomobilə vurduğu ziyana görə məsuliyyət daşıması nəticəsinə gəlir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, “Cehvrolet Malibu” markalı **-BK-*** dövlət nömrə nişanlı avtomobilə vuruğu zərərə görə 1465 (bir min dörd yüz altmış beş) manat pul Cavabdeh alınaraq İddiaçı oğuna verilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, iddia qismən təmin olunduğundan İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə "xxxx" ASC Kəngərli filialına 13049 nömrəli qəbzlə ödənilmiş 34.65 (otuz dörd manat altmış beş qəpik) manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi:
İddia təmin edilsin. Cavabdeh “Cehvrolet Malibu” markalı **-BK-*** dövlət nömrə nişanlı avtomobilə vuruğu zərərə görə 1465 (bir min dörd yüz altmış beş) manat pul alınaraq İddiaçı oğuna ödənilsin. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə "xxxx" ASC Kəngərli filialına 13049 nömrəli qəbzlə ödənilmiş 34.65 (otuz dörd manat altmış beş qəpik) manat dövlət rüsumu Cavabdeh alınıb iddiaçıya qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar.
Sədrlik edən: Gülnar Səfərəliyeva