Məhkəmə qərarları › İş №2(078)-369/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-369/2023

30.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-369/2023 30.03.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y yə n e t d i : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin 16 may 2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin dəyişdirilərək, Cavabdeh övladı 02 fevral 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit məbləğdə 220 (iki yüz iyirmi) manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı iddianı müdafiə edərək, Cavabdeh ilə 18 dekabr 2019-cu il tarixdə rəsmi olaraq nikaha daxil olduqlarını, birgə nikahda olduqları müddətdə bir övladı 02 fevral 2020-ci il təvəllüdlü X2 doğulduğunu, 2021-ci il tarixdən ailə münasibəti normal olmadığından cavabdehlə ayrı yaşadıqlarını, aliment tələbi ilə bağlı Naxçıvan Şəhər Məhkəməsində iddia qaldırdığını, Naxçıvan Şəhər Məhkəməsinin 16 may 2021-ci il tarixli qətnaməsinə əsasən 15 aprel 2021-ci il tarixdən hesablanmaqla, Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin tutularaq, 02 fevral 2020-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı ödənilməsi barədə qətnamə qəbul etdiyini, cavabdeh hərbi qulluqdan təxris olunduğundan aylıq 100 manat aliment ödənildiyini, halhazırki vaxtda cavabdehin ödədiyi alimentin uşağın heç bir təlabatını ödəməyə kifayət etmədiyini, o böyüdükcə tələbatlarının da artdığını, valideynlərinin köməyi ilə birtəhər övladının ehtiyaclarını təmin etməyə çalışdığını, ona görə aliment məbləğinin dəyişdirilərək, hər ay sabit məbləğdə yaşayış minimumu olan 220 (iki yüz iyirmi) manat alimentin cavabdehdən tutularaq ona ödənilməsini istədiyini, bunları nəzərə alaraq, Naxçıvan Şəhər Məhkəməsinin 16 may 2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin dəyişdirilərək, Cavabdeh övladı 02 fevral 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit məbləğdə 220 (iki yüz iyirmi) manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, о, məhkəmə baxış iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə baxış iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. İş materiallarına əlavə edilmiş: Naxçıvan Şəhər Məhkəməsinin 16 may 2021-ci il tarixli, 2(078)-498/2021 nömrəli qətnaməsinin surətinə əsasən, “15” aprel 2021-ci il tarixdən hesablanmaqla, Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin tutularaq, 02 fevral 2020-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün uşağın anası İddiaçı ödənilməsi, Cavabdeh 30 (otuz) manat miqdarında dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. AZ-İİ seriyalı, 156819 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətinə əsasən, Cavabdeh ilə X4 arasında 18 dekabr 2019-cu il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 342 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına “Ağayeva” soyadı verilmişdir. AZ-İV seriyalı, 462397 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətinə əsasən, iş üzrə tərəflərin 02 fevral 2020-ci il tarixdə X6 adlı uşaqları doğulmuşdur. Məhkəmə iddiaçının izahatına və toplanmış sübutlara hüquqi qiymət verərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İ bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair" 27 iyul 2016-cı il tarixli qərarına əsasən:

1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bu baxımdan uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Ona görə də, məhkəmənin qənaətinə görə bu məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarına da təsir etməlidir. Məhkəmə yuxarıda göstərilən qanunvericilik müddəalarının və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarının tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmaqla, əvvəlki qətnamə ilə müəyyən edilmiş məbləğ dəyişdirilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, uşaq böyüdükcə tələbatları artmışdır ki, bu da iş üzrə iddiaçının maddi vəziyyətinə digər yandan mənfi təsir edir. Məhkəmə bu nəticəyə gələrkən onu da nəzərə alır ki, uşağın saxlanması üçün aliment tutulmasını tələb edən şəxs əvvəlcə müəyyənləşdirilmiş aliment məbləğinin dəyişdirilərək sabit məbləğdə artırılmasını xahiş edir. Ona görə də, aliment məbləği dəyişdirilməlidi. İddia qismən təmin edilərkən nəzərə alınmışdır ki, valideynlərin hər ikisi uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə hesab edir ki, iş üzrə yetkinlik yaşına çatmayan uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləğində bir uşağa 170 (yüz yetmiş) manat miqdarında aliment tutulması məqsədəuyğundur. Yuxarıda göstərilən xüsusatlara görə iddia qismən təmin edilməli, Naxçıvan Şəhər Məhkəməsinin 16 may 2021-ci il tarixli, 2(078)-498/2021 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, 02 fevral 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 170 (yüz yetmiş) manat miqdarında aliment tutularaq, anası İddiaçı ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə müvafiq olaraq iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edildiyinə və iddia da qismən təmin edildiyinə görə, iddianın təmin edilmiş hissəsinə mütənasib olan 40.40 (qırx manat qırx qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq, dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq

q ə t e t d i:

İddia qismən təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 16 may 2021-ci il tarixli, 2(078)-498/2021 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, 02 fevral 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 170 (yüz yetmiş) manat miqdarında aliment tutularaq, anası İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 40.40 (qırx manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar