Məhkəmə qərarları › İş №2(078)-376/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-376/2021

28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-376/2021 28.04.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 6050 (altı min əlli) manat pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı dindirilən İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, o, əvvəllər xırda ticarətlə (kosmetika- bijuteriya alveri ilə) məşğul olmuş, səyyari alverlə məşğul olarkən mallarını əsasən xəstəxanalarda işçilərə nisyə satmış, bir müddət sonra isə pullarını yığmışdır. İddiaçı qeyd etmişdir ki, həmin vaxtlarda X1 işləyən tibb bacılarından Sevinc adlı bir nəfər ona kömək məqsədi ilə həmin xəstəxanada satdığı malların pulunu yığır və o da gedib pulunu Sevincdən alırmış. Bu səbəbdən də yaxşı münasibətləri yaranmışdı. Sonralar Sevinc yığdığı pulları oğlu Cavabdeh vasitəsi ilə ona göndərməyə başlamış, buna görə də Tofıqin onunla və onun oğlu ilə də yaxşı münasibəti yaranmışdı. Tofiq özü də telefon alveri ilə məşğul olur, telefon mağazası işlədirdi, hətta o, Tofiqdən “Samsung A7" telefonu da almışdır. Həmin vaxtlarda malların pulunu yığmış, lakin polislər səyyari alverə icazə vermədiklərindən mal ala bilmədiyi üçün əlində bir miqdar pulu olmuş, Tofiq də onun alverinə bələd olduğundan pulu mala xərcləmədiyini bildiyi üçün ona “Bakıdan topdan telefon gətirib satmaq istəyirəm. Mənə 10000 manat borc ver, telefonları gətirib satım, sənin pulunu qaytarım. Onsuz da sən hələ alver eləmirsən. Əgər qazancım yaxşı olarsa sənədə hörmət edəcəm” demiş, o da Tofiqin telefon mağazası işlətdiyini, telefon alveri ilə məşğul olduğunu bildiyindən, eyni zamanda alver etdiyi zamanlarda satdığı malların pullarını yığmaqda Tofiqin ona kömək etdiyindən Tofiqin təklifinə etiraz etməmiş və özünə bir miqdar pul saxlayıb qalan 7550 (yeddi min beş yüz əlli) manat pulu 25 yanvar 2020-ci il tarixdə öz evində Tofıqə borc vermişdir. Tofiq də şəxsiyyət vəsiqəsinin kserosurəti olan kağızda öz xətti və imzası ilə borc verdiyi pulu iddiaçıdan alması və nə vaxt qaytarması ilə bağlı sadə yazılı formada üzərinə öhdəlik götürmüşdür. Qeyd edilmişdir ki, bundan sonra ilk aylar Tofiq borcunu vaxtında ödəməyə başlamış, belə ki, 2020-ci ilin mart ayında 500 manat, aprel ayında 500 manat, may ayında 300 manat, iyun ayında isə 200 manat olmaqla iddiaçıya ümumilikdə 1500 (bir min beş yüz) manat pul ödəmiş, qalan 6050 (altı min əlli) manat borcu isə qaytarmamışdır. Cavabadeh dəfələrlə pulu qaytarmaqla bağlı xəbərdarlıq etməsinə baxmayaraq, qərəzli şəkildə pulu qaytarmaqdan boyun qaçırmışdır. Hətta 2020-ci ilin iyun ayında Tofiqin anası Sevinc xanım ona zəng vuraraq hər ay 100 manat oğlunun borcunu ödəyəcəyini bildirmiş, o da razılaşmışdır. Lakin sonra ödəniş olmamışdır. Tofiq 2020-ci ilin sentyabr ayında onu aldadaraq səfərbərliyə çağırıldığını bildirmiş, qayıtdıqdan sonra oradan verilmiş 800 manatı onun borcuna verəcəyini bildirmişdir. Həmin müddətdə Tofiqi axtarmamış, daha sonra Tofiqi onun tanışları Naxçıvanda görmüş, sonra cavabdehə zəng edib onun yalan danışdığını öyrənmişdir. Cavabdeh borcu ödəməmək üçün gah işdən çıxdığını, gah Şahbuzda işlədiyini, gah ailəsinin ondan imtina etdiyini bildirmiş, müxtəlif bəhanələr gətirmişdir. O, Tofiqə yaxşılıq etmişdir və hazırda Tofiq onun pulunu vermək istəmir. Məcbur qalıb məsələnin həlli üçün məhkəməyə müraciət etdiyini bildirən İddiaçı sonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı dindirilən Cavabdeh iddiaçı qəbul etməyərək izahatında bildirmişdir ki, o, yaxından tanıdığı Naxçıvan şəhər sakini İddiaçı borc olaraq 7550 (yeddi min beş yüz əlli) manat almış və pulu alarkən iddiaçı ilə aralarında sələm söhbəti olmamış, lakin pulu aldıqdan 2 ay sonra iddiaçı ondan 15% sələm tələb etmişdir. Qeyd edilmişdir ki, aralarında olan şifahi razılaşmaya görə o, hər ay Məlahətə 500 (beş yüz) manat ödəməklə qaytarmalı idi və o, razılaşmanın şərtinə əməl edərək hər ay İddiaçı 500 (beş yüz) manat pul və faiz olaraq hər ay 1125 (bir min bir yüz iyirmi beş) manat əlavə pul ödəmiş, 20 oktyabr 2020-ci ildə ad günündən 1 gün qabaq o, Məlahətdən aldığım 7550 manat pulu tamamilə ödəyib qutarmış, lakin Məlahət ondan əl çəkməyərək onu təhdit edərək ona şər atacağını bildirib, şərəf və ləyaqətini alçadan hərəkətlər edib hər an yerli-yersiz telefonuna zəng edib pul istəmişdir. Məlahət əl çəksin deyə o, məcbur qalaraq Məlahətə əlavə birinci dəfə 500 manat, ikinci dəfə 500 manat, üçüncü dəfə 300 manat, dördüncü dəfə isə 200 manat olmaqla, cəmi 1500 manat əlavə pul ödəmiş, lakin buna baxmayaraq Məlahət ondan yenə də əl çəkməmiş, valideynlərinə zəng edib biyabır edəcəyini, guya onunla yaşadığını bildirib şər atacağını söyləmişdir. Cavabdeh qeyd etmişdir ki, o, məcbur qalıb telefon mağazasından kreditlə telefon alıb aparıb basqa mağazaya ucuz qiymətə sataraq birinci dəfə 200 manat, ikinci dəfə yenə 200 manat olmaqla, cəmi 400 manat pul ödəmiş və hazırda telefon mağazasına da iddiaçının borcunu ödədiyi üçün mağazaya olan borcu 6300 (altı min üç yuz) manat təşkil etmişdir. İddiaçıya olan borcunu qaytardıqdan sonra əlavə faiz adına ödədiyi pulların cəmi 12025 manat olduğunu, borc aldığı pulla faiz adına qaytardığı pulların birlikdə 7550 manat + 12025 manat =19575 manat təşkil etdiyini, yəni iddiaçı ondan verdiyi puldan əlavə 12025 manat pul aldığını, Məlahətə faiz verəcəyi haqqında aralarında heç bir şifahi və yazılı əqd, yəni razılaşma olmadığını, faiz məsələsi o, borc götürəndən sonra ortalığa çıxdığını, iddiaçıya bir qəpik belə borcunun olmadığını, səfərbərliklə bağlı iddiaçıya qəsdən yalan məlumat verdiyini, Məlahət ondan əl çəkmədiyi, şantaj etdiyi üçün ona səfərbərliyə çağırıldığını bildirdiyini, iddiaçının tamamilə əsassız, şər və böhtandan ibarət olduğunu, əksinə İddiaçı ondan sələm adı ilə aldığı pullarla onu müflis vəziyyətinə saldığıni bildirən Cavabdeh sonda qeyd olunanların nəzərə alınaraq iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı şahid qismində ifadə verən X2 bildirmişdir ki, cavabdehlə iş yoldaşıdır. Bir dəfə 2020-ci ilin payız aylarında cavabdeh ondan 40 (qırx) manat pul alaraq bi nəfərdən pul götürdüyünü, həmin puldan qaytardığını bildirmiş, o da Tofiqə 40 manat pul vermişdir. İddiaçı Məlahət xanımı tanımır və əvvəllər görməmişdir. Tofiqin pulu Məlahət xanıma verib-vermədiyini bilmir. Məhkəmə iclası zamanı şahid qismində ifadə verən X3 ifadəsində özünün telefon satışını topdan şəkildə həyata keçirdiyini və sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, dövlət qeydiyyatından keçmiş hüquqi şəxsin direktoru olduğunu, iddiaçı və cavabdehi tanıdığını, iddiaçı Məlahət xanımı Tofiqin vasitəsilə tanıdığını və ondan üç dəfə telefon götürdüyünü, pulunu da qaytardığını, cavabdeh Tofiqin həm ondan topdan şəkildə telefon alıb satdığını, həm də bir müddət onun işçisi olaraq işlədiyini, cavabdehə telefon satarkən əvvəl heç bir problem olmadığını, sonra borc 6300 manatdan artıq olduğundan Tofiqin pulu ödəyə bilmədiyini, aldığı telefonların ucuz qiymətə satdığını və borclu düşdüyünü öyrəndiyini, məcbur qalıb evlərinə getdiyini, orada Tofiqin ailəsinin ona cavabdehin 38000 manat borcu olduğunu bildirdiklərini, Tofiqin də Məlahət xanıma borc verdiyini dediyini sonra ona olan borcunu qaytarmaq üçün Tofiqi telefon mağazasında işə götürdüyünü, günü 10 manata işlədiyini, aldığı əmək haqqını borcuna çıxdığını, hazırda 3000 manatdan artıq borcu qaldığını, Tofiqin dəfələrlə mağazadan pul istədiyini, səbəbini isə Məlahət xanımın borcunu vermək üçün aldığını bildirdiyini, onların arasında faiz məsələsinin olubolmadığını konkret bilmədiyini, Tofiqin bu barədə ona dediyini, mağazadan götürdüyü pulların Məlahət xanıma aparıb verdiyini konkret olaraq bilmədiyini, onun yanında iddiaçı və cavabdeh arasında pul alış-verişinin olmadığını bildirdi. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddənin dispozisiyasından da göründüyü kimi sübutetmə yükü pulun verilməsinə münasibətdə iddiaçını, öhdəliyin icra edilməsinə yəni pulun qaytarılmasına münasibətdə isə cavabdehin üzərində düşür. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Mülki işin məhkəmə araşdırması zamanı iş üzrə İddiaçı istər məhkəməyə ünvanladığı iddia ərizəsində, istərsə də məhkəmə iclası zamanı verdiyi izahatında hazırda cavabdehin ona ümumilikdə 6050 (altı min əlli) manat borcu olduğunu, dəfələrlə cavabdehdən pulunu tələb etsə də, bu pulun geri qaytarılmadığını diqqətə çatdırmış və məhz bu xüsusatların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinə münasibət bildirən iş üzrə Cavabdeh verdiyi izahatında İddiaçı 7550 (yeddi min beş yüz əlli) manat borc aldığını, borc aldığı pulla faiz adına qaytardığı pulların birlikdə 7550 manat + 12025 manat =19575 manat təşkil etdiyini, yəni iddiaçı ondan verdiyi puldan əlavə 12025 manat pul aldığını, Məlahətə faiz verəcəyi haqqında aralarında heç bir şifahi və yazılı əqd, yəni razılaşma olmadığını, faiz məsələsi o, borc götürəndən sonra ortalığa çıxdığını, iddiaçıya bir qəpik belə borcunun olmadığını, iddiaçının tamamilə əsassız, şər və böhtandan ibarət olduğunu bidlirmidşir. İş üzrə iddiaçı pulun verilməsi halını təsdiq edən cavabdehin öz əl yazısını (hansı ki, onun cavabeh tərəfindən yazılmasını onun özü təsdiq edir) təqdim etmişdir. Cavabdeh iddia tələbində göstərilən pul məbləğinin həqiqətən verildiyini inkar etmir. Sadəcə olaraq pul qaytardığını bildirir. Məhkəmə bu halı pulun verilməsi halı kimi qiymətləndirir.İddiaçının təqdim etdiyi yazılı sübut olan öhdəlik pulun cavabdeh tərəfindən alındığını sübut edir. Yuxarıda da qeyd olunduğu kimi, iddia tələbinə münasibət bildirən iş üzrə cavabdeh verdiyi izahatında iddiaçıdan pul aldığı borcu faizi ilə birlikdə artıqlaması ilə qaytardığını, hazırda iddiaçıya borcunun olmadığını bildirmiş, tələblərinin və etirazlarının əsası iki şahid ifadəsi təqdim etmişdir. Məhkəmə həmin şahidlərin ifadələrini sübutun konkretlilik, təkzibolunmazlıq xüsusiyyətlərinə görə hazırki iş üzrə faktı təsdiq edən sübut hesab etmir. Belə ki, şahidlər ümumi ifadə verirlər, onlar tərəflər arasında borcun verilməsindən əlavə onun qaytarılmasını təsdiq edən halların birbaşa iştirakçısı deyillər. Sadəcə olaraq bu barədə cavabdeh vasitəsilə məlumatlıdırlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Yuxarıda da qeyd olunduğu kimi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan işin hallarını nəzərə alaraq hesab edir ki, tərəflər arasında borc münasibətlərinə dair hüquqi öhdəliklər yaranmışdır. Birinci tərəf olaraq iş üzrə İddiaçı ümumilikdə 7550 (yeddi min beş yüz əlli) manat məbləğində borc pulu iş üzrə Cavabdeh verməklə üzərinə götürdüyü öhdəliyə əməl etmiş, bu hal cavabdehin öz yazısı və izahatı ilə təsdiq edilmişdir, lakin ikinci tərəf olaraq iş üzrə Cavabdeh götürdüyü öhdəliyi pozaraq iddiaçıya olan borcunu müəyyən bir hissəsini qaytarmış, qalan 6050 (altı min əlli) manat hissəsini geri qaytarmamışdır. Cavabdeh isə borcu faizi ilə birlikdə artıqlaması ilə qaytardığını qeyd etmişdir. İşə məhkəmə baxılan zaman şahidlər ifadə verərək borcun cavabdeh tərəfindən onların iştirakı ilə iddiaçıya qaytarılmasını bildirməmiş və bu barədə cavabdeh təkzibolunmaz sübutlarını məhkəməyə təqdim etməmişdir. Eyni zamanda məhkəmə iddiaçının iddia ərizəsinə əlavə etdiyi vatsapp yazılarını və cavabdehin təqdim etdiyi səs yazısını özündə əks etdirən CD-ni sübut kimi qiymətləndirmir. Belə ki, cavabdehin öz əl yazısı ilə şəxsiyyət vəsiqəsinin arxasına borcun götürülməsinə dair yazdığı qeyd pulun alınmasına dair əsas sübutdur. Cavabdehin təqdim etdiyi səs yazısını özündə əks etdirən video CD telefon danışığından çıxarış hesab edilir və həmin səs yazısı qanunvericiliyin tələblərinə uyğun olaraq əldə edilmədiyindən, onun hər hansı faktın təsdiqi üçün əhəmiyyəti yoxdur. İş üzrə Cavabdeh onun tərəfindən alınmış borcun İddiaçı qaytardığını iddia etsə də, tələblərinin və etirazlarının əsası kimi göstərdiyi faktları təsdiq edəcək sübut növü məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını qarşılıqlı şəkildə müqayisə edərək qeyd edir ki, izahatlar əsasında cavabdehin iddiaçıdan götürdüyü pulun 2020-ci ilin fevral və mart aylarında hiss-hissə qaytarması öz təsdiqini tapır. Daha sonra cavabdeh 2020-ci ilin iyun ayına qədər 19000 (on doqquz min) manat iddiaçıya pul verdiyini göstərir. Bundan əlavə sonuncu dəfə 2020-ci ilin oktyabr ayında borcunu tamamilə bağladığını qeyd edir və məcbur qalıb əlavə olaraq noyabr-dekabr aylarında iddiaçıya pul verir. Cavabdeh həmin pulların iddiaçı tərəfindən hədə-qorxu olduğu üçün ödədiyini bildirir. Məhkəmənin verdiyi suala cavabında cavabdeh iddiaçı tərəfindən şantaj edilməsi və hədə-qorxu ilə bağlı hər hansı orqana müraciət etmədiyini bildirir. Cavabdehin izahatlarının bir hissəsi digər hissəsi ilə ziddiyyət təşkil edir. Belə ki, cavabdeh bir halda üç ay müddətinə (aprel, may, iyun) iddiaçıya 19000 manat faizi ilə borc qaytardığını bildirir, digər tərəfdən iddiaçının öz izahatında cavabdehin onu aldadaraq sentyabr ayında müharibə başlaması ilə onu da səfərbərliyə çağırıldığını, qayıtdıqdan səfərbərlikdə iştirakına görə ona veriləcək 800 manat pulun ona ödəyəcəyini bildirdiyi üçün iki ay müddətinə cavabdehi axtarmadığını, daha sonra tanışları vasitəsilə cavabdehin Naxçıvanda olduğunu bildiyindən onu aldatdığının aydın olduğunu göstərməsi barədə faktı cavabdeh özü təsdiq edir. İddiaçının ondan pul tələbi ilə əlaqədar ona səfərbərliyə çağırılması barədə yalan məlumat verdiyini məhkəmədə bidirir. Halbuki cavabdeh izahatında borcunu faizi ilə 2020-ci ilin iyun ayında qaytardığını bildirmişdir. Bundan sonra da cavabdehin izahatına görə iddiaçıya hədə-qorxu əsası ilə pul ödəməsini bildirməsi onun öz izahatının düzgünlüyünü məhkəmə tərəfindən şübhə altına alır. Bütün bunları məhkəmə işin halları ilə əlaqəlli şəkildə təhlil edib cavabdehin izahatının inandırıcı olmaması, qeyridəqiq məlumatlar verərək məqsədinin öhdəliyin icrasından yayınmaq olması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 209.1-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə cavabdehən məhkəmə tədqiqatının materiallarını daha nə ilə tamamlamağı arzu etdiklərini soruşsa da, tərəflərin hər hansı başqa sübut növlərinin təmin olunmasına dair vəsatətləri olmamışdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin olunmalı, iş üzrə Cavabdeh 6050 (altı min əlli) manat məbləğində pul alınaraq iş üzrə İddiaçı verilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası-Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq iddia təmin olunduğundan İddiaçı tərəfindən “xxxx” ASC Naxçıvan filialına 26.02.2021-ci il tarixdə 7288 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İş üzrə Cavabdeh 6050 (altı min əlli) manat məbləğində pul alınaraq iş üzrə İddiaçı verilsin. İddiaçı Cavabdeh qızı tərəfindən “xxxx” ASC Naxçıvan filialına 26.02.2021-ci il tarixdə 7288 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar