Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-38/2024 11.07.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 168.421 (bir yüz altmış səkkiz min dörd yüz iyirmi bir) manat məbləğində pulun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tələbini əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, "xxxx" ASC-nin daxili audit departamenti tərəfindən İddiaçı ASC-nin “Naxçıvan” şöbəsində tematik audit yoxlamasının keçirilməsi nəticəsində “Zolotaya Korona” sürətli pul köçürmə sistemində qanunsuz əmaliyyatların keçirilməsi va pulların mənimsənilməsi aşkar edilmişdir. Belə ki, 23 noyabr 2021-ci il tarixdə iş gününün sonunda “Zolotaya korona” hesabatı ilə balans hesabların yoxlayan zaman 102362.89 (bir yüz iki min üç yüz altmış iki manat səksən doqquz qəpik) manat fərq aşkar edilmişdir. Bununla bağlı “Naxçıvan” şöbəsinin müdiri X4, əməliyyat bölməsinin meneceri X10, audit departamentinin əməkdaşları X2 va X5 müvafiq Akt tərtib edərək 23 noyabr 2021-ci il tarixdə şöbənin əməliyyatçısı Cavabdeh1 tərəfindən “Zolotaya korona” sürətli pul köçürmə vasitəsilə 17 nəfər müxtəlif şəxslərə cəmi 102362.89 (bir yüz iki min üç yüz altmış iki manat səksən doqquz qəpik) manat köçürmə olunmuş, lakin mədaxil sanədləri va pul kassaya tahvil verilməmiş və həmin məbləğdə pul vəsaitinin çatışmamazlığı aşkar edilmişdir. Eyni zamanda, “Naxçıvan” şöbəsinin kassasında Xəzinə-kassa inspeksiyası ilə bağlı tərtib edilmiş xx.xx.2021-ci il tarixli Akta görə sənəd üzrə manatla 294461 manat 32 qəpik olmalı olduğu halda, faktiki 176843 manat 78 qəpik mövcud olmuş, fərq 117617 manat 54 qəpik təşkil etmişdir. ABŞ dolları üzrə sənəd üzrə 102818.13 ABŞ dolları olmalı olduğu halda, faktiki 18423 ABŞ dolları mövcud olmuş, fərq isə 84395 ABŞ dolları 13 sent olmuşdur. Beləliklə, xəzinədə çatışmazlıq Azərbaycan manatı ilə 117617 manat 54 qəpik, ABŞ dolları ilə isə 84395 ABŞ dolları 13 sent təşkil etmişdir. Məsələ ilə bağlı xəzinədar vəzifəsində işləmiş Cavabdeh2 izahatın verilməsi tələb edilmişdir. Verdiyi izahatda Cavabdeh2 Cavabdeh1 tərəfindən köçürmə əməliyyatları etdiyini və müştəridən aldığı pul vəsaitini xəzinəyə vermədiyini göstərmişdir. Cavabdeh1 isə Cavabdeh2 borc pul aldığını, borcun qaytarılması üçün evlərini və avtomaşınını satdığını, kassadan pul almadığını, ondan yüksək məbləğdə pul aldığını və onu hədələdiyini, bir ay yarım içində Cavabdeh2 44000 manat faiz kimi pul ödədiyini qeyd etmişdir. Cavabdeh1 banka ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsində onun üzərinə düşən 102000 manat pul vəsaitindən 34000 ödədiyini və onu ƏM-in 70 “Ç” maddəsi ilə işdən çıxarılması əsasını dəyişməyi xahiş etmişdir. Əməliyyatçı vəzifəsində işləmiş Cavabdeh1 vəzifə təlimatına görə - məsuliyyət: Hazırki təlimatla nəzərdə tutulan vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməməsinə (düzgün icra olunmamasına görə) və bankın maraqlarına riayət olunmamasına görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi çərçivəsində məsuliyyət daşıyır. Xəzinədar vəzifəsində işləmiş Cavabdeh2 vəzifə təlimatına görə - məsuliyyəti: 1. Kassa sənədlərinin düzgünlüyünə məsuliyyət daşıyır. 2. Xəzinədəki vəsaitlərin həqiqiliyinə məsuliyyət daşıyır. 3. Hər iş günü anbarın (bunkerin) açılıb bağlanmasına və müvafiq qaydada təhvil verilməsinə məsuliyyət daşıyır. 4. Xəzinə kitabının hər iş günü üçün yazılmasına və düzgünlüyünə məsuliyyət daşıyır. 5. Xəzinə sənədlərinin sənədləşməsinə məsuliyyət daşıyır. Bağladıqları əmək müqaviləsi üzrə əmək fəaliyyəti zamanı yol verdiyi kobud pozuntulara görə Cavabdeh1 30 dekabr 2021-ci il tarixli, 160/a nömrəli əmrlə əmək müqaviləsinə xx.xx.2021ci il tarixdən, Cavabdeh2 30 dekabr 2021-ci il tarixli, 161/a nömrəli əmrlə əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndi ilə xitam verilmişdir. Cavabdeh1 və Cavabdeh2 banka vurulmuş maddi zərəri könüllü ödəmək təklif olunmuşdur. Nəticədə Cavabdeh1 vurduğu zərərin 34000 (otuz dörd min) manat hissəsini ödəmiş, lakin 68421 (altmış səkkiz min dörd yüz iyirmi bir) manat hissəsi qalmış, Cavabdeh2 isə vurduğu zərərin 181100 (bir yüz səksən bir min yüz) manat hissəsini ödəmiş, lakin zərərin 100000 manat hissəsi ödənilməmiş qalmışdır. Nəticədə onların hərəkətləri nəticəsində banka bu günə 168421 (bir yüz altmış səkkiz min dörd yüz iyirmi bir) manat zərər vurulmuş və həmin vəsait hazıradək ödənilməmişdir. Bu səbəbdən hesab edirlər ki, həmin vəsait Cavabdeh1 və Cavabdeh2 bankın xeyrinə tutulmalıdır. 04 dekabr 2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizəni məhkəməyə təqdim edərək, ərizədə iddia ərizəsi məhkəməyə verilərkən əsaslandırma hissəsində göstərilməmiş “EVRO ilə üzrə sənəd üzrə 15440 EVRO olmalı olduğu halda, faktiki 5090 EVRO mövcud olmuş, fərq isə 10350 EVRO olmuşdur. Beləliklə, xəzinədə çatışmazlıq Azərbaycan manatı ilə 117617 manat 54 qəpik, ABŞ dolları ilə 84395 ABŞ dolları 13 sent, EVRO ilə isə 10350 EVRO təşkil etmişdir” qeydinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 2(078)-1391/2023 saylı qərardadı ilə İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi təmin edilməsi və iddia ərizəsinin əsaslandırma hissəsində “EVRO ilə üzrə sənəd üzrə 15440 EVRO olmalı olduğu halda, faktiki 5090 EVRO mövcud olmuş, fərq isə 10350 EVRO olmuşdur. Beləliklə, xəzinədə çatışmazlıq Azərbaycan manatı ilə 117617 manat 54 qəpik, ABŞ dolları ilə 84395 ABŞ dolları 13 sent, EVRO ilə isə 10350 EVRO təşkil etmişdir” qeydinin nəzərə alınması qərara alınmışdır. İddiaçının nümayəndəsi X7 tərəfindən 26 iyun 2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə ərizə göndərilərək, ərizədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etdiklərini, hal-hazırda tələbi dəqiqləşdirərək Cavabdeh1 68421 (altmış səkkiz min dörd yüz iyirmi bir) manat pul vəsaiti və digər Cavabdeh2 isə ekspert rəyinə əsasən vurduğu 280821,54 (iki yüz min səkkiz yüz iyirmi bir manat, əlli dörd qəpik) manat zərərin 181100 (bir yüz səksən bir min 100) manat hissəsini ödədiyindən 99721.54 (doxsan doqquz min yeddi yüz iyirmi bir manat, əlli dörd qəpik) manat pul vəsaiti olmaqla, 168142,54 (bir yüz altmış səkkiz min bir yüz qırx iki manat, əlli dörd qəpik) manat pulun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin qərardadı ilə İddiaçı ASC-nin nümayəndəsi X3 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsinin təmin edilməsi və iddia tələbinə Cavabdeh1 68421 (altmış səkkiz min dörd yüz iyirmi bir) manat pul vəsaiti və digər Cavabdeh2 isə 99721.54 (doxsan doqquz min yeddi yüz iyirmi bir manat, əlli dörd qəpik) manat pul vəsaiti olmaqla, 168142,54 (bir yüz altmış səkkiz min bir yüz qırx iki manat, əlli dörd qəpik) manat pulun İddiaçı ASC-nin xeyrinə tutulması həddində baxılması qərara alınmışdır. Cavabdeh2 13 noyabr 2023-cü il tarixdə məhkəməyə ərizə göndərərək ərizədə məhkəmə tərəfindən təyin olunmuş 13 noyabr 2023-cü ildə keçiriləcək məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməməyinin səbəbinin 3-4 ildi ağır mərkəzi sinir sistemi xəstəliyinə tutulması olduğunu, iki il əvvəl başına gələn bu işlərə görə stress və əsəbdən daha da ağırlaşdığını, başının gicəlləndiyini, köməksiz yeriyə bilmədiyini, yaddaşının itdiyini, görmə qabiliyyətinin 30-40 faizə endiyini, həkimə getdiyini və onu təcili Bakı şəhərinə göndərdiklərini, Bakı Respublika Xəstəxanasında MRT və başqa aparatlardan keçirib müayinə etdiklərini, bu ağır xəstəliyin müasir tibbdə müalicəsi olmayan dağınıq skleroz diaqnozu qoyduqlarını, ona Bakı şəhərində 3 aydan bir dövlət tərəfindən ödənişsiz, bahalı və ağır tərkibli dərmanlar verildiyini, bu dərmanların sağaltmağını, ancaq stress və əsəbdən uzaq durmaq şərti ilə ağırlaşmamasının-yataq xəstəsi olmamasının qarşısını aldığını, bunların immuniteti kəskin aşağı saldığını, 11 noyabrda vəziyyəti pis olduğu üçün ona təcili 3 ədəd sistemlə birlikdə dərmanlar vurduqlarını, həkimlərin məsləhəti ilə immuniteti kəskin aşağı endiyi üçün 3-4 həftə özünü təcrid etməli, stress və əsəbdən uzaq olmalı olduğunu qeyd etmişdir. Cavabdeh1 18 dekabr 2023-cü il tarixdə məhkəməyə ərizə göndərərək ərizədə qeyd etmişdir ki, Bakıda taksi fəaliyyəti ilə məşğul olur. Maddi vəziyyətinin çox aşağı olması səbəbindən məhkəmə iclasında iştirak edə bilmir. O Cavabdeh2 2019-cu ilin sonlarına doğru əlli min manata yaxın pulu borc kimi istəmiş və üzərində əlavə pulla qaytaracağını bildirmişdir. Bu zaman onun ümumiyyətlə faizlə pul verdiyini şəhər camaatından öyrənmişdir. Eyni zamanda bildiyi qədərilə sözügedən şəxs keçmişdə də bununla bağlı məhkəmə orqanlarında ittiham olunmuşdur. Ehtibar tələbinə uyğun olaraq ona pulu vermiş və bundan sonra artıq aldığı məbləğin əsas hissəsini ödəyə bilməmiş, əlavə faizlər vermişdir. Artıq əlacsız qalıb müxtəlif yollarla Ehtibarın borcunu və üzərindəki faizi qaytarmağa başlamışdır. Belə ki, ona pul köçürmələri edən müştərilərdən məbləğləri alıb göndəriş sənədlərini iş sonuna doğru gəlib götürmələrini bildirmişdir. Bu zaman məsələn müştəridən aldığı 20 min manat var idisə onun 18 min manatı kassaya daxil olunur, 2 min manatı isə Ehtibara verirdi. Ehtibar həmin verilən məbləğləri əsas borcdan silməyərək əsas borcun faizi kimi götürürdü. Və bu proses aylarla bu şəkildə davam edirdi. Belə ki, bunun nəticəsi olaraq kassada kəsirlər yaranmışdır. Yaranmış 102 min manat kəsir isə şəxsi evi və maşını satılaraq kassaya mədaxil olunmasına baxmayaraq səhlənkarlığı ucbatından kassa mədaxil orderi tələb etmədiyi üçün kassir Ehtibar Mirzəyev tərəfindən inkar olunmuşdur. Lakin prokurorluqda Ehtibar Mirzəyevlə üzləşmə zamanı onun səs yazılarını təqdim etdikdə məbləğin onun tərəfindən ödənildiyini, lakin tam ödənilmədiyini bildirmişdir. Belə ki, halhazırda 102 min manatdan 34 min manat müxtəlif şəxslərdən borc alaraq qaytarmışdır. Qalıq borc 68 min manatı isə aylıq 400 (dörd yüz) manat ödənişlərlə maddi vəziyyətini nəzərə alaraq ödəməyə hazırdır. Ehtibar Mirzəyev tərəfindən sələm toruna salınan onlarla insanlardan biridir. Həyat təcrübəsizliyindən, gəncliyindən istifadə edərək onu borclandırıb və bu yolla ailəsinin əlində zəruri daşınar və daşınmaz əmlakları satmağa məcbur qoymuşdur. Hal-hazırda yaxın qohumuna məxsus evdə ailəsi müvəqqəti yaşayır. O isə ali təhsilli olmasına baxmayaraq düşdüyü bu tələnin nəticəsində bank tərəfindən haqlı olaraq əmək qanunvericiliyinin ən ləkəli maddəsi ilə işdən azad olunduğu üçün heç bir özəl və dövlət qurumunda işə qəbul oluna bilmir. Qeyd olunanları nəzərə alaraq ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 13 may 2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək ərizədə qeyd etmişdir ki, axşamdan səhhətinin pisləşməsi ilə bağlı növbəti məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. Bu qorxunc oyunu ona oynayan insan cildinə girmiş iblis onun bu qorxunc xəstəliyindən “məharətlə” istifadə etmişdir. 2-3 ayda bir atak keçirir. Həkimlərin dediyinə görə həmin vaxt onun idrakı 20% işləyir. Əks halda o bu pulu almamış əməliyyatı təsdiqləməz və 24 il işlədiyi bank şöbəsini pis vəziyyətdə qoymazdı. Özü də 40 il işləyib qazandıqlarını bir günə itirmişdir. Onu bu hadisə vaxtı şəhər polis şöbəsinə çağırmışlar. Şöbənin rəisi Zahid müəllim ona demişdir ki, “Ehtibar sən abırlı, ağsaqqal kişi sənin bu qumarbazla nə işin ola bilər? Qumar üstündə bunu bir neçə dəfə zirzəmiyə salmışıq və başıbatmış müdirinə də xəbər vermişik”. Bu sözlərdən sonra o mikroinfarkt keçirmiş və onu zorla maşına qoyub evə aparmışlar. Onda bilmişdir ki, Mahmud oyun oynayırmış. Bir dəfə Mahmud işə gəlmədikdə maraq üçün müdirdən soruşmuş, o da cavabında “Bakıya gedib, işi var, icazə alıb” demişdir. Bir neçə gündən sonra təkrar işə gəlmədikdə baş əməliyyatçı Emin İmanovdan soruşmuş, o da “bacısının toyudu, gedib Bakıya” demişdir. Halbuki sonralar zirzəmidə qumar üstündə yatdığını öyrənmişlər. O vaxt rəhbərlər onu işdən azad etsə və ya iclas edib onları məlumatlandırsaydılar bu fəlakətlər yaşanmazdı. Onun da bu xəstə beynində ona qarşı nida işarəsi olardı və onu kassaya yaxın buraxmazdı. İndi onun xahişi isə odur ki, əgər mümkündürsə heç olmasa qalan borcu Cavabdeh1 ödəsin. Borc sənədlərini ona Türkiyəyə qaçmazdan 2 gün əvvəl vermişdir. 11 iyul 2024-cü il tarixə təyin olunmuş məhkəmə baxış iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülki-prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə baxış iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə müvafiq olaraq məhkəmə cavabdehlərin iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. 04 dekabr 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahatında İddiaçı ASC-nin daxili audit departamenti tərəfindən İddiaçı ASC-nin “Naxçıvan” şöbəsində tematik audit yoxlamasının keçirilməsi nəticəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qanunsuz əməliyyatların keçirilməsi və pulların mənimsənilməsi faktının aşkar edildiyini, Cavabdeh1 əməliyyatçı olaraq əməliyyatı həyata keçirdiyini və Cavabdeh2 da pulun kassadan çıxmasını təsdiq etdiyini, lakin ödənilməli olan pulun banka ödənilmədiyini, məsələ ilə bağlı müvafiq orqana müraciət edildiyini, lakin cavabdehlərin əməlində cinayət tərkibinin olmadığı bildirilərək barələrində cinayət işi açılmadığını, şəxslərə vurulmuş maddi ziyanı könüllü ödəmələrinin təklif olunduğunu, nəticədə Cavabdeh1 zərərin 34000 (otuz dörd min) manat hissəsinin, Cavabdeh2 tərəfindən isə 118100 (bir yüz səksən bir min yüz) manat hissəsinin ödənildiyini, hal-hazırda Cavabdeh1 ödəməli olduğu məbləğin 68421 (altmış səkkiz min dörd yüz iyirmi bir) manat, Cavabdeh2 isə 100000 (bir yüz min) manat təşkil etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 izahatında iddia ərizəsində göstərilənlərə əlavəsinin olmadığını bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Keçirilən əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 izahatında Mahmudun ona 240000 (iki yüz qırx min) manat pul gətiriləcəyini bildirib əməliyyatı etdiyini və kassadan pulu çıxarmağımı təsdiq etməyini istədiyini, onun da Mahmuda inandığını və pulun çıxarılmasını təsdiq etdiyini, lakin sonradan pulun gətirilmədiyini və nəticə etibarilə belə hadisə yaşandığını, olandan sonra belə bir şey etdiyinə inana bilmədiyini, özünü yaxşı hiss etmədiyi üçün yoxlanışa getdiyini, ona ani ataklar keçirdiyinin deyildiyini, atak keçirdikdə isə öz hərəkətlərini dərk edə bilmədiyini, həkimin ona zehni işlərdə işləməməli olduğunu bildirdiyini, hadisə olan zaman xəstə olduğunu təsdiq edən hər hansı bir sənəd olmadığını, özünün 24 il bankda işlədiyini, dəfələrlə kassanın yoxlanıldığını, heç 1 manat da əksik olmadığını, vicdanla işlədiyini, 2021-ci ildə bu hadisənin baş verdiyini, onu polis şöbəsinə dəvət etdiklərini, orada Zahid müəllimin ona “Ehtibar sən abırlı, ağsaqqal kişi sənin bu qumarbazla nə işin ola bilər? Qumar üstündə bunu bir neçə dəfə zirzəmiyə salmışıq və başıbatmış müdirinə də xəbər vermişik, niyə bir dəfə iclas keçirib işçiləri xəbərdar etməyib?” dediyini, özünün elə bir hala yol verməsinin mümkünsüz olduğunu, sadəcə olaraq həmin vaxt atak keçirdiyi üçün belə bir şey olduğunu, prokurorluqda da bunu bildirdiyini, ancaq prokurorluq orqanına da heç bir sənəd təqdim etmədiyini, Mahmudun bu hərəkətləri ortaya çıxanda Türkiyə Respublikasına qaçdığını, ona zəng edərək “Mahmud, sən hardasan? Bizi tutacaqlar” dediyini, sonra da gələrək təqsirini inkar etdiyini, ekspert rəyində göstərilən məbləğlə razı olduğunu bildirmişdir. Məhkəmə iş üzrə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 23 iyul 2014-cü il tarixli əmək müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Naxçıvan” şöbəsinin Əməliyyat bölməsinin 2-ci dərəcəli əməliyyatçısı vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan 19 sentyabr 2015-ci il tarixli tam maddi məsuliyyət daşıması haqqında müqavilənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Naxçıvan” şöbəsinin Əməliyyat bölməsinin 2-ci dərəcəli əməliyyatçısı Cavabdeh1 işəgötürənin ona verdiyi əmlakın salamatlığının təmin olunması üçün öz üzərinə tam maddi məsuliyyət götürmüşdür. İş materiallarında olan 30 dekabr 2021-ci il tarixli, 160/a nömrəli əmrdən görünür ki, bankla bağladığı əmək müqaviləsi, onun ayrılmaz tərkib hissəsi olan vəzifə təlimatı və tam maddi məsuliyyət daşıması haqqında müqavilə üzrə əmək funksiyalarını kobud şəkildə pozduğunu nəzərə alaraq, İddiaçı ASC-nin “Naxçıvan” şöbəsinin Əməliyyat bölməsinin əməliyyatçısı Cavabdeh1 ilə xx.xx.2014-cü il tarixində bağlanılmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndi ilə xitam verilmişdir. İş materiallarında olan 16 iyun 2015-ci il tarixli əmək müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Naxçıvan” şöbəsinin Əməliyyat bölməsinin xəzinədar-operatoru vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan 18 sentyabr 2015-ci il tarixli tam maddi məsuliyyət daşıması haqqında müqavilənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Naxçıvan” şöbəsinin Əməliyyat bölməsinin xəzinədarı Cavabdeh1 işəgötürənin ona verdiyi əmlakın salamatlığının təmin olunması üçün öz üzərinə tam maddi məsuliyyət götürmüşdür. İş materiallarında olan 30 dekabr 2021-ci il tarixli, 161/a nömrəli əmrdən görünür ki, bankla bağladığı əmək müqaviləsi, onun ayrılmaz tərkib hissəsi olan vəzifə təlimatı və tam maddi məsuliyyət daşıması haqqında müqavilə üzrə əmək funksiyalarını kobud şəkildə pozduğunu nəzərə alaraq, İddiaçı ASC-nin “Naxçıvan” şöbəsinin Əməliyyat bölməsinin xəzinədarı Cavabdeh2 ilə xx.xx.2015-ci il tarixində bağlanılmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndi ilə xitam verilmişdir. İş materiallarında olan İddiaçı ASC Naxçıvan şöbəsində tematik yoxlamanın nəticəsində Zolotoy korona sürətli pul köçürmə sistemində qanunsuz əməliyyatların keçirilməsi və pulların mənimsənilməsi ilə bağlı tərtib edilmiş 25 noyabr 2021-ci il tarixli aktdan görünür ki, 23 noyabr 2021-ci il tarixdə şöbənin əməliyyatçısı Cavabdeh1 tərəfindən Zolotoy korona sürətli pul köçürmə vasitəsilə 17 nəfər müxtəlif şəxslərə cəmi 102362.89 (bir yüz iki min üç yüz altmış iki manat səksən doqquz qəpik) manat köçürmə olunmuş, lakin mədaxil sanədləri və pul kassaya təhvil verilməmişdir. İş gününün sonunda Zolotoy korona hesabatı ilə balans hesablarını yoxlayan zaman 102362.89 (bir yüz iki min üç yüz altmış iki manat səksən doqquz qəpik) manat fərq aşkar edilmişdir. İş materiallarında olan 25 noyabr 2021-ci il tarixli “xəzinə-kassa inspeksiyası ilə bağlı akt”dan görünür ki, faktiki məbləğlə sənəd üzrə olmalı olan məbləğ arasındakı fərq Azərbaycan manatı ilə 117617 manat 54 qəpik, ABŞ dolları ilə 84395 ABŞ dolları 13 sent təşkil etmişdir. İş materiallarında olan 25 noyabr 2021-ci il tarixli “xəzinə-kassa inspeksiyası ilə bağlı akt”dan görünür ki, faktiki məbləğlə sənəd üzrə olmalı olan məbləğ arasındakı fərq EVRO ilə 10350 EVRO təşkil etmişdir. İş materiallarında olan Cavabdeh1 tərəfindən 25 oktyabr 2021-ci il tarixdə İddiaçı ASC-yə verilmiş izahatında qeyd etmişdir ki, “Mən Cavabdeh1 7-8 ay bundan qabaq Cavabdeh2 borc pul almışam. Mənə bu pulu necə ödədiyindən xəbərim olmayıb. Mən bu pulu zamanında çatdıra bilmədiyim üçün ətrafdakı tanışlarından pullar alıb gündəlik kassirə pullar ödəmişəm. İlk başlarda bu məbləğlər gündəlik 100, 200 manat olub. Amma sonra bu pullar yüksək məbləğlərə çevrilib və gündəlik məndən 7-8 ay 500, 1000, 2000 manat pul alıb. Mən öz valideynlərimin 2 evimizi və şəxsi maşınımı satmaq məcburiyyətində olmuşam. Mənim kassadan pul almaq ehtimalım ola bilməz. O qədər yüksək məbləğləri mən necə əldə edə bilərəm. Müştərilər hansı ki mən banka yönləndirmişdim bu şəxslər pul ödəyirdi banka, bəziləri mənə də verirdi. Mən həmin pulu kassaya verəndə misal: 20.000 manat pul göndərən müştərini mən 20.000 ödəyirdim. Oradan günlük 1000 manatı götürüb mənə borc vermiş kimi qeyd edirdi. Hər bir müşahidə kamerasından baxa bilərsiniz məndən hər gün yüksək pullar alırdı və məni hədələyirdi. Yenə də Bakıda olan evimizi 40.000 manatı satıb Cavabdeh2 öz bank kartına və digər 2 karta yatırılıb və çəkib götürmüşdür. Mənim kassaya heç bir borcum yoxdur. Mən sadəcə əməliyyatçıyam. Məni külli miqdarda borca salıb və mənim kassadan xəbərim olmayıb. Məni son vaxtlar hədələdi ki, “sənin kassaya borcun var”. Mən yenə də inanmırdım. Mənim heç bir borcum yoxdur. Məni oyuna gətirmişdir. Mən işimdə nöqsanlar etmişəm ancaq kassayla heç bir əlaqəm olmayıb. Tək bir ay yarım içində 44.000 manat faiz kimi pul ödəmişəm. Sələm kimi bu pulu mənə verib. İş yerində heç kəsin xəbəri olmayıb. Mən başda öz rəhbərlərimə bildirmək istədim. Amma qorxdum. Mən kassadan heç bir məbləğ mənimsəyə bilmərəm. Buna mənim ixtiyarım yoxdur. Müşahidə kameralarına da baxa bilərsiniz. Mənə verilən pulu hər zaman kassaya ödəmişəm”. İş materiallarında olan Cavabdeh2 tərəfindən 25 oktyabr 2021-ci il tarixdə İddiaçı ASC-yə verilmiş izahatında qeyd etmişdir ki, “Bankın əməliyyatçısı Cavabdeh1 tərəfindən bir neçə gündür köçürmə əməliyyatları edilib və pulları ödəmədən məni inandırıb ki, pulu qaytaracaq. Göndərdiyi adamla məni telefonda danışdırdı və o adam dedi ki, Beynəlxalq Bankdan 240.000 (iki yüz qırx min) manat götürüb bizə verəcəklər. Alınmadığına görə Bakıya gedib çəkiblər. Mən ayın 24-də onunla danışdım, dedi ki, “240.000 manat Mahmuda borcum var amma qaytarmışam”. Mən ona əsəbləşdim bizi oyuna gətirmişlər. Mən Mahmuda inanıb bu köçürmələri təsdiqləmişəm. Sanki məni hipnoz etmişdi. Ayın 18.11-də 228.807 manat və 22.11-də isə 280.032 manat Mahmudun borcu yaranmışdır. Mahmuda inandığım və banka bu hisləri yaşatdığım üçün peşmanam”. İş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, Cavabdeh2 22 dekabr 2021-ci il tarixli qəbzlə 120000 manat, 05 yanvar 2022-ci il tarixli qəbzlə 8000 manat, 12 yanvar 2022-ci il tarixli qəbzlə 2000 manat, 14 yanvar 2022-ci il tarixli qəbzlə 7000 manat, 18 yanvar 2022-ci il tarixli qəbzlə 2000 manat, 21 yanvar 2022-ci il tarixli qəbzlə 6000 manat, 24 yanvar 2022-ci il tarixli qəbzlə 3000 manat, 27 yanvar 2022-ci il tarixli qəbzlə 2000 manat, 28 yanvar 2022-ci il tarixli qəbzlə 4500 manat, 03 fevral 2022-ci il tarixli qəbzlə 22300 manat və 09 fevral 2022-ci il tarixli qəbzlə 4300 manat kassa kəsirini İddiaçı ASC-yə ödəmişdir. İş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, Cavabdeh1 22 dekabr 2021-ci il tarixli qəbzlə 11000 manat, 12 yanvar 2022-ci il tarixli qəbzlə 4000 manat, 14 yanvar 2022-ci il tarixli qəbzlə 2000 manat, 17 yanvar 2022-ci il tarixli qəbzlə 10000 manat və 21 yanvar 2022-ci il tarixli qəbzlə 7000 manat kassa kəsirini İddiaçı ASC-yə ödəmişdir. İş materiallarına əlavə edilmiş 22 dekabr 2021-ci ildən 15 dekabr 2023-cü ilədək olan dövr üçün hesabdan çıxarışdan görünür ki, Cavabdeh2 22 dekabr 2021-ci il tarixdə 120000 manat, 05 yanvar 2022-ci il tarixdə 8000 manat, 12 yanvar 2022-ci il tarixdə 2000 manat, 14 yanvar 2022-ci il tarixdə 7000 manat, 18 yanvar 2022-ci il tarixdə 2000 manat, 21 yanvar 2022-ci il tarixdə 6000 manat, 24 yanvar 2022-ci il tarixdə 3000 manat, 27 yanvar 2022-ci il tarixdə 2000 manat, 28 yanvar 2022-ci il tarixdə 4500 manat, 03 fevral 2022-ci il tarixdə 22300 manat və 09 fevral 2022-ci il tarixdə 4300 manat kassa kəsirini, Cavabdeh1 isə 22 dekabr 2021-ci il tarixdə 11000 manat, 12 yanvar 2022-ci il tarixdə 4000 manat, 14 yanvar 2022-ci il tarixdə 2000 manat, 17 yanvar 2022-ci il tarixdə 10000 manat və 21 yanvar 2022ci il tarixdə 7000 manat kassa kəsirini İddiaçı ASC-yə ödəmişlər. Həmin günə qalıq isə 168.421,75 (bir yüz altmış səkkiz min dörd yüz iyirmi bir manat yetmiş beş qəpik) manat təşkil edir. İş materiallarına əlavə edilmiş 15 dekabr 2023-cü il tarixli hesabdan çıxarışdan görünür ki, ödənilməyən qalıq kassa kəsiri 168.421,75 (bir yüz altmış səkkiz min dörd yüz iyirmi bir manat yetmiş beş qəpik) manatdır. Cavabdeh2 01 dekabr 2023-cü il tarixdə məhkəməyə ərizə göndərərək ərizədə İddiaçı ASC-nin ona qarşı pul iddiasının məhkəmənin icraatında olduğunu, iş üzrə məhkəmənin ilk iclasının keçirildiyini, məhkəməyə qədər banka ödənişlərinin olduğunu, lakin bu ödənişlərin nəzərə alınmadığını, borcun şişirdilmiş formada göstərildiyini, buna görə də iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli, 2(078)-1391/2023 nömrəli qərardadı ilə Cavabdeh2 vəsatətinin təmin edilməsi, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş və ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdur. Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26 aprel 2024cü il tarixli, 330 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, iş materiallarından göründüyü kimi, Cavabdeh2 İddiaçı ASC-yə vurulan zərərə görə ümumilikdə 181100.00 (bir yüz səksən bir min yüz) manat ödəniş etmişdir. İş materiallarından göründüyü kimi, Cavabdeh2 İddiaçı ASC-yə vurulan zərərin məbləği kassa kəsiri kimi müəyyən edilmiş 117617.54 manat, 84395.13 ABŞ dolları 25 noyabr 2021-ci il Mərkəzi Bankın verdiyi məzənnə ilə 143471.72 (84395.13*1.700) manat, 10350 avro 25 noyabr 2021-ci il Mərkəzi Bankın verdiyi məzənnə ilə 19732.28 (10350*1.9065) manat təşkil etmiş, yekunda 280821.54 manat həcmində kassa kəsiri müəyyən edilmişdir. Müəyyən edilmiş 280821.54 (iki yüz səksən min səkkiz yüz iyirmi bir manat əlli dörd qəpik) manat kassa kəsirindən ödənilmiş 181100.00 (bir yüz səksən bir min yüz) manat pul vəsaiti çıxıldıqda Cavabdeh2 İddiaçı ASC-yə borcu 99721.54 (doxsan doqquz min yeddi yüz iyirmi bir manat əlli dörd qəpik) manat təşkil edir. Naxçıvan Muxtar Respublikası Prokurorunun müavini, ədliyyə müşaviri X8 tərəfindən məhkəməyə göndərilmiş 27 iyun 2024-cü il tarixli, 3-4-030/2-540/2024 nömrəli məktubdan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 ilə bağlı müraciətinə dair Naxçıvan Muxtar Respublikası Prokurorluğunda araşdırılma aparılmamışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, cavabdehlərin qeyd olunan əməli törətmələri, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə Cavabdeh2 tərəfindən vurulan zərərin 99721.54 manatını və Cavabdeh1 tərəfindən vurulan ziyanın 68421 manatını ödəməmələri cavabdehlərin məhkəməyə göndərdikləri ərizələri, məhkəməyə verdikləri izahatları və iş materialları ilə təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1113.1-ci maddəsinə əsasən, birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin 1-ci hissəsinin (ç) bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biri də işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaqdır. Həmin Məcəllənin 191-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 191-ci maddəsinin 2-ci hissəsinə əsasən “ziyanın həqiqətən vurulduğu aşkar olduqda, təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda və təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda” şərtlərinin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır. Həmin Məcəllənin 192-ci maddəsinə əsasən tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Həmin Məcəllənin 194-cü maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyul 2023-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. İşəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir. Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. İşçi ziyanın ödənilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) ilə razı olmadıqda o, ərizə ilə işəgötürənə və müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər (Əmək Məcəlləsinin 203 və 205-ci maddələri). Beləliklə, işçi əmək münasibətləri prosesində işəgötürənə ziyan vurmuş və bu lazımi qaydada rəsmiləşdirilmişdirsə, işçi ziyanı ödəməkdən imtina edərsə işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. İşəgötürənə ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilmişdirsə, işəgötürən bu halda da ziyan vuran işçidən ziyanın məbləğinin tutulması üçün məhkəmədə iddia qaldıra bilər. Belə ki, Əmək Məcəlləsinin 194-cü maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Məhkəmə qeyd edir ki, hazırki iddia üzrə cavabdehlər törətdiyi hüquq pozuntusu nəticəsində iddiaçıya maddi ziyan (zərər) vurmuş, lakin həmin ziyan tam olaraq cavabdehlər tərəfindən iddiaçıya ödənilməmişdir. Odur ki, iddiaçının zərərin əvəzini tam şəkildə tələb etmək hüququ yaranmışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 99721.54 manatın və Cavabdeh1 68421 manatın ödənilməsinə dair tələbi əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə ekspertiza xərci ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini Cavabdeh2 tələb etdiyindən məhkəmə-mühasibatlıq ekspertizasının aparılması üçün ekspertiza xərci olan 60 (altmış) manat Cavabdeh2 tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə müvafiq olaraq. əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Mülki işə baxılması zamanı isə cavabdehlərin dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli olduğundan dövlət rüsumu cavabdehlərdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin olunduğundan 458.14 (dörd yüz əlli səkkiz manat on dörd qəpik) manat məbləğində dövlət rüsumunun 271.43 (iki yüz yetmiş bir manat qırx üç qəpik) manat hissəsi Cavabdeh2, 186.71 (yüz səksən altı manat yetmiş bir qəpik) manat hissəsi isə Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin edilməli; - 99721.54 (doxsan doqquz min yeddi yüz iyirmi bir manat əlli dörd qəpik) manat məbləğində pul Cavabdeh2 və 68421 (altmış səkkiz min dörd yüz iyirmi bir manat) manat məbləğində pul isə Cavabdeh1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli; - Məhkəmə-mühasibatlıq ekspertizasının aparılması üçün ekspertiza xərci olan 60 (altmış) manat Cavabdeh2 tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli; -iddia təmin olunduğundan 458.14 (dörd yüz əlli səkkiz manat on dörd qəpik) manat məbləğində dövlət rüsumunun 271.43 (iki yüz yetmiş bir manat qırx üç qəpik) manat hissəsi Cavabdeh2 və 186.71 (yüz səksən altı manat yetmiş bir qəpik) manat hissəsi isə Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. 99721.54 (doxsan doqquz min yeddi yüz iyirmi bir manat əlli dörd qəpik) manat məbləğində pul Cavabdeh2 və 68421 (altmış səkkiz min dörd yüz iyirmi bir manat) manat məbləğində pul isə Cavabdeh1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının aparılması üçün ekspertiza xərci olan 60 (altmış) manat Cavabdeh2 tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İddia təmin olunduğundan 458.14 (dörd yüz əlli səkkiz manat on dörd qəpik) manat məbləğində dövlət rüsumunun 271.43 (iki yüz yetmiş bir manat qırx üç qəpik) manat hissəsi Cavabdeh2 və 186.71 (yüz səksən altı manat yetmiş bir qəpik) manat hissəsi isə Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-38/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-38/2024
11.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver